Sabitlikdən iraq düşmüş İraq
- Ərbil şəhəri
2003-cü
ildən bəri dincliyin, sabitliyin pozulduğu, demək olar, hər gün terror aktlarının,
partlayışların meydanına
çevrilmiş İraqa
səfər ərəfəsində nələr
görəcəyimi, müşahidə
edəcəyimi, əslində
vəziyyətin necə
olduğu barədə
düşünürdüm. Təyyarə Ərbil hava limanına enəndə artıq gecəyarı idi.
Amma Ərbil
hava limanının əməkdaşlarının "sayəsində" burada bir qədər də vaxt itirməli
oluram. Hava limanının əməkdaşı
pasportumu alıb baxdıqdan sonra heç nə izah etmədən bir kənara qoyur. Onun kürd dilində
dediklərini isə təbii ki, anlamıram. Lakin hansısa problemlə qarşılaşdığımı hiss edirdim. Deməli, Ərbildə xeyli türkmənlarin yaşamasına,
eləcə də buraya çoxsaylı Türkiyə vətəndaşlarının səfər etmələrinə rəğmən, hava limanında o anda türkcə danışan
bir əməkdaşa
belə rast gəlmədim. Nəhayət,
ingilis dilini bilən bir nəfər gəlir və bildirir ki, Ərbilə səfər edən Azərbaycan vətəndaşlarını
mütləq bir
İraq vətəndaşı
qarşılamalı, onu
dəvət etdiyini rəsmən bildirməli və barmaq izi ilə zaminliyini
təsdiqləməlidir. Bu qayda bütün millətlərə şamil
edilmir. Çünki hava limanında
o saatda mən və digər bir həmkarımdan başqa qalan yox idi. İraq dövlətinin pasportumda vizasının olmasına baxmayaraq, onu heçə sayan,
Azərbaycan vətəndaşına
qarşı bu cür münasibətin bəslənilməsini izah
edən bir nəfər tapılmır.
Düzdür daha sonra Kürdüstan muxtariyyəti
parlamentinin deputatı,
əslən türkmən
olan Munə Kahvəçi bunu əsaslandırmağa çalışır,
amma yenə də məsələ açıq qalır.
Deputatın sözlərinə görə, jurnalist adı ilə Ərbilə daxil olub, amma başqa
işlər görənlər
olub. Amma millət vəkilinə izah etdik ki,
o anda bizdən kim olduğumuzu
soruşan olmayıb. Yəni saxlanmamız jurnalist olmağımızla bağlı
deyil. Nəhayət bizi dəvət
edən şəxslər
gəlir və onların rəsmi təsdiqi ilə hava limanını tərk edirik.
Ərbil
o Ərbildir ki...
Ərbil o Ərbildir ki, koalisiya məhz
İŞİD-in bu şəhərə
yaxınlaşmasından sonra
hərəkətə keçdi. İndi Ərbildə
İŞİD qorxusu olmasa
da, təhlükəsizlik
yüksək səviyyədə
qorunur. Hər addımda polislərlə
qarşılaşmaq olur.
Hazırda 1,5 milyon əhalinin yaşadığı Ərbil
Kürdüstan muxtariyyətinin
mərkəzi hesab olunur. Ancaq bura qədim
türkmən şəhəridir. Kürdlər, ərəblər və başqa xalqların nümayəndələri
isə sonradan bura köçənlərdir.
Türkməneli Partiyası Ərbil
bürosunun sədri Salar Ərbil və Ərbil şəhər şurası
sədrinin müavini
Azad Kürəci səhəri
gün bizi şəhərlə tanış
edir. Ərəb məhəlləsi deyilən yerdəyik.
Bura 200 il
əvvəl salınıb.
Əvvəl ərəblər burada ticarətlə məşğul olublar, sonra isə məskunlaşmağa başlayıblar.
Daha sonra orada türkmənlər
da yaşamağa başlayıb. İndi isə
məhəllə boşaldılıb,
adamlar başqa ərazilərə köçürülüb.
Burada yerləşən
və qədim Şərq memarlığının
nümunəsi, yüzillərin
canlı şahidi Qeysəriyyə bazarını
gəzirik. Burada hər nə
desən satılır.
İnsanlar gündəlik çörək
pulunu çıxarır.
Ərbilin qədim hissəsindəki
saysız-hesabsız dərzixanaların
əksəriyyəti türkmənlərə
məxsusdur. Azad Dabbağ adlı təcrübəli dərzi
bildirdi ki, bu kiçik tikiş sexi 1970-ci illərdən fəaliyyətdədir.
Ayda orta hesabla 300 dollara yaxın gəliri olur. Deyir ki,
indi dərzilərə
müraciət edənlər
o qədər də çox deyil: "Çünki geyimi hazır almaq daha ucuz başa
gəlir. Adətən müştərilər geyimlərinin əyər-əskiyini
düzəltmək üçün
gəlirlər. Kostyum sifariş
edənlərin sayı
isə azdır".
Bazarda çayxanalarda müştəri
əlindən tərpənmək
olmur. Onlar həm çay
içir, həm də söhbət edirlər. Qiymətlərlə
maraqlanıram, bəlli
olur ki, Azərbaycanla
müqayisədə nisbətən
ucuzluqdur. Məsələn, təndir lavaşının
8 ədədi min dinara
(80 qəpik) təklif
edilir. Bir stəkan çay
250 dinar, təxminən 20 qəpik
edir. Qiymətlərin nisbətən ucuz
olması həm də ölkəyə daxil olan mallara
gömrük rüsumunun
tətbiq edilməməsidir. Hazırda İraqın öz
istehsalı yoxdur.
Ölkəyə bütün
məhsullar xaricdən,
əsasən Türkiyə,
İrandan və digər ölkələrdən
gəlir. Vaxtilə xurması ilə
məşhur olan İraq indi xurmanı da başqa ölkələrdən
alır. Xurma ağacları
yanıb. İnsanlar əkin-biçinlə
məşğul olmurlar.
"Xalis Antik"
Ərbilə yolu düşən hər kəs Xalis Yunusa məxsus
antik əşyalar satılan dükana mütləq baş çəkirlər. Bura əcnəbilər üçün maraqlı
bir məkandır.
Dükan
bir salon və alt qatdakı zirzəmidən
ibarətdir. X.Yunus deyir ki, bəzi əşyalar satılır, amma elələri var ki, onlar satılmır.
Burada dəyəri 2 min dollardan tutmuş 20 min dollara qədər olan əşyalar var. Onların arasında xalça-palazdan
qab-qacağadək, rəsm
əsərlərindən zinət
əşyalarınadək, qədim silah-sursatdan hər dövrü əhatə edən qiymətli sikkələrədək,
hətta timsah, anakonda, pələng dəriləri, dəvəquşunun
dipdiri, qurudulmuş canlı maketi sərgilənir. Qədim əşyaları
alıb-toplayan və əlbəttə, satışını
təşkil edən X.Yunusa Ərbildə çoxları "Xalis Antik" deyir.
Ömrünün 50 ilini bu işə
sərf edən X.Yunusun sözlərinə
görə, uzun illərdir ölkənin hər yerindən qədim əşyaları
toplayıb. Eləcə də ayrı-ayrı
insanlar əllərindəki
eksponatları təklif
edir və onlar da qiymətləndirib,
alırlar. Deyir ki,
şəhərə gələn
əcnəbilər mütləq
bura üz tuturlar və nəsə almamış getmirlər. Əcnəbilər
demişkən, ötən
il Ərbilə
700 min turist gəlib. Əvvəllər turistlərin sayı
daha çox olurmuş. İŞİD-ə
görə indi turistlər gəlməyə
qorxurlar.
"Ərbil həm də qədim qalası ilə məşhurdur"
Müdafiə məqsədilə hündür
təpədə tikilmiş,
ilkin ehtimallara əsasən 4,5 min il yaşı olan bu qala
sonradan ətraf ərazilərdən insanları
özünə cəlb
edib. Ərbil qalası polislər tərəfindən qorunur.
Verilən məlumata görə,
qədimdən qalaya bir neçə giriş olub və bunlardan ən vacibi Əhmədiyyə darvazasıdır.
Ona görə də biz məhz Əhmədiyyə
darvazasını seçdik. Qala alçaq daş
evlərdən ibarət
kiçik şəhərcikdir.
Bir neçə il əvvəl
orada yaşayan insanlar evlərindən köçürülüb və
hazırda bütün
qalada təmir-bərpa
işləri gedir. Sırf Şərq memarlıq üslubunda tikilmiş qala-şəhərcikdə adi
yaşayış evləri
ilə yanaşı məscid, iaşə obyektləri, mədrəsə,
karvansara və sair də mövcuddur.
Maraqlı bir məqam isə budur ki, qalada yaşayan
hər kəs köçürülsə də,
bir ailə hələ də qalır. Deyilənə görə, həmin
ailə qala daxilində çalışır,
həm də uzun tarixi dövr
ərzində orada mövcud olan əhalini təmsil edir.
Növbəti ünvanımız Türkmən Qardaşlıq Ocağıdır. Əsasən orta və yaşlı nəslin yaradıcı nümayəndələrini bir araya gətirən Qardaşlıq Ocağı 1960-cı ildə Bağdadda yaradılıb. Ərbildəki şöbə isə 1974-cü ildə təsis edilib. Ocaqda adətən yaradıcı insanlar - yazıçılar, şairlər cəmlənsə də, quruluş ilk yaradılanda siyasi məram güdüb. İndi isə əksinə, siyasətdən uzaq fəaliyyət göstərirlər, ədəbi məclislər təşkil edilir, yaradıcılıq diskussiyaları keçirilir.
Türkmən Qardaşlıq Ocağında Azərbaycanı, onun ədəbiyyatını, mədəniyyətini çox gözəl tanıyır və bilirlər. Amma gileyləri də var. Bakıdakı həmkarları ilə bir araya gəlmək, sıx əlaqələr qurmaq istəyirlər. Azərbaycan Yazıçılar Birliyinin nümayəndə heyətini də Türkmən Qardaşlıq Ocağında gözləyirlər.
İhsan Doğramacının hədiyyəsi
Türkiyədəki Bilkənd Universitetinin mərhum rəhbəri, dünyaşöhrətli alim, məşhur xeyriyyəçi İhsan Doğramacı Ərbilə də eyni adlı kollec hədiyyə edib. Bir neçə universitetin əhatəsində, müasir və çox möhtəşəm binası olan kollec Doğramacının ayırdığı vəsait hesabına tikilib. Kollecin rəhbəri Nihat İlhanlının sözlərinə görə, təhsil ocağı 2010-cu ildə açılıb. Məqsəd Ərbildə və ümumiyyətlə, İraq Kürdüstanında türk dilini inkişaf etdirməkdir. Bunun tərkib hissəsi olaraq kollecə hər il 45 türkmən qəbul edilir. Hər il Bilkənd Universitetindən 4 milyon dollar maliyyə yardımı alan təhsil müəssisəsində əməkhaqqı ayda orta hesabla 3 min dollardan yüksəkdir. Məktəbdə 10 ölkədən dəvət edilən müəllimlərlə yanaşı, yerli kadrlara da üstünlük verilir. Məsələn, Türkiyədən 11, Azərbaycandan 3 müəllim dərs deyir, tədris işləri üzrə direktor müavini isə İngiltərədən gəlib. Burda hələlik 5 sinif mövcuddur və hər yeni ildə daha bir sinif açılır. N.İlhanlı onu da əlavə etdi ki, hazırda 454 tələbənin təhsil aldığı kollecdə yaradılan şərait, Ərbildə ən yüksəkdir. Təhsil müəssisəsində dərs otaqları ilə yanaşı, müxtəlif laboratoriyalar, musiqi kabinetləri, hər cür avadanlıqla təmin edilmiş idman zalı, konfranslar keçirmək üçün böyük zal, tələbələrin, hətta evsiz müəllimlərin yaşaması üçün müasir yataqxana binaları var...
(Ardı var)
Pərvanə Sultanova Bakı-İstanbul-Ərbil
525-ci qəzet.- 2015.- 17 mart.-
S.5.