“Səhvlərimizin qrammatikası”
haqqında qeydlər
Mehman
QARAXANOĞLU
“Səhv”-in antonimi “düz”-ün anlamlarına gedib
çıxmaq üçün çeşidli yollar
vardır. Səhv
isə səhvdir ki, var! Sanki dil də səhvə gedən və
səhvdən qayıdan yolun Tək olduğunu qabartmaqla bizə
amansız mesajlar yollayır: Başlıcası: Səhv etmə!!!
Futbolda səhvlər xal itkisinə səbəb olur. Bəs həyatda?
Hekayənin qəhrəmanı Eyvazlıdır! Yaddaşınızın assosiativ divarlarını
bir kövrək toxunuşla döydümü bu ad?!
Yadınıza salın, Koroğlu Eyvazı oğulluğa
götürmüşdü! Adətən, “lıq” şəkilçisi
qoşulan sözlər haqda, xüsusən, “analıq” haqda belə
deyilir: “Lığ”dır da... Təbii, eposda
Eyvaz özünü əsl oğul kimi aparır. Fəqət
yaddaş qəddar bir nəsnədir, görünür,
yazıçı yaddaşı qəddarlığının
faizi baxımından bizimkindən daha “tünd”dür!
Real həyatla Eyvazlı arasında çox nazik və
şəffaf bir təbəqə vardır. O qədər nazikdir ki, hətta
onu uşaqlar da adlayıb keçirlər. “Yuxu” deyilir ona! Yuxu həm aldanış, həm də xilas yerimizdir.
Səhvlərimizi yuxuya “yükləyəndə”
özümüzü çox rahat hiss edirik! Yozulanda isə
aldanırıq! Yuxu yozulmamalıdır! Yozulanda
şəffaflığını itirir, yeyilir təkərlər
kimi və “dazlaşır”. “Keçəl”
yuxular isə çox qorxuludur. Çünki
onlar Dəli şeytanlarla həmrəydirlər.
Eyvazlı
Ağıllı və Dəli şeytanla “ünsiyyətdədir”.
Hər ikisi onun qulağına nəsə
pıçıldayır. Bəzən Dəli
şeytanın da elə “ağıllı”
pıçıltıları olur ki... Belə vaxtlarda
Eyvazlının daxilindəki “senzor” da “işə”
düşür: “Adamı
tutarlar, adamı daşqalaq edərlər. Bu
zaman onun kürəyinə soyuq tər gəlirdi”. Məhz
belə situasiyalarda Yazıçı bir qədər də
“irəliləyib” Eyvazlının iç dünyasına “səyahət”dən
daha qiymətli“qənimətlə” – qəhrəmanının
yeddi qatından keçən psixoloji arayışla
qayıdır. “Amma bu zaman Eyvazlıya elə gəlirdi ki, o,
kiməsə, nəyəsə xəyanət edir... Elə
bilirdi əynində heç nə yoxdur və o,
hamının gözü qabağında anadangəlmə
lüt-üryan durub...”
“Səhvlərimizin qrammatikası”nda müəllif qəfil,
fəqət professional bir dönüşlə obrazların
üstünə “yeriyir”. Buna ədəbi-psixoloji “həmlə”
də demək olar! Ümumən, Kamal Abdulla nəsrində
gözlənilməz “hücum” taktikaları çox
düzgün qurulur. Birmənalı olaraq, nəsrimizdə
“Səhra fırtınası” əməliyyatı onun adı
ilə bağlıdır... Və ya Epik əzəmətdə
“Caz” xırdalıqları...
SALAM,
YALAN SAATI...
Yox, yox, qəhrəmanımız
gündəmdə qalmaq üçün öz tarixinə
föhşlər yağdırmır! O, özü ilə
mücadilədədir, vəssalam... (“Musa da,
Firon da sənin içindədir, ey insan!” Mövlana)
Koroğlu, bir gün əvvəl isə Babək yuxusuna girməsəydi,
heç bu “söz-söhbət”ə lüzüm olmazdı!
Üstəlik, Şahımızı da “haqq” divanına
çəkmək olar! Şah İsmayılı! Nə etməli? Axı,
Eyvazlı sosial varlıq olmaqla yanaşı, həm də fərddir
və “Homo Sa-piens” (ağıllı insan) növünə
daxildir. İndi bildinizmi Ağıllı
şeytan onunla niyə “dostluq” edir?!
İkili
həyat yaşayır Kamal Abdulla qəhrəmanları!
Axı Bir-li həyat yoxdu! Varsa da, o,Allaha məxsusdu!
Ona görə də onlardan ruh kimi ikincisi,
üçüncüsü, dördüncüsü... “çıxır!” Eyvazlı da
belədir. Onun qrammatik səhvləri
arasında heç bir pauza yoxdur. Və vergülə də
yer yoxdur! Bir-birinin arxasınca buraxdığı səhvlər
onu psixoloji nokdauna
salır.
Bizim bir Xalq Ol-araq qrammatikamız vardır. Qrammatikadankənar
nə varsa, əyri-üyrü xətlərdir. Qəhvənin
üzərindəki xətlər kimi... Onları
oxumaq isə “asandır”. Çünki o xətlərin
qrammatikası yoxdur. “Qrammatikanın
olmaması məsələni qat-qat
asanlaşdırırdı”. Beləcə,
bir fincan qəhvə hekayədə öz “missiyasını”
yerinə yetirir. Kamal Abdulla nəsrində
hər bir predmetin öz görəvi vardır. Ənənəvi
təhkiyə strukturları burada keçərli deyildir!
Qısa bir ədəbi “monitorinq”lə Eyvazlının
qrammatik səhvlərini qruplaşdırmaq istədik. Və belə
bir “mənzərə” alındı. 1. “Texniki” səhvlər.
Buraya daxildir: Eyvazlının yuxunu reallığa
daşıması. Dəli şeytanın əlində
girinc olması. 2. Üslubi səhvlər: Bunlar
çoxdur. “Bu şeirlər... bunlar şeir deyil... Vallah,
şeir deyil, billah, şeir deyil” – cümlələrindən
başlanıb “Eyvazlı”ya qafiyə tapılana qədər
davam eləyir...
Məlum
olur ki, Şair-“Vampir” də
“camış iyi verən üfunətli” dünyamızda
özü də bilmir ki, necə “ilişib” qalıb. Axı bu dünyada iki dəfə iki dörd eləyir.
Kamal Abdulla nəsrinin sirli kodları isə iki dəfə
ikinin dörd eləmədiyini israrla bəyan etməkdədir.
Ona görə də bu mətnlər gələnəkçi
“dərzilər”in tikdiklərindən tamamilə fərqlidir.
“Xammal” yenidir. Donun üzərindəki
Dil naxışları da adət etdiklərimiz deyildir. Sanki Dil Rəqs edir. O, bir fırlanışla
cümlə-cahanı “içinə” yığa bilir və
“özgə” adlandırdığımız Dil məkanlarına
düşə bilir.
Eyvazlı
“Vampir”lə danışa-danışa gözlərinin
önündən “vaqiə kimi biixtiyar bunlar keçdi”.
Eyvazlı özünü Harri Potterin sehrbazlar küçəsində
hiss edir. Diqqət edin: Yenə sehrbazlar dünyası! Bu, Kamal
Abdullanın dünyasıdır! O, nə illah eləsə, buradan çıxa bilməz.
Heç çıxmaq haqqında fikirləşməyə dəyməz!
Çünki onun nəsri özünü burada
“rahat” hiss edir. Burada hər şey şərtiliklər üzərində
qurulub. Hər şey anidir. Ötən
saniyələr kimi... Ötən və “qayıdan” saniyələr
kimi! Onun qəhrəmanları da “Fəlsəfə
Daşı”nın köməyi ilə
dünyanı istədikləri yönə yönləndirməyi
bacarırlar. “Yalnız məntiqlə hərəkət
etmək yalana gətirib çıxarır. Məntiq hələ hər şeyi həll etmir” (Nitşe).
Eyvazlı
haqlıdır! Həqiqətən, “Vampir”in yazdıqları
şeir deyil. Nə olsun ki, o, nəşriyyatın poeziya
şöbəsinin müdiri Göymirzəlidir! (Ada bax ha!) O Göymirzəli ki, bir Xalq
şairinə vaxtilə demişdi: “Vallah, halal olsun! Billah, halal olsun. Sən istəmisən
ki, bir axmaq şeir yazasan, sən də onu yazmısan. Əhsənül-əhsən. Elə
bilirsən asandı?” Amma
indi buna bənzər bir sözü Göymirzəliyə demək...
Tələsik qərar çıxarmayın! Qəhrəmanımız
bunu bacarır!!! Və onun sonrakı halına baxın:
“İki göz istəyirdi Eyvazlının biçarə
halına tamaşa eləsin”. Rica edirəm, vaxt
itirmədən Kamal Abdullanın Cümlə-sinə də
“tamaşa edin!” Belə eşitmişik və doğrudan
da belə olub ki, adətən, gözəl nəsnələrə
iki göz istər tamaşa etsin! Yazıçı
mövcud dil standartı üzərində xırda bir “əməliyyat”
aparmaqla qarşımızda acı bir mənzərə
canlandırır. Baxın, Həqiqəti söyləmək
insanı nə kökə salır! “Eyvazlı hiss elədi
ki, haman Xalq şairi kimi tora düşməkdədir, soyuq tər
yenə də başladı boynundan köynəyinin içiylə
kürəklərinəcən axmağa”.
Dəhşətdir!
Gör nə tufan qoparırsan, ey Həqiqət?!
Salam,
Yalan Saatı!
“Bütün həqiqətlər sadədir. Bunun
özü ikiqat yalan deyilmi? Çarəmiz
yoxdur, bu gərdişlə barışmalıyıq. Yalan danışmaq cəsarətli adamların
işidir” (Nitşe). Eyvazlı da ağlasığmaz “cəsarət”
nümayiş etdirir! Ona görə də bunun əvəzini
almalıdır! Bethovenin 5-ci simfoniyasını
xatırlayın! Sanki göyüzündən
qovulan səslər tək Bir Qapının önündə
dayanıb fəlakətin baş verəcəyini bəyan edir
və özləri də imdad istəyirlər. “Eyvazlı seytnota (çaşqın bir hala) düşdü”.
Görün, Vampir necə gözəl başlayır: “Mən
sənin yaşında, balası...” Deyəsən, qrammatik səhvlərimizin
birisi ilə də “tanış” olmaq zamanı gəldi!
Özündən böyüyə söz demə, üzünə
qayıtma, o, yalan desə belə! Demə!!! Mentalitetimizə
uyğun deyildir! Mental baba kanonlara əməl edərək nəvə,
nəticə və kötücəsini bayram şövqü
ilə eyni rəngə boyayaraq topluma təqdim edə bilər!
Hətta, özünü də! Eyvazlı nə
qələt eylədiyini, deyəsən, indi-indi anlayır.
Amma gecdir! “Vampir” qardaş qanını “içməsə”, əl
çəkən deyildir!
Eyvazlı
Keçmişlə (yuxu) İndi (gerçəklik)
arasında qalıb “sıxılır”. Məlum olur ki,
İndidə (ayağını günəş vannasına
qoyduğun Zaman-da) dayanıb Keçmişə
(ayaqlarının don vurduğu Zaman-a) əlinə nə
keçsə, ata bilərsən! Bir kimsənin dediyi kimi : “Ölən yazıçılar (“Qəhrəmanlar”
anlamında da qəbul etmək olar!) bizə
tay ola bilməz, ona görə ki, biz onlardan daha çox
bilirik”. Haqq sözə nə deyəsən?!
Amma sənin yaşında, balası, “mən
konteksti düşünürdüm”. (K.Abdulla)
POSTMODERNİZM
TROYA ATI KİMİ...
Ey, Dost,
bu dünyada hər şey bir-biri ilə qafiyədir!
Sənə
“qafiyə” deyirəm e...
“Sənsə
mənə deyirsən, qulaq qafiyəsi belə gəldi,
kök qafiyəsi belə getdi...”
Bəs Mahiyyətin qafiyəsi?!
Mətnə yeganə “nərmənazik” şüa bu cümlə-nəfəslikdən düşür. Bəlkə də bu, heç nəfəslik deyil, mətnin “çat” vediyi yerdir! Hər halda, işıq şüası öz işini “görür” – qrammatik səhvləri təsih eləmək prinsiplərindən kənara çıxaraq məhz bu doğru cümlənin altından qırmızı dalğalı xətt çəkirəm.
Qafiyələr – sözə çevrilən nəsnələrin zahiri səsləşmələri deyilmi? Qafiyə “ovu”na çıxarkən atdığımız güllələr bir-birimizə dəymirmi?! İşıqsaçan güllələrin fonunda Beyrəyin qanlı köynəyini seyr etdinizmi? Əsl illüziya effekti! Bəs mahiyyətin, için – köynək içinin qafiyəsi?! Bu, həm də tarixi-arxaik və mifopoetik düşüncə stixiyamızın qafiyəsi olardı. Birini Göymirzəli Eyvazlıya deyir, Siz də eşidin: “Sənin qafiyən... bir atdı. At”.
Mahiyyət budur! Axı Eyvazlı bugünkü yuxusunda da Koroğlunun Qıratını görmüşdü. Atın da iç qafiyəsi “murad”dı. Eyvazlı da muradına çatdı bu gün: “Yaşadığı evin qapısı ağzına bir at gətirib bağlamışdılar”. Bu da Kamal Abdullanın İlğım-Cümləsi! Bunun qafiyəsi də çox-çox dərinliklərə gedib çıxır! Beləcə, qəhrəman iç-içə yığılan dünyalarının lap son qatından modern qatına “qalxır”. Qonaq gözləməyə-gözləmə qonaq otağının pəncərəsindən işıq gəlirdi! Bu da yazıçının öz qəhrəmanına “töhfəsi...” Hekayə bütünlüklə postmodern təfəkkür dayaqları üzərində dayanır! Həm də onun xeyirli və zərərli əlamətlərini simvolizə edir.
Postmodernizmi bəxşiş kimi köksümüzə sıxdıq. Fərqinə varmadıq ki, o həm də bədbəxtlik gətirən Troya atıdır. “Qızıl orta”nı hətta gələnəkləri dağıdarkən belə gözləmək lazım idi...Az qala əlifba sırası və inkivizator ədası ilə dağıda-dağıda “A”dan – Axundzadədən başlayıb “Z”-yə – Zərdüştə qədər hamısını yerlə-yeksan etmək istəyirik. Nədən? Öz kompleksli təfəkkürümüzü maskalamaq üçün qalmaqal yaradıb gündəmdə qalmaq üçün! Hekayə gözlənilməz rakursları və çoxyönlü semantik qatı ilə bu cür ədəbi vandalizmə qarşıdır.
“Səhvlərimizin qrammatikası” həm postmodernizmin manifesti, həm də anti-manifesti kimi nəsrimizdə unikal hadisədir! “Əsl sənət xalis güzgüdür, ancaq o hərdən saat kimi qabağa qaçır”. (F.Kafka)
525-ci qəzet.-14 mart.-S.26.