Əbülfəs Qarayev İtaliya nümayəndə heyətini qəbul edib

 

 

Azərbaycanın mədəniyyət turizm naziri Əbülfəs Qarayev Heydər Əliyev Mərkəzinin dəvəti ilə Azərbaycanda səfərdə olan Beynəlxalq "Milan Expo-2015" sərgisinin İtaliya pavilyonunun nümayəndələri ilə görüşüb.

 

Qeyd edək ki, Azərbaycan Heydər Əliyev Mərkəzinin təşkilati dəstəyi ilə "Milan Expo-2015" sərgisində təmsil olunacaq.

 

Görüşdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, "Milan Expo-2015" sərgisində ölkəmiz "Azərbaycan: Biomüxtəlifliyin xəzinəsi" adlı pavilyon ilə təmsil olunacaq. Ə.Qarayev qeyd edib ki, hazırlıq işləri başa çatmaqda olan Azərbaycan pavilyonu ölkənin tarixi və mədəni irsini, zəngin enerji potensialını, ekologiyasını və s. əks etdirəcək.

 

Nazir qonaqlara ölkəmizdə cərəyan edən mədəni proseslər, keçirilən beynəlxalq festivallar, konfranslar, forumlar, sərgilər haqqında ətraflı məlumat verib.

 

İtaliyanın "Milan Expo-2015" pavilyonunun nümayəndələri səmimi qəbula görə Ə.Qarayevə təşəkkür edərək vurğulayıblar ki, ölkəmiz sürətlə inkişaf edir və günbəgün dəyişir. Onlar Azərbaycan pavilyonunun sərgidə uğur qazanacağına əmin olduqlarını bildiriblər.

 

"Milan Expo-2015" sərgisi mayın 1-dən oktyabrın 31-dək keçiriləcək. Beynəlxalq sərgi sağlam həyat tərzini təbliğ etmək, ətraf mühitin mühafizəsinə çağırış məqsədi daşıyır.

 

S.ABDULLAYEVA

525-ci qəzet.- 2015.- 13 mart.- S.7