Sabitlikdən iraq düşmüş İraq

 

(Əvvəli ötən sayımızda)

 

Sabitlikdən iraq düşmüş İraq

 

Kərkükdə qaçqın düşərgəsindəyik. Kiçik bir uşaq öz payına düşən su şüşəsini mənə uzadır, başqa birisi isə əlindəki isti çörəyi təklif edir. Çörəkdən kiçik hissə qoparsam da, suyu almağa qıymıram. Çünki bu gün o düşərgədə insanlar suya belə həsrətdirlər. Yaxınlaşıb vəziyyətləri ilə maraqlananda sualıma elə sualla cavab verirdilər: "Bizə necə kömək edə bilərsiniz? Sizin gəlişinizin bizə nə xeyri olacaq?" Gözdən-könüldən iraq düşən bu insanların bu gün hər şeydən öncə insani yardıma çox böyük ehtiyacları var. Düşərgədə 2500 nəfər olmaqla 450 ailə məskunlaşıb. Bir qarnı ac, bir qarnı tox, ayaqyalın, çirkli, toz-torpağın içində olan uşaqlar, qida, dərman çatışmazlığından əziyyət çəkən, çadırların içində istidən nəfəsləri kəsilən insanlar...

Amma buna qədər onlar daha ağır günlər yaşayıblar. İŞİD-in əlindən qaçaraq 5-6 ay çöllərdə qalıblar. Demək olar ki, hər bir ailə İŞİD terrorundan əziyyət çəkib. Elə ailələr var ki, bir neçə üzvünü İŞİD öldürüb, elələri də var ki, hələ də girovluqdadır, ölüsündən-dirisindən xəbər yoxdur. Qaçqın düşərgəsində məskunlaşan İbrahimin ailəsi 22 nəfərdən ibarətdir. Yadiyadan gələn ailə 5 gün yollarda qalıb.  "Hələ yaz gəlməyib halımıza baxın, istilərə dözmək olmur. Onsuz da ehtiyaclarımız çoxdur, yemək, su tapmırıq, amma artıq nəfəs də ala bilmirik" deyir ailənin başçısı. Ailənin qız övladlarından biri Kerimali İbrahimin hər iki gözü görmür. Yaşadığı şərait isə onun durumuna daha pis təsir edir. Deyir ki, müalicəsi var, bir gözü görə bilər, qardaş Azərbaycandan da dəstək gözləyir.

Kərkük Şəhər Məclisinin üzvü Əli Mehdinin sözlərinə görə, qaçqın düşərgəsi beş aydır yaradılıb, bundan əvvəl ailələrin durumu daha ağır olub. Bu düşərgə 250 ailə üçün nəzərdə tutulsa da, insanların sayı daha çox olub. İŞİD daha çox türkmənlarin yaşadığı əraziləri hədəfə alıb. Türkmən könüllüləri isə peşmərgələrlə bərabər mübarizəyə qalxıblar. Türkiyədən müəyyən yardımlar aldıqlarını deyən həmsöhbətim, digər türkdilli ölkələrdən də insani yardım gözləyirlər.

Burda hər kəs Əli Mehdiyə yaxınlaşıb problemlərini deyir. Uşaqlardan kimisi çantasının, kimisi kitab-dəftərinin, ayaqqabısının olmadığını deyir. Bir yaşlı qadın isə iki oğlunun İŞİD tərəfindən öldürüldüyünü, birini isə polislərin apardığını bildirir və kömək istəyir. Məclis üzvü uşaqlara da, böyüklərə də problemlərinin həlli üçün söz verir. Onun sözlərinə görə, düşərgəyə ciddi nəzarət edilir, burada İŞİD-çi də ola bilər. Ona görə kimdənsə şübhələnəndə polis saxlayaraq dindirir. 

Biz düşərgədə olarkən uşaqlar süfrə arxasından durub məktəbə gedirdilər. Məktəb də elə qaçqın düşərgəsinin içində yerləşir. Burada 470 uşaq oxuyur, onlar 6 sinif üzrə təhsil alırlar. Məktəbin direktoru Riyad Həsən Əli burada 16 müəllimin dərs keçdiyini vurğulayır. UNICEF tərəfindən müəyyən məktəb ləvazimatları verilsə də, yenə də ehtiyacları tam ödəmir.

Qaçqın düşərgəsindəki vəziyyət illər öncə Azərbaycanın üzləşdiyi durumu xatırladır. Vəziyyət doğrudan da çox acınacaqlıdır. Və bu insanların indi hər şeydən öncə insani yardıma çox böyük ehtiyacları var.

Bu bölgədə təkcə hərbi, sosial, iqtisadi deyil, həmçinin də siyasi vəziyyət çox gərgindir. Buranın siyasi gələcəyi dumanlıdır. Kürdüstan muxtariyyəti demək olar ki, mərkəzə tabe  deyil  və öz qaydaları ilə işləyir.  Qədim türkmən şəhəri olan Ərbili ələ keçirən kürdlər, bu gün Kərkükə də göz qoyublar.

Ərbildə şəhərdə hər addımda kürd bayraqlarına rast gəlinir. Evlərin üzərində, yolda şütüyən  maşınlarda, dükan və bazarlarda, bir sözlə, hər yerdə kürd bayrağı. Bəzən türkmən bayraqlarına da rast gəlinir, amma çox deyil. Çünki kürdlər türkmənlərə imkan vermirlər. Hətta burda türkmənlərdən kimliyini soruşanda ərbilli yaxud da kürd olduqlarını deyillər. Hər kəs "türkmənəm" deməyə cəsarət etmir. Səbəbini soruşanda bəlli olur ki, qorxurlar. Çünki kürdlərdən hər şey gözləmək olar. Kürdlər təkcə Ərbili ələ keçirməklə kifayətlənməyiblər, həm də Kərkükə göz qoyublar. Belə ki, zəngin neft yataqları olan Kərkükdə indi kürdlərin sayı türkmənlərdən daha çoxdur. Onlar türkmənlərin torpaqlarını ələ keçirərək burda  məskunlaşıblar. Peşmərgələr türkmən döyüşçülərlə bərabər İŞİD-dən azad etdikləri kəndlərə də kürd bayraqlarını sancırlar. Türkmən bayrağı o zaman qaldırılır ki, həmin kəndləri türkmən qüvvələri öz gücünə, peşmərgələrin dəstəyi olmadan azad edirlər.

Burada bölgənin gələcəyi ilə bağlı da birmənalı fikir yoxdur. Yəni türkmənlərin gələcəyini kürdlərlə birgə görənlər də var, Türkməneli muxtariyyətinin yaradılmasını dəstəkləyənlər də var. Görüşdüyümüz siyasətçilər, millət vəkilləri hər nə olursa olsun, türkmənlərin haqqının tanınmasını istəyirlər.

 

Kürdlərlə bir dövlətdə, yoxsa muxtariyyət?

 

Kürdüstan muxtariyyətinin türkmən millət vəkili Muan Kahvaçi deyir ki,  turkmanlar İraqın bir parçasıdırlar və indiyə kimi hər hansı bir müstəqil siyasi qərar qəbul etməyiblər: "Biz dialoqa, danışıqlara inanan millətik. Gələcəyimiz İraqla bağlıdır. Ancaq mərkəz də bizdən istifadə etməməlidir. Bizi bir millət, toplum olaraq görməsi lazımdır. Baş nazir  Abadi istədiyi zaman bizdən istifadə edə bilməz".

Xanım millət vəkili deyir ki, düz üç aydır mərkəz onlara büdcə göndərmir, maaşlar verilmir. Onun sözlərinə görə, aprelin sonuna kimi gözləyəcəklər, vəziyyət dəyişməsə mayda  vacib qərarlar verəcəklər: "Bağdadla əlaqələrimizi kəsəcəyik və dövlətimizi  elan edəcəyik, özü də kürdlər və türkmənlərlə  birlikdə". Onun baxışına görə, yeni dövlətin hökumət və parlamentində əhalinin sayına görə təmsilçilik müəyyən ediləcək. Ancaq bir problem var ki, türkmənlər kimliklərin deməyə qorxurlar: " Bizim çox az zamanımız var, qapı-qapı gəzib insanları başa salmalıyıq ki, millətlərinin adını deməyə qorxmasınlar".

Ancaq kürdlərin dövlət elan edəcəyi inandırıcı görünmür.  Çünki təkcə Ərbildə tək aylıq maaş büdcəsi 700 milyon dollardır, neftdən gələn gəlir isə 400 milyondur. Kürdüstan dövləti elan ediləcəksə, onun ayaqda qalması, özünü təmin etməsi mümkünsüz görünür. Digər tərəfdən, bu gün ABŞ kürdləri dəstəkləsə də, dövlətin yaradılmasına dəstək verəcəyi hələ açıq qalır, Türkiyə də bunun əleyhinədir. Ümumiyyətlə, bu gün Türkiyənin türkmənlərə verdiyi dəstəyi yetərli sayılmır. Amma türkmənlər deyirlər ki, Türkiyə onların əleyhinə olan qərarlara razılıq verməz.

Hazırda İraqda 13 türkmən partiyası fəaliyyət göstərir. Ana partiyalar isə Turkməneli Partiyası və İraq Türkmən Cəbhəsidir. Bu iki partiyanın mövqeyi bir-birlərinə daha yaxındır.  Turkməneli Partiyasının sədri Riyaz Sarıkahyan hesab edir ki, Türkməneli ayrıca subeykdir və bütün hallarda onun varlığı qəbul edilməlidir. Hətta Kürdüstan muxtariyyətinə birləşsələr, o zaman bu muxtariyyətin adı dəyişməli və hər iki xalqın maraqlarını qoruyacaq bir ad almalıdır. Təbii ki, kürdlər bunu qəbul etməzlər.

Kərkük şəhər məclis üzvü Əli Mehdi deyir ki, türkmənlər uzun illərdir burda yaşayır və hər zaman onlara qarşı bir düşmənçilik olub: "Səbəb isə türk olmağımızdır. Bizi osmanlıdan qalma və ya   Türkiyəyə bağlı bir millət olaraq sevmirlər, istər hökumətlər, istərsə də millətlərin bəziləri.  Ona görə də bizə xor baxırlar, istədiyimiz yerlərə qoymurlar. Bunun başqa səbəbi  də var. Türkmənlər mədəniyyətə malik, təhsillidirlər. 10 il əvvələ kimi  biz Kərkükdə, İraqın hər yerində öz mədəniyyətimiz, elmimiz ilə gözə batırdıq. Bu da qısqanclıq yaratdı. Digər səbəb isə zənginliyimizdir. Səddam Hüseyn dövründə ərazilərimizə ərəblər, 2003-cü ildən sonra isə kürdlər göz qoydu. Bir çox elm adamlarımız, ziyalılarımız, məmurlarımız öldürüldü, sıxışdırılaraq işlərini tərk etmək məcburiyyətində qaldılar. 2003-cü ildə Kərkükdə 850 min, yaxud  60 faiz türkmən var idi. İndi burda 1,5 milyon əhalinin 25 faizi türkməndir.  Kərkük xaricindən kürdlər bura gətirlməyə başladılar. Hər şeyə rəğmən biz varıq, mərkəzi hökumət isə bizi dinləmir. Bütün bunlar birdən-birə baş verməyib. 100 il ərzində meydana gəlib".

Ə.Mehdi deyir ki, Türkiyə onların yanındadır, amma bunun yetərli olub olmadığı başqa məsələdir: "Türkiyənin güclü olması çox vacibdir. Türkiyənin 100 faiz dəstək verməsi, yardım etməsi İraqın daxili işlərinə qarışmaq olardı. Ancaq 2003-cü ildən Ankara bəyan edib ki, türkmənlər bizim qardaşımızdır, Kərkük Kürdüstana verilə bilməz.  Türkiyəni bir dövlət olaraq görməyimiz lazımdır. Yəni yalnız hökümətlə deyil, ordakı bütün partiyalara, topluma dərdlərimizi anlatmalıyıq. Biz burda hər kəslə bərabər, qardaş kimi yaşamaq istəyirik. Amma digərləri deyirlər ki, biz üstünük, siz ikinci dərəcəlisiniz. Bunu bunu qəbul edə bilmərik. Bizim Kərkükün gələcəyi üçün layihəmiz onun xüsusi bir statusunun olmasıdır, yəni içində kürd, ərəb, türkmənlərin eyni şərtlərlə yaşadığı muxtariyyət".

Ə.Mehdi Kürdüstanla birgə dövlətdə olmağı qəbul etmədiyini deyir:  "Kürdüstan adı altında yaşamarıq.  Biz illərdir zülm altındayıq. Əgər dəstəyimiz olsa, Türkmən elini qura bilərik və onda İraqla birgə qala bilərik. Biz ona görə şanssızıq ki, bir tərəfimiz ərəb, bir tərəfimiz kürddür. Ortada qalmışıq, hər iki tərəfdən də zülm görürük. İraq Türkmən Cəbhəsinin rəhbəri, İraq parlamentinin üzvü Ərşad Əlsalehli də həmkarlarının mövqeyini bölüşür, Kürdüstan adı altında türkmənlərin yaşamasının mümkünsüzlüyünü deyir. Onun sözlərinə görə, turkman gücünü bir araya gətirmək vacibdir: "Kürdlər bizim ərziləri Kürdüstana birləşdirmək istəyirlər. Biz  isə muxtariyyət istəyirik, yəni özünü idarə edən, büdcəsi olan özəl bir subyekt".

Kərkükdə olarkən eyni adlı qaladan kürdlər türkmən bayrağını endirərək yandırıb, öz bayraqlarını taxmışdılar. Niyə eyni addımı turkmanların atmadığını soruşanda cavablar belə olurdu ki, vəziyyət daha da pisləşə bilər, kürdlər hər şey edə bilərlər. Amma bir gün sonra kürdlər bir jest olaraq öz bayraqlarını da Kərkük qalasından endirdilər. Ə.Əlsalehli isə deyir ki, əgər gücümüz olsaydı kürdlər bayrağımızı yandırmazdılar.

Əslən azərbaycanlı olan türkmən qardaşlarımızın durumu bu gün doğrudan da acınacaqlıdır. Əgər illərdir haqqı tapdanan, torpaqları əlindən alınan turkmanlar indi daha mübariz olmasalar, itirdikləri daha çox olacaq. Ən azı Kərkükün kürdləşməsinə imkan vermək olmaz. Turkmanlarda Azərbaycana sevgi elə böyükdür ki, sözlə bunu ifadə etmək də çətindir. Azərbaycan adı hər kəsin dilində, qəlbindədir.  Bakıda Tibb Univrsitetində təhsil almış bir turkman deyir ki, Amerikada da yaşayıb, amma Azərbaycanı onun üçün heç nə əvəz edə bilməz. Ünsiyyətdə olduğumuz millət vəkillərinin, məmurların, siyasətçilərin, sadə insanlar, hər kəsin bir arzusu var Azərbaycanı görmək. Kərkük həm də kiçik bir Azərbaycandır. Hər yerdə Azərbaycan musiqiləri, Azərbaycan dili, adətləri, yeməkləri, telefonlarda belə Azərbaycan musiqiləri.  Və bu gün türk dünyasının öz tarixinə, keçmişinə, kökünə, bir sözlə, türkmənlərə və Kərkükə sahib çıxma zamanıdır.

 

Pərvanə SULTANOVA

Bakı-Kərkük-Bakı

 

525-ci qəzet.- 2015.- 19 mart.- S.5.