Milli maarifçilik və mədəni
dirçəliş tariximizdə parlaq imza - Nigar xanım
Şıxlinskaya
XIX əsrin sonu-XX əsrin əvvəllərində Azərbaycan
çar Rusiyasının işğalı altında
olmasına baxmayaraq, bir qrup maarrifpərvər və vətənsevər
ziyalımız elm və mədəniyyətin inkişafı
üçün çalışırdı. "Üsuli-cədid
tərəfdarları" və ya qısaca "cədidçilər"
adlanan bu ziyalılar yenilik tərəfdarı olmaları ilə
seçilirdilər və onların ardıcıl fəaliyyəti
güclü bir hərəkata çevrilmişdi.
Bu hərəkatın nümayəndələrindən
biri Mirzə Hüseyn Əfəndi Qayıbzadə idi. O, Qori Müəllimlər
Seminariyasının ilk ərəb və fars
dili müəllimi idi. Mirzə Hüseyn Əfəndi
müsəlman mədrəsəsində təhsilin keyfiyyətini
yaxşılaşdırmaq məqsədilə "Məsaili-ammil-hesab"
(Hesab ümumi məsələləri) və ana dilini təzə
öyrənənlər üçün "Məbdəyi-təlimi-sibyan"
(Yeniyetmələr üçün başlanğıc")
adlı dərs vəsaitlərinin müəllifi idi.
O, həmin
dövrün çətinliklərinə baxmayaraq, azərbaycanlı
qızların təhsil almasının qayğısına
qalırdı. Bu çətin işdə
özü əvvəlcə şəxsi nümunə göstərmiş
və qızlarını oxutdurmuşdu.
Qızlarından Nigar xanım 1889-cu ildə Tiflis Zaqafqaziya
Qızlar İnstitutunu qızıl medalla bitirərək ilk azərbaycanlı
ali təhsilli qadın olaraq tarixə
düşür. 1909- cu ildə məşhur
hərbçi Əliağa Şıxlinski ilə ailə
qurur. Əliağa Şıxlinski özünün "Xatirələrim"
kitabında yazırdı: "Bu dəyişiklik mənim həyatımı
işıqlı bir yola, parlaq bir səadətə yönəltdi.
Bir yerdə keçirmiş olduğumuz iyirmi iki illik həyatın
aydın səmasında bir bulud ləkəsi belə
görünmədi.
Fitrətən istedadlı olan, yaxşı təhsil
görmüş, mülayim xasiyyətli Nigar xanım ailə
səadəti üçün yaradılmış bir
qadın idi.
Mən bu səadətə tam mənası ilə nail
oldum".
Nigar
xanım Şıxlinskaya rus, ərəb, fars,
fransız dillərini mükəmməl bilirdi. 1912-ci
ilin yayında Çarskoye Seloya gələn fransız
generalı Dezavye onun danışığına valeh
olmuşdu. General Dezavye soruşanda ki, neçə il Parisdə yaşamısınız, o,
gülümsünüb cavab vermişdi ki, heç vaxt
Rusiyadan kənara çıxmayıb. Ona təşəkkür
edən general Dezavye demişdi: "Öz gözəl, təmiz
fransızca danışığınıza görə məni
heyrətə gətirdiniz, madam".
Nigar
xanımın qardaşı Bahadır Qayıbov 1946-cı ildə
akademik Heydər Hüseynova yazdığı məktubunda
bunları qeyd edirdi: "Rəhmətlik Nigar bacı atamdan
daha çox şey əxz etmişdi. O, nəinki İran
klassikləri Sədi, Firdovsi, Hafiz, Cami və
başqalarını oxumuş, həmçinin bütün Azərbaycan
şairlərini - Xaqani, Nizami, Füzuli, Vaqif və
başqalarını mütaliə etmiş, ərəb dilini
öyrənmişdi və ərəb ədəbiyyatı ilə
də tanış idi. Heyf ki, siz onunla
tanış deyildiniz - o, həqiqətən rus dili bir yana
bizim və fars ədəbiyyatının bilicisi idi".
Birinci Dünya Müharibəsi başlananda zabit arvadlarının
yaralı əsgərlərə yardım göstərmələri
üçün Qırmızı Xaç Cəmiyyəti təşkil
edilir. Nigar xanım həmin cəmiyyətin sədri
seçilir və onun rəhbərlik etdiyi xəstəxana
Qırmızı xaç xəstəxanaları arasında ən
yaxşısı hesab olunurdu. General Əliağa
Şıxlinski özü bu barədə yazırdı:
"...Arvadım həmişə xəstəxanada olurdu. Komitənin
sədrliyindən başqa, əsgərlər
üçün evlərinə həm rusca, həm də kazan tatarlarının, kazakların və
başqalarının dillərində məktub yazırdı.
Əsgərlər onu "mamaşa" deyə
çağırırdılar; tez-tez bu xəstəxanaya
getdiyimdən mənə də "papaşa" deyirdilər".
Nigar xanım müharibə illərində xəstəxanadakı
fəaliyyəti ilə kifayətlənmir, böyük vətənpərvərlik
hissi ilə dolu olan məqalələr yazaraq çap etdirirdi. 1914-cü ildə
"Russkiy invalid" qəzetinin 4 avqust nömrəsində
çap olunmuş məqaləsində o,
döyüşçü qadınlarını mübariz
olmağa çağırırdı. Yazırdı ki,
"Əksər hallarda, zabitin döyüşən orduya təyin
olunması haqda çağırış gələrkən
onun ailəsindəki qadınlar ağlaşmağa,
ümidsizliyə qapılmağa başlayırlar, qorxurlar ki,
onların əzizi müharibədə həlak ola
bilər. Zənnimcə, bu məsələnin
düzgün açıqlanmamasından irəli gəlir.
Hər bir mömin qadın əmin
olmalıdır ki, yeri-göyü yaradan ulu Tanrı nə vaxt
lazım bilsə, istəkli kişisi də məhz o vaxt
ölməlidir. Əgər bəndəsinin məhz bu il ölməsi Tanrının meylindən
keçərsə, həmin bəndə müharibədə
iştirak etmədən də o dünyalıq olar, yəni
ömrünü sizlərə bağışlayar. Belə olduqda evdə ölməkdənsə, hər
bir igid hərbçinin arzuladığı kimi,
döyüş meydanında şəhid olmağı daha
yaxşı deyilmi. Biz yaxın kimsələrimizi
"Hara gedirsən, hara? Sənsiz vay günüm
qara..." deyə-deyə uğurlamamalıyıq: biz təmkinlə
xeyir-dua verməli, ona təlqin etməliyik ki, o
özünün əvəzinə ailədə, ocaqda zəif,
aciz məxluq deyil, ruhən güclü, təhlükənin
gözünə düz baxmağı bacaran sadiq, sevən dost
qoyub gedir".
Nigar xanım həm də Azərbaycan
qadınlarının azadlığı və təhsili
üçün çalışırdı. Hələ
inqilabdan əvvəl Tiflisdə təşkil olunmuş
"Qafqaz qadınlarının xeyriyyə cəmiyyəti"nə
ömürlük üzv seçilmişdi. O,
çıxışlarında hökuməti müharibədə
ailə başçısını itirənlərə
yardım verib, təqaüd kəsməyə
çağırırdı. 1921-ci ildə Nigar
xanım "Yeni fikir" qəzetində Azərbaycan ədəbiyyatına
dair sanballı bir məqalə ilə çıxış
etmiş, dilin saflığını korlayan
çağdaş qələm sahiblərini tənqid atəşinə
tutmuşdu. "Axır vaxtarda çox
yazır və söyləyirlər ki, molla dili, kitab dili ilə
yazmaq lazım deyil; yazı "el, camaat diliycə"
yazılmalıdır ki, "hamı onu qansın".
Belə sözləri oxuyanda, eşidəndə adam fikir edir ki, kişi doğru deyir, camaat dili
ilə yazılsa, hamı başa düşər. Amma bu deyən kişinin dediyini yerinə yetirmək
çox çətin işdir. Camaat dili
ilə demək asandır. Hamının məlumudur ki,
Azərbaycan camaatı növbənöv şivədə
danışır: Şəki, Şirvan, Gəncə... hər biri bir başqa şivədə, El dili
ilə yazmaq istəyən hansı şivə ilə
yazmalıdır? Məsələn: "bayır" desin,
yoxsa "eşik", "külək" desin, yoxsa
"yel", "necə" desin, yoxsa "hancarı",
"nöşün" desin, yoxsa "niyə",
"ana" desin, yoxsa "cici", "dəgil"
desin, yoxsa "dögü", "deyil",
"döyül"... Bu camaatın
hansının şivəsində yazılsa, o birinin xoşuna
gəlməyəcəkdir. Demək ki, həmişə
və hər yerdə camaat söylədiyi dildə yazmaq olmaz.
Hər millətin və camaatın növbənöv
şivəsi vardır, amma ədəbi dili birdir. Yazan özü hər nə şivədə
danışsa da, yazdığını ədəbi dildə
yazır".
Nigar xanım Şıxlinskaya zəngin klassik ədəbiyyatımızı,
mədəni irsimizi qoruyub saxlamağı gənc nəslə
tövsiyə edir, ədəbiyyatımızı, dilimizi yad ləhcələrdən
təmizləməyin doğru-dürüst yolunu göstərirdi. O, 1923-cü ildə
"Proletar mədəniyyəti" şüarı
altında klassik irsimizə xor baxan, Nizami Gəncəvinin
farsca yazmasına görə milliyyətini şübhə
altına alanları ciddi tənqid edir, onları savadsız
adlandırırdı. O, Nizaminin azərbaycanlı
olmasını yazan ilk tədqiqatçılardan biri idi. Nigar
xanım 1923-cü ildə "Yeni fikir" qezetinin 9 oktyabr
nömrəsində dərc etdirdiyi "Azərbaycan ədəbiyyatına
dair" irihəcmli elmi məqaləsində ədəbi
problemlərə toxunurdu. "Farsca yazmaq adət
olubdur və bu hal uzun müddət davam edibdir. İran ilə
həmsərhəd və bir vaxt İrana tabe olan Azərbaycanda,
hətta İrandan çox uzaqda olan Krımda və Türkiyədə
dəxi şairlərin farsca yazılmış əsərləri
az deyil. Zənn olunmasın ki, türk dili
vüsətin deyil, elə fikir var ki, onu demək
üçün farscada bir tək söz olduğu halda
türkcədə iki-üç söz var ki, bir mənada olub
və hər biri bir başqa dərəcəni göstərir:
məsələn: ağlamaq - sıtqamaq, içinmək,
sınqarmaq... Yuxarıda dediyimizdən məlum
olur ki, Şeyx Nizaminin farsca yazmağı türkcəyə məhəl
qoymamaq deyil, zəmanəyə tabe olmağındandır.
Keçmişdə ədiblərimiz və
şairlərimiz çox olubdur. Onların
əsərlərinin barəsində ətraflı, müfəssəl
yazmalı olsaq, neçə cild kitab yazmaq
lazımdır".
1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti elan
olunduqdan sonra general Əliağa Şıxlinski Nigar
xanımla bərabər Bakıya qayıdır. Ordu
quruculuğunda general böyük xidmət göstərir.
Əliağa Şıxlinski və Nigar xanım Sovet
hökuməti qurulduqdan sonra da vətənə sədaqətli
xidmətlərini davam etdirirlər. Övladları olmasa
da, bir-birinə qarşı göstərdikləri dəstək
və sevgiylə digərlərinə bir nümunə olurlar.
Nigar xanım 1931-ci ilin 15 avqustunda Bakıda
dünyasını dəyişir. Onun ölümü
Əliağa Şıxlinskiyə çox ağır təsir
edir. O, öz xatirələrində Nigar xanımın
ölümü barədə yazır: "1931-ci il avqustun on
beşində Nigar xanımın ölümü mənim
üçün ən ağır bir zərbə oldu. Mənim hər şeyim - həm səadətim, həm
də səhhətim onunla getdi". Nigar xanımdan sonra
Əliağa Şıxlinski 13 il tənha ömür
sürür: "Mənim ölüm tariximi sevimli Nigar
xanımın vəfatı günü ilə
hesablayın" - deyən general öz vəsiyyətnaməsində
xanımı ilə bərabər dəfn olunmasını və
qəbrinin üzərində heç bir tarix
qoyulmamasını istəyir". Qəbirdaşı
yalnız onun üçündür ki, mənim adım
unudulmaz həyat yoldaşım Nigar xanımın adı ilə
yanaşı yazılsın. Mənə əziz olan Nigar
xanımın qəbri ilə yanaşı qəbri yastı
tava daşı ilə örtüb, üstünə
yazarsınız: Əliağa Şıxlinski - heç bir
tarix lazım deyil".
1948-ci il noyabrın 28-də dünyadan köçən dahi bəstəkar Üzeyir bəy Hacıbəyovun pianosunun üstündə bitməmiş bir not yazısı qalıb. Üzeyir bəy general Əliağa Şıxlinskinin altıbəndlik "Mənim" şeirinin iki bəndinə romans yazıbmış. Sonsuz bir məhəbbətlə sevdiyi Nigarını Əliağa Şıxlinski qaynar ilhamla tərənnüm edirdi:
Ey
sevdiyim, ey dilruba,
Səbrim, qərarımsan mənim.
Səd mərhəba,
səd mərhəba,
Nə türfə yarımsan mənim.
Görən
səni, ey nazənin,
Deyər:
pəh-pəh, səd afərin!
Dünyada
mislin yox yəqin,
Əcəb
dildarımsan mənim!
Gözəl
zahirdə surətin
Gözəl batin təbiətin.
Gözəl
hər işdə qeyrətin,
Namusum, arımsan mənim.
Günay HEYDƏRLİ,
Tarix üzrə magistr
525-ci qəzet.- 2015.-
13 mart.- S.6