Əbədiyyətin sehrli təcəssümü:

alim ömrü, şair taleyi

 

FƏDAKAR ELM VƏ ƏDƏBİYYAT XADİMİ ƏJDƏR FƏRZƏLİNİ BİR DAHA XATIRLARKƏN...

 

Hər il baharın ilk günü, ilk səhəri oğuzların əfsanəvi Peyğəmbəri Xızır Dədənin Yer üzünə ulu səfəri başlanır. Xızır Dədə özü də Od Dədə-Od babadır, Yaz babadır, Həyat babadır. Elə bu səbəbdən də o, öz səfərini öncə Odlar, atəşlər diyarından başlayır. Öncə Anamız Azərbaycanı-Qalın Oğuz ellərini oba-oba, oymaq-oymaq dolanır. Yazın-Günəşinstinin gəlişini, həyatın yenidən doğulduğunu hamıya xəbər verir. Və Yazın birinci səhəri Xızır Dədəni birinci kim qarşılasa, Dədə ona əbədiyyət sehrli Yaşıl budaq bağışlayır.

Oğuz elinin müdrikləri ömrün əbədi olması yolunda çox qayğılanıblar, çox düşünüb-daşınıblar. Ulu Tanrıdan, Tanrının yaratdığı tanrıdan: Oddan, Sudan, Ağacdan və Küləkdən onun sirrini sorublar. Cavab ala bilməyiblər. Müdriklərin müdriki Dədəm Qorqud əlində qopuzu, bu dünyanı dolanırdı. O da bu ulu sirrin sorağına düşmüşdü. Və axır ki, o bu sirri, bu sehrli cavabı öyrənmişdi. Bir yaz səhərinə Dədəm Qorqud Qalın Oğuz ellərini başına topladı və sirri onlara açdı:

- Əzizlərim, övladlarım, yadınızda saxlayın ki, Xızır Dədənin insan nəslinə bağışladığı o sehrli Yaşıl budaq hər insanın Yaşıl əməlində göyərir. Yaşıl əməldir - yaxşı əməldir! Xızır Dədə hər insanın ömrünü əbədiliyini lap ilk gündən onun Yaşıl əməlinə köçürür. Yaşıl əməli - Yaxşı əməli olmayanın əbədiyyəti də olmayacaq! Bunu bütün nəsillərə çatdırın. Həmişəyaşıl - həmişəyaxşı olmaqdır, həmişəyaxşı olmaq - həmişəyaşar olmaqdır...

AMEA Nəsimi adına Dilçilik İnstitutunun Onomastika şöbəsinin  böyük elmi işçisi, fəlsəfə elmləri namizədi, yazıçı, jurnalist, şair Əjdər Əliş oğlu Fərzəli həmişəyaşıl, həmişəyaxşı, həmişəyaşar alimdir. O, yazda göz açmışdı dünyaya. 1937-ci il martın 23-də Ağcabədidə sadə kəndli ailəsində anadan olmuşdu. Baharı çox sevirdi. Çünki həyatı, yaşamağı, yaratmağı sevirdi. Hər kəşfi, hər tədqiqatı elmə bahar müjdəsi idi. Şair-tədqiqatçı, azərbaycanşünas Əjdər Fərzəli əbədiyyət sehrli Yaşıl budaq sahibidir.

Əjdər Fərzəli hələ kiçik yaşlarında müharibənin ağır sınaqlarını, aclığı, ehtiyacı görür. Lakin bütün bunlar onun oxumaq həvəsini söndürə bilmir. 1955-ci ildə o orta məktəbi bitirir və həmin ildə Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsinə qəbul olur. Ə. Fərzəli yaradıcılığa Universitetdə oxuduğu ilk günlərdən başlayır. Onun ilk şeiri 1956- cı il iyun ayında "Pioner" jurnalında dərc olunur. Daha sonra gözəl məqalələrlə mətbuat orqanlarında çıxış edir. Təhsilini müvəffəqiyyətlə başa vurduqdan sonra Ə. Fərzəli müxtəlif mətbuat orqanlarında -"Azərbaycan gəncləri", "Abşeron" qəzetlərində, "Dialoq" və "Müxbir" jurnallarında, 1966-67-ci illərdə Ağcabədidə nəşr olunan "Sürət" qəzetində müxtəlif vəzifələrdə - xüsusi müxbir, şöbə müdiri və redaktoru işləyir. Mətbuat orqanlarında çalışdığı dövrdə ictimaiyyətdə əks-səda doğuran 300-ə qədər elmi və elmi-populyar məqalə ilə silsilə çıxışlar edən Əjdər Fərzəli, eyni zamanda, dəyərli etimoloji araşdırmalar aparır, müxtəlif elmi nəticələrə gəlir. Onun "Nizami soraqlı Bərdə", "Azərbaycan sözünün işığında", “Xaç-Od nişanıdır", “Oddan sözə qədər", "Neçə Təbriz var", "Dil əvəzsiz sərvətdir", "Ana kitabımız", "Naxçıvanumer əlaqələri", "Koroğlu məskənləri", "Azərbaycanın ən qədim xəritəsi", "Gəmiqayada Maral hekayəsi" və bu kimi digər məqalələri sonradan tədqiqat mənbəyinə çevrildi.

Əjdər Fərzəli qarşısına yurdumuzun tarixi xəritəsini yeni anlamda açmaq məqsədini qoymuşdu. Buna görə də Azərbaycanı qarış-qarış gəzmiş, xüsusilə Qarabağ, Naxçıvan toponimlərini dərindən öyrənib araşdırmışdı. O, yüzlərlə sözlərə, terminlərə, daşlanmış adlara, ünvanlara müxtəlif yöndən işıq tutmuş, müasir, vətəndaşlıq mövqeyindən öz fikirlərini, mülahizələrini irəli sürüb. Onun tədqiqatları dilçilik, ədəbiyyatşünaslıq, folklorşünaslıq, tarix, fəlsəfə, arxeologiya, etnoqrafiya, coğrafiya, etimologiya, jurnalistika və sair elmlərin araşdırılması yolunda yeni bir cığır açıb.

Əjdər Fərzəli 20 elmi monoqrafiyanın müəllifidir. Alim 1976-cı ildən ömrünün son günlərinədək əsas gücünü "Gəmiqaya-Qobustan" abidələrinin tədqiqinə, araşdırılmasına sərf etdi. Sübuta yetirdi ki, Gəmiqaya- Qobustan mədəniyyəti bilavasitə Azərbaycan xalqına məxsusdur. Azərbaycanın qədim və mükəmməl fonoqrafik əlifbanın vətənidir. Orxon-Yenisey Gəmiqaya-Qobustan mənşəli və onunla eyni sistemli əlifbadır; O, başlanğıc mərhələdə heç də  36 yox, Gəmiqaya-Qobustan yazılarındakı kimi, 32 hərfdən, 9 sait və 23 samitdən ibarət olub. Apardığı təhlillər, müqayisələr sübut edir ki, dünya əlifbalarının  çoxu qədim Azərbaycan əlifbasından iqtibasla  yaradılıb. O cümlədən, finikiya, yunan-latın, hind, slavyan-kiril, anqlo-saks, german, etrusk-ibır, ərəb, erməni, mayya (Amerika) və başqa əlifbalar qədim Azərbaycan, yəni  Gəmiqaya-Qobustan mənşəlidir. Gəmiqaya-Qobustan rəsmlərinə əsasən demək olar ki, Böyük daşqın və Nuhun gəmisi haqqında əfsanələr Azərbaycanda yaranıb və buradan dünyaya yayılıb. Gəmiqaya-Qobustan mədəniyyəti Azərbaycanındır və bilavasitə Azərbaycan (Oğuz) xalqına məxsusdur. Onun yaradılmasında və yaşadılmasında Azərbaycanın bugünkü sakinlərinin ulu babalarının xidmətləri olub.

Əjdər Fərzəli elmi yeniliklərlə yanaşı, həm də onun daxili zənginliyini üzə çıxaran şeirlərin müəllifidir. Şeirləri rus, ukrayna, fars, fransız və başqa dillərə tərcümə olunub. O şeirsevənləri "Körpü", "Yolçu, yolun uzaqdır", "Torpaqdan səs gəlir", "Könülün nəğmələri", "Hamı yenidən doğulmalıdır", "Yanır bütün pərvanələr", "Durnalar" şeir topluları ilə sevindirib. Şeir və poemalarının əsas mövzusu zamanın ağrı-acıları ilə çarpışan insanın daxili yaşantıları, bəşəri sevgi, vətənpərvərlik duyğularıdır. Bundan əlavə Ə.Fərzəli şeirlərində yazın gəlişinə, təbiət gözəlliklərinə, Od-Su inancına da xüsusi yer ayırıb. Buna misal olaraq "Göylər, yağışın xeyir", "Bahar yağışı yağır", "Novruzgülü", "Su-qapım", "Qaranquşum", "Xızır baba", "Oda söylənmiş bayatılar" şeirlərini xüsusi olaraq vurğulamaq yerinə düşər.

Uca Tanrı alimi xoş gündə-saatda yaratmışdı. Ona parlaq istedad, fenomenal yaddaş, bitib tükənməyən səbir, iradə, yüksək daxili mədəniyyət, abır-həya və nəhayət bir körpə saflığı bəxş etmişdi. Ə.Fərzəli özü haqqında yazdığı şeirində belə deyir:

 

Bu nə xasiyyətdir, Allah?!

Günahım yox, utanıram.

Uşaq kimiyəm, deyirlər,

Nə deyirlər, inanıram.

Bəs inanmayım, neyləyim?!

Bu dərdi kimə söyləyim?!

Bu nə xasiyyətdir, Allah?!

Bu nə təbiətdir, Allah?!

Əlində aciz qalmışam...

Günahım yox, utanıram,

utanıram, utanıram.

 

Bütün bu keyfiyyətlər bir şəxsiyyət bütövlüyünün göstəricisidir. Əjdər Fərzəli, həm də çox gözəl ailə başçısı - sadiq həyat yoldaşı, nümunəvi ata, çox mehriban baba idi.  O, nəvələri Xaqan və Cavidanı hədsiz çox sevir və onlarla nəfəs alırdı. Dünyanın çox qəribə, sirli işləri var. Ölümündən bir neçə gün əvvəl bizə gəlmişdi. Bu gəlişi həmişəkindən çox fərqli idi. Qapının döyülməyindən  gələnin kim olduğunu başa düşdüm və sevincək qapını açdım. Lakin qarşımda şən, gülərüzlü atamı deyil, üzü bulud kimi tutqun, yorğun bir insan gördüm. Bir az dərdləşəndən sonra əsl mətləbə keçdi. Heç demə, qanının qara olmasına səbəb gördüyü yuxu imiş. Öyrəndim ki, atama yuxuda tezliklə dünyasını dəyişəcəyi bəlli olub.

Narahatçılığının səbəbi isə heç də ölüm qorxusu deyil, ailəsi ilə bağlı planlarının yarımçıq qalması idi.

Gördüyü yuxunun müəmmalı, sirli məqamlarla dolu olması ürəyimdə qəribə hisslər oyatdı. Ancaq tez özümü toparlayıb bunun bir yuxu olduğunu  və buna bənzər yuxuları mən də tez-tez gördüyümü dedim.

İnandırmağa çalışdım ki, belə yuxular tərsinə yozulur, yuxu olmaqdan başqa bir şey deyil. Bir az istirahət etsə, hər şey ötüb keçəcək. Dediklərimlə onu inandırmışdım. Atam yola düşəndə artıq əhvalı düzəlmişdi, xeyli şən idi, simasına aydınlıq gəlmişdi. Bu bizim son görüşümüz oldu. Düz 7 gündən sonra - 2011-ci il yanvarın 20-dən 21-nə keçən gecə, saat 2-nin yarısında gələn zəng həyatımda ən acı, dəhşətli xəbəri bizə çatdırdı. Dəstəyi həyat yoldaşım qaldırmışdı. Səsinin titrəməyi və yaşla dolu gözlərini tez üzümdən yayındırmağından hər şeyi başa düşdüm. Əslində ayrıldığımız gündən elə hey atamın yuxusunu fikirləşirdim. Özümdən asılı olmayaraq, yuxunun təsirindən çıxa bilmirdim. Gecəyarı gələn qəfil zəng də yadıma birinci elə o yuxunu salmışdı.

Atam soyuq qış gecəsində qəfil ölümün hədəfi olub, sehrli, yaşıl əbədiyyətə qovuşdu. Həmin gün qəmli buludların donmuş göz yaşları bir anda alimin məzarını ağappaq, hələ yazılmamış  dəftər kimi örtdü. Əjdər Fərzəlinin öz şeirində deyildiyi kimi:

 

Qış gələr, şairlərin

Məzarına qar yağar,

Yağar ağ-ağ zər kimi,

Ağ-ağ sətirlər kimi,

Ağ qafiyələr kimi...

Qış gələr, şairlərin

Məzarına qar yağar,

Yağar qəmli şeirtək

Hey ahəstə-ahəstə...

Düşəndə məzar üstə

Özündən misralanar,

Özündən rədiflənər,

Özündən hecalanar...

Yağar yağdıqca, o qar

Həzin dastana dönər...

Şairlərin qəbri də

Qışda ağappaq cildli,

Kitab kimi görünər.

 

Ömrünü əsl insan və fədakar alim kimi ləyaqətlə yaşamış Əjdər Fərzəlinin adı, heç şübhəsiz, tarixdə, onu sevənlərin qəlbində əbədi yaşayacaq. Allah ona rəhmət eləsin!

 

Könül ƏJDƏRQIZI (FƏRZƏLİYEVA)

 

525-ci qəzet.- 2015.- 19 mart.- S.6.