Anar sərhədlərin fövqündə
Görkəmli ədibimiz, Xalq yazıçısı,
Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın bu
gün 77 yaşı tamam olur. Ustad
yazıçımızı bu münasibətlə ürəkdən
təbrik edir, ona cansağlığı, yeni
yaradıcılıq sevincləri arzulayırıq.
Tanınmış Ukrayna ədibi Mixaylo Slaboşpitskinin
Xalq yazıçısı Anarın ötən ay Kiyevdə
çapdan çıxmış əsərlər toplusuna son
söz kimi qələmə aldığı məqaləni
oxuculara təqdim edirik.
Mixaylo
Slaboşpitski
Pasportuna əsasən, o, Anar Rəsul oğlu Rzayevdir. Amma onu Azərbaycanda,
həm də təkcə orada deyil, dünyanın müxtəlif
ölkələrində sadəcə Anar kimi
tanıyırlar. Azərbaycanda məşhur
bir ailəyə mənsubdur. Onun valideynləri – şairlər
Rəsul Rza və Nigar Rəfibəyli indi həyatda olmasalar
da, adları təkcə insanların xatirələrində
deyil, KİV-də, kitablarda, həm də Anarın ailə
ocağının yaxınlığında görüşən
iki küçənin adında yaşayır.
Bunun öz qanunauyğunluğu və rəmziliyi var –
onlar həmişə bir yerdə olublar, küçələri
də yanaşıdır.
Gələcək yazıçının hansı
atmosferdə böyüyüb formalaşdığını
təsəvvür etmək asandır. Onların evinin
qapısı keçmiş İttifaq respublikalarının ədəbiyyat
çevrələrindən müxtəlif nümayəndələrin
üzünə daima açıq olub. Üstəlik,
oradakı zəngin kitabxanadan təsirlənmiş gənc
oxucu kimi onun qəlbi məşhur əsərlərin qəhrəmanları
ilə birgə neçə macəra yaşayaraq, nə qədər
heyrətamiz sınaqlardan keçib. Yalnız kitablar
arasında böyüyən bir şəxs bütün
bunları təsəvvür edə, o kitabların cazibədar
adlarının onu özünə çəkdiyi, uzaq və
naməlum dünyalara aparıb orada müxtəlif
zamanların adamları və xalqları ilə tanış
etdiyi çağlara qayıda, olub-keçənləri
xatırlaya bilər.
Bu ailənin övladı olan oğulun gələcəyi
bəlkə də məhz onda müəyyənləşib. Atası
oğlunun taleyini ədəbiyyata bağlamasını, həyatda
“filologiya yolu” ilə irəliləməsini istəməsə
belə. Axı ata şəxsi təcrübəsindən
bilirdi ki, özünün yaşadığı və
oğlunun yaşayacağı cəmiyyətdə
yazıçının həyatı keşməkeşlərlə,
risklərlə doludur. Atası Anar
üçün nisbətən asan həyat arzulayırdı.
Zənn edirdi ki, əgər oğlu, məsələn,
hüquqşünas, mühəndis, yaxud həkim olsa, həyatda
irəliləməsi çox asan başa gələr. Bütün bunlar Anar üçün – bütün
fənlər üzrə imtahanlardan asanlıqla keçməyə
qadir bir şagirddən ötrü rahatca mümkün idi.
İlk baxışda, ədəbiyyat çoxları
üçün müəllifə səxavətlə qonorar
yağdırıldığı və şöhrətin
sadiq bir küçük təki yazıçının
ardınca qaçdığı bir sahə, yəni əbədi
bayram yeri kimi görünür. Əslində isə,
mürəkkəb zamanda, mürəkkəb ölkədə
yaşayan Rəsul Rzanın bildiyi bütün təhdidlərdən
əlavə, həm də bu məşğuliyyətin
universal və beynəlxalq xüsusiyyəti vardı. Bu
barədə fransız Jül Renar yaxşı deyib: “Ədəbiyyat
– kəl əməyidir”. Hər kəsin bunun
öhdəsindən gəlməyə gücü çatmaz.
Bir zamanlar Heminquey demişdi: “Yaxşı yazıçı
olmaq üçün gərək yaxşı ölkən,
yaxşı arvadın və yaxşı səhhətin olsun”.
Anarın “Azərbaycançılıq təfəkkürü”
əsərini oxuyanda əmin olursan ki, onun üçün
doğma vətənindən yaxşı ölkə yoxdur.
Azərbaycan təkcə onun dili, əcdadlarının
məzarları deyil, onun havası və səmasıdır.
Azərbaycan onun başlandığı və
bitdiyi hər şeydir. Rəsul Rza və
Nigar Rəfibəylinin evindəki kimi münasibətlərin
hakim olduğu bir yerdə böyüyən övladın
taleyində bu məsələ nikah baxımından da öz əksini
tapır. Anar müxtəlif müsahibələrində
onun özünü reallaşdırmasına maneçilik
yaratmayan, əksinə, çox yardım edən həyat
yoldaşına minnətdarlıq ünvanlayır.
Sağlamlığa
gəlincə, kim özünü gəncliyində
güclü həvəsin ağuşunda hiss edib,
dağları yerindən oynada biləcəyini
düşünmür ki?! Görünür,ədəbiyyata
ilk gəlişi dövründə
onun da hansısa xəstəlikdən şikayətlənməsi
üçün elə bir əsas yox idi. Bu,
Anarın atasını diqqətlə, sakitcə dinlədiyi,
uzun-uzadı mübahisəyə girişmədən, öz
bildiyində qaldığı məqamlardan biri idi. Necə deyərlər, bu onun tale yazısı idi,
taledən isə qaçmaq olmur. Anar ədəbiyyat
dünyasına beləcə daxil oldu, o həmin dünya
üçün yaranmışdı və oraya nüfuz etməyə
tam hazır idi. Çünki arxada qalan
uşaqlığı büsbütün ədəbi
çevrədə keçmişdi və gəncliyinin də əsas
təsir sahəsi ədəbiyyat idi.
Şair
övladı 22 yaşında Azərbaycan Dövlət
Universitetinin Filologiya Fakultəsini bitirir, sonra da Moskvada ali ssenari və rejissorluq kurslarını
başa vurur. Burada ona görkəmli kino xadimləri dərs
deyir, Sovet İttifaqının müxtəlif
respublikalarından olan, tezliklə 60-cılar nəslinin liderləri
sayılacaq, gələcəkdə
nəinki yerli, həm də ümumittifaq səviyyəsində
ədəbi ab-havaya əhəmiyyətli dərəcədə
təsir göstərəcək gənc
yazıçılarla dostlaşır.
Müsahibələrinin
birində Anar öz tərcümeyi-halından elə təfərrüatları
və epizodları qeyd edib ki, bunlar sonradan onun ədəbi
avtobioqrafiyasının proloquna çevrilib: Onlar ailəlikcə
Şuşada istirahət edirmişlər. Anar və
bacısı bekarçılıqdan bezib, Bakı
üçün darıxırlarmış. Bunu müşahidə edən və uşaqların
fikrini bundan yayındırmaq istəyən ata onlara yerli camaat
və təbiətlə bağlı öz təəssüratlarını
yazmağı təklif edir. Və onda Anar
özünün ilk əsərini yazır... Bu,
cüzi qonorarla ailəsini dolandıra bilməyən bir
amerikalı bəstəkar haqqında pyes idi. Gənc ədəbiyyat həvəskarının onda
cəmi 14 yaşı vardı. Atası
oğlunun yaradıcılığına ustalıqla
yanaşır, nə həddindən artıq tərifləmir,
nə də kinayə eləmir. Ancaq
Anarın xatırladığı kimi, buna bir elə sevinmir də.
Daha sonralar oğlu məsələni başa düşür:
bu da həmin səbəblə – atasının onu “filoloji
yol”dan çəkindirmək istəyilə bağlı idi.
“Çox
güman ki, mənim taleyim həmin gün müəyyənləşdi
– Anar deyir, – çünki bundan sonra atam uzun müddət mənim
çap olunmağıma qadağa qoydu, yazdıqlarımı
ona oxusam da, hər dəfə eyni cavabı eşidirdim:
“Lazım deyil, hələ ki lazım deyil...” Yalnız “Ötən
ilin son gecəsi” hekayəmi yazandan sonra atam dedi: “Bax bunu
çapa vermək olar”.
Yeri gəlmişkən,
həmin vaxt az qala fransız ədəbiyyatındakı
süjet təkrarlanırdı: iddia ilə
yaradıcılığa başlamış gənc Mopassan
öz işlərini Floberə – ədəbi ekspertizaya
aparır, o isə elə oradaca inadkarlıqla onları
qüsurlu çıxarırdı. Nəhayət ki, bir
gün tələbkar ustad yeni başlayan ədibə deyir: bax
bunu çap etmək olar. Bundan sonra Mopassan,
bildiyimiz Mopassan olur. Həmin hekayə
“Gonbul” adlanır və fransız ədəbiyyatının
klassik nümunəsidir.
Anarın o hekayəsi mütəmadi olaraq antologiyalarda
çap edilib, müxtəlif dillərə tərcümə
edilib, ekranlaşdırılıb (onun əksər əsərləri
kimi). Bu, formal debüt deyildi. Ədəbiyyata
əsl gəliş idi. Bununla da Anar
özünü, kiminsə qeyd etdiyi kimi “çoxüslublu”
müəllif olaraq təqdim elədi. Ona tarixi süjetlər,
lirik hekayələr qədər, satirik, fantastik və dərin
psixoloji, hətta kriminal mövzular da maraqlı idi (məsələn,
1974-cü ildə işıq üzü görən və bizə
tamamilə “başqa” Anarı tanıdan “Gecə
yarısında hadisə” əsərində müəllif
cinayətin səbəblərinin dərinliklərinə
nüfuz edir və qanun-asayiş keşikçilərinin bunu
necə açıqladıqlarını göstərir).
Anar müxtəlif janrlara müraciət etməyə də
o dərəcədə həvəslidir. Eyni
şövqlə proza (daha çox hekayə və qısa
povestlər), pyeslər, kinossenarilər, esseistika və
publisistika qələmə alır. “Ona görə də
yazdığım hər yeni əsər mənim
üçün birinci kimidir – deyə, müəllif etiraf
edir.- Rezonans doğuran və hətta
populyarlıq gətirən nələrisə təkrarlamaq
arzusunda olmamışam”.
Teatr və kino fəaliyyəti – ayrıca mövzudur. Tənqidçilərin
yekdil rəyinə görə, Anarın pyeslərinin
repertuara salınması mövsümün uğuruna zəmanət
verir. Teatrşünaslardan birinin dəqiq qeyd
etdiyi kimi, Anarda unikal şəkildə zalı hiss etmək
qabiliyyəti var. Dramaturq üçün bu fenomeni heç
bir şey əvəzləyə bilməz.
Hətta dialoq mədəniyyəti və süjet qurmaq
bacarığı da bu duyğunun – məhz zalı hiss etmək
intuisiyasının yerini vermir. Əgər bu hiss varsa, dramaturq var,
yoxdursa dramaturqun varlığı sual altındadır.
Özünün
etiraf elədiyi kimi, onun əsərlərini
ekranlaşdıran və tamaşaya qoyan rejissorlarla, mütəxəssislərlə
mübahisələri az olmayıb. Onun kinorejissorluq təhsili və müstəqil şəkildə
ekranlaşdırdığı bir neçə film
olmasına baxmayaraq, Anar özünü sözün tam mənasında
rejissor hesab etmir. Əlbəttə ki, o hər
şeydən əvvəl fərdi görmə bucağına
malik və rejissorlar mətni kino dilinə çevirəndə
diqqətdən qaçırmamaqları üçün qəti
şəkildə öz əsərlərində vacib
nüansları qorumaqda qərarlı olan bir
yazıçıdır. Yeri gəlmişkən,
Anar özünün “Mən, sən, o və telefon” hekayəsi
əsasında çəkilmiş “Hər gecə saat 11-də”
filmindən o qədər də razı deyil. Rasim Ocaqovun
“Otel otağı”, “Təhminə” və eləcə də
Arif Babayevin ekranlaşdırdığı “Gün
keçdi”ni əsərləri əsasında çəkilən
ən yaxşı filmlər hesab edir. Doğrusu,
Anarın özünün yaxşı hesab etmədiyi ekran əsərlərini
bəyənən, hətta onları müəllif
üçün iftixar mənbəyi sayan opponentləri də
tapılar.
Özünütənqid
onun bir kişi kimi xarakter cizgisidir. Yeri gəlmişkən, bu dürüstlük
yaradıcı insanlar arasında çox da yayılmış
xüsusiyyət deyil. Bəzilərinin
fikrinə görə, özünütənqid ayaq altından
istinad nöqtəsini vurub kənara atmaqdır. Özünə və öz işinə məhz belə
ayıq münasibət yəqin ki, Anara ədəbiyyat, teatr və
kinoda nəyi necə etməkdə təmkinli münasibətini
qorumağa imkan verir.
Bir
neçə il əvvəl Kiyevdə “Sərhədsiz
söz” festivalında mənə Anarla onun prozası
haqqında danışmaq nəsib oldu. Mən dedim ki, onu məhz
“Hər gecə saat 11-də” filmi ilə kəşf eləmişəm.
Bunun melodram olması inkaredilməzdir, ancaq o
ağlatmır, asan süjetinə rəğmən
özündə dərin eksiztensialist məna əks etdirir.
Mənim üçün ədəbiyyatda yeni olan bu
imzaya elə marağım oyandı ki, kitab mağazasında
Anarın nəsr kitabına rast gələn kimi aldım.
O,
“Qarderobçunun hekayəti”, “O gecənin səhəri”,
“Gürcü familiyası”, “Yaxşı padşahın
nağılı”, “Kədərli məzhəkə”, “Dantenin
yubileyi” əsərləri vasitəsilə mənim
üçün bütün üslublara bələd
yazıçı kimi açıldı. Melanxolik
neorealizm, romantik ironiya, qrotesk, absurd çoxqatlılıq,
realist təmkin, lirik şövq, plastika və satirik fantastika,
kəskin parodiya – bütün bunları öz çoxsəsliliyi
ilə simfonik orkestri xatırladan Azərbaycan müəllifinin
nəsrində gördüm. Həmin
vaxtdan sonra mən Anardan qarşıma nə çıxsa,
oxumağa başladım. Demək lazımdır ki, onu
heç də Çingiz Aytmatov, Vladimir Korotkeviç,
Çiladze qardaşları, Yana Kross, Lilli Promet, Ennaya
Vetemaadan az həvəslə tərcümə eləməyiblər.
Anar haqlı olaraq o dövrkü tənqidin
sevimlisi idi. O mənim heyrətimə kifayət qədər
təmkinlə reaksiya verdi. Təriflənən
müəlliflərin əksəriyyətində olduğu kimi
təklif edilən mövzunun davamına həvəs göstərmədi.
Hiss etdirmədən söhbəti “Sərhədsiz söz” tədbirinin
əhəmiyyətinə – son onillikdə milli
yazıçıların təcrid olunmasına yönəltdi:
“Biz indi bir-birimizi daha pis tanıyırıq, faciəvi dərəcədə
az tərcümə olunuruq, bunlar ədəbiyyatımızın
keyfiyyətində özünü mənfi şəkildə
göstərməyə bilməz”. O, haqlıydı, onunla bu
mövzuda mübahisə eləmək olmazdı.
Anar öz fikirlərinə və əhval-ruhiyyəsinə
son dərəcə diqqətli yanaşan sakit, introvert
(özünə qapanmış) insan təəssüratı
yaradır. Belə adamların təhlükəli yaltaqlıqdan
etibarlı müdafiə sistemi olur. Bu cür şəxslərin
ətrafdan gələn fikir siqnallarına qarşı reaksiya
diktə edən dəyərlər sistemi formalaşıb.
Mən bu fikrə Anarı təkcə dinləyərək
və müşahidə edərək gəlməmişəm.
Kiyev görüşündən sonra onun “Sizsiz”
roman-xatirəsini oxuyanda Anarla bağlı ehtimallarım
özünü tam doğrultdu. Bu əsər
mənə Marsel Prustu xatırlatdı (yeri gəlmişkən,
Anar tez-tez onun adını özünün ədəbi kumirləri
sırasında çəkir).
“Sizsiz” – valideynlər sağ olduqları zamana müəllifin
yaddaşdan baxışıdır. Uşaqlığın
xoşbəxt günləri ona uzaq musiqi sədası kimi
çatır və doğmalarının təbəssümlərində
aydınlanır. O bu səadət haqqında – istəkli
valideynlərin əziz övladı olması barədə
düşüncələrə dalır. Həmin
düşüncələr yalnız bütün bunları
birdəfəlik itirəndən və insana yalnız
ağrılı nostalji xatirələr qalandan sonra
anlaşılır.
Anar
valideynlərinin poetik mətnlərini yenidən oxuyanda əvvəllər
anlaşılmaz, yaxud görünməz olanlarda təzə
nəsə görməyə başlayır. Onların
sənədlərini, məktublarını, qeydlərini yenidən
vərəqləyəndə valideynlərinin mürəkkəb
həyatı ilə bağlı düşüncələri
dəyişilir. Burada xeyli ad, sifət, gözlənilməz
assosiasiyalar, allüziyalar var. Əsər roman-xatirə olaraq,
özündə ən əziz, qiymətli anıları, ədəbi
yaradıcılığı, gündəlik həyatla
bağlı dolğun cizgiləri, etik kodeksi, insan həyatının
dəyəri ilə bağlı traktatı və
keçmişi yaxşıya doğru dəyişdirməyin
mümkünsüzlüyü haqqında nisgilli
düşüncəni əks etdirir. Yalnız
Marsel Prust kimi davranmaqla, itirilmiş vaxtın ardınca getmək
və bu üsulla onu diriltmək mümkündür.
Məlumdur ki, kiminsə, nəyinsə barəsində
danışanda biz həm də özümüz haqqında
danışırıq. Anar istər-istəməz burada
özünün uşaqlıq qorxularını və gənclik
sirlərini, insanları qiymətləndirmə
kriteriyalarını əks etdirib. Onun ədəbiyyat
və ədəbi qiymətləndirmə haqqında
mülahizələrindən indiyədək heç yerdə
ifadə olunmamış hərtərəfli
yaradıcılıq manifestini yaratmaq olar. Valideynlər
barəsində xatirələrdən və oğulun
etiraflarından doğulan bu kitab qeyri-adi bir romanacan
böyüyüb. Janrına görə
roman həm konkret mövzudan, həm də hər şeydən
bəhs edir.
Ona görə də elə təsəvvür
yaranır, dünyada bircə vacib məsələ qalmayıb
ki, burada söhbət mövzusu olmasın. Romanın
misilsiz dərəcədə geniş əhatə dairəsi
var. Əslində, bu sanki xatirələr okeanıdır.
Həqiqətən də burada realizm və idealizm sahilsizdir...
Valideynləri haqqında danışarkən Anar istər-istəməz
yenidən öz həyatını yaşayır. Yaddaşında həkk
olunan ilk anlardan başlamış itkini hiss etdiyi son günə
qədər və itkinin özünə qədərki həyatını...
Və bu, sanki qeyri-şüuri olaraq məhz tərcümeyi-halın
daha bir variantını yazmaq niyyətidir...
Moskvadan Bakıya qayıtdıqdan sonra Anar “Qobustan” incəsənət
toplusunun redaktoru olur, eyni zamanda paytaxtdakı Ədəbiyyat
Muzeyi ilə əməkdaşlıq edir. Həmin vaxt o
artıq tanınmış yazıçı idi. Bir sıra hekayələri ədəbi tənqid tərəfindən
yaxşı qarşılanmışdı, onları Moskvada və
bəzi müttəfiq respublikalarda tərcümə
etmişdilər. Bu nəsr özündə
impressionizm və neorealizm elementlərini birləşdirərək
qəti şəkildə həyatı bəsit formada göstərməkdən
yayınırdı, ardıcıl şəkildə süjet
situasiyalarını və absurdu vurğulayırdı.
Bu proses özünü bir çox yazıçılarda
göstərirdi. Estoniyada bu proses Arvo Valton, Ennaya Vetemaa, Teeta
Kallas, Latviyada Alber Bella, Gürcüstanda Otar və Tamaz
Çiladzelər, Rusiyada Vasili Şukşin, Andrey Bitov və
Vladimir Makanin, Moldovada Vasile Vasilake, Ukraynada Yevgeni Qutsal, Qriqor
Tütünnik, Vladimir Drozd və Yuri Şerbakın adı ilə
bağlıdır. Onların əsərlərində
fərdiliyin müxtəlifliyi ilə üslubi maneranın və
orijinal süjetlərin danılmaz ortaqlığı var – həmin
əsərlər hər cəhətdən etik pafosa
bürünüb. Bu, tabu mövzuların mövcud
olduğu və
müəllif səmimiliyinin sərt şəkildə
tənzimləndiyi sosializm adlanan cəmiyyətlə fərdlərin
ortaq məxrəcidir.
1976-cı ildə Anarın “Əlaqə” povesti meydana
çıxdı. “Xruşşov ilıqlaşması” artıq
arxada qalmışdı, ancaq onun təravətli təsiri hələ
cəmiyyətdən tam çəkilib getməmişdi və
sosrealizm mühafizəkarlığı Sovet ədəbiyyatından
öz amansız qisasını almamışdı. “Əlaqə” rahat dillə, nizamlı üslubda
yazılıb və özündə vacib etik mündəricə
daşıyan ədəbi oyunlar üzərində qurulub.
İnsanlara yaxın getməyi bacarmayan və istəməyən
introvert (özünə qapanmış) tələbə,
sakinləri ilə gündəlik ünsiyyətdən əzab
çəkəcəyi darkeş otaqlı yataqxanada yaşamaq
istəmədiyi üçün özünə kirayə ev axtarır. Nəhayət bəxti
gətirir, hətta arzuladığından da yaxşı otaq
tapır. Burada onun başına qəribə,
mistik və anlaşılmaz hadisələr gəlir. Müəllif binanın 20-ci mərtəbəsində
– o sirli məkanda sadəlövh kirayənişini əvvəlcə
maraqlandıran, sonra isə qorxudan dəhşətli olaylara
birmənalı izahat vermir. Əsərin sonluğu, necə
deyərlər, açıq saxlanılıb, hər bir oxucu
özü bildiyi kim yoza, gözlənilməz
nəticələr çıxara bilər. Sonralar
İtalo Kalvino da “Əgər qış gecəsi bir
yolçu” əsərində oxucularına romanın
sonluğunu istədikləri kimi bitirmələrini təklif
etmişdi. Oxucu rəylərindən
anlaşılır ki, əsərin son səhifələrində
hər kəs romanı özü istədiyi kimi anlayıb.
Bu effektli paradoksun populyarlığı təsadüfi deyil:
“Oxucu kitabdan öz bildiyini oxuyur”. Yəni, mətndə
şifrələnmiş mənanı anlamaq üçün hazırlıqlı
və hazırlıqsız oxucu var, axı bu publisistika deyil.
Amansız senzuranın tətbiq olunduğu ədəbiyyata
sosrealizm başqa imkan yeri qoymurdu. Bu ədəbiyyatda
hər şey birxətli inkişaf etməliydi, obrazlarda ziddiyyətli
qütbləşmə olmalıydı, təmsildəki kimi
bütövlükdə ibrətamiz alınmalı idi. Ancaq “Əlaqə”də
tamam başqa strategiya və ədəbi forma mövcuddur.
Və Anar həm də məhz buna görə
İbrahimbəyov qardaşları, Ç.Hüseynov,
İ.Əfəndiyev, Elçin kimi Azərbaycan ədəbiyyatının
novatorlarından sayılır. Bunların
sırasında Anar şəhər prozasını daha parlaq təqdim
edir. Onun personajları daha çox şəhərin
ziyalı təbəqəsidir. Anarın prozasının
məkanı müasir meqapolisdir, detalları – qoxusu,
topoqrafiyası, arxitekturası, bioqrafik təfərrüatları
və personajlarının sosial statusları ilə müəllifə
yaxşı tanış olan Bakı şəhəridir.
Anar özü Azərbaycan ədəbiyyatını əla
bilən, onun keyfiyyət dəyişikliklərini yaxşı
mənimsəmiş diqqətli oxucudur. Müəllifi
olduğu “Nəsrin fəzası” məqaləsində o öz
həmkarlarının yaradıcılığındakı
keyfiyyət dəyişikliklərinin,
axtarışlarının geniş panoramını təqdim
edir. Onun müşahidələrinə görə, “yeni
proza”nın hüdudları məhz
60-cı illərin əvvəllərində Azərbaycan ədəbiyyatında
yeni istedadlı gənc yazıçılar nəsli peyda
olanda genişlənib. Bu, həm də onlardan əvvəlki
ədəbi nəslin yaradıcılığında da
özünü göstərməyə
başlamışdı.
“Azərbaycanın
yeni proza fəzasına nəzər saldıqda biz hekayə və
povest müəllifləri ilə birlikdə Əkrəm
Əylislinin uzaq dağ kəndi Buzbulaqda və Məlikzadənin
“rayon mərkəzində” olmuşuq,
Elçinin nəsrindəki qatarlar, gümüşü
furqonlar, elektrik qatarları bizi Bakıya, daha doğrusu,
Bakıətrafı kəndlərdə gəzdirib. – Anar
yazır. – Çağdaş Azərbaycan
nəsrində əhvalatlar-sərgüzəştlər əsasən
Elçin prozasının fəzasıdır. Ətraf-ucqarlar
isə Rüstəm İbrahimbəyovun fəzasına aiddir”.
Anar nəsrindəki şəhər, müəllifin,
özünü əsərlərindəki süjetlərlə,
yaratdığı parlaq obrazlar qalereyası ilə üzvi vəhdət
halında hiss etməsi isə Elçinin qeydlərində əksini
tapıb.
Anar artıq Azərbaycanın görkəmli şəxsiyyəti
olmaqdan əlavə, çoxdan öz xalqının
ağsaqqallarından, mənəvi liderlərindən birinə
çevrilib.
Həmkarı Hidayət Orucov qeyd edir ki, Azərbaycan
yazıçısı olaraq qalmaqla bərabər, Anar həm
də, tərcüməçilərinin sayəsində, əsərlərinin
çevrildiyi bütün xalqların ədəbiyyatlarına
da eyni dərəcədə aiddir.
Anar daha çox türk dünyası haqqında
yazıb, ona görə də ona məhz türk
dünyasının yazıçısı mövqeyindən
yanaşmaq lazımdır. Azərbaycan
Yazıçılar Birliyi sədrinin həm də
Türkdilli Ölkələrin Yazıçılar Birliyinə
sədr seçilməsi təsadüfi deyil. Jurnalistlərdən biri ondan soruşub ki,
qloballaşan mürəkkəb dünyada o özünü
hansı mədəni tendensiyalara daha yaxın hesab edir?
Anarın cavabı belədir: “Mənəvi dəyərlərlə
müasir praqmatizmin müdrik vəhdəti, Şərqlə Qərb
mədəniyyətinin harmonik sintezi mənim ürəyimcədir.
Fikrimcə, məhz bu, dünyada universal əsaslı
ədalətin bərpasına, inkişafa, bəşəriyyətin
kamilləşməsinə yol aça bilər.
“Dünya vətəndaşı” deyilən bir anlayış
var. Mən dünya vətəndaşı deyiləm, bu
sıraya, məsələn, dünyanın hər tərəfində
qastrol səfərlərində olan Rastropoviçi aid etmək
olar, mənimsə belə bir imkanım yoxdur. Bunu
o mənada deyirəm ki, özümü nə tamamilə
Şərq, nə də tamamilə Qərb
yazıçısı kimi hiss edirəm. Həm
də təkcə yazıçı kimi yox, ümumiyyətlə,
dünyagörüşümdə həm bunu, həm onu – hər
ikisini harmonik şəkildə sintez eləməyə
çalışıram”.
Onun özü barədə bu xarakteristikasını
inkar eləmək çətindir. İliyinə qədər
milli yazıçı olan Anar – bunun özündə də
vacib bir qanunauyğunluq var – ən azı bir o qədər beynəlmiləl
yazıçıdır.
Anar öz Azərbaycanına aid olmaqla
yanaşı, eyni zamanda həm də bəşəriyyətə
məxsusdur. Anarın Sözü bütün sərhədləri
maneəsiz keçir.
525 qəzet.-2015.-14 mart.-S.20-21.