Vaqif möcüzəsi

 

Rafael HÜSEYNOV

 

Vaqif gəlib 75 yaşına çatdı.

 

Amma Vaqifi heç vəchlə yaşlanmış təsəvvür etmək olmur. Yalnız ona görə yox ki, onun musiqisinə, sənətinə əbədi gənclik ruhu, daimi təzəlik xasdır.

 

Canlı Vaqif Mustafazadə ilə, deyən-gülən, həyat eşqiylə, gələcəklə dolu, çoxlu diləkləri, ümidləri, niyyətləri olan Vaqiflə son dəfə 1979-un noyabrında görüşmüşük, söhbət etmişik, bir saatacan çəkən o söhbət lentə alınıb. Lap az sonra o, Daşkəndə yola düşüb. Və oradan acıdan-acı xəbər gəlib – Vaqif artıq yoxdur.

 

Necə inanasan bu yoxluğa?!

 

Vaqif mənimçün həmişə 39 yaşında qalacaq. Əslində isə zahirən həmin yaşdan da cavan görünürdü.

 

İmkan versəydilər, ruhunu əzməsəydilər, qısa ömrü boyu dəfələrlə qəlbini sındırmasaydılar, badalaqlar vurmasaydılar, bəlkə indi də yaşayardı. Nələr yaratmazdı bu illər boyunca!

 

Vaqifi, təbii ki, unutmuruq, unutmayacağıq. O artıq milli varlığımızın əziz bir parçasıdır.

 

Amma bizi Vaqif Mustafazadənin yarada biləcəklərindən məhrum etmişləri də heç vaxt unutmayaq. Ölüb qurtarmış olsaydılar, deyərdim, keçmiş olsun. Axı o təhər  rəzillər, xəbislər, nadanlar tükənmir. Təzələri törəyir.

 

Bahar astanasında, martın 16-da dünyaya gəlmiş Vaqif Mustafazadə qısa ömrünün başlıca nəticəsi olaraq xalqımıza bitməz Vaqif bayramı bağışlaya bildi.

 

75 elə yaşdı ki, yubilyar öz təntənəli məclisinin yuxarı başında əyləşib ünvanına söylənən ürək sözlərini dinləyə bilər.

 

Bəlkə lap royal arxasına keçib elə əvvəlki cavanlıq şövqü ilə çalardı da.

 

Amma Vaqif Mustafazadə ilə ayrılıqdan artıq 36 il keçir. Onsuzluğumuzun illərinin miqdarı asta-asta gəlib elə Vaqifin yaşamış olduğu illərin sayına çatıb.

 

Çox şey dəyişib dünyada, içərisində ömrümüz ötən mühitdə. Ancaq dəyişməyən bir çox şeylər də var. Dəyişməyənlərin yaxşısı da var, pisi də.

 

Bu ötən illər ərzində dəyişməyən, itməyən, əksinə, əhəmiyyətini, qiymətini artıraraq DƏYƏR mərtəbəsinə ucalanların sırasında Vaqif Mustafazadə fenomeninin xüsusi yeri var.

 

Özü də yaxşı pianoçu olan bəstəkar Faiq Sücəddinov təsdiqləyir ki, 1950-60-cı illərdə Bakı pianolu şəhər idi. Az qala hər evdə, hər ailədə piano və pianoçalan vardı, o illərdə zövqlü musiqi ilə nəfəs alan pianolu Bakıda lap əla çalanlar da az deyildi. Lakin Vaqif birinci idi və bu qədər zaman keçsə də, yenə birinci olaraq qalır.

 

Bu elə qiymətləndirmədir ki, lentlərdə, disklərdə qalan piano ifaçılığı, irsimizi izləyən, yeni piano ifaçılarını canlı dinləyən hər birimiz o qənaətə gələ bilərik. Lakin bu bir peşəkarın etirafıdır. Ona görə həmin sözlərin dəqiqliyinə inam çoxdur. Eyni dəyərləndirməni Vaqif Mustafazadənin adaşı, elə şairliyi qədər mahir pianoçu olan Vaqif Səmədoğlu da söyləyirdi mənə. Deyirdi ki, bu qədər pianoçu gəldi, hətta eynən Vaqif yolu, Vaqif barmaqları ilə çalanlar da var, amma Vaqif yüksəkliyinə ucala bilən olmadı.

 

Bu ifadəni isə unudulmaz Vaqif Mustafazadənin öz dilindən eşitmişəm və zərif çalğı kimi incə sənətə münasibətdə bir az kobudvari səslənsə də, hər halda dəqiq hədəfə vurur. Özü demiş, Vaqif pianonu çalmırdı, pianonu, pianonun şirmayı dillərini, o dillərdən qopan səsləri yeyirdi. Hər səsi barmaqlarından, ürəyindən, beynindən yerin təkindəki saf bulaq kimi çıxarırdı.

 

Anası Zivər Əliyeva dahi Üzeyir bəyin tələbəsi olmuşdu, muğamın sirlərini o misilsiz ustaddan öyrənmişdi. Vaqifin də ürəyinə muğam sevgisini (və bilgisini) damızdıran ən əvvəl anası idi. Hər muğam sədasının gözəlliyinə, təkrarsızlığına Vaqif Mustafazadənin öz heyranlığını necə ifadə etməsi barədə onunla sinif yoldaşı olmuş Rəşid Şəfəqin mənimlə bölüşdüyü bir müşahidə riqqət doğurur.

 

Vaqif anasından hansısa muğam parçasını, hansısa guşəni, hansısa şöbədən digərinə keçidi çalmağı xahiş edərmiş. Dinləyərmiş, “bir də çal” deyərmiş.

 

Zivər xanım yenə çalarmış, təbii ki, yüzdə yüz əvvəlki kini deyil, muğama xas tərzdə, azacıq da olsa bayaqkından fərqli çalarmış.

 

Bu dəyişən və dəyişdikcə bitməyən gözəlliyə növbəti və növbəti dəfə valeh olan Vaqif hər dəfə əyilib anasının barmaqlarından öpərmiş...

 

...Bəşəriyyətin ən gözəl mədəni ixtiralarından olan caz musiqisinin yaşı iki yüz ilə çatsa da, bu musiqi indi də, gələcəkdə də həmişə cavan musiqi kimi qavranılacaq.

 

Azərbaycan və dünya cazının ən parlaq ulduzlarından olan Vaqif Mustafazadənin hər il yaşının üstünə yaş gəlsə də, o, ecazkar sənətiylə həmişə gənc qalacaq.

 

Vaqifin uşaqlıq illərində, məktəbliykən çəkilmiş bir fotosu da qalır.

 

Bir neçə uşaq, yəqin ki, yüz metrlik məsafəyə qaçmağa hazırlaşır. Startda dayanıblar. Elə bu saniyə hərəkətə gələcəklər, irəliyə şığıyacaqlar. Finişə birinci kim çata-çata.

 

100 hər kəsə arzuladığımız ömür həddidir. Vaqif həm sənət, həm ömür  startında tay-tuşlarından əvvələ keçdi.

 

Ölümə də yaşıdlarının hamısından erkən, insafsızca tez çatdı, sənətdəki ölməzliyə də!

 

Caz musiqisinin Azərbaycana gəlişi təxminən Vaqif Mustafazadənin doğumu ilə üst-üstə düşür.

 

Sanki bu, tarixin sifarişi idi ki, məhz bu dövrdə dünyaya şimşək kimi  parlayacaq bir istedad gəlsin və cazda yeni yol açaraq silinməz izini qoysun.

 

Sanki Taleyin və Tarixin arşını ilə irəlicədən dəqiqliklə ölçülüb-biçilib ki, bu insan Caz Dahisi olsun.

 

1940-cı ilin baharının ərəfəsində, Novruz bayramından düz bir həftə əvvəl Vaqif dünyaya gəldi. Azərbaycan cazının rəsmi doğum günü isə 1941-ci ilin 6 sentyabrıdır – həmin gün Dövlət Caz Orkestrinin ilk konserti olub.

 

Azərbaycanın ilk caz kollekti

 

vinin artıq 1939-40-cı illərdə yaranmasına necə hazırlıqlar getməsi, musiqi alətlərinin Bakıya gətirilməsi, caz musiqisi ifaçılarının nə təhər toplanması haqda maraqlı tarixçələri mənə Tofiq Quliyev nağıl eləyirdi.

 

Vaqif Mustafazadənin sürəksiz ömründə təsadüfi heç nə yoxdur.

 

Hər şey – onun hər qarışından qədimlik, əsillik, kökə bağlılıq yağan İçərişəhərdə doğulmasından, anasının pianoçu və həm də Üzeyir bəyin tələbəsi olmasından tutmuş ta atasının hərbçi olmasına qədər.

 

Atası Əziz də musiqiyə bağlı idi, tar çalırdı, lakin zənnimcə, ondan Vaqifə başqa bir daha vacib keyfiyyət irsən nəsib olub. Hərbçi intizamı, hərbçi dözümü və hərbçi inadcıllığı.

 

Bu da dostlarının yaddaşlarındandır ki, Vaqifə “çal” deməyə ehtiyac yox idi. Harada piano oldu, keçib əyləşirdi və başlayırdı çalmağa. Çalmaq, piano ilə təmas ondan ötrü elə nəfəs almaq, su içmək, yemək qədər vacib həyat vərdişi idi.

 

Caz dünyasının ən nüfuzlu vətəndaşlarından birinə çevriləcək Vaqif zahirən caza aidiyyəti olmayan Azərbaycanda doğuldu. Ancaq caz musiqisi on doqquzuncu əsrdə Afrika zənciləri və Amerika hindiləri tərəfindən yaradılsa da, bunun mahiyyətcə taydaşı, bənzəri olan, muğama söykənən vəcd (ekstaz) musiqisini Şərqdə və Azərbaycanda Vaqifin ulu sufi babaları hələ XII-XIII əsrlərdə yaratmışdılar.

 

Bu keyfiyyət gen, qan yaddaşı ilə Vaqifə gəlib çatdı.

 

Qərblə Şərqin musiqisi və zövqü onun ruhuna körpəliyindən çökdü.

 

Uşaqlığı, yeniyetməliyi, gəncliyi Qala divarları ilə əhatə olunmuş orta əsrlər yadigarı nağılvari məkanda keçdi.

 

Qala divarlarından beş addım bu tərəfdə isə müasir şəhər qaynayırdı.

 

Beləliklə, yetişdiyi mühitin balası kimi Vaqif həm kökə, keçmişə bağlı qaldı, həm də təzə günün sürətləriylə uyarlaşdı.

 

Məhz bu təməllərə görə Vaqif VAQİF oldu.

 

Məhz bu köklərə görə Vaqif  Mustafazadənin ifa etdiyi muğamlar da, köhnə Azərbaycan xalq mahnıları da, çeşidli milli melodiyalar üzərindəki müxtəlif improvizələr də dünyanın dörd bucağında hamıya tanış, doğma gəldi.

 

Vaqifin yaratdıqlarının hamısında Azərbaycan vardı, amma bunların heç biri yalnız Azərbaycanınkı, azərbaycanlınınkı deyildi.

 

Vaqifin yaratdıqlarının hamısında Qərb dünyasının duyum tərzi, səliqəsi, ruhu da nəbz kimi vururdu.

 

Vaqifin sənətiylə dünya Şərqi də, Azərbaycanı da, muğamı da, lap elə cazı da tamam yeni bir görüm bucağından seyr etməyə, tamam təzə bir rəngdə qavramağa başladı.

 

Vaqif Mustafazadə muğamla cazı qovuşduraraq muğamın da, cazın da tarixində misilsiz yenilik etdi, bu kəşfini ən yüksək səviyyədə cilaladı, özündən sonra gələnlər üçün bir yol, düstur yadigar qoyub getdi.

 

Bu, Üzeyir bəyin muğamla operanı qovuşduraraq muğam operası yaratmağına bərabər kəşf idi.

 

Bu, Fikrət Əmirovun, Niyazinin simfoniya ilə muğamı qovuşduraraq simfonik muğamlar yaratmasına bərabər ixtira idi.

 

Bir sənətkar üçünsə yol, üslub, məktəb yaratmaqdan böyük xoşbəxtlik təsəvvür etmək çətindir.

 

Bütün bunlardan bizi bilərəkdən, ya bilməyərəkdən yerli-dibli məhrum etməyə cəhd edənlər olub. Bu, dünənin acı hekayətləridir, Vaqifin müasirləri agahdır, öz aramızda hərdən söhbət edəndə ağrıyla yada salırıq, di gəl, çox vaxt da “olan olub, keçən keçib” deyərək güzəştə gedirik, arxada qalan nisgillərlə barışırıq və sabaha da dərs, ibrət olacaq həmin umulmaz səhifələri yazmırıq, tarixləşdirmirik.

 

Azərbaycanın parlaq bir musiqiçisi olub. Qəlbə yatan lirik tenor müğənni, qabil pianoçu, qayğıkeş, bilikli pedaqoq, həm də nəcib, xeyirxah insan, xalq artisti, tanıyanların hamısının ehtiramla, məhəbbətlə, rəhmət oxuyaraq andığı Rauf Atakişiyev (1925-1994). Amma onun Tahir Atakişiyev adlı bir qardaşı da olub ki, o da musiqiçi idi. Ölənin dalınca danışmazlar deyə mən də onun necə adam olması haqda ən azı musiqi mühitimizdə əksəriyyətə, xüsusən onunla həmdövr olmuş, onu tanımış kimsələrə bəlli çoxlu xoşagəlməz təfərrüatları açmaq istəmirəm.

 

Qardaşı Raufdan iki yaş kiçik olsa da, bu adam xeyli yaşadı və 2012-ci ildə 85 yaşında vəfat etdi.

 

Mən millətə pisliklər etmiş şəxslərin həmişə uzun yaşamasını arzulayıram. Ona görə yox ki, bir az da çox yaşayıb daha artıq bəd əməllər törədə bilsinlər. Belələrinə uzun ömrü ona görə diləyirəm ki, incitdiklərinin, yıxmaq istədiklərinin, zərər yetirdiklərinin vaxtın və istedadın hökmü ilə güclü və qalib çıxmasını görsünlər, daxilən sınsınlar, zamanın şapalaqlarını sıx dadsınlar, bu keyfiyyəti tamam qeyb etməyiblərsə, vicdan əzabı çəksinlər.

 

Həmin Tahir Atakişiyev Moskva Konservatoriyasını skripkaçı kimi bitirərək Bakıya qayıdıbmış və lap gənc olduğu halda, 1952-ci ildə 25 yaşında Azərbaycan Dövlət Konservatoriyasının nəzdindəki musiqi məktəbinə direktor təyin edilibmiş. O cür gurultulu başlanğıcla qabiliyyəti olarsa, sonralar çox böyük nailiyyətlərə çatmalıymış, lap SSRİ Xalq artistliyinə qədər yüksəlməliymiş.

 

Necə boz musiqiçi olmasının sübutu üçün bu yetər ki, yalnız 80 yaşı tamam olanda ona xətirlər xətrinə əməkdar artist adı verilib.

 

Həmin bu Tahir Atakişiyevin konservatoriya nəzdindəki musiqi məktəbinə direktor olduğu vaxtlarda Vaqif də orada oxuyurmuş və daim müdiriyyət tərəfindən gözümçıxdıya salınırmış. Baxmayaraq ki, Vaqif, bu məktəbdə çalışan müəllimlərin, o cümlədən, elə direktorun da həmkarı, tanınmış musiqiçinın övladı olmaqdan savayı, həm də parlaqlığına, istedadına görə artıq hamı tərəfindən etiraf edilirmiş.

 

Direktor Vaqifə edə biləcəyi pisliklərin ən böyüyü və həlledicisini edir. Attestat verərkən onu “ixtisasa uyğun gəlməyən” kimi qiymətləndirir.

 

Bu, artıq damğa idi. Həmin məktəb konservatoriyanın nəzdində idi və musiqinin əsaslarını öyrətməkdən əlavə, həm də tam orta təhsil verirdi. Oradan Tahir Atakişiyevin verdiyi attestatla məzun Vaqif Mustafazadə təhsilini davam etdirə, istənilən texnikuma, ya ali məktəbə daxil ola bilərdi. Lakin Vaqif dünyaya musiqiçi kimi gəlmişdi, onu cəlb edən ayrı bir ixtisas yox idi və təhsilini də musiqiçi kimi davam etdirmək arzusunda idi. “İxtisasa uyğun gəlməyən” sözləri isə elə qara möhür idi ki, musiqi məktəbini qurtaran bu şagirdin musiqiyə yad sima olduğunu bağırırdı və o demək idi ki, bu şəxs musiqiçi ola bilməz!

 

Bu attestat Vaqifin musiqi təhsili sahəsindəki gələcəyinin üzərindən çalın-çarpaz xətt çəkirdi.

 

İstedadlı olduğunu görə-görə, bilə-bilə yolunu yeni başlayan bir gəncə bu cür amansız zərbə vurmaq düşmənçilikdən də betər idi.

 

Və o vaxt Tahir Atakişiyevin bu hərəkətini görüb susmuş ətrafındakılar da mənəvi məsuliyyət daşıyır.

 

Bunca qəddar haqsızlığı görüb səsini çıxarmamaq, şərin qabağında müticəsinə əyilmək sadəcə laqeydlik, biganəlik sayıla bilməz.

 

Bu attestatla Vaqif musiqi təhsilini davam etdirə bilməzdi.

 

Lakin elə həmin attestatla gedir Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbinə və qəbul edilir. Çünki həmin attestatın arasında qiymət cədvəli də vardı və qiymət cədvəlində də sehrli bir imza.

 

Böyük Hüseyn Cavid ocağının son yadigarı Turan xanım söyləyirdi ki, sarsıntıları, əzabları tükənməyən günlərimizdən birində ərəb əlifbasında çap olunmuş, cildləri evin küncündə üst-üstə yığılmış “İblis” kitabını göstərərək anama  dedim: “Bir evdə ki bu qədər “İblis” ola, orada xeyir-bərəkət olmaz da”.

 

Mişkinaz xanım Cavidin “Peyğəmbər” faciəsinin cildlərinin büküldüyü, taxçaya qoyulmuş bağlamanı göstərərək dərhal etiraz dedir: “Niyə elə deyirsən? “İblis” varsa, “Peyğəmbər” də həmişə bu evdədir!”

 

...Əslində, elə həyatımız da belədir. Mərdümazarlıqlar törədən sıra-sıra iblislər, şeytanlar, əcinnələr varsa, miqdarı onlardan azsa da, qüdrəti, şəfqəti, nuru həmişə onlardan qat-qat artıq olan peyğəmbər xislətlilər də var.

 

Dəyərli bir azərbaycanlımız vardı.

 

Mənim nəyimə gərəkdir onun ana dili hansı dil idi, köküylə, əsliylə hansı dinə, hansı millətə mənsub idi.

 

O, sədaqətlə, ürəklə, namusla mənim millətimə, Azərbaycana xidmət edib. Bu cür nurlu insanlar bütövlükdə Bəşərə, Allaha, Xeyirə qulluq edən mələklər kimidir.

 

Əlbəttə ki, o bizdəndir, azərbaycanlıdır və yaxşı azərbaycanlıdır.

 

Georgi Georgiyeviç Şaroyevi (1890-1969) Azərbaycana Üzeyir bəy dəvət etmişdi. 1921-ci ildə Azərbaycanda konservatoriya qurulanda Üzeyir bəyin Bakıya gətirdiyi, işləmələrinə, yaşamalarına hər şəraiti yaratmağa çalışdığı görkəmli musiqiçilər M.Presman, M.Kolotova, S.Ştrasser, İ.Aysberq və neçə-neçə başqaları müasir musiqi mədəniyyətimizin təşəkkülü və inkişafında müstəsna əməklər sərf etdilər, onlarla, yüzlərlə yaxşı ifaçılar, bəstəkarlar, musiqişünaslar yetirdilər. G.Şaroyev onlardan biri idi və 1921-ci ildən başlayaraq yarım əsrə yaxın bir müddətdə konservatoriyada dərs dedi. Hələ 1930-cu ildən bu mötəbər musiqi məbədində professor olan Georgi Georgiyeviçin ən seçkin keyfiyyətlərindən biri gənclərdəki istedadı həssaslıqla duyması, istedadlı olduqlarını sezdiyini qanadı altına alaraq daim qayğı göstərməsi idi.

 

Elə bu nəcib xisləti onu sövq edibmiş ki, Bakıda hərbçilərin övladları üçün pulsuz musiqi məktəbi təşkil etsin. Konservatoriyanın professoru ola-ola həm də konservatoriya nəzdindəki musiqi məktəbində dərs deyirmiş ki, istedadı olanları görmək, seçmək imkanı artsın. Onları görürmüş, seçirmiş, himayədarlıq edirmiş, öyrədirmiş, gələcək yollarını açmaqda yardımçı olurmuş.

 

Onun bəsirətli gözləri, təbii ki, vergili Vaqifi görməyə bilməzdi.

 

Konservatoriya ən üst, musiqi məktəbi ən aşağı mərtəbədə yerləşirmiş və Vaqif o dövrdə həmin məktəbdə G.Şaroyevin tək tələbəsi imiş.

 

Bu yaşlı ustad, bu işıqlı, bu xeyir saçan insan hər gün tək Vaqifə görə mərtəbələrin pillələrini ağır-ağır enirmiş, onunla yeni dərsini keçərək təzədən ağır-ağır yuxarı qalxırmış.

 

Və G.Şaroyev Vaqifə məktəbi bitirəndə “Əla” qiymət yazmışdı.

 

Professor G.Şaroyevin “Əla”sından etibarlı zəmanətsə olmazdı.

 

Məhz bu qədər nüfuzlu imzanın sayəsində Vaqif bədxahlıqla korlanmış attestatının yaratdığı maneəyə baxmayaraq, Asəf Zeynallı məktəbinə maneəsiz daxil ola bilir.

 

...1979-cu ildə Vaqif Mustafazadə Monakoda keçirilən qapalı, iştirakçıların hansının kim olduğu yalnız nəticələr elan ediləndən sonra bilinəcək beynəlxalq müsabiqədə dünyanın ən yaxşı caz musiqisi bəstəkarı mükafatına layiq görüldü.

 

Dünya onu xariqüladə caz musiqisi ifaçısı olmaqdan daha öncə rəsmən ən birinci caz bəstəkarı kimi qəbul və təsdiq etdi.

 

Azərbaycanda isə onu Bəstəkarlar İttifaqına qəbul etmirdilər və bu da Vaqifin daha bir ağrısı idi. Əsas bəhanələri də bu idi ki, ali musiqi təhsilin yoxdur, həvəskar bəstəkar sayılırsan, biz bura nizamnaməyə əsasən peşəkarları qəbul etməliyik.

 

İllər yox, onillərlə Bəstəkarlar İttifaqının üzvü olan həmin münsiflərin içərisində bir çoxları isə Vaqifin o vaxt yetişmiş olduğu ali peşəkarlıq və istedad səviyyəsinə nə o zaman yaxın idi, nə də sağ qalanları indiyəcən o ucalığa yetə bilib.

 

O münsiflərin hamısı anlayırdı ki, Vaqif zirvədir.

 

Amma son söz onların sözü, hökm haqqı onlarınkı idi.

 

Vaqif sənədlərini bir neçə dəfə təqdim edibmiş, hər dəfə də “yox” cavabı alaraq geri qaytarıblarmış.

 

Bəs bunca qabiliyyətlə niyə Vaqifin konservatoriya təhsili yoxdu?

 

Cövdət Hacıyevin rektor olduğu illərmiş. Vaqif İfaçılıq fakultəsinə imtahan verirmiş.

 

Həm yaradıcılığında, həm pedaqoji fəaliyyətlərində, həm də həyatda çox zabitəli olan Cövdət müəllim konservatoriyadakı qəbul imtahanlarına başqa bir ciddiyyətlə yanaşırmış. Müəllimlərin də, abituriyentlərin də məsuliyyətini artırmaq üçün qəbul imtahanlarında şəxsən iştirak edirmiş. Bəyəndiyi, ixtisasdan yaxşı qiymət alan gəncləri nəzarətə götürürmüş ki, hansısa qeyri-ixtisas fənnindən təsadüf ucbatından nisbətən aşağı qiymət alaraq müsabiqədən keçməmək, kənarda qalmaq təhlükəsi ilə üzləşməsinlər.

 

Vaqif daxil olur imtahan zalına və S.Raxmaninovun simfonik əsərlərindən birini ifa edir. Çaldıqca imtahan komissiyasının digər üzvləri də, Cövdət Hacıyev də razılıqla başlarını tərpədir, məmnunluqla bir-birlərinə baxırmışlar.

 

Qəfilcə, lap sonda Vaqif ifasını S.Raxmaninovda olmayan, o andamı içərisindən gələn, ya irəlicədən beynində hazır olan akkordla bitirir.

 

Cövdət müəllim bütün məziyyətlərindən əlavə, həm də dərin savadlı, klassik musiqini kamil bilən sənətkar idi.

 

Odur ki, həmin andaca reaksiya verir: “Axı axırda çaldığınız akkord əsərdə yoxdur”.

 

Vaqifdə hələ məktəb illərindən musiqidə özünə inam, daxili arxayınlıq, müstəsnalığını dərketmə duyğusu, istedad ərköyünlüyü vardı, ömrü boyu da bunlar onunla qaldı və başına da az bəlalar gətirmədi.

 

Parlaq istedadlara paxıllar, xəbislər birtəhər dözə də bilirlər, hisslərini üzə vurmamağa da çalışırlar, lakin sən bu istedadı nümayişkaranə şəkildə gözə soxanda, onlardan üstünlüyünü həm də elan edəndə daha səbirləri çatmır, hərəkətə keçirlər.

 

(Əlbəttə, bu düşüncələrimin həmin imtahan səhnəsinə aidiyyəti yoxdur, Cövdət müəllim özü də böyük idi, amma bu cizginin Vaqifin taleyində təsirli yeri olduğundan yada salmağı gərəkli hesab etdim).

 

Cövdət müəllim bir nəfəri göndərir ki, gedib kitabxanadan Sergey Raxmaninovun həmin əsərinin not yazısını gətirsin.

 

Açır göstərir Vaqifə: “Bax görürsən, sən çalan yoxdur burda, S.Raxmaninov elə yazmayıb”. Vaqif dillənir: “Mən yaxşı bilirəm Raxmaninovda o akkord yoxdur, bilirəm elə yazmayıb, amma elə yazsaydı, daha yaxşı olardı. Bəlkə də Raxmaninov bu əsəri indi yazsaydı, bu cür yazardı”.

 

Bu söz Cövdət Hacıyevi lap hövsələdən çıxarır. “İmtahan vərəqini bəri ver”.

 

Və yekə bir  2” yazır.

 

İlk imtahandan, ixtisasdan “2” almaq elə kəsilmək demək idi və Vaqif o il qalır kənarda.

 

Konservatoriyanın həmin dövrdə hər fakultəsinə girmək çətin idi, amma bəstəkarlıq ən prestijli, qəbul edilmək sarıdan fakultələrin ən mürəkkəbi sayılırdı. İldə bu fakultəyə 4 nəfər, hərdən də uzaqbaşı 1-2 nəfər artıq qəbul olurdu.

 

2 il keçir, inadkar, prinsipial Vaqif yenə konservatoriyaya qəbul olunmağa sənədlərini verir. Lakin daha ifaçılıq fakultəsinə deyil, ən çətin girilən bəstəkarlıq fakultəsinə.

 

Yenə dayanır Cövdət Hacıyevin qarşısında, yenə imtahan başlayır.

 

İlk imtahanda əsərlər çalır, gözəl çalır, ötən səfərki kimi cızıqdan qırağa çıxmır, qaydaların tələblərinə uyğun olaraq çalır və bəyənilir.

 

Keçən dəfədən özünü bir az da günahkar kimi hiss edən Cövdət müəllim sevinir: “Bax görürsən,  işləyəndə, istəyəndə yaxşı təqdim edə bilirsən: “Əla”!

 

Vaqif o biri imtahanları da uğurla verir, olur bəstəkarlıq fakultəsinin yeni 4 tələbəsindən biri.

 

Və ilk sentyabr günlərindən birində əlində ərizə daxil olur rektor, SSRİ Xalq artisti Cövdət Hacıyevin kabinetinə.

 

“Cövdət müəllim, gəlmişəm xahiş edəm ki, məni konservatoriyadan azad edəsiniz”.

 

Rektor təəccüblənir: “Niyə?! Bu cür gözəl fakultəyə daxil olmusan, müəllimin də ya Qara Qarayev, ya mən, ya da Xəyyam Mirzəzadə olacaq”.

 

Vaqif qərarının səbəbini izah edir: “Bilirəm, Cövdət müəllim. Əgər Qara müəllim daimi Bakıda yaşasaydı, dərs versəydi, həvəslə onun sinfində oxuyardım, həmişə bunu arzulamışam. Amma o, ildə iki dəfə gəlir, ümumi göstərişlər verir, mənsə mükəmməl bilik almaq istəyirəm, formal olaraq təhsil almaq fikrim yoxdur. Sizinləsə keçən qəbuldan bir narazılığımız olmuşdu, bir az da müəyyən baxışlarımızda fərq var, amma şəxsiyyətinizə də dərin hörmət bəsləyirəm, qorxuram ki, sonradan aramızda nəsə incikliklər yaranar. Odur ki, sizin sinfə də gələ bilmərəm. Qaldı ki Xəyyam müəllim, bu halda da Qara müəllimi, sizi qoyub, onun sinfinə getsəm, düz alınmaz, onsuz da özüm bir çox şeyləri bilirəm, müstəqil də oxuyub öyrənməyi davam etdirərəm”.

 

Cövdət müəllimin öyüd-nəsihətləri, bu çılğın qərarından daşındırmaq təşəbbüsləri baş tutmur və Vaqif konservatoriyadan o ayrılan olur.

 

Amma qalib kimi ayrılır.

 

Buradakı ən yaxşı fakultənin tələbəsi olmaq haqqını və imkanını sübut edir və gedir!

 

Bu da Vaqifin bir başqa caz improvizəsi idi.

 

Düzmü etmişdi, səhvmi addım idi bu?

 

O nəhənglikdə istedadların, o təhər adilikdən uzaq şəxsiyyətlərin adi insanların meyarları ilə qiymətləndirilməsi məntiqdən kənardır.

 

Çünki o cür bənzərsizlərin oxşarsız sənətləri kimi, təkrarsız, özlərinə xas da məntiqləri olur.

 

...Həmin müdhiş 1979-cu ilin noyabrı idi, Azərbaycan radiosunda Vaqiflə müsahibəni yazıb studiyanın həyətinə düşürdük.

 

O vaxtlar AzTV-nin həyətinə, transformatorların yanına daim iri bir dəstə göyərçin yığışardı. İşçilər onlara yem də verdiyindən dönüb olmuşdular studiyanın göyərçinləri. Hərdən pərvazlanar, qayğısız-qayğısız süzər, yenə bura qayıdardılar.

 

Onların yanına çatanda Vaqif dalğınlaşdı: “Mən ömrüm boyu heç kəsə paxıllıq eləməmişəm, amma bunlara həsəd aparıram. İstədikləri vaxt uçurlar, istədikləri vaxt enirlər, bir kimsə də onlara demir elə uç, belə en. Amma bizə deyirlər”.

 

İndi daha o göyərçinlər də orada gözümə dəymir...

 

Vaqifin elə bu idarədə də bir istefa ərizəsi olmuşdu.

 

Televiziya və Radio Verilişləri Komitəsinin sədri də, Bədii Şurada tez-tez Vaqifin əsərlərinə, ifalarına, fonda qəbul edilməli lentlərinə qulp qoyan yetərincə nüfuzlu insanlar da çox vaxt əsassız, bəsit, cılız olan tənqidləri ilə onu bezdirmişdilər.

 

Səbir kasası onda daşmışdı ki, sədr Vaqifə: “Bu nə bığ-saqqaldır saxlamısan?! Efirə çıxırsan, qırxdır getsin. Başa düşmürəm sən bu bığla necə çay içə, çörək yeyə bilirsən”.

 

Dikbaş Vaqif kinayə ilə cavab vermişdi: “Marks kimi”.

 

Bu gözlənilməz sözlər marksist filosof olan sədri çaşdırmışdı.

 

Və Vaqif ərizəsini qoyub getmişdi...

 

...On səkkizinci əsrdə Azərbaycanın bir başqa Vaqifi də olmuşdu. Görkəmli şair və dövlət xadimi Molla Pənah Vaqif.

 

Zəngin bilik və füsunkar şair qələminə sahib olan bu insan haqqında xalq arasında indi də yaşayan zərbülməsəl var: “Hər oxuyan Molla Pənah olmaz!”

 

Bu müdrik və gerçək el sözləri Vaqif Mustafazadəyə də yaraşır: hər cazmen Vaqif Mustafazadə olmaz, hər pianoçunun barmaqları Vaqifinki qədər mahir olmaz, hər çalğı Vaqifin çalğısı qədər axıcı olmaz!..

 

Vaqif Mustafazadədən bizə və gələcək nəsillərə əbədi saxlanc olan səs incilərinin hər birini doymadan dəfələrlə dinləmişik, yenə də onlara yüzlərlə, minlərlə dəfə qulaq asacağıq.

 

İmprovizələr ustadı Vaqif Mustafazadənin yadigar ifalarında daha bir səs belə dəyişmir, daha Vaqif improvizələr etmir. Lakin hər dəfə çalğılarını yenidən dinləyəndə ilk dəfə eşidirmiş kimi həmin əsərlərin sehrinə düşürük, yenə məftun oluruq, yenə hər səs, hər gəzişmə bizə təptəzə, təravətli gəlir.

 

Vaqif Mustafazadə möcüzəsinin, Böyük Sənətin sirri, sehri və hikməti də elə bunda – köhnəlməzlikdə, əbədi təzəlikdə, daim ÖRNƏK ola bilmək qüdrətindədir!

 

...Orada, indi Vaqifin olduğu əlçatmazlıqda royal varmı-yoxmu, –  bilmirəm.

 

Amma buna mütləq əminəm ki, aləmi gözəllik qanunları ilə yaratmış, Özü də gözəl olan Allah xəlq etdiyi nemətlərin ən ülvilərindən olan musiqini sevməyə bilməz.

 

Həmişə 39 yaşında qalacaq Vaqif orada illərdir ki, çalır, bizim eşitmədiyimiz cənnət improvizələrini edir.

 

Allah üçün, mələklər üçün!..

 

13 mart, Haaqa

 

525-ci qəzet.-14 mart.-S.10-11.