"Axirətdən
gələn zəng"
üçün İmza günü
Dünən Azərbaycan Yazıçılar
Birliyinin (AYB) "Natəvan"
klubunda yazıçı,
publisist Hüseynbala
Mirələmovun "Axirətdən
gələn zəng"
kitabının İmza
günü keçirilib.
"Mütərcim" nəşriyyatında çap olunan kitab aybKitab layihəsinin nəşridir. Kitabda yazıçının "Axirətdən gələn zəng" pyesi və iki hekayəsi yer alıb. Təqdimat mərasimini giriş sözü ilə açan "Azərbaycan" dərgisinin baş redaktor müavini Əsəd Cahangir qonaqları salamladıqdan sonra Hüseynbala Mirələmovun yaradıcılığı haqqında danışıb: "Dramaturq, publisist, ictimai xadim Hüseynbala Mirələmov milli-vətənpərvərlik mövzusunda yazan yazıçıdır. O, 60-cı illərdən bu günə qədər "milli yazıçı" obrazını qoruyub saxlayıb.
Hüseynbala Mirələmovun əsərlərinin bir qismini - "Xəcalət" povesti, "Dağlarda atılan güllə" romanı, "Partizan hərəkatı" ,"Ləyaqət" əsərlərini - "Qarabağnamə", yaradıcılığını küll halında isə "Azərbaycannamə" adlandırmaq olar". Daha sonra tənqidçi təqdim olunan kitab haqqında danışıb: "Mənfi mənada qlobal dəyərlərin gətirdiyi aşınmaya qarşı insanların mübarizəsi kitabın əsas qayəsini təşkil edir".
AYB sədri, Xalq yazıçısı Anar çıxışında Hüseynbala Mirələmovu yeni kitabının işıq üzü görməsi münasibətilə təbrik edib, kitab haqqında fikirlərini tədbir iştirakçıları ilə bölüşüb: "Hüseynbala Mirələmov ədəbiyyata çox yaxın olan, onu sevən, maraq göstərən insandır. O, qələmini müxtəlif janrlarda - nəsrdə, dramaturgiyada, publisistikada sınayıb".
"Hüseynbala Mirələmovun əsərlərini oxumaq asandır. Onun eyni üslubu, düşüncə tərzi var. O, bütün əsərlərini səmimiyyətlə yazır, həyatı, dünyanı modelləşdirmir, simvollaşdırmır, gördüyü kimi qələmə alır. Müəllifin əsərlərində insan nə qədər qüsurlu hərəkət etsə də, onu pisləmək istəmirsən. Mühit, dinamika, fon o qədər aydın, dəqiq təsvir olunur ki, insanı yox, həyatı günahlandırırsan. Bu, yazıçının böyüklüyüdür" - bu fikirləri tədbirdə Azərbaycanda Atatürk Mərkəzinin müdiri, millət vəkili, professor Nizami Cəfərov səsləndirib.
"Azərbaycan" dərgisinin baş redaktoru İntiqam Qasımzadə H.Mirələmovu çox işgüzar, fəal çalışan yazıçı kimi səciyyələndirib: "O, öz yaradıcılığında həyat həqiqətlərinə sadiq qalır, heç nə uydurmur".
Tədbirdə Elçin Hüseynbəyli, Vaqif Yusifli, Balayar Sadiq, Ənvər Əhməd, Himalay Qasımov, Əli Rza Xələfli, Oqtay Rza, İslam Qəribli və başqaları çıxış edərək H.Mirələmovun yaradıcılığından söz açıblar, təqdim olunan kitab haqqında təəssüratlarını bölüşüblər.
Sonda çıxış edən Hüseynbala Mirələmov tədbirin təşkilində əməyi olanlara minnətdarlıq edib, kitabının nüsxələrini oxucular üçün imzalayıb.
525-ci qəzet.- 2015.- 19 mart.- S.7.