"Bizim Teatr Festivalı-2" başlanıb
Milli Teatr Günü münasibətilə "Bizim
Teatr Festivalı-2"nin
açılışı olub. "Bir
teatr, bir festival" layihəsi çərçivəsində
reallaşan festival Bakı
Uşaq Teatrının
təşəbbüsü və Azərbaycan Teatr Xadimləri İttifaqının (ATXİ) təşkilati
dəstəyi ilə keçirilir.
Azərbaycan Teatr Xadimləri
İttifaqının binasında
keçirilən açılış
mərasimində AXTİ-nin
sədri, Xalq artisti Azərpaşa Nemətov "Mustafa Mərdanov
Səhnəsi" barədə
məlumat verərək
bildirib ki, ilk dəfədir, bu səhnədə festival keçirilir.
İttifaq sədri bir
neçə gün davam edəcək festivala uğurlar arzulayıb.
Bakı Uşaq Teatrının direktoru İntiqam Soltan festival çərçivəsində 4 gün müddətində bir-birindən maraqlı tamaşaların nümayiş olunacağını bildirib, hər gün müxtəlif mövzularda çıxışlar və müzakirələrin keçiriləcəyini deyib. İ.Soltan "Çağdaş Azərbaycan teatrında uşaq teatrının yeri" mövzusunda məruzə ilə çıxış edib.
Sonra teatrın hazırladığı "Günahsız günahkarlar" tamaşasının anonsu təqdim olunub.
Daha sonra festivalın ilk tamaşası
göstərilib. Elçin Hüseynbəylinin "Oyun" əsəri əsasında Rəşad
Nurinin hazırladığı
tamaşada baş rolları Niyaz Qasımov və Könül Şahbazova ifa edib.
Qeyd edək
ki, festivalın ikinci günündə Tuncer Cücenoğlunun
"Bir yoxsul olsaydım" tamaşası
nümayiş etdiriləcək. Bu, İlhamə Əhmədovanın
quruluşunda Kəmalə
Mustafayeva ilə Şahin Kazımovun oynayacağı tamaşadır.
Həmin
günün məruzəçisi
Xalq artisti Hacı İsmayılov olacaq. Üçüncü
gün Cəfər Cabbarlının "Əhməd
və Qumru" hekayəsi əsasında İntiqam Soltanın quruluşunda "Qucaqla məni" tamaşası
göstəriləcək. Martın
14-də isə himnə
və bayrağa həsr olunmuş, Ayşad Məmmədov və İntiqam Soltanın quruluşunda hazırlanmış, Niyaz
Qasımov, Cavanşir
Məhərrəmov və
Rauf Hüseynlinin ifasında sözsüz
"Vətən" tamaşası
nümayiş olunacaq və bununla da festival yekunlaşdırılacaq.
Həmin
günün məruzəçisi
Teatr Xadimləri İttifaqının sədri,
Xalq artisti Azərpaşa Nemətov olacaq. Martın 14-dək davam edəcək
festivalda təqdim olunacaq tamaşalar
AXTİ-nin "Mustafa Mərdanov
Səhnəsi"ndə göstəriləcək.
S.ABDULLAYEVA
525-ci qəzet.- 2015.- 13 mart.- S 7.