Ülvi Quliyev:“Qara
qüvvələr arzularına çata bilməyəcəklər”
Milli Məclisin deputatı, Azərbaycan Karate-do Federasiyaları
Assosiasiyasının prezidenti Ülvi Quliyev Bakıda
keçiriləcək Birinci Avropa Oyunları ilə
bağlı müsahibə verib. Müsahibəni təqdim
edirik.
- Ülvi
müəllim, qarşıdan birinci Avropa Oyunları gəlir.
İdman sahəsinin tanınmış nümayəndəsi
kimi bu oyunların Azərbaycan üçün əhəmiyyəti
nə ola bilər?
- Hesab
edirəm ki, Birinci Avropa Oyunlarının Azərbaycanda
keçirilməsi məsələsinin özü ilk növbədə
tarixi, idman hadisəsidir. Bu oyunda Azərbaycan ilkə
imza atacaq.
Bu günə qədər Azərbaycanda müxtəlif
idman növləri üzrə Avropa və dünya
çempionatları keçirilib.
Ancaq Avropa oyunları miqyasında Azərbaycanda bu günə
qədər hər hansı yarış olmayıb. Bu baxımdan
hesab edirəm ki, Birinci Avropa Oyunlarının Azərbaycanda
keçirilməsi mühüm əhəmiyyətə
malikdir.
Eyni
zamanda nəzərə alınmalıdır ki, Avropa ölkələrinin
əksəriyyəti öz idmançıları ilə Birinci
Avropa Oyunlarında təmsil olunacaq. Onların
azarkeşlərini də bura əlavə etsək, demək ki,
ölkəmizin təbliğatında Birinci Avropa
Oyunlarının əhəmiyyəti çox
böyükdür. Birmənalı şəkildə
Birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi
bizim üçün tamamilə yeni bir səhifə
açır.
Azərbaycanın adət-ənənələri, mədəniyyəti,
tarixi, milli xüsusiyyətlərimizin gələn qonaqlara
çatdırılmasında Birinci Avropa Oyunlarının
müstəsna əhəmiyyəti olacaq. Bu, həm də
turizmin inkişafına böyük töhvə olacaq.
Mən əminəm ki, Birinci Avropa Oyunları zamanı
Bakıya gələcək əcnəbilər
üçün Azərbaycanı görmək çox
xoş olacaq və ona da əminəm ki, geri döndükdən
sonra yenidən onlar Azərbaycana qayıdacaqlar. Birinci Avropa
Oyunlarının Azərbaycanda keçirilməsi Azərbaycanı
inkişaf etmiş Avropa ölkələri sırasına
aparan yoldur.
Azərbaycanda idmanın inkişafına dövlət tətrəfindən
dəstək mərhum prezidentimiz Heydər Əliyevin
zamanlarından başlamışdı və o zaman cənab
Prezident İlham Əliyev Milli Olimpiya Komitəsinin rəhbəri
idi. İlham Əliyevin hələ o zamandan Azərbaycan
idmanının inkişafına xüsusi diqqət
ayırırdı. Bu gün isə Azərbaycanda
idmanın inkişaf üçün bütün istiqamətlərdə
üfiq açıqdır, işıqlıdır.
Birinci Avropa Oyunları ilə əlaqədar mükəmməl
təşkilat komitəsi yaradılıb və bizim hörmətli
millət vəkili, Heydər Əliyev Fondunun prezidenti Mehriban
xanım Əliyeva təşkilat komitəsinə rəhbərlik
edir. Mükəmməl, zövqlə, dünya
standartlarına uyğun şəkildə təşkilati
işlər aparılır.
Baxın, burada bir haşiyə çıxmaqla bu
oyunların əhəmiyyətini diqqətə
çatdıracam. Bu gün Amerika Birləşmiş
Ştatlarının 17 ştatı Xocalı
soyqırımını tanıyıb. Bu
bir gündə, bir ayda, bir ildə görülən işlərin
nəticəsidirmi? Xeyr!
Bu, Azərbaycan dövlətinin uzun müddətdən bəri
apardığı siyasətin nəticəsidir. Birinci Avropa
Oyunlarında Azərbaycanın təbliği üçün
kifayət qədər münbit şəraıt yaranır.
Təbliğatın nəticəsi bir gündə
özünü göstərə bilməz. 3-5 ildən, 10 ildən, 20 ildən sonra təbliğat
məsələsi öz işini görəcək. Ona görə də gəlin tələsməyək.
Hesab edirəm ki, milli məsələlər, dövlətimizin
maraqları hər şeydən öndə olmalıdır. Biz Birinci
Avropa Oyunlarında milli xüsusiyyətlərimizi, dövlətimizi,
xalqımızı tam olaraq Avropaya
çatdıracağıq. Ona görə
də Birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsinin
müstəsna əhəmiyyəti var.
- Cəmiyyətin Birinci Avropa Oyunlarının Azərbaycanda
keçirilməsinə münasibəti necədir?
- Təbii
ki, deputat ilk növbədə ictimai fikir
daşıyıcısıdır. Məsələ
ilə bağlı onu deyə bilərəm ki, həm
seçicilərimizlə, həm də ictimai fəal insanlarla
tez-tez müzakirələrimiz olur və insanların bu məsələyə
münasibəti birmənalı şəkildə yüksək
və müsbətdir.
Artıq Birinci Avropa Oyunlarına biletlərin əldə
olunması ilə bağlı sual verirlər ki, necə
iştirak etsinlər. Təşkilat komitəsi mükəmməl
şəkildə işləyir və Azərbaycanda,
xüsusilə Bakıda Birinci Avropa Oyunları ilə
bağlı çox möhtəşəm idman obyektləri
quraşdırılır. Təbii ki, hər
bir Azərbaycan insanı həmin stadionu və bu kimi idman obyektlərini
televiziyada seyr etmək istəmir. Canlı
olaraq öz gözü ilə görmək istəyir. Azərbaycanda idman sevənlər çoxdur.
Məlumdur ki, Birinci Avropa Oyunlarında 20 idman
növü üzrə yarış olacaq. Əminəm
ki, yarışlarda stadionlar tam dolu olacaq, boş yer qalmayacaq və
bu cəmiyyətin məsələyə münasibətinin
göstəricisi kimi təzahür edəcək.
- Beynəlxalq
və bəzi yerli təşkilatlar Birinci Avropa Oyunları ilə
bağlı xoşagəlməz rəy
formalaşdırmağa çalışırlar. Bunu necə qiymətləndirirsiniz? Sizcə bu haradan qaynaqlanır?
- Bəli,
mən də o fikirdəyəm ki, bu məsələ ilə
bağlı insanlara yanlış məlumatlar vermək istəyənlər
var. Ölkəmizə qarşı qarayaxmalar var. Onlar bu
çirkin əməllərini davam etdirmək istəyirlər.
Amma bilmək lazımdır ki, Birinci Avropa
Oyunları Azərbaycan, onun təbliğatı
üçündür. Azərbaycan
Prezidenti cənab İlham Əliyevin yürütdüyü
siyasət konkret nəticəyə hesablanmış siyasətdir.
Biz hər zaman cənab Prezidentin
apardığı siyasətin müsbət nəticəsinin
şahidi olmuşuq. İnanıram ki,
Birinci Avropa Oyunlarının məhz Azərbaycanda
keçirilməsi Azərbaycan üçün xüsusi rol
oynayacaq.
İlham Əliyev bu günə qədər nəticəsi
görünməyən hər hansı layihəyə imza
atmayıb. Ona görə də heç şübhəniz
olmasın ki, Birinci Avropa Oyunları Azərbaycan
üçün böyük nəticələr gətirəcək.
Dövlətimiz və milli maraqlarımız təbliğ
ediləcək.
Yadınızdadırsa, Bakıda “Eurovision” mahnı
müsabiqəsi keçiriləndə də müxtəlif
qarayaxma kampaniyası ilə məşğul olanlar, Azərbaycana
qarşı düşmənçilik siyasəti yeridənlər
var idi. O zaman
Azərbaycan bu işin öhdəsindən çox yüksək
şəkildə gəldi və hesab edirəm ki, bu “Eurovision”
tarixində Azərbaycandakı görülən işlər
dünya tarixində yadda qaldı. O zaman “Cristal Hall” inşa
olundu və bu gün dünyanın ən mükəmməl
zallarından biri olaraq azərbaycanlıların
ixtiyarındadır. Həmin “Cristal Hall”a baş çəkən
nəinki azərbaycanlılar, hətta əcəbilər də
heyrətə gəlirlər. Mən hesab edirəm
ki, Birinci Avropa Oyunları ilə bağlı tikilən idman
obyektləri də eyni nəticə verəcək. Amma bizi istəməyən qüvvələr var. Bu
qüvvələrin fəallaşmasının səbəbi də
məlumdur.
Azərbaycan müstəqil siyasət yeridir və istənilən
məqamda öz sözünü deyə bilir. Bu da həmin
qüvvələrin istəyinə uyğun deyil və onlar Azərbaycanı
tam müstəqil görmək istəmirlər. Ona görə hər vəchlə bunun
qarşısını almağa çalışırlar.
Təbii ki, o qara qüvvələr bu arzularına
çata bilməyəcəklər. Çünki Azərbaycanın
İlham Əliyev kimi lideri var və İlham Əliyev müstəqilliyimizin
qarantıdır. Müstəqil Azərbaycanın
inkişafında xüsusi xidmət göstərir. Bu, bütün dünyanın gözü
qarşısındadır.
Ətrafımızdakı ölkələrə
baxın. MDB məkanında vəziyyət hansı şəkildədir.
Amma Azərbaycanın yürütdüyü
müstəqil siyasət nəticəsində çox
şükürlər olsun ki, ölkəmiz bütün bəlalardan
özünü sığortalaya bilir. Birinci
Avropa Oyunları Azərbaycanın milli, dövlətçilik
maraqları baxımından böyük əhəmiyyətə
malikdir. Kimsə, hansısa qüvvə
Birinci Avropa Oyunları ilə bağlı cəmiyyətdə
mənfi rol formalaşdırmağa çalışırsa,
demək ki, o Azərbaycan dövlətinə, onun milli
maraqlarına qarşı çıxır. Azərbaycan
Birinci Avropa Oyunlarına ev sahibliyi edəcək
və bir ilkə imza atacaq.
- Demək
olar ki, dünyanın əksər ölkəsində idman
yarışlarında iştirak etmisiniz. Bizim
üçün maraqlıdır. Bu
gün təşkilat komitəsi Azərbaycanda keçiriləcək
Birinci Avropa Oyunları ilə bağlı ciddi işlər
görür. Siz necə müqayisə edərdiniz
ki, indiyə qədər iştirak etdiyiniz yarışlarla Azərbaycanda
keçiriləcək yarışlar arasında şəraitlıə
bağlı hansı fərqlər var?
-
Doğrudan da dünyanın əksər ölkələrində
yarışlarda iştirak etmişəm. Ancaq
bizdəki kimi yaradılan gözəl şəraitlə
qarşılaşmamışam. Bizdə təşkilat
komitəsi elə zövqlə və mükəmməl
işləyir ki, hesab edirəm bunun müsbət nəticəsi
mütləq olacaq.
12 min könüllü prosesə qoşulub. Onların
çoxu gənclərdir. Hesab edirəm
ki, həmin gənclərə perspektiv açılacaq. Bu onlar üçün böyük bir məktəb
olacaq. Azərbaycanı təbliğ edəcəklər.
Birinci Avropa Oyunları başa çatdıqdan
sonra həmin gənclər mütəxəssis olaraq yetişəcəklər.
Bunun mühüm əhəmiyyəti var. Biz
yaxşı mənada Azərbaycana gələcək əcnəbiləri
heyrətləndirə biləcəyik. Ölkəmiz
barədə müsbət fikir formalaşdıra biləcəyik.
Əminəm ki, Azərbaycana gəlib geri dönən
insanlar Azərbaycanla bağlı müsbət fikirdə
olacaqlar. Çünki görülən işlərin nəticəsi
olaraq bunu demək olar.
- Siz
karate üzrə dünya çempionusunuz. Yay
Olimpiya oyunlarında karate yer almayıb. Ancaq
bizdə keçiriləcək Birinci Avropa Oyunlarına karate
idman növü yarışların proqramına
salınıb. Buna münasibətiniz necədir?
- Bəli,
çox təəssüf ki, bu günə qədər karate
olimpiya oyunlarına salınmayıb. Ancaq
artıq Avropa Oyunlarına salındısa, ümumən
dünya karateçilərinə, eyni zamanda bizə, Azərbaycan
karateçilərinə böyük hədiyyədir. Buna görə bütün dünya karateçiləri
cənab Prezidentə minnətdardılar. Bu,
bizim üzərimizə məsuliyyət qoyur və biz də məsuliyyətimizi
hiss edirik.
Eyni zamanda bu etimadı doğrultmaq bizim borcumuzdur. Azərbaycanda keçiriləcək Birinci Avropa Oyunları yay olimpiya oyunu səviyyəsində olacaq. Ona görə də bu, bizim üçün çox sevindiricidir. Hesab edirəm ki, Azərbaycan Birinci Avropa Oyunlarına ev sahibliyi etməklə olimpiya oyunlarında karatenin salınmasına yol açacaq. Karate təlim, tərbiyə deməkdir. Əminik ki, Azərbaycan karateçiləri bu oyunda öz sözünü deyə biləcəklər.
- Ülvi müəllim, Azərbaycanı karate üzrə kimlər təmsil edəcək?
- Təlim toplantıları keçirilir. Təbii ki, yüksək nəticə göstərən karateçilərimiz diqqətə alınacaq. Bu gün məşqlər üçün hər cür şərait yaradılıb. Yalnız iş idmançılara qalır. Dövlət, Prezident idmançılar üçün hər cür şərait yaradıb. Birinci Avropa Oyunlarında Prezidentimiz bizə şans yaratdı ki, gücümüzü sınayaq və özümüzü göstərək. Biz də yüksək nəticə göstərməyi özümüzə borc sayırıq. Mən bunu idmançılarımıza da izah edirəm ki, cənab Prezident bizə şans yaratdı. Orada yüksək nəticə göstərməməyə haqqımız yoxdur.
Azərbaycan Milli Karate Federasiyası Birinci Avropa Oyunlarında təmsil olunacaq. Burada baş məşqçi Rəhman Hətəmov, məşqçilər Rəşad Hüseynov, Vahid Ayvazov, Oqtay Məmmədovun adını xüsusilə çəkmək istəyirəm. Komandanın kapıtanı Rafael Ağayev dünyanın bir nömrəli idmançısıdır.
Mən zaman tapan kimi idmançılarımızla birgə məşq edirəm. Bilirəm ki, bu, gənclərimizə böyük stimuldur. Onları həvəsləndirmək yoludur. Əmin olun ki, Azərbaycan karateçiləri Birinci Avropa Oyunlarında yüksək göstərici əldə edəcəklər.
525-ci qəzet.- 2015.- 13 mart.- S .5.