"Burdan min atlı keçdi"
- İrəvan Teatrının daha bir yaradıcılıq uğuru
12 yanvar 2015-ci il tarixində C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan
Dram Teatrı özünün
133-cü mövsümündə şair-dramaturq, ictimai xadim Hidayətin iki hissəli tarixi xronoloji dramı olan "Burdan min atlı keçdi" tamaşasını
Milli Akademik Dram Teatrının səhnəsində
növbəti dəfə
tamaşaçıların ixtiyarına verdi.
Tamaşaya H.Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrının baş rejissoru, Əməkdar
artist Firudin Məhərrəmov
quruluş vermişdi.
Quruluşçu rəssamı
Vahid Mürsəliyev,
musiqi tərtibatçısı
Çingiz Xəlilov,
rəqs və plastika mütəxəssisi
Aysel Gözəlova və rejissor asistenti Əhliman Ərşadlı olan tamaşa maraqlı və baxımlıdır.
Tamaşaçıları yaxın keçmişimizə
aparır. Yuxarıda dediyimiz
kimi quruluşçu rejissoru Firudin Məhərrəmov, baş
rolun ifaçısı
İftixar Piriyev və ümumilikdə İrəvan Teatrının
yaradıcı kollektivi
artıq iki dəfə ulu öndər Heydər Əliyevlə bağlı
mövzuya müraciət
edib. Əvvəlcə
yazıçı-dramaturq, filologiya elmləri doktoru, professor Aqşin Babayevin "Xilaskar" əsəri ilə respublikanı qarış-qarış gəzib.
Daha sonra İftixarın müəllifi olduğu
"Qurtuluş dastanı"
əsəri ilə kollektiv ulu öndərin
bədii obrazının
məhz elə İftixar Piriyevin unikal ifasında mükəmməl şəkildə
səhnə təcəssümünü
yaradıb. Təcrübə öz səmərəsini
verib.
Artıq bu dəfə ümummilli liderin həyat salnaməsi ilə bağlı tamaşada iştirak etmək kollektiv üçün, xüsusən
əsas obrazı yaradan İftixar Piriyev üçün o qədər də çətin olmadı.
İlk əvvəl
yazıçı-dramaturq Hidayətin
əsərə verdiyi
ada diqqət edək. Bildiyimiz kimi hər bir əsərin adı onun vizit
kartıdır. "Burdan
min atlı keçdi"
deyəndə, yəni
burdan bir yox, min-min atlı
keçdi, anlaşılmalıdır.
Burdan bizim atlılarımız keçdi,
bu yerlər bizim ata-babalarımızın
at oynatdığı məkanlardır. Tamaşada Hidayət
Orucovun öz obrazı ilə qarşılaşırıq. Hidayət Orucov şahidi və iştirakçısı
olduğu hadisələrin
bədii və obrazlı ifadəsini taparaq, gözümüz qarşısında Ümummilli
Lider Heydər Əliyevin möhtəşəm
obrazını təqdim
edir. Bütün hadisələr boyu
biz yaxın keçmişimizdə
üzləşdiyimiz problemlərin
dərin qatına enir, itirdiyimizin nədən ibarət olduğunun fərqinə varırıq. Bir daha inanırıq ki, Tanrı Heydər Əliyev dühasını millətimizə
pay göndərmişdi və
o olmasaydı, kim bilir, nələr, nələr ola bilərdi.
Tamaşa
yazıçı-dramaturq, ictimai-xadim, o vaxtlar isə cavan oğlan olan Hidayət Orucovun Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrına
direktor vəzifəsinə
göndərilməsi səhnəsi
ilə başlayır.
Cavan, dəliqanlı
şair Hidayət, ədibi-(Natiq Həziyev) gözlənilmədən
İrəvan Teatrına
rəhbər göndərilir. Teatr işindən
xəbərsiz olan cavan bircə onu bilir ki,
qədim torpaqlarımızda
bərbad hala salınmış teatrı
inkişaf etdirmək mütləqdir. Bu yolda onun qarşısında
maneələr də olur. O isə əzmlə maneələri
dəf edir.
Tamaşa bir tərəfdə
SSRİ-nin bayrağı,
ortada lazımi məqamlarda iclas salonunu hansısa rəhbər işçinin
kabinetini və ən əsası da ekranı xatırladan pərdədə
həll olunur. Quruluşçu rejissor tamaşanın ideya-bədii obrazını
məhz səhnənin
arxasında asılmış
pərdədə qurur.
Ədib
(Natiq Həziyev) doğma teatrın inkişafına çalışdığı
dövrdə ölkəmizdə
və SSRİ-də müxtəlif siyasi proseslər gedirdi. Məhz bu dövrdə Ermənistanın o zamankı
rəhbəri Anton Koçinyan
(Məhərrəm Musayev)
Suslova (Nazir Rüstəmov) və Liqaçova (Məzahir Süleymanov) şikayət
edir. Dağlıq Qarabağ torpaqlarını
Ermənistana birləşdirilməsini
əvvəl xahiş,
sonra isə tələb kimi bildirir. Onu da deməliyik ki, istər Nazir Rüstəmov, istər Məzahir Süleymanov, istərsə
də Məhərrəm
Musayev bu obrazları əsərin ümumi ideyasına, tamaşanın rejissor təqdiminə uyğun təsvir və təqdim edirlər. Obrazlar həm xarici, həm də daxili təqdimat baxımından olduqca maraqlı və tanınandır.
Tamaşaçı Ümummilli Liderin obrazını görməyə
hazırlaşdığı bir məqamda, artıq bu obrazda
özünü iki dəfə uğurla sınamış iftixar Piriyev əvvəl pərdədəki kölgəsi,
sonra isə qətiyyətli addımları,
şəhanə görünüşü
siması ilə tamaşaçı qarşısına
çıxır. Tamaşaçılar Ümummilli Liderin obrazını alqışlarla
qarşılayırlar. Heydər Əliyev obrazı xarici portret görünüşü ilə
nə qədər inandırıcı və
cəlbedicidirsə, aktyor
danışmağa başladığı
andan nitqi ilə də tamaşaçıya doğma
və əziz görünür. İftixar
Piriyev Ümummilli Liderin obrazında hər bir xırda
hərəkəti mümkün
qədər dəqiqliklə
tapdığı kimi,
Heydər Əliyevin unikal nitqində də bacardıqca sərrastlığa nail ola bilib. Nəticədə xarici və
daxili portret vəhdəti obraz bütövlüyünə gətirib
çıxarır. Sanki
tamaşaçı yaxın
keçmişin siyasi
hadisələrinin izləyicisi
olur.
Hadisələr çox böyük sürətlə inkişaf
edir. Artıq Ədib - Hidayət
Orucov qorxulu düşmənlər içərisində
işləməyinin fərqindədir.
Bunun fərqində olduğu üçün milli mədəniyyətimizin, dilimizin,
tariximizin təbliğini,
bir növ Ermənistanda Azərbaycanın
"mədəniyyət səfiri"
funksiyasını öz
üzərinə götürür.
Bu zaman həmin
ölkənin yuxarı
dairələri şairin
qarşısını almağa
çalışırlar. Ermənistanın mədəniyyət naziri (Əjdər Zeynalov), partiya komitəsinin katibi (Oktay Mehdiyev) və başqaları şairi bu yoldan
çəkindirməyə, onu təhdid etməyə başlayırlar.
Teatrın direktoru Ədib
getdiyi Heydər Əliyev yolunun doğruluğuna inandığı
üçün hər
bir maneəni qətiyyətlə dəf
edir. Əmrulla Nurullayevin təqdim
etdiyi Kamran Bağırov obrazı hər birimizin yaxşı tanıdığı
insandır. Düzdür, artıq o dövrdən xeyli vaxt keçib,
çox sular axıb, ancaq vaxtında edilmiş siyasi səhvlər, ölkəmizi sonrakı fəlakətlərə, dərdlərə
sürükləyib. Fəlakət, dərd gələndə batmanla gəlib, misqalla çıxır.
Elçin Hacıyevin təqdim etdiyi Lətif Nəsibov obrazı o zaman Ermənistanda çalışan hüquq-mühafizə
işçilərinin fədakar
obrazının əyani
təcəssümüdür. Məhz belə
olduğu üçün
bu adamların çətin şəraitdə
gördükləri böyük
işlər hər cür təqdirə və diqqətə layiqdir. Həmin dövrdə Ermənistanda
yaşayan adi insanların həyatı da əslində qəhrəmanlıq nümunəsidir.
Əhliman Ərşadlının kəndli obrazı dediyimizin bariz nümunəsidir.
Şaxnazaryan (Vaqif Kərimov)
erməni baş leytenantı (Niyaməddin Səfərəliyev), Koçinyanın
köməkçisi (Ramiq
Nəsirov), katibə
(Solmaz Məmmədova),
təlimatçı (Rövşən
Cəfərov), məmur
(Vaqif Kərimov), məsul işçi (Ceyhun Əliyev) də daxil olmaqla,
kütləvi səhnələrin
iştirakçısı olan
aktyor kollektivi ideya baxımından bütöv və maraqlı bir tamaşanın yaranmasına
nail olub.
Tamaşa obraz bütövlüyü ilə auditoriyanı ovsunlaya bilir. Ancaq səhnə əsəri əsasən baş obraz olan Heydər Əliyevin üzərində qurulub. Quruluşçu rejissor burada Heydər Əliyevin möhtəşəm obrazını yaxın keçmişdən bu günümüzə məharətlə köçürüb. Bu obrazın bütövlüyü əslində tamaşanın tamlığına səbəb olur. Tamaşa-rejissor, rəssam, musiqi tərtibatı və aktyor oyun tərzi ilə mükəmməl vəhdətdə təqdim olunur. Tamaşaçı az qala hər bir səhnənin hər hadisəsini diqqətlə qarşılayıb, alqışlarla müşayiət edir.
Söz yox ki, vaxtaşırı teatr səhnələrində və kino ekranlarında Ümummilli Lider Heydər Əliyevin möhtəşəm obrazı yaradılır. Bu yöndə uğurlu işlər davam etdirilməli, ulu öndərin parlaq siyasi fəaliyyəti, xalqımızı müsibətlərdən xilas etməsi dönə-dönə xatırlanmalıdır. Beləliklə, tariximizi unutmamalı, ondan ibrət almalıyıq. Məhz bu tarixi bizə təqdim etdiyi üçün C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının kollektivinə böyük minnətdarlıq düşür.
Çingiz ƏLƏSGƏRLİ,
Teatrşünas.
525-ci qəzet.- 2015.- 12 mart.- S 7.