Məmməd Orucun yeni romanı -
"Qısa qapanma"
Ondan artıq povestin,
iki romanın, neçə-neçə
hekayənin, ruscadan tərcümələrin, sayını-hesabını itirdiyi yüzlərlə publisistik məqalənin, radio verilişlərinin müəllifidir O. Ağlı kəsəndən qələm əlindədir, özü demişkən, başqa heç
nəyi bacarmır. Bu, istedadlı nasirimiz Məmməd
Orucdur... Ədəbiyyata yetmişinci illərdə,
kimsənin himayəsi olmadan gəlib.Təbii təhkiyə tərzi,
təsvir etdiyi obrazların dolğunluğu ilə dərhal
oxucu rəğbətini qazanıb. Ədəbi
tənqid xəsisliklə də olsa, onun
yaradıcılığı haqqında söz deyib.
Məmməd Oruc reklam aşiqi deyil. Özünü
təbliğlə məşğul olmur. Amma ondan
yaşlı qələm yoldaşları (Elçin, Bayram
Bayramov, İsi Məlikzadə, Əkrəm Əylisli) vaxtilə Məmməd
haqqında ürək sözlərini deyiblər. Rus dilində - T.Kalyaginanın tərcüməsində
kitabı çıxıb. Məmməd Orucun
"Göz dağı", "Leylək körfəzi",
"Murad quşu", "Sarıköynək" povestləri,
"Köçürülmə" romanı və bir
sıra hekayələri müasir nəsrimizin seçimli
nümunələrindəndir və Azərbaycan nəsrini bir
sərgi kimi xarici ölkələrin birində
"nümayiş" etdirsələr, heç şübhəsiz,
onun da hansısa əsəri orada uğur qazana bilər. Bu
uğura səbəb o ola bilər ki, Məmməd Orucun nəsri
öz "təhkiyeyi-kəlamı", dilinin sadəliyi və
saflığı, təsvir etdiyi obrazların milliliyi, istifadə
etdiyi bədii təsvir vasitələrinin özünəməxsusluğu
və əlbəttə, yazıçı səmimiyyəti
ilə diqqəti cəlb edir. Məmməd həyatdan
elə lövhələr seçir ki, bunlar bizə
tanışdır, amma bədii sözün qüdrətilə
o lövhələri, canlı insan surətlərini bizim
gözlərimiz qarşısında ustalıqla
canlandırır.
Budur, "Azərbaycan" jurnalının 2015-ci ilin ilk
saylarında (¹ 1-2) onun "Qısa qapanma" romanı dərc
edilib. Çox böyük həvəslə romanı
oxumağa başladım və isti-isti bu yazını qələmə
aldım.
Oxucular
yaxşı bilirlər ki, qısa qapanma elektrik dövrəsi
naqillərinin kiçik müqavimət vasitəsilə
qeyri-normal iş rejimində birləşməsi zamanı əmələ
gəlir və bu zaman cərəyan şiddəti kəskin
artdığı üçün dövrədəki naqil və
aparatlar hədsiz qızır, hətta yanğın baş
verir. Məmməd Orucun romanında da insan taleyi belə bir
"qısa qapanmaya", "cərəyan şiddətinə"
məruz qalır, insanların həyatında doğrudan da
yanğın baş verir. Fiziki anlayışların mənəvi
prizmalardan izlənilməsi birinci hadisə deyil və insan həyatındakı
o "qısa qapanma" da tədricən, hiss olunmadan baş
verir, qarşısını almasan, sonra yanğına
çevrilir. Keçək mətləbə.
Azərbaycanlılarla ermənilərin "dostluğu,
qardaşlığı" barədə Sovet dönəmində
çox təbliğat aparılıb. Şairlər
bu "dostluğu" tərənnüm eləyən
şeirlər yazıblar, "Kür, Araz, Ararat, qardaş olub
Hayıstan-Azərbaycan" mahnısı bəstələnib,
inqilabi-tarixi romanlarımızda Azərbaycan və erməni
bolşeviklərinin birgə mübarizəsindən söz
açılıb. Azəri
oğlanlarımızın erməni qızlarına sevgisi də
bir çox əsərlərin mövzusuna çevrilib. Azərbaycan-erməni ədəbi əlaqələrindən
söz açan tədqiqat əsərləri yazılıb.
Və bir yazıda oxumuşam ki, ermənilərin
Varpeti Avetik İsahakyan bizim böyük şairimiz Səməd
Vurğun vəfat edəndə demişdi ki, "kaş mən
öləydim, Səməd Vurğun yaşayaydı".
Bunlar məlum. Amma dünyada
böyük Puşkinin "sən köləsən,
azğınsan" deyə haqqına söylədiyi bir erməni
xisləti var ki, o xislət əsrlər boyu türk
qanını içməyə amadə olub, erməni
uşağı doğulan kimi "türk sənin
düşmənindir" deyib. Şaumyanlar,
Androniklər, Nicdelər, indiki Ermənistan rəhbərləri
məhz bu amalla yaşayıblar, yaşayırlar.
Ancaq bu
dünyada millətindən asılı olmayaraq bir müqəddəs İNSAN kəlməsi var... Məmməd Oruc "Qısa qapanma" romanında
məhz belə bir insanı - erməni Edqar Lalayanı bizə
tanıdır. Romanı oxuyub başa çatdırandan
sonra doğrudan
inanmaq istəyirsən ki, ermənilərin
içində insan da olurmuş. Əslində, Məmməd
Orucun yazıçı məramı da elə bu məsələ
ilə bağlıdır: Edqarı - millətçi olmayan,
yaşadığı məkanı - Bakını öz Vətəni
bilən bu ermənini nümunə göstərir ki, baxın,
ibrət götürün, O, insandır, sizin kimi cəllad
deyil, "böyük Ermənistan" xülyasıyla
yaşamır. Olsun ki, bu romanı oxuyanlar Məmməd Orucu
möhkəm qınayacaqlar, deyəcəklər ki, ay Məmməd,
bu saat Kəlbəcəri - öz doğma torpağını
ziyarət etdiyinə görə erməni vəhşiləri
tərəfindən mühakimə olunan iki
soydaşımızı düşünmürsənmi? Təbii ki, Məmməd bunları bilir və onun
atası, özü qırxıncı illərin sonlarında,
qədim Azərbaycan torpağı Vedi rayonunun Böyük
Vedi kəndindən departasiya olunmuşdu. Məmməd
"Köçürülmə" romanında bütün
bunları böyük ürək ağrısı ilə qələmə
almışdı. Amma siz "Qısa qapanma"nı oxuyun və Məmməd Oruca haqq
qazandıracaqsınız.
Romanın iki əsas personajı var - qoca aktyor, bir vaxt məşhur
olub tamaşaçıların alqışlarını
qazanan, indi isə tək-tənha yaşayan Sərxan Səmədzadə,
bir də jurnalist Edqar Lalayan. Onlar həqiqi dost olublar və məlum
hadisələr zamanı (1990-cı ildə) Sərxan
Edqarı yeddi gün evində gizlədir ki, onu öldürməsinlər.
Sonra onu gəmi ilə Krasnovodska yola salır.
Edqar Peterburqda yaşayır və bu iki dost müntəzəm
olmasa da, bir-birlərindən xəbər tuturlar, hətta Sərxan
bir dəfə Peterburqa da onu yoluxmağa gedir.
Aradan illər keçib. Sərxanın həyat
yoldaşı - rus qadın ölüb, oğlu da yoxdu -
Qarabağ uğrunda döyüşlərdə həlak olub və
gəlini oğluyla bərabər başqa bir şəhərdə
yaşayır. Edqar da təkdir və
özünün dediyinə görə illər boyu
yaşadığı Bakı üçün darıxır.
Və gözlənilmədən günlərin bir
günü Sərxanın qapısı döyülür. Gələn
Edqardır. Üç günlüyə,
Peterburqda yaşayan bir azərbaycanlının - Namazov Cahangir
Əli oğlunun pasportuyla gəlib. Bu
üç gün ərzində ermənini öz evində gizlətdiyi
üçün Sərxan təbii ki, onu qorumalıdır,
kimsə bunu bilməməlidir.
Bəs onları nə birləşdirir? Hansı
duyğu, hansı insani hisslər müasir Allahverdi ilə
İmamverdini bir araya gətirir? M.Oruc bu
hissləri çox inandırıcı təsvir edir.
Əvvəla, Edqarda ermənilik-türkə qarşı nifrət
hissi yoxdur, o, Universitetdə - rus bölməsində azərbaycanlılarla
bir yerdə təhsil alıb, bizim folkloru yaxşı mənimsəyib,
Sərxanın evində həmişə əziz bir dost kimi
qarşılanıb. Buna görə də o, erməni
kimi yox, insan kimi düşünür.
"-Mənə elə gəlir mən Bakının
üzünə baxmağa utanıram.
-Niyə?
-Çünki
bu məsələlərdə mənim mənsub olduğum
millət daha çox günahkardı.
Sərxan
sərt cavab verdi:
-Biz əvvəl insanıq, sonra millət".
İkincisi,
o, məlum hadisələr zamanı, həyatının bir
tükdən asılı olduğu o yeddi gündə dost evinə
sığınıb və başqa nankor soydaşlarından
fərqli olaraq bu yaxşılığı unutmur. Üçüncüsü, Bakı onun
üçün Yerevandan daha doğma və əzizdir. Və nəhayət, İnsan və Millət məsələsində
Sərxanla Edqarın fikir ayrılığı yoxdur.
Romanda bu iki dostun üç insanı ziyarət etməsi
(hər ikisinin anasının qəbirlərinə baş
çəkməsi, dənizdə boğulan Vitaliki yad etmələri)
təsirli səhnələrdir.
M.Oruc istər
povestlərində, istərsə də
"Köçürülmə" və "Qısa
qapanma" romanlarında retrospektiv təsvirlərə
xüsusi aludəçilik göstərir və bu üsul
obrazların keçmişi ilə bu günü arasında
canlı bir körpü yaradır. O, hər iki obrazın həyatındakı
enişləri, yoxuşları, ən sarsıntılı
anları təsvir edir və bu prosesdə obrazlar daha
dolğun, təbii ki, "boyaların
qatışığında"-bütün müsbət və
mənfi xüsusiyyətləri ilə əks olunurlar. Sərxanın
gündəliyindəki həyəcanlı sətirlər,
Bakının 90-cı il günləri, rus qadınından
olan oğlunun Qarabağ uğrunda döyüşlərdə
həlak olmasından doğan ata iztirabı, Edqarın
anasının daşnakçı xisləti, oğluna zorla qədim
erməni əlifbasını öyrətmək istəməsi
və bəzi erməni qadınlarına xas olan müsəlman
aşnasının olması, Sərxanın ateizmə meyli,
bir erməni qızının ona vurulması, latış
qadını Zintra ilə sevgi macərası (ondan bir oğlu
da olur), Edqarın Bakı yeməkxanalarında kamança
çalması... bütün bu olayları, rəssam dililə
desək, cizgiləri M.Oruc bircə-bircə
obrazların "rəsmlərinə"
köçürür.
"Qısa qapanma" isə sonda baş verir. Anasının qəbrini
ziyarət edəndən sonra Edqar dərk edir ki, Vətən
sandığı Bakıya heç vaxt qovuşa bilməyəcək,
çünki o, İnsan kimi insan olsa da, milliyyətcə ermənidir,
millətindən olanlar tarix boyu türkə düşmən
kəsiliblər, onu tanıyacaqlar (hərçənd ki,
Bakıda başqa adla yaşayan nə qədər erməni
qadını var). Doğrudur, onu bir neçə adam tanıyır, amma humanist Azərbaycan
xarakteri yol vermir ki, bu ermənini ələ versinlər. Və Edqar elə Bakıdaca ölür.
Romanda Edqarın taleyi ilə paralel başqa bir hadisənin
də şahidi oluruq. Ermənistandan, ata-baba yurdundan
qaçqın düşən Sərməstin anadangəlmə
lal oğlu Nalə də Yerevana gedib çıxır.
Gürcüstandan keçib, tanış
olduğu yollardan adlayıb uşaqlıq dostu Arakeli tapır.
Eyni, oxşar situasiya ilə qarşılaşırıq:
"Arakel onu həmişə olduğu kimi gülərüzlə
qarşıladı; həmişə olduğu kimi kövrəlib
ağladı. Ondan fərqli olaraq, dostu Arakel
asanlıqla ağlaya bilirdi və gözlərindən
gildir-gildir yaş gəlirdi. Yenə
Arakelin gözlərinin gildir-gildir yaşı onun sifətini
islatdı. Arakelin atası Hovasap da,
anası Məryəm də, hələ ərə getməmiş
bacısı Açul da gülərüzlə onun
qarşısına çıxdılar. Açul da onun
kimi anadangəlmə lal-kar doğulmuşdu və o, hiss eləyirdi
ki, onun bu evə ayaq basmasına Arakel qədər də Açul sevinir". Nalənin məqsədi budur ki, İrəvana gəlməkdə
fikri anasının nəşini Azərbaycana aparsın.
Qəbri tapırlar və Nalə anasının
nəşini dostu Arakellə qəbirdən
çıxardıb, səliqə ilə yığcam
çamadana dolduranda yaxalanır. Onu dəli
hesab edirlər.
Bu paralel səhnə də göstərir ki, Arakel-Nalə dostluğu və Arakelin ailəsinin də Naləyə səmimi münasibəti insan, yoxsa erməni dilemmasını ortaya qoyur. Görünür, ermənilər arasında Edqar kimi düşünənlər varmış.
M.Oruc mükəmməl yazı texnikasına
yiyələnən, Azərbaycan dilinin incəliklərinə
yaxşı bələd olan nasirlərimizdəndir. Onun təkcə orijinal nəsr əsərləri
deyil, rus dilindən tərcümə elədiyi əsərlərdə
də dil canlıdır, şəhdli-şirəlidir.. Tərif
olmasın, elə bir cümlə tapammazsan ki, orada bir pintilik,
səliqəsizlik, üslub səhvi meydana çıxsın.
Amma təkcə rəvan yazmaq, dilin gözəlliyini qorumaq
azdır. "Bu dildə varlığın hər sədası
var, bir neçə sait də
düşməmiş kənar. Bu dil təmizlikdə
- uşaq nəfəsi Gözəllik utanar bu incə dildən"
(Əli Kərim)- dilin gözəlliyi həm də
obrazların danışıq tərzini, xəlqi və
intellektual səviyyəsini, təsvir olunan məkanın dəqiq
cizgilərini canlandırmaq məharətini özündə
ehtiva edir. Digər tərəfdən,
müasir romanlara xas olan psixoloji məqamları , yəni obrazın daxili dünyasını əks
etdirmək də ustalıq tələb edir. İlk
baxışda elə görünür ki, romanda ciddi bir
konflikt, qarşıdurma yoxdur, amma əslində, roman iki
insanın taleyində baş verən mənəvi
sarsıntıların, gərgin, son dərəcə dramatik
kolliziyalarını əks etdirir. Hadisələrin dramatizmi, birinin
ardınca digərinin daha gərgin bir tonda baş verməsi
sonadək davam edir. Romanda 90-cı illərin ictimai -siyasi mənzərələri,
Bakıda və Dağlıq Qarabağda baş verən hadisələr
yeri gəldikcə xatırlanır və bu da təsvir olunan
dövrün reallıqlarını göz önünə gətirir.
"Qısa qapanma" ateist Sərxanın son anda (Məmməd
onun öləcəyini düşünərək bu səhnəni
təqdim edir-V.Y.) Allaha üz tutması, ondan imdad diləməsi ilə
başa çatır: "Mənzilində gözlədiyi
qısa qapanma sanki ürəyində başlayırdı.Hələ
ölüm havası heç zaman onu bu qədər
yaxından vurmamışdı. Birdən-birə titrəməyə
başlayanda, astadan, dodaqlarının ucunda:
“Allahım, aman ver,-dedi,-sənnən bircə
günlük möhlət istəyirəm.
Ömründə ilk dəfə idi ki, Allahın
adını tutub, Allahın adını dilinə gətirib
kömək istəyirdi".
Və beləliklə, sırf humanizm mövqeyindən
yazılan roman sona yetir.
Vaqif YUSİFLİ
525-ci qəzet.- 2015.- 18 mart.- S 8