Seyid Nigarinin poetik irsi:
eşq və gözəlliyin sehri
Məlum həqiqətdir ki, Aristotelin "Metafizika"
adlı əsəri metafizikanın ümumi prinsiplərinin
müəyyənləşdirilməsində və elmi ədəbiyyatda
geniş şəkildə istifadə olunmasında əsaslı
rol oynayıb.
Belə ki, metafizika var olması baxımından
varlığı tədqiq edən, fizik üstü səbəblər
və biliklərin prinsiplərini araşdıran bir sahədir. Məhz klassik İslam fəlsəfəsində
metafizikaya ilahi elm (elmi-ilahi) deyilməsi varlığın həm mücərrəd, həm
də konkret kateqoriya və ifadələrdə əks
olunmasını da ehtiva edir. Bu mənada modern fəlsəfənin
qurucusu Rene Dekartın fəlsəfənin köklərinin metafizika,
gövdəsini fizikaya və budaqlarını da digər elmlərin
olduğu bir ağaca oxşatması təsadüfi deyil. Bu mənada Seyid Mir Həmzə Nigarinin
yaradıcılığında eşqin metafizik aspektdən təsvir
və təhlili bu qısa məqalə çərçivəsində
son dərəcə aktuallıq kəsb edir.
İlk öncə onu qeyd etməliyəm ki, insan
canlı bir varlıq olaraq bəşərilik statusundan
insanilik kateqoriyasına nitq təfəkkürünə sahib
olduğu üçün addım atır. Məhz
insanı digər canlılardan əsas şəkildə
ayıran bu qabiliyyətə malik olmasıdır. Təsadüfi
deyil ki, bunun ən bariz xüsusiyyətləri ədəbiyyat
sahəsində
özünü göstərir. Bu
baxımdan varlıq, düşüncə və dil mövzusu
xüsusilə modern fəlsəfənin ən aktual
mövzularından biridir. İnsan dil vasitəsilə varlıq aləmindəki əşyalara
dair kateqorial düşüncələrini və fikirlərini
ifadə edir.
Digər tərəfdən həm özünün
davranışlarına, həm də başqalarına təsir
gücünə malik olur. Məhz 20-ci əsr fəlsəfəsinin
də analitik dil fəlsəfəsi adlandırılması bu
baxımdandır. Qısaca olaraq bu fikri dəstəkləmək
üçün məşhur oksfordlu filosof Con Oustinin ( How to do things with words-Əşyaları
sözlər vasitəsilə necə var etmək olar) adlı əsərinə
baxmaq hələlik kifayət edə bilər.
Əlbəttə
ki, islam sivilizasiyasında da insanın nitq
qabiliyyətinə və dilçilik elmlərinə xüsusi
ciddiliklə yanaşmışlar. Məhz islam
sivilizasiyasında ilk meydana gələn elmlərdən biri dil
sahəsi olmuşdur. Sonrakı dövrlərdə bu tətbiqi mənada
özünü ədəbiyyat sahəsində göstərmişdir.
Məhz dahi Füzulinin
"bu nə sirdir kim olur hər ləhzə yoxdan
var soz..." qəzəli də buna işarə edir. Məhz Füzuli bu qəzəlində sözün
yoxluqdan varlığa çıxma mahiyyətinə işarə
edərək insanın ən əsaslı xüsusiyyətlərindən
birinin nitq qabiliyyəti olduğunu vurğulayır.
Ümumi
olaraq dünya sivilizasiyası, xüsusi olaraq isə islam sivilizasiyası tarixində elm və irfanla
məşğul olmaq üçün öz vətənlərini
tərk etmiş şair və mütəfəkkirlər
mövcud olmuşdur. Xüsusilə Azərbaycanın müxtəlif
bölgələrindən yola çıxaraq Anadoluya və
digər islam şəhərlərinə
üz tutmuş azərbaycanlı ədiblər, şairlər
və alimlər elm tarixinə məlumdur. Bu proses eyni zamanda
elmi termin vasitəsi ilə də izah edilmiş və arqumentləşdirilmişdir.
Bu sahədə biyoqrafiya və "təbaqat"
kitablarında prosesin adı "elm əldə etmək
üçün səyahət" (ər-rıhlə fi taləbi`l-ilm)
olaraq adlandırılmışdır. Məhz
böyük sufi şair Nigarinin həyatını
nəzərdən keçirdiyimizdə də onun Azərbaycandan,
Zəngəzur qəzası Cicimli kəndindən yola
çıxaraq müxtəlif şəhərlərdə elm
və irfanla məşğul olduğunu görürük. Nəhayət səyahətlərinin nəticəsində
Nigari Anadoluda yaşayıb yaratmağa
başlamışdır. Bu proses bizə qədim
zamanlarda islam sivilizasiyasında elm və irfan öyrənmənin necə ciddi şəkildə
həyata keçirildiyini də göstərir.
Sufi-şairimiz
Nigarinin yaradıcılığında iki istiqamət nəzərə
çarpır. Belə ki, ilkin mərhələdə
Nigarinin poetikasında "mən" və
"başqası" əlaqəsi canlı şəkildə
verilir. Məhz Nigarinin yuxuda sevgilisini
görərək aşiq olması, sonra real həyatda onunla
qarşılaşması bunu əks etdirir. Təsadüfi
deyil ki, məşhur fransız filosofu Levinas da bu istiqamətdə
belə deyir: "Bəlkəm də insanlığın mənbəyi
başqasıdır".
Rəvayətə görə, şairin Nigari təxəllüsünü
alması onun doqquz yaşında ikən bir yuxu görməsi
ilə əlaqədardır.
Belə ki, o, bu yuxuda Nigar adlı gözəl bir
qadını görüb ona aşiq olmuşdur. On il
sonra Mir Həmzə təhsil üçün Şirvana gedərkən
Nigar adlı bir xanımın evində müsafir olaraq
qalır və orada Nigar xanımla qarşılaşır.
Nigar xanım ona "gördüyün yuxu
yadındadır?"-deyə soruşduqda ikisi də bu hadisədən
heyrətlənərək huşlarını itirirlər. Oyandıqlarında
artıq hər iki şəxs bir-birinə aşiq
olduqlarını anlayır. Şair bu haqda şeirlərindən
birində belə deyir:
Ol vakt ki
ayıldım açdım gözümü gördüm
Gönlüm
teline bağlı çeşmim kaşına peyvend
Nigari başqa bir qəzəlində mən və
başqası əlaqəsini gözəllik kontekstində belə
təsvir edir.
Dərdü
möhnətin ey sənəm, sənəm
Eşq ilə çəkən bir mənəm, mənəm.
Aru
varını rah-i mehrdə
Taru-mar edən bir mənəm, mənəm.
Mən və
başqasının varlığına dair şeir və qəzəllərin
Nigari yaradıcılığında əks
olunması kamil mənada Mütləq Varlıq olaraq
Tanrıda hədəfə çatır. Nəticədə
"Fəna fillah"(Tanrıda yox olma) anlayışı
çərçivəsində bütün mən və
başqaları mənəvi təkamül yolunu keçərək
"O" olur.
Məlum olduğu kimi Mir Həmzə Seyid Nigarinin
şeirləri təsəvvüf şeirinin orijinal mənbələrindən
birini təşkil edir. Məhz eşq mövzusu Nigarinin
yaradıcılığında əsas məfhum olaraq yer
alır. Ustad Nigari bütün varlıq aləmini
eşq kontekstində açıqlayır. Varlıq aləminin bu cür açıqlanması
İslam filosofları tərəfindən də rasional-mistik
aspektdən əsaslandırılmışdır. Məsələn,
məşhur islam filosofu İbn Sina özünün
"Eşqə dair traktatında"(Risalə fi`l işq) və
"İşarələr və qeydlər"(
əl-İşarat və`t-Tənbihat) adlı əsərinin
axırında "ariflərin məqamları"(məqamatu`l-arifin)
fəslində eşqin epistemoloji mahiyyətini və ariflərin
varlıq aləmində eşq vasitəsi ilə fərqli
idrak növünə malik olmalarını əsaslandırmışdır.
Eşqin
metafizik aspekti baxımından "fəna fillah"
(Tanrıda yox olma) məfhumu da Nigarinin
yaradıcılığında əhəmiyyət kəsb
edir. Belə ki, bir beytdə Nigari, sevgilinin
açıqlandığı fəsildə dərs oxunduqdan
sonra "qovuşma" (vüsal) fəslinə
keçildiyini qeyd edir. Bu sevgiliyə
qovuşma Tanrıya çatma olaraq bilinir. Məhz məşhur fəlsəfi düşüncəyə
görə insanlar İlahi ruhu daşıdıqları
üçün Tanrı mərtəbəsində zərrələrdən
ibarətdir. Eşq və vüsal sayəsində arif
insan birlik (vəhdət) səviyyəsinə yüksəlir və
əbədi sevgili olan Tanrıya qovuşur:
Nigari, dərs
oxuyardım
bab-ı
eşqi yardan amma,
Varıb
fəsli vüsalə dərsimiz,
ol babdan
keçdik.
Nigari, divanında öz eşqini ilahi təqdir, tanrı
iradəsi olduğunu bildirir. "Ənəlhəqq" deyən
Həllac Mənsur kimi vəhdaniyyət məqamında
danışanın da, danışdıranın da Tanrı
olduğunu ifadə edir:
Söylərsəm
əgər ərseyi-vəhdətdə bən, əmma,
Söylər
bəni sanma;
Birdir
söylədən və söyləyən, aşiq və məşuq,
Bu doğrudur əlhəqq.
Seyid Nigari İslam düşüncəsindəki ənənəvi
varlıq və onun aləmdəki təzahürü
haqqındakı görüşləri şeir dili ilə
yüksək səviyyədə ifadə edir. Məhz
aşağıda qeyd edəcəyimiz bu şeir Nigarinin
özündən əvvəl varlıq mərtəbələri
və mahiyyəti haqqında yazılan ciddi əsərlərdən
xəbərdar olduğunu göstərir.
Mövladə
olan vücudi-əsli,
Aləmdə
olan vücudi-zelli
Nigari
başqa bir beytdə "varlıq sanadır həmin müsəlləm",
yəni varlığın Tanrıya təslim olduğunu, əsli varlığın
Tanrıda olduğunu, gördüyümüz aləmin isə
kölgə (zelli) olduğunu qeyd edir.
Bu məqamda
qeyd etməliyəm ki, 16-cı əsrdə yaşayan məşhur
sufi-mütəfəkkirmiz Nemətullah Naxçıvani iki
cildlik "əl-Fəvatihul`İlahiyyə
və`l Məfatihu`l-Ğaybiyyə" (ilahi ilhamlar və
metafizik açarlar) əsərində bu mövzuya toxunaraq
"insanların dənizdəki dalğalar kimi axırda Allaha
qayıtdığını, bütün
varlıqların kölgə
mahiyyətində olduğunu və bu mənada Tanrının,
kölgənin sahibinə, dalğaların suya və
aynalardakı surətlərin
surət sahibinə olan bərabərliyi mahiyyətində
və səviyyəsində anlaşılmasının
vacibliyini vurğulayır.
Digər
tərəfdən Seyid Nigarinin
yaradıcılığında eşqin metafizik aspektini dərindən
anlamaq üçün yenə də Nemətullah
Naxçıvaninin öz əsərinin müqəddiməsində
qeyd etdiyi kimi eşq mövzusuna
təsəvvür və təfəkkür gözüylə
deyil ibrət gözüylə, dəlil və arqument
gözüylə deyil daxili sezmə, şəkk və
şübhə ilə deyil, kəşf və əyan olma
vasitəsilə nəzər edilməsini ifadə edir. Bu mənada
Nigari mövzunu eşq və irfan kontekstində belə
açıqlayır:
Olsa kimin
eşqdən cinahı
Hərgiz
tanımaz şəbü siyahı
Yəni
gecə-gündüz ol səyahət
Eylər, ana seyredəndi rahət.
Mane degil
ana zülməti-şəb,
Birdir gecə-gündüz arifə həp.
Yeri gəlmişkən
qeyd etməliyəm ki, Seyid Nigarinin
yaradıcılığında ən əsaslı məfhum
olan eşq məfhumu müasir dövrdə, ən yaxın
tarixdə şair Nəriman Həsənzadə tərəfindən
Nigari haqqında qələmə alınan "Şeyx Nigari
Türbəsi" adlı poemada da rast gəlmək olur. Təsaüdfi
deyil ki, şair Nəriman Həsənzadə poema boyunca Nigari
yaradıcılığını eşq kontekstində metafizik çalarlarla tərənnüm
etmişdir:
Seyid Həmzə
Türbəsinin
hər
daşı, kərpici pakdı.
Çölü pakdı,
içi pakdı.
Yerdə
Məscid -
üstündəki
bir Allahdı.
Daş yazıdı, kərpic yazı.
Türbəsi
- eşq,
naxışı
- eşq əlifbası
Aşiqlərin nədir bəhsi?
təslimiyyət mərtəbəsi.
Həllac
Mənsurun "həqq" səsi,
külli-ixtiyardı Nigar.
Nəticədə "Seyid Nigari adlı bir lüğət
təşkil olunsaydı, onun önündə böyük hərflər
ilə Eşq yazılardı" sözü boş yerə
deyilməmişdir. Məhz Nigarinin yaradıcılığı Mövlanənin
qeyd etdiyi "pərgar kimi bir ayağı sabit şəkildə
eşq məfhumuna istinad edərək digər ayağı ilə
aləmi dolaşaraq" eşq vasitəsilə ilahi gözəlliklərin
kəşf olunmasına səbəb olmaqdadır.
Rəşad İLYASOV
525-ci qəzet.- 2015.- 12 mart.- S 6