Novruz atributları və bahar Bayramı
motivləri Əli Tudə poeziyasında
Ədəbiyyatımızda özünəməxsus dəst-xətti
ilə seçilən Əli Tudə (1924-1996) doğma
yurdumuzun təbiət gözəlliklərini vəsf etməkdən
yorulmazdı.
Dağları, daşları, çayları, gülləri,
otları, quşları, heyvanları - ümumiyyətlə,
Azərbaycanın hər biri bir dastan olan təbiət abidələrini
sevə-sevə şeirə gətirirdi. Məhz elə bu səbəbdəndir
ki, onun müxtəlif illərdə nəşr olunmuş
kitablarında bu mövzuda "Təbiət
danışır", "Ana təbiət" və s.
başlıqlı ayrıca fəsillər yer alır. Şairin poetik duyğuları ilin fəsillərini,
onların ayrı-ayrı komponentlərini (qar,
yağış, şimşək, xəzan, şəfəq,
kəpənək...), ağac və gülləri
(söyüd, palıd, çinar, nar, bənövşə,
qızılgül, lalə, qərənfil...) özündə
əks etdirir.
Şair
şəlaləni "daim ülviləşən gurultu"
adlandırır, onu şimşəklə müqayisə edərək
eyniləşdirir; çünki odlar yurdunun qayaları dələn
suyu da göyləri lərzəyə gətirən
şimşək kimi işıq saçır:
Göydə
şimşək çaxır, yerdə şəlalə,
O da
işıqlıdır, bu da işıqlı.
Bir
şimşək parlayır, bir də şəlalə,
Od da
işıqlıdır, su da işıqlı.
"Şimşək
abidəsi" şeiri ilə yanaşı "Dağ dəyanəti",
"Yetim bənövşə", "Bulaq suyu",
"Bahar lövhələri", "Payız
duyğuları", "Gözəllik notları",
"Budaqlar-köklər" və başqa bu kimi şeirlər
oxucuda xoş duyğular yaradır.
İnsanda istər-istəməz doğma torpağa
bağlılıq, onun sinəsindəki ilahi nemətlərə
məftunluq, min illərin təbiət abidələrinə
heyranlıq hissləri baş qaldırır. Yurdumuzun bu
gözəlliklərini göz bəbəyi kimi qorumaq, onu gələcək
nəsillərə çatdırmaq, bütün təbii nemətlərdən
yerli-yerində, qədərində istifadə etmək
tövsiyə olunur. Sadalanan fikirlər
bütün dövrlərdə böyük mahiyyət kəsb
edərək bu günümüz üçün xüsusilə
əhəmiyyətlidir. Çünki son
zamanlar insanın kortəbii müdaxiləsi nəticəsində
yer üzündə qlobal təbiət hadisələrinin
geniş miqyas alması, ekoloji tarazlığın
pozulması, tez-tez təbii dağıdıcı proseslərin
baş verməsi təbiətin daha ciddi qorunmasını tələb
edir. Torpaq müqəddəs nemətdir,
onun keşiyində dayanmalıyıq. Çünki
Yatağa
sığmayan coşqun ilhamın
Torpaq ilk
sahili, son sahilidir...
O elə əzizdir,
elə əzizdir,
Günəş də qolunu salır boynuna.
Lakin bu məhəbbətin,
bu istiliyin qədəri azalsa, bu yaxınlığın
vacibliyinə başdansovdu yanaşılsa, nəticə
acınacaqlı fəsadlara gətirib çıxara bilər:
Yoxsa qəddarlıqla
üstü çirklənən
Torpağın altı da çirklənə bilər.
Qüdsiyyət
də üstü çirklə yüklənən
Torpağın altından şəklənə bilər.
1976-cı
ildə yazdığı "Bahar görünür"
şeirində şair sözün qüdrəti ilə elə
bir bədii lövhə yaratmışdır ki, hansı fəsildə
yaşamağından asılı olmayaraq sanki
allı-güllü bahar fəslindəsən və quşların cəh-cəhini,
durnaların sədasını, çayların
şırıltısını eşidirsən,
gül-çiçəyin ətrini duyursan. Şair
burada yeni poetik mənzərələr yaradaraq insanı
duyğulandırır, xoş hisslər təlqin edir. "Nəfəsi buxarlı"- baharın,
"göydə haçalanmış qatar"- durnaların,
"qırmızı damar"- şimşəyin, "təzə
paltarlı"- ağacların, "dağların ovcunda
qabar"- qayaların, "gül nəfəsli"-
torpağın poetik adıdır. "Bahar
notları", "Novruz bayramı", "Otlar",
"Bahar lövhələri", "Yazın təntənəsi",
"Yetim bənövşə", "Gül" və bu
qəbildən olan digər şeirlər torpağa yeni nəfəs
verən yaz fəslini tərənnüm edir. Bu şeirləri
oxuduqca oxucunun gözləri önündə tamamilə yeni mənzərələr
canlanır, bənzətmələr ürək açır:
Sanma
qanadıyla kəsəcək yolu,
Bəlkə də silahsız qaçaqdır duman.
Yox! Həyalı
dağın ətirlə dolu
Əlvan dodağında yaşmaqdır duman.
Bilmirəm
çətrinə tikib günəşi,
Yoxsa ki, asıbdır telindən meşə.
O qədər
rütubət çəkib, günəşi
Buraxmaq istəmir əlindən meşə.
Yaxud:
Nəğməkar tütəyi hanı çobanın?
Həniri yaylağa çatır aranın.
Baharı
gözləyən mahir bağbanın
Xəyal dünyasında nobar görünür.
"Novruz
bayramı" şeirində orijinal ab-hava hökm
sürür: burada həm bahar tərənnüm edilir, həm
də xalqımızın minilliklərdən
süzülüb-gələn milli bayramı özünəməxsusluğu
ilə qələmə alınır. Məhz bu bayram ərəfəsində
təbiət oyanır, torpağa yeni nəfəs gəlir,
sabahkı bolluğun əsası qoyulur-əkin-biçinə
hazırlıq başlanır. Hələ lap qədimlərdən
xalqımız qarlı-şaxtalı qışın başa
çatmasını, havaların tədricən isinməsini,
ruzi-bərəkətin təməlinin qoyulduğu yaz fəslinin
başlanğıcını müxtəlif ayin və mərasimlər
vasitəsilə sevinclə, ürək
açıqlığı ilə qeyd etmişdir. Elliklə keçirilən belə kütləvi tədbirlərdən
biri də məhz Novruz bayramıdır.
"Novruz
bayramı" şeirində şairin özünəməxsus
təxəyyülü canlandırılır, bayramın
yaratdığı xoş ovqat ön plana çəkilir.
Bayram atributları - çərşənbələr, tonqal,
qulaq falı, qurşaqatdı, səməni, şam, yumurta
boyanması, od üstündən
tullanmaq... poetik çalarlarla özlərinə xüsusi yer
tutur. Lakin vətənpərvər şairin qəlbindəki
nisgil - Vətən həsrəti xalqın bu əziz
günündə də onu tərk etmir. Axı
bu gün hamı doğmalarının qapısını
açır, hal-əhval tutub bayramlaşır,
küsülülər barışaraq şadyanalıq edirlər.
Şair isə milyonlarla soydaşımız kimi o taylı
qardaş-bacılarımızla mümkün olmayan
bayramlaşmağın üzücü xatirələrini unuda
bilmir; məhz belədə "şamlar ağlayır", səməniyə
baxanda gözləri önünə Savalan çəmənlikləri
gəlir, xonçalardakı şirniyyatın üzərinə
həsrət qalaqlandığını zənn edir:
Sanma
çəmən gülün vətəni deyil,
Dünyada hər şeyin vətəni vardır.
Sanki
xonçamızda səməni deyil,
Bir parça Savalan çəməni vardır.
Şamlar
adi deyil, xonçaya bəlkə
Səhənd lalələri səpələnibdir.
Xonçaya
müxtəlif şirniylə birgə
Acı həsrətlər də təpələnibdir.
Əli
Tudənin 1978-ci ildə yazdığı "Salam, təzə
il!" şeiri də Novruzla
bağlıdır. Şair "təzə il"
dedikdə Novruzu yada salır. Axı ulu babalarımız
zaman-zaman hər yeni ili məhz elə bu
günlə başlamış, martın 21-ni ilin
başlanğıc günü kimi qeyd etmişlər. Göstərilən
şeirdə təzə ilin kövrək qədəmlərinin
uğurlu, yollarımızın nurlu, torpaqlarımızın
bol məhsullu, insanların gülərüz olması arzulanır
və şeir yenə də "ənənəvi" sonluqla
tamamlanır:
Vüsal
təranəli həsrətin yolu
Bir də
uzanmasın!..
- deyir şair. Bu təkcə bizə deyil, həmçinin
bütün bəşəriyyətə ünvanlanan arzudur:
...Dünyada
insanın naləsi deyil,
Səadət mahnısı yüksəlsin ancaq.
Bəşəri ideyalara sadiqlik, insanlara sülh və səadət
arzusu Əli Tudənin təbiət mövzusunda
yazdığı əsərlərin də məğzini təşkil
edir. Bu əsərlərdə
Bakı, Təbriz, Savalan, Xəzər, Araz, Sərab, Ənzəli...
coğrafi obyekt kimi xarakterizə edilsə də bu hisslərin
ümumbəşəri anlamı açıqca duyulur:
Qətiyyətlə
dinir məğrur insanın
İpək
təbiəti, yanar nəfəsi...
Zəncirini
qırmış dustaq cahanın
Qurtuluş
arzusu, həyat həvəsi...
Bu
anlamın bir dərki var: yaradılanın xoşbəxt
yaşamaq haqqı!
Əli Tudənin təbiət mövzusunda
yazdığı şeirlər içərisində Xəzər
haqqında yazılanları ayrıca qeyd etmək
lazımdır. Çünki bu şeirləri bir silsilə
şəklində də tədqiq etmək olar. Şairin
2002-ci ildə nəşr edilmiş "Mənim səsim"
kitabında Xəzər haqqında yazılmış şeirlər
"Nəğməli dəniz" başlığı
altında ayrıca bir bölmədə
toplanmışdır. Müxtəlif illərdə
yazılmış "Xəzərin rəngi",
"Günəş-dəniz", "Örnək",
"Sahildə düşüncələr",
"Qızıl qumlar üstündə", "Dəniz
lövhələri", "Dəniz kənarında" və
başqa şeirlər insanın zərif
duyğularının, məsum düşüncələrinin
Əli Tudə təfəkküründə
inikasıdır. Əlbəttə,
hamısının özəyini ürəyəyatımlılıq
və tanış bir səmimiyyət təşkil edir. Ona görə "tanış" deyirəm ki, bu,
elə hamımızın qəlbindən keçən hisslərdir
ki, sadəcə, Əli Tudəsayağı kağıza
köçürülüb. Şairi bizlərdən
fərqləndirən, onu poetik duyğuların fövqündə
saxlayan da elə onun poetik deyim tərzi deyilmi? Yoxsa elə
hamımız şair olardıq ki! Biz Xəzəri
sevirik, saatlarla onun sahillərində gəzməkdən, mavi
sularına, bəzən sakit, bəzən də əsib-coşan
dalğalarına, ağappaq qağayılarına tamaşa etməkdən
doymuruq. Qəlbimizdə xoş arzular
oyanır, rahatlıq tapır, duyğulanırıq. Çoxumuz beləyik. Əli Tudə
isə başqa cürdür, o, dəniz suyunda təzadlar
görür. Görür ki, dənizin "saçı
gah ağ olur, gah göy...", dalğalar
"şahə qalxan suların başında ağ tac"
kimidir və bəstəkarı "...simfoniya
yaratmağa" çağırır. Dəniz
soyudub-ovutduğu kimi yandırıb-yaxa da bilir; görəndə
ki, sevdiyin qızın
Şəkli sənin gözündə.
Sən əlini
uzadıb
Tutmaq istəsən onu,
O qaça, ürəyinə
Düşə yolunun sonu...
Ürəyində dincələ
O səni qana-qana.
Sən dəniz kənarında
Qalasan yana-yana...
Şair təbiət gözəlliklərini vəsf edərkən doğma yurdumuzun yeraltı və yerüstü sərvətlərindən ürək dolusu danışır, Vətənimizin hər daşını, bitkisini dilləndirir, təbiət abidələrindən xüsusi zövq alır. O, yagışı da, qarı da Günəş qədər sevir, xəzan yarpaqlarını, solub-saralmış çölləri bahar çıçəkləri kimi əzizləyir, daşları torpaq qədər müqəddəs sanır, çinarı, palıdı elə şipşirin meyvə ağaclarıtək yaxın bilir. Əlbəttə, bütün bunlar sevindirici olub insanın qəlbinə xoş rayihə kimi yayılır, qəlbi fərəhləndirir. Xoş ovqat bəxş edən təbiət abidələrinin fövqündə isə insan dayanır. Qurub-yaradan, həmişə irəliyə doğru can atan, daim axtarışda, yaxşı yaşamaq arzusunda olan insan hər an şair düşüncəsinin əhatə dairəsindədir. Əli Tudənin qəhrəmanı olan həmin insanlar hər an xalqın azadlığı, birliyi uğrunda öz canlarından keçməyə belə hazırdırlar. Onların azad yaşamaq haqqı var və daim buna can atırlar. Bununçün həm də qurub-yaradırlar, zəhmət çəkməkdən heç vədə yorulmurlar. Bütün sadalananlara rəğmən, şairin poetik qəhrəmanları daha ülvi hisslərlə də diqqətçəkəndirlər: onlar tərtəmiz sevgi duyğuları ilə sevib-sevilirlər, öz məhəbbətləri naminə bütün məşəqqətlərə dözürlər.
Ümumiyyətlə, görkəmli şair Əli Tudənin təbiət mövzusunda yazdığı şeirlər özünəməxsus cəhətləri ilə fərqlidir. Dönməz və döyüşkən ruhlu şairin bütün digər əsərlərində olduğu kimi təbiət şeirlərinin də lirik "mən"i səmimi və mehriban olduğu qədər məhz mübarizliyi və yolundan dönməzliyi ilə diqqət çəkir.
Ağahüseyn
ŞÜKÜROV
525-ci qəzet.-
2015.- 17 mart.- S 6.