Aşıq Şəmşir yad edilib

 

"Aşıq Şəmşir" Mədəniyyət Ocağında Dədə Şəmşirin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.

Tədbirdə Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı, Dədə Şəmşirin oğlu Qənbər Şəmşiroğlu, professorlar Məhərrəm Qasımlı, Şirindil Alışanov, Şahlar Əsgərov, Abuzər Xələfov, Folklor İnstitutunun direktoru Muxtar İmanov, Türkiyənin tanınmış ozanı Maksut Qoca Feryadi  və Aşıq Şəmşir yaradıcılığının araşdırılması ilə məşğul olan alimlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Dədə Şəmşirin oğlu Qənbər Şəmşiroğlu qeyd edib ki, bu gün dünyanın irsi sayılan və Heydər Əliyev Fondunun fədakar təşəbbüsü ilə YUNESKO tərəfindən qorunan aşıq sənətinə dövlətimiz yüksək qayğı və diqqəti göstərir: "Aşıq sənəti və bu sənəti yaşadan insanlar daim xalqımız və dövlətimiz tərəfindən əziz tutulub. Onlara hər zaman böyük diqqət göstərilib, yaradıcılıqları dəyərləndirilib. Xalqımızın Milli lideri Heydər Əliyev Dədə Şəmşirin sənətinə yüksək qiymət verərək 2003-cü ildə əməkdar incəsənət xadimi, "Şərəf" ordenli Aşıq Şəmşirin anadan olmasının 110 illiyinin ölkə miqyasında qeyd edilməsi ilə bağlı Sərəncam imzalayıb. Həmçinin, Sərəncama əsasən Göygöl rayonundakı yeddiillik musiqi məktəbinə Aşıq Şəmşirin adı verilmiş büstü ucaldılıb".

Millət vəkili, Xalq şairi Sabir Rüstəmxanlı bildirib ki, ötən əsrin ən böyük sənətkarlarından olan, aşıq sənətimizin yaşadıcısı, öz zəngin şeiriyyatı ustadlığı ilə aşıq yaradıcılığımızı zənginləşdirib, böyük el sənətkarı Aşıq Şəmşir həmişə yüksək qayğı ilə əhatə olunub,  yaradıcılığı dövlət tərəfindən yüksək adla qiymətləndirilib.

Professor Məhərrəm Qasımlı Aşıq Şəmşiri özünəməxsus ustad kimi səciyyələndirib.

Professor Şahlar Əsgərov Kəlbəcər-Göycə, Qarabağ-Gəncəbasar ellərində məşhur olan Aşıq Şəmşiri bütün Azərbaycana Xalq şairi Səməd Vurğunun daha yaxından tanıtdığını diqqətə çatdırıb: " Onların deyişmələri həmin tarixi günlərin poetik ovqatını təravətini indi saxlayır”.

Azərbaycanda səfərdə olan Türkiyənin tanınmış ozanı  Maksut Qoca Feryadi öz çıxışında Dədə Şəmşirin yaşadığı 87 illik ömründə yüz illərin o üzündən xəbər verən bir ozan kimi həmişə insanları Haqqa, işığa səslədiyini, öz nurlu ziyası ilə sevincə həsrət ürəklərdə ümid, inam yerinə çevrildiyini vurğulayıb: "Türkiyədə Dədə Şəmşirin xatirəsinə həsr ediləcək 1-ci Türkiyə Aşıqlar gecəsinin keçiriləcək  Dədə Şəmşir Kültür dərnəyi açılacaq".

Professor Abuzər Xələfov deyib ki, Azərbaycan aşıq ədəbiyyatında elə bir şeir forması olmaz ki, Dədə Şəmşir öz parlaq işıqlı qələmini o sahədə işlətməsin.

"Dədə Şəmşir yaradıcılığında insanla, həyatla bağlı elə bir mövzu olmaz ki, onu nəzmə çəkməsin... Bu qüdrətli şair - aşığın zəngin şeiriyyəti elə Azərbaycan torpağının özüdür. Mərasimdə bu fikirləri professor Şirindil Alışanov səsləndirib.

Folklor İnstitutunun direktoru Muxtar  Kazımov söyləyib ki, Dədə Şəmşirin bütün şeirlərində- istər divanilərində, istər qoşmalarında, istər gəraylılarında, istər təcnislərində, istərsə bayatılarında, rübailərində, müxəmməslərində hikmət dolu nəsihətamiz deyimlərlə insanlara haqqın-həqiqətin yolunu göstərir, onları halallığa, düzlüyə, əqidə saflığına çağırır.

 

S. MÜRVƏTQIZI

 

525-ci qəzet.- 2015.- 19 mart.- S.7.