Anarın "Kərəm kimi" kitabı işıq üzü görüb

 

 

Bu günlərdə Xalq yazıçısı Anarın "Kərəm kimi" kitabı nəşr edilib. Əsər "Azərbaycan" nəşriyyatında çap olunub.

 

Kitaba böyük türk şairi Nazım Hikmət haqda eyni adlı anılar, düşüncələr romanı müəllifin türk dünyasının ayrı-ayrı şəxsiyyətlərinə həsr etdiyi esseləri daxildir. Eyni zamanda kitabda yer almış "Nazımın çağdaşları", "Nazımın məhbəs arkadaşları yetirmələri", "Nazımı öyənlər söyənlər", "Zəfərin mübarək, Nazım" esseləri böyük şairin həyatını, mübarizəsini, yaradıcılığını hərtərəfli təsvir edir. Müəllif 968 səhifəlik kitabda bütün türk dünyasının sənət, ədəbiyyat mühitini ekskurs etməyə, Nazımın timsalında bir çox məsələləri çözməyə, təhlil etməyə çalışır. Həmçinin kitabın avtobioqrafik səciyyə daşıması, müəllifin təsvir edilən hadisələrin bu ya digər şəkildə iştirakçısı kimi görünməsi xeyli maraqlıdır.

 

Kitabın redaktoruön sözün müəllifi Pərvindir. "Nazım Hikmət - Anar qəhrəmanı" adlı ön sözündə Pərvin yazır:

 

"Görünür, əsərləriylə insana yeni baxış formalaşdıran, bir fərdin problemini, ağrısını, sevincini, sevgisini, faciəsini ədəbiyyatımıza gətirən Anarın əsas və dəyişilməyən ideyası insanı İNSAN olaraq yaratmaq, yazmaqdı. Bütün mənfisi və müsbətiylə, üstün cəhətləri və naqislikləriylə, güclü tərəfləri və kompleksləriylə birgə, bütöv yaratmaq. Bu mənada onun nəsrində də tam müsbət, ideal qəhrəman tapmaq çətindir. Ayrı-ayrı sənətkarlara aid esselərində yaxud, irihəcmli əsərlərində Anar yazdığı adam haqqında "böyük sənətkar idi" sözünü də çəkinmədən deyir, "bu məsələdə haqsız idi" kimi mülahizələrini də rahat şəkildə bildirir.burda heç bir qərəz, yaxud şəxsi münasibətlərdən doğan yanaşma görmək mümkün deyil. Valideynindən də, köhnə dostlarından, yaxud sonradan düşmənləşmiş "dostlarından" da yazanda eyni prinsipə sadiqdi. Nazım Hikmət haqda bu sanballı əsərin də əsas məziyyətlərindən biri budu, yazıçının öz prinsiplərinə, baxışlarına sadiq qalması və Nazımı müsbət qəhrəman, ideal adam, səhvsiz sənətkar kimi yox, sadəcə İnsan olaraq yazması. Özünəməxsusluğu ilə, zəif cəhətləri, aldanışları, bənzərsizliyi və yanlışları ilə bir yerdə".

 

Qeyd edək ki, Anarın "Kərəm kimi" romanı ilk dəfə 2010-cu ildə "Azərbaycan" jurnalının üç nömrəsində hissələrlə işıq üzü görüb. Elə o zamandan əsər oxucuların böyük marağına səbəb olub, ədəbi tənqidin diqqətini cəlb edib. Ancaq müəllif əsəri kitab halında oxucularına təqdim etməyə tələsməyib, ötən ilin yay aylarında yenidən əsərə qayıdıb, üzərində işləyib, əlavələr, redaktələr edib, kitaba daxil olacaq digər, yeni esseləri qələmə alıb.

 

Daha öncə isə əsər Türkiyədə İmdat Avşarın tərcüməsində "Bengü" yayınlarında işıq üzü görmüşdü.

 

NƏZRİN

525-ci qəzet.- 2015.- 17 mart.- S 7