Ləyaqətlər və qüsurlar tarixin sınmayan güzgüsündə

Telman Orucov

 

“Özümə gəldikdə mən elmdə məskun olanlardan biri deyiləm. Mən keçmişi sadəcə sevənlərdən və onu ciddi-cəhdlə tədqiq edənlərdən biriyəm”.

 

Konfutsi

 

(Əvvəli ötən şənbə saylarımızda)

 

Yalnız hücum edən qoşun arasında baş verən qorxulu epidemiya ona böyük ziyan vurduqda, Sennaxerib şəhəri tutmaq məqsədindən vaz keçdi. Yəhudilərin şişirtməsinə görə, guya 185 min assuriyalı döyüşçü xəstəlikdən qırılmışdı. Necə olsa da, yəhudilərin lənəti öz işini görməkdə davam etdi və b.e.ə. 681-ci ildə Sennaxerib Minutra Allahının məbədində öz oğlanları tərəfindən qətlə yetirildi.

 

B.e.ə. 669-633-cü illərdə Assuriya çarı olmuş Aşşurbanipal isə işğal etdiyi Babillə necə davrandığını belə təsvir edir: “Mən (haqqımızda) böhtan danışanların dillərini boğazından çıxardım... Mən onları qəti olaraq məğlub etdim. Digərlərini diri-diri, himayəçi ilahələrimizin heykəllərini dağıtdıqları qaydada əzdim, necə ki, mənim babam Sennaxerib onları əzmişdi, – indi mən nəticədə onun ruhuna gecikmiş də olsa, dəfn qurbanı verirəm. Mən onların cəsədlərini kiçik parçalara bölüb, itlərə, donuzlara, ... quzğunlara, göydə uçan quşlara, həmçinin dənizlərdəki balıqlara yedirtdim. Bunlardan sonra böyük allahlarımızın, mənim ağalarımın ürəklərini yenidən sakitləşdirdim. Taundan ölənlərin cəsədlərini itlər və donuzlar yeyib doyduqdan sonra, kənara uzaqlaşdırdım. Onlar həm də dəhşətli aclıqdan həyatlarını itirənlər Babilin küçələrində hərəkətə mane olurdu, Babilin sarayları cəsədlə dolmuşdu”.

 

Assuriya imperiyası tarixdə bəşəriyyət üçün lənət simvolu sayılan ilk imperiya idi. Assuriyalılar əsirləri qullara çevirirdilər. İşğal edilmiş ərazilərdə adamlar müqaviləni pozduqda, hətta ən xırda xətalara görə ən sərt cəzalara məruz qalırdılar. Orta əsrlər  Yaponiyasında da dəhşətli amansızlıq hökm sürürdü, ölüm hökmündən başqa bir cəza yox idi. Cəzanı çəkmək üçün məhbəslər də yox idi. Dustaqxanalar yalnız ölüm cəzasını gözləyənləri saxlamağa xidmət edirdi. Assuriyadakı həmin cəzalara isə oğlunu qurban vermək və ya bir girvənkə yun yemək və çox miqdarda su içmək daxil idi. Axırıncı cəza sonra əzablı ölümlə nəticələnirdi.

 

Assuriyanı tarix səhnəsində varis kimi əvəz edən Yeni Babilistan hökmdarları da qəddarlıq prinsipindən, qan tökmə rasionundan uzaqlaşmırdılar. Ən məşhur hökmdar olan II Nabuhadonosor b.e.ə. 604-cü ildə hökmranlığa başlamamışdan əvvəl misirliləri qəddarlıqla müşayiət olunan qanlı müharibədə tar-mar etdikdə, atasının ölüm xəbərini eşidib Babilə qayıdaraq, taxt-taca sahib olmuşdu. O, 597-ci ilin martında Yerusəlimi işğal etdi və çarları ilə birlikdə 3 min nəfər yəhudi Babilistana sürgün edildi. Səkkiz il sonra İudeya qiyam qaldırdıqda Yerusəlim 18 ay mühasirədə qalıb, nəticədə təslim oldu və bütünlüklə dağıdıldı. Minlərlə yəhudi “Babilistan əsirliyinə” göndərildi. İki min altı yüz il sonra belə, yəhudilər “Babil” kəlməsini yalnız böyük nifrət və qəzəblə dillərinə gətirirlər. Çar David düşmənlərini məhv etməklə öyünürdü, ancaq onun ölkəsinin və xalqının başına dəfələrlə daha dəhşətli bəlalar gəldi. O, oğlu Solomon kimi müdrik olmasa da, taleyin üzünün dönməsi ehtimalının mövcudluğunu yaddan çıxarmamalı idi.

 

Bir neçə əsr sonra böyük və gözəl Karfagen şəhərini romalılar b.e.ə. 146-cı ildə işğal edib yandırmaqla, eyni adlı dövlətin varlığına da son qoydular. Qalib Roma sərkərdəsi Kiçik Stsipion Emilian məhz belə bir dəhşətin Romanı da haqlayacağını uzaqgörənliklə hiss etmişdi. O, şəhərin viran qoyulmasının dəhşətli səhnəsini müşahidə etdikdə göz yaşları axıtmış və düşmənin taleyinə açıqca ağlamışdı. Bu mənzərə bir vaxtlar məğrur şəhər olan Troyanın, assuriyalıların, midiyalıların, böyük Persiya imperiyasının talelərini yada salırdı. Tarixçi Appianın yazdığına görə, Stsipion təsirlənib Homerin “İliada”sından Troyanın bütünlüklə məhv olması barədəki sətirlərini söylədi. Onun müəllimi və dostu olan görkəmli tarixçi Polibi bu sözlərlə nəyə işarə etdiyini soruşduqda, o, tərəddüd göstərmədən öz şəhərinin adını çəkdi, insan işlərinin dəyişkən olduğunu güman etdiyindən, Romanın taleyinə görə qorxduğunu söylədi.

 

David isə taleyin daim onun xalqına himayə göstərəcəyini güman etdiyindən, onun mümkün dolanbaclarına göz yummuşdu. Babilistan əsarəti qədim yəhudiləri dəhşətli sınağa çəkmişdi. Peyğəmbər Yeromiya Yerusəlimin işğal edilməsinin və dağıdılmasının şahidi olmuşdu. Bibliyanın “Ağılar” kitabında şəhərin bədbəxtliyinə bəslənən kədər və hüzn, onun acı dərdləri tükürpədən cizgilərlə təsvir edilir: “Müharibədə həlak olmaq sonra ölməkdən yaxşı idi, çünki adamlar aclıqdan yavaş-yavaş ölürdü, onları saxlamaq üçün heç bir qida yox idi. Xalqımın üstünə gələn bədbəxtlik dəhşət doğurur; sevən analar qida əvəzinə öz uşaqlarını isti suda qaynadıb yeyirdilər”.

 

“Babil əsirliyi” dövrü həm də yəhudi dininin- iudaizmin və onun sərt qanunlarının formalaşması üçün həlledici əhəmiyyətə malik oldu. Bu din yad xalqların əhatəsində yəhudilərdə vahid bir xalqa məxsusluq hissini qoruyub saxlamağa kömək etdi. B. e. ə. 445-ci ildə müqəddəs mətnlər olan Tora tərtib olundu, bu toplu iudaizm ardıcıllarının bütün həyatını tənzim edən göstərişlərdən ibarət idi.

 

Bizim eranın 70-ci ilində isə Roma imperatoru Vespasianın sərkərdə oğlu, gələcək imperator Tit yəhudi üsyanını rəhmsizcəsinə yatırdıqda, bu vaxt Yerusəlimdəki Solomon Məbədi yandı və bir daha bərpa olunmadı, ondan yadigar kimi yalnız “Ağlama divarı” adlanan Qərb divarı qalır.

 

Palestina romalılar tərəfindən imperiyaya anneksiya edildi və yəhudilər tədricən Roma imperiyasının digər hissələrinə yayıldılar. Əsrlər ərzində yəhudilərin bir ölkədən başqasına keçməsi və ya diaspora bu əzabkeş xalqın mövcudluğunun mərkəzi faktına çevrildi. Davidin düşmənlərinə qarşı amansızlığı daha böyük miqyasda öz xalqına qarşı tətbiq edildi. XV əsrin sonunda sefard yəhudilər kütləvi şəkildə İspaniyadan qovulduqda, onlara daha çox sığınacaq verənlərdən biri Osmanlı imperiyası oldu. XX əsrin 30-cu və 40-cı illərində isə antisemitizm Hitler diktaturası dövründə genosid siyasətinə və praktikasına çevrildi. Yəhudilərə qarşı aparılan Holokost tarixin ən dəhşətli epizoduna çevrildi, 6 milyona qədər yəhudi öz həyalarını natsistlərin ölüm düşərgələrində, həmçinin aclıqdan və xəstəliklərdən qurban verməli oldu.

 

Böyük Aleksandrın (b.e.ə. 356-323-cü illər) böyük qələbələri ilə yanaşı heç də az əhəmiyyət daşımayan xidməti yunan sivilizasiyasının xilas etməsi idi. Çünki o, b.e.ə. 334-cü ildə Asiyaya yürüşünü başlayanda Ellada zəifləmiş, Persiya güclənmişdi. Lakin Aleksandr şöhrətpərəst olduğu kimi, həm də qəddar idi. Avropada vuruşarkən qonşu Fivanı təslim etdikdə və viran qoyduqda, kiçik bir istisna nəzərə alınmasa, şəhərin sakinlərini qul olmağa satmışdı. Bununla o, digər yunan dövlətlərini qorxutmaq istəyirdi. Asiya işğalları vaxtı isə, b.e.ə. 332-ci ildə Finikiya şəhəri olan Tiri altı ay mühasirədə saxladıqdan sonra donanması olmadığından adadakı şəhəri tuta bilmirdi, şəhərlə materiki birləşdirmək üçün bənd zolağı çəkdi. Böyük qurbanlar verən şəhər təslim olmağa məcbur oldu. Aleksandr sakinləri qul olmağa satdı, bəziləri isə çarmıxa çəkdirildi. O, Persiyadakı gözəl Persepolis sarayını yandırıb, xaraba qoydu ki, Afinanın perslər tərəfindən yandırılmasının qisasını alır.

 

O, öz dostlarına və silahdaşlarına qarşı da qəddarlıq edirdi. Marakanda qalasındakı ziyafətdə uşaqlıq dostu Klit yerli perslərin yanında, Makedoniya qoşun rəislərini lağa qoyan mahnılar oxunması ilə onlara istehza edilməsindən hiddətlənib, Aleksandrla sözləşdi. O, Kliti qorxaqlıqda ittiham etdikdə, dostu Qranik döyüşündə onu ölümdən xilas etdiyi hadisəni yada saldı. Qəzəblənən Aleksandr mühafizəçisinin nizəsini qapıb, uzun illər dostluq etdiyi və həqiqi xilaskarı olan bir adamı qətlə yetirdi. Sonra o, sərkərdə Parmenionu, oğlu Filotu edam etdikdən sonra onun qisas alacağından qorxub qətlə yetirtdi.

 

Tsin Şi Huan-di b.e.ə. 221-ci ildə Çinin birləşməsinə və mərkəzi dövlət yaranmasına nail olanda “hökmdar” mənasını verən “van” titulundan imtina edib, ilk dəfə “huan-di” – imperator adına yiyələndi. Bundan əvvəl kiçik dövlətə başçılıq edəndə isə o, İn Çjen kimi tanınırdı. İmperator olduqdan sonra isə yüksək hakimiyyətin və qüdrətin yeganə mənbəyi hesab olunurdu. Şi Huan-di ifadəsindəki şi – “birinci” mənasını verməklə onun ilk imperatorluğuna işarə idi, di – “Qütb ulduzu” demək idi, huan-di isə “parlayan qütb ulduzu” ifadəsi olmaqla, həm də imperator mənasını verirdi. Deməli, Yer üzərindəki hökmdar səma cismi ilə eyni qaydada adlanırdı. Tsin isə sülaləsinin adı idi. O, sərhəd boyu mövcud olan divarların, məşhur Çin səddinin birləşdirilməsi və möhkəmləndirilməsi işinə sayı yüz minlərlə ölçülən işçi qüvvəsi cəlb etmişdi. Bu tikintilərdə on minlərlə adam ailəsindən uzaqlarda həyatını itirirdi. Ümumiyyətlə, o, nəhəng layihələr pərəstişkarı idi. Çinin bütün ərazisindən keçən kanal çəkdirmək istəyirdi, lakin bu layihə həyata keçmədi.

 

Şi Huan-dinin hökmdarlığı dövründə adamlar təqiblər vasitəsilə nəhəng tikinti işlərinə cəlb edilirdi, onların çoxu da tikinti yerinə gələndə yollarda ölürdü, bir hissəsi isə qaçmaqla canını qurtarmaq istəyirdi. Belə bir hadisə 1849-cu ildə Kaliforniyada qızıl tapıldıqdan sonra əmələ gələn ağlasığmaz “qızıl həyəcanı” vaxtı da baş vermişdi. Ölkənin hər tərəfindən bir andaca varlanmağa can atanlar evlərini, işlərini atıb, dəli kimi bura tələsirdilər. Hakimlər mühakimələrini yarımçıq qoyub, məmurlar iş yerlərini tərk edib bu macərada iştirak etməyə yollanırdılar. Çoxları yollarda xəstəliklərdən ölürdü, əksəriyyətinin isə Kaliforniyada arzularının puç olması və ümidlərinin dağılması ilə həyatın acı davamı gözləyirdi. Çoxları qızıl tapmaq əvəzinə, bütün var-dövlətlərini, nəhayət, həyatlarını itirməli olurdular. Çindən fərqli olaraq adamlar buna məcbur edilmirdilər, özləri könüllü surətdə bu ağılsızlığa gedirdilər.

 

İmperator Şi Huan-diyə gəldikdə, o, qəddarlığını tez-tez işə salırdı, onun siyasətini tənqid etdiyinə görə yüzlərlə ziyalı öldürülmüşdü. Hüquqa həsr olunanlardan savayı başqa mövzularda olan bütün kitablar, hətta bağçılığa və bitki ilə müalicə dərmanlarından bəhs edənlər də ictimai dövriyyədən təcrid edilirdi. Səbəb isə ondan ibarət idi ki, imperator bu bitkiləri təhlükəli və qaydanı pozan hesab edirdi. O, Konfutsinin kitablarını yandırtmışdı. Qay Yuli Sezar b. e. ə. 48-ci ildə Aleksandriyada hərbi tələ qurmaq məqsədilə öz gəmilərini yandırdıqda, yanğın məşhur Aleksandriya kitabxanasına da keçib, onu məhv etmişdi. 639-cu ildə xəlifə Ömər Misiri işğal edərkən Quranda yazılanların vahid və hərtərəfli elm olduğunu əsas götürərək, Aleksandriya kitabxanasını yandırmağı əmr etmişdi.1258-ci ildə isə Çingiz xanın nəvəsi olan monqol sərkərdəsi Hulaqu Bağdadı tutduqda şəhəri qarət edib, Müdriklik evini dağıtmış, onun zəngin kitabxanasının bütün kitablarını Dəclə çayına atdırmışdı. Qəzəbi soyumayan monqol xanı xəlifə ilə birlikdə şəhərin 800 min sakinini öldürtmüşdü. Yəqin ki, Hitler də 1938-ci ildə Nyurnberqdə kitab tonqallarına yol açanda bu ideyanın köhnə müəllifinin bədnam irsinə əsaslanmışdı.

 

Karfagen sərkərdəsi Hannibal (b.e.ə. 247-183-cü illər) cəsur olduğu qədər, həm də qəddar idi. İspaniyada Romanın himayəsində olan Saquntu zəbt etdikdə, o, bütün şəhər sakinlərinin öldürülməsini əmr etmişdi.

 

Pont çarı VI Mitridat Yevpator (b.e.ə. 132-63-cü illər) Romaya qarşı intiqam hissinə görə Kiçik Asiya şəhərlərində yaşayan bütün romalıların bir gün ərzində qırılmasına göstəriş vermiş və həmin gün 150 min adam qətlə yetirilmişdi.

 

B.e.ə. 82-ci ildə Roma sərkərdəsi Sulla ona qarşı guya haqsızlıq edildiyinə görə ordusu ilə birlikdə, qanun isə buna icazə vermirdi, Romaya daxil olub, şəhəri tutdu və paytaxtda görünməmiş terror başlandı. “Terror” latın dilində “dəhşət” deməkdir. Romanı bu vaxt əsl dəhşət bürüdü. Əgər quldarla qul arasındakı antaqonizmə görə qul ağasının potensial düşməni hesab olunurdusa, Sulla şübhələndiyi adamların hamısını öz gözündə düşmən kimi görürdü. O, cəzalandırmaq istədiyi adamların siyahısını tutdururdu. Proskriptsiya adlanan bu siyahıya düşənlər qanundan kənar elən edilməklə qətlə yetirilirdi, həm də bu eybəcər tədbir təkcə Romada deyil, İtaliyanın digər şəhərlərində də tətbiq olunurdu. Humanistlik edib, özünü xilas etmək istəyənlərə evində sığınacaq verənləri də ölümlə cəzalandırırdı. Bu vaxt qardaş qardaşı, oğul atanı, ata oğulu bu siyahılara saldırmağa can atırdı ki, onların mülkiyyətinə sahib olsun.Yalnız arvadlar ərlərinə qarşı öz sədaqətlərini qoruyub saxlamaqla, belə cinayətə nisbətən az gedirdilər. Bu adamları qətlə yetirənlərə hətta mükafat verilirdi, çoxları pulunun, sərvətinin qurbanı olurdu. Sulla bir şəhərdə yaşayan 12 min adamın hamısını bir yerə yığdırıb onları qırmağı əmr etmişdi.

 

(Ardı var)

525 qəzet.-2015.-14 mart.-S.23.