Yüksəliş

 

Bu qeydləri tanınmış yazıçı, publisist, jurnalist, ictimai xadim Yusif  Kərimov haqda yubiley yazısı kimi də qəbul edə bilərsiniz.

...Bu, həqiqətən belədir. Bir az bayağı səslənsə də, istər-istəməz sənə qədər deyilən bir fikri yenə təkrarlamalı,  yada salmalı olursan: Vaxt hiss olunmadan, ildırım sürəti ilə ötüb keçir.

Mən o vaxt tələbə idim. Tanışlarımdan birinin məsləhəti ilə o zamankı televiziya ilə (əslində onda cəmi bir televiziya vardı və həmin idarənin bütöv adı belə idi: Azərbaycan Dövlət Radio və Televiziya Verilişləri Komitəsi) əməkdaşlıq etməyə başladım. Gənclər üçün verilişlər Baş redaksiyasının baş redaktoru keçmiş diktor Nizami Məmmədov zahirən qaraqabaq adam olsa da daxilən həssas adam idi. Elə həmin dövrdə mənim yazdığım ilk süjetlər, kiçik çıxışlar efirdə səslənməyə başladı.

Nizami müəllim ağır xəstəliyə mübtəla olmuşdu. Yadımdadır, o, dünyasını dəyişəndən sonra "Gəncliyin" redaksiyasının, əksəriyyətini gənclər təşkil edən, kollektivini kimin baş redaktor olacağı çox ilgiləndirirdi. Bir müddət sonra həmin vəzifəyə təyinat oldu. Kollektiv üzvləri, təbii ki, yeni baş redaktorun özünə və imzasına bələd idilər. Yusif  Kərimov hələ cavan olsa da öz fəaliyyət sahəsində artıq yaxşı tanınan bir adam idi.

Mənim Yusif müəllimlə tanışlığım da elə həmin dövrə təsadüf edir. Ortaboylu, qara saçları arxaya tökülən, ciddi baxışlı, asta-inamlı yerişli, adətən, dəblə geyinən baş redaktorun  gəlişindən sonra redaksiyada bir canlanma hiss olunmağa başladı. Yeni ideyalar və təbii ki, bu ideyaların ardınca yeni verilişlər meydana gəlməyə başladı.

Xatirimdədir, "Tələbə meridianı" adlı veriliş tezliklə populyarlıq qazandı. Mən həmin verilişin "müəlliflərindən" biri idim. Əslində bu söz bir az yekəxana səslənir. Ştatda olmayan, kiçik süjetlər hazırlayan tələbənin hansı "müəllifliyindən" söhbət gedə bilərdi? Amma məsələ burasında idi ki, mən həmin kiçik süjetlərə çox vaxt öz təqaüdüm qədər, hətta bəzən ondan bir qədər artıq qonorar alır, hələ üstəlik adım bir çox hallarda verilişi hazırlayan professional televiziya işçiləri ilə birgə titrlərdə gedirdi.

Bir dəfə mənə dedilər ki, baş redaktor səni axtarır. Həyəcan məni götürdü: "Görəsən nə olub? Bəlkə verilişdə nəsə, hansısa səhv gedib? Bəlkə tələbə ola-ola əməkdaşlıq etməyimə izacə yoxdur?"

Adətən, ciddi olan baş redaktor  məni gülərüzlə qarşıladı:

-Keç əyləş. Demək, sən tələbə imişsən.

-Bəli, Yusif müəllim.

-Düzü, əvvəlcə elə bilirdim ki, burada ştatda olan işçilərdənsən.-O, deyəsən, ürəyimdən keçənləri duyub əlavə etdi:- "Gənclik" redaksiyasının bir vəzifəsi də elə gənclərə meydan vermək, onlara kömək etməkdir. Təbii ki, söhbət istedadlı gənclərdən gedir.

Mən onun dediklərinə diqqətlə qulaq asırdım. O, redaksiyanın gələcəkdə görəcəyi işlərdən, gənclərlə hansı verilişi hazırlamaq niyyətində olduğundan danışırdı. Baş redaktor arada əlini səliqəli, qara bığlarında gəzdirir, telefon zənglərinə cavab verir, siqaretinə qullab vururdu.

-İndi sənə bir tapşırıq verirəm. Görüm öhdəsindən gələ biləcəksənmi. Diqqətlə qulaq as. Yəqin ki, eşitmisən, alimlər belə bir fərziyyə irəli sürürlər ki, gələcəkdə insan əməyinə ehtiyac qalmayacaq, bütün işləri robotlar yerinə yetirəcək. Belə çıxır ki, elə insanların yerinə də robotlar düşünəcək. İndi sən belə bir robotun monoloqunu yazmalısan. İncəsənət İnstitutunda istedadlı bir tələbə var, həmin monoloqu o deyəcək. Bilmirəm fikrimi nə dərəcədə tuta bildin. Təsəvvür elə ki, uzaq gələcəkdən bu günümüzə insan görünüşündə bir canlı gəlib və əslində insana bənzəyən bu "qonaq" insan deyil, insanın yaratdığı robotdur. İndi düşün tap, gör o, hansı tonda danışa bilər, insanlara nə deyə bilər, gələcəyi necə proqnozlaşdıra bilər?

Mən həmin günün axşamı qaldığım tələbə yataqxanasında "robotun monoloqunu" qələmə aldım. Deyəsən, yazı Yusif müəllimin xoşuna gəlmişdi. Mən bunu qonorarı alanda hiss etdim.

Bir dəfə hansısa bir məsələnin müzakirəsi ilə bağlı baş redaktorun otağına toplaşmışdıq. Bu zaman qapı açıldı. Gələn o dövrdə çox  tanınmış bir adam idi. Xoş-beşdən sonra gələn adam baş redaktordan bir nəfərin xahişini etdi. Bildirdi ki, onun yaxın bir dostunun istedadlı qohumu televiziyada veriliş aparmaq istəyir. Həmin adam sözünün sonunda bunu da əlavə etməyi unutmadı:

-Mənim sizdən xahiş etdiyim adamın pula ehtiyacı yoxdur. O, sadəcə olaraq veriliş aparmaq istəyir.

Yusif  Kərimov bir qədər susub ehtiyatla, özünəməxsus təmkinlə hörmətli qonağın gəlişinin xoş məramını qeyd etdi, onun xeyirxahlıq missiyasını alqışladı və nəhayət sözünün sonunda əsas bir məsələni vurğulamağı da unutmadı:

-Biz istedadlı adamları özümüz də əl-əl axtarırıq. Amma bizə həm istedadlı, həm də məhz pula ehtiyacı olan, qonorarla dolana bilən adamlar lazımdır. Bilmirəm fikrimi nə dərəcədə ifadə edə bildim...

Deyəsən, bir qədər eyhamla, üstüörtülü deyilən sözlər həmin adamı qane etdi.

Tələbəlik dövrü başa çatandan sonra mən təyinatla Saatlı rayonunda  bir müddət müəllim işlədim, sonra ərizə verib oradan əsgərliyə getdim. Əsgəri xidməti başa vurduqdan sonra Bakıya döndüm. Artıq Yusif Kərimov televiziyada işləmirdi. Öyrəndim ki, o, Bakı Ali Partiya məktəbində təhsil alır. Mən yenə mətbuatla, radio və televiziya ilə əməkdaşlıq etməyə başladım. Bir müddət sonra aspiranturaya qəbul olundum.

Bir gün, səhv etmirəmsə 1981-ci ilin lap əvvəllərində eşitdim ki, təhsilini başa vuran Yusif  Kərimov "Azərbaycan gəncləri" qəzetinə redaktor təyin olnub. Onun köhnə bir yazıçı həmkarı ilə köhnə yeni təyinat almış redaktoru təbrik etməyə getdik. Yusif müəllim bizimlə səmimi, xoş bir ovqatla görüşdü. Söhbət əsnasında mənim iş-gücümlə maraqlandı. Aspiranturada təhsil aldığımı bildirdim.

O, bığaltı gülümsəyib dedi:

-Demək, elm adamı olmaq istəyirsən. Əlbəttə, bunu təqdir edirəm. Amma sən həm də jurnalist kimi fəaliyyətini davam etdirə bilərsən. Əgər istəsən bizim qəzetlə də əməkdaşlıq edə bilərsən. Yoxsa jurnalistikadan birdəfəlik əl çəkmək istəyirsən?

Mən zarafatla dedim ki, hələ bu sahədə sözümü tam deməmişəm, yazmaq istəyirəm.

Beləliklə, mən qəzetin rəsmi əməkdaşı oldum. Ədəbi işçi kimi fəaliyyətə başladım. Doğrudur, oradan maaşa qol çəkmirdim. Amma təxminən aspirant təqaüdü həcmində qonorar alırdım. O vaxtlar "Azərbaycan gəncləri" respublikanın ən populyar qəzetlərindən biri, bəlkə də birincisi idi. Qəzetin tirajı bəzən yarım milyona çatırdı. Cəsarətli yazılar əks-səda verirdi. Bu gün ədəbiyyat və elm aləmində fəaliyyət göstərən bir çox tanınmış simaların ilk yazıları məhz həmin qəzetdə dərc olunmuşdur. Məmləkətdə tanınmaq üçün tək bir uğurlu yazının "Azərbaycan gəncləri" qəzetində çıxması kifayət idi. Gün ərzində redaksiyaya gələn saysız-hesabsız oxucu məktublarını və teleqramları bir neçə adam "uçota" alıb qurtara bilmirdi. Qəzetdə yaxşı, istedadlı, işgüzar bir  kollektiv vardı. Qəzet öz fəaliyyətini davam etdirənə qədər, təxminən on beş il öz yazılarımla çıxış etdim. Elə indinin özündə də "Azərbaycan gəncləri" qəzetinin keçmiş əməkdaşları ilə əlaqələrim, xoş ünsiyyətim qalmaqdadır.

Sonrakı müddətdə Yusif Kərimov öz jurnalistlik fəaliyyətini bir sıra dövlət təsisatlarının mətbuat xidmətinin rəhbəri kimi davam etdirdi. İlk baxışda o, fəal yaradıcılıqdan uzaqlaşmışdı. Amma bu, yalnız məhz "ilk baxışdan" belə görünürdü. Əslində onun əlinə yaxşı bir fürsət düşmüşdü: indi Yusif müəllim ürəyində illərdən bəri gəzdirdiyi mövzularıları qələmə almaq istəyirdi. Həm də bədii mövzuları... Axı Yusif Kərimov həm də öz dəsti-xətti olan bir yazıçıdır.

Ötən illər ərzində Yusif Kərimovun  "Bir buta gül", "Tavridada şimşək çaxır", "Üçbucaq", "Gün ötər, geri dönməz", " Qırmızı sahil", "Lalə və kəpənək", "Pərişan eşqim", "İtkilər və ümidlər", "İçimə açılan pəncərə", "Qarabağ şikəstəsi", "Əbədiyyət yolu" və digər kitabları nəşr edilmişdir.

Bir müddət əvvəl yazıçının çox sanballı bir kitabı nəşr edilib. "İşğal vadisi" adlanan bu tarixi romanda Azərbaycanın ikiyə parçalandığı dövrün fonunda baş verən tarixi hadisələr qələmə alınmışdır. Belə hesab edirəm ki, həmin əsər həm ədəbiyyatçılar, həm də tarixçilər üçün maraqlı bir tədqiqat obyekti ola bilər.

Yusif Kərimovun hələ dərc olunmamış əsərləri də var. Əminəm ki, yaxın gələcəkdə oxucular onun yeni kitabları ilə də tanış olacaqlar.

Onun yaradıcılıq fəaliyyəti daim dinamik bir inkişafla, yüksəlişlə  müşayiət olunmuşdur. Və indi "Yüksəliş" sözünü yazarkən birdən xatırladım ki, həmin söz Yusif müəllim üçün daha doğma olmalıdır. Axı o, ADU-nun (indiki BDU-nun)  Jurnalistika fakültəsində təhsilini başa vurduqdan sonra bir müddət Beyləqan rayonunda nəşr olunan  "Yüksəliş"  qəzetində çalışmışdır.

Bu qeydləri tanınmış yazıçı, publisist, jurnalist, ictimai xadim Yusif  Kərimov haqda yubiley yazısı kimi də qəbul edə bilərsiniz. Çünki bu ilin yazında onun  75 yaşı tamam olur.  Yusif müəllim yenə əzəlki gənclik həvəsi ilə işləyir. Yəni bu yüksəliş səngimir, davam edir.  

Düzü, onunla yaxın ünsiyyəti olan, yaradıcılığına,  həyat və fəaliyyətinə yaxından bələd olan heç bir kəs Yusif müəllimə "ahıl" deməyə cürət etməz. Baxmayaraq ki, o, həm də Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisinin sədridir.

Biz  bu əziz günlərində Yusif  Kərimova cansağlığı, yaradıcılıq uğurları, bir sözlə, yeni  yüksəlişlər arzu edirik.

 

Firuz Mustafa

 

525-ci qəzet.- 2015.- 19 mart.- S.8.