Mənə məktub yaz
...
Orta məktəbdə
bizə öyrədiblər
ki, dünyada hər şey hərəkətdədir, sükut
ölüm deməkdir. Əslində bircə açar qırx qapıya düşsə də, hər qapıya ayrı- ayrı açarlar axtarılıb,
son nəticədə qapıların
qırxı da bu günədək bağlıdır. Darvinin
çürük təkamül
nəzəriyyəsi çoxdan
əhəmiyyətini itirsədə
(bilmirəm, heç ona haçansa inanan olubmu ?!) hələ də orta məktəb
dərsliyində insanın
əmələ gəlməsi
prosesi kimi təbliğ olunur.
Deməli,
bugünkü nəslin
də azad düşünmə haqqına
girmiş oluruq və Allah bilir, neçənci dəfə
özümüzü aldadırıq...
Nə isə bu özgə, bəlkə də uzun bir söhbətin
mövzusu ola
bilər...
El içində belə
deyirlər ki, ən gözəl təzə ən yaxşı köhnədir. Baxırsan
ki, otuz- qırx il
öncə dəbdə
olan geyim forması saç düzümü, tərz və üslub bu günümüzə daşınır, özü
də çox sevilir. Hələ bir nostalji də
yaşayırıq, sevinirik
ki, yeni nəsil bilmədiyi, görmədiyi, qiyabi tanıdığı ənənəni
qəbul edir və nə yaxşı ki, edir... Daha bəzi
"ədəbiyyatçı"lar kimi "mən varam, dünya var" illüziyası ilə xumarlanmır... Bu gün keçmişə söykənir,
dünəndən doğulur,
sabahı isə yaradır.Keçmiş həqiqətdi,
onu gizlətmək, inkar etmək olmaz..
...Məni bir ədəbiyyatçı
kimi həmişə qapalı, sirli məqamlar cəlb edir. Məsələn, orta məktəb partasının üstünə
ya qələmlə, ya da bıçaqla
qazıyıb nəsə
yazanlar onda da vardı, indi də var,
güman ki, sabah da olacaq . Fərq
orada yazılan sözlərdədi ... Açıq
şərhə ehtiyacı
varmı?!..
Mən keçmişdən gəlmişəm,
Qəbul
edəcəksənmi?..
Könlümdən keçənləri
Duyub biləcəksənmi?..
Dağlarda duman vardı,
Söylə hələ qalırmı?
Yenə
həzin küləklər
O nəğməni çalırmı?
Bilmirəm kim haqlıdı,
Kimin çoxdu
günahı.
Kimsəsiz ağacların
Görünməyir ki ahı.
Ver əlini, ver mənə,
Bilməyən qınayacaq.
Bu sevgi üzə durub,
Bizi çox
danlayacaq.
Gözlərimə bir də bax...
Özünü tanıdınmı?
Keçmişdən gəldiyimə
De, indi inandınmı?..
Əlbəttə, keçmişdən gələn təkcə mən deyiləm, şübhəsiz sizin də aranızda belələri yox deyil...
... Sevgi payını, taleyinə yazılan qisməti axtaran, onu heç gözləmədiyi vaxtda
tapıb elə tanıdığı kimi
itirənlər də
olur... bəxtəvərlərlə
yanaşı... Elə
90 yaşlı amerikalı
qadın kimi... Gənclik illərində çox az
adam gündəlik yazır, bura etiraf etməyə cürəti çatmadığı
ürək sözlərini,
gizli hisslərini, ömrün yaddaqalan tarixi anlarını qeyd edir, özünü
özüylə bölüşür...
Təsəvvür edirsiz, gəncliyin
köpüklü dənizə
bənzəyən təlatümlü
çağında sevən,
sevilən, amma mənfur müharibənin
qırdığı ürək,
yarımçıq qoyduğu
ömür, darmadağın
etdiyi həyat...
Əvvəlcə ilk sevgi hədiyyəsi
olan, sonra müharibədə həlak
olmuş gənc oğlanın ürək çırpıntıları, sevgi etiraflarını bu günümüzə daşıyan bir muzey eksponatına çevrilən gündəlik...
Həyatın hər bir anı sürprizlərlə,
təzadlarla doludur.
Açdığı qapını
sonda kimin bağlayacağını bilmir
insan... 70 il
sorağında olduğu
sevgili, bu illərin iztirablarına boyanan pirani saçlar, həsrətdən
solan bəniz, gənclik təravətini
itirmiş sima, zəifləmiş ürək,
itirmiş səadətin
naməlum ünvanına
zillənən tutqun baxışlar... Bax budur həyat...
Könlümdəki daşa bax,
gözümdəki yaşa
bax,
İllər ötür... yaşa
bax...
Sevgi həyatdır...
Mark Avreli öyrədirdi ki "sevən adam möcüzələrə
inanmırsa, batıb".
İlk sevgi etirafları... həyəcanlar,
hissi sözə çevirməyin yüz yol ölçülüb
biçilməsi...
Görünəndə isə bütün düşündüklərinin
bir andaca "beynindən uçması"!..
Görəsən sevginin açmadığı
ürəyi başqa nə ilə açmaq olar ?.. və
görəsən sevgi
hər ürəyi özünə mənzil seçirmi? Mənim cavabım yoxdur:
Məhəbbət candan gəlir,
Ürəkdən, qandan gəlir,
Uca Tanrıdan gəlir,
Hər ürək sevə bilməz...
Dünyanın tək ehtiyacı, yeganə xilas yolu olan məhəbbət !... gözlə görünməyən, əllə hiss olunmayan başlanğıcı dünyanın özündən qoca, özü hələ cavan məhəbbət... sevməyənlərin varlığına inanmadığı, sevənlərin səcdə qılıb iman gətirdiyi məhəbbət ... əbədiyaşar, ulu , müqəddəs hiss... Şair və yazıçıların əbədi və əzəli qibləsi və cismin vəhdəti, insanı yerdən alıb asimana qaldıran duyğu ... onu , onun özünə belə daha mükəmməl surətdə təqdim edən, dəyişən, cilalayan eşq...
... Sənsizdim, tənhaydım, kimsəsiz idim,
Öz içimdə batan həzin səs idim...
Dünya özü boyda dəmir bir qəfəs,
Mənsə bu qəfəsdə boğulan nəfəs...
Məhəbbət yuva quran ürəklərdə qəzəb, kin, nifrət, nislik, paxıllıq, xəyanət ... kimi neqativ hisslərə yer olmaz.Sevginin övladı yaxşılıqdır, qarşılıqlı hörmətdir, qayğıdır, sədaqətdir, halallıqdır, əmin-amanlıq, sülh ... bir sözlə gözəllikdir.
Sığal çəksən, quru budaq da canlanar, qayğı göstərsən, şoran torpaq çiçəklənər... Səmavi eşq, Yaradana sevgi bütün canlı aləmdə bir- birinə sevgi doğur, ən çətin olanı isə onun etirafıdı...Dünənəcən bizə elə gəlirdi ki, yalnız insanlar sevgi münasibəti qurur ... Sən demə bir- birinə qonşu duran ağaclar da öz aralarında söhbətləşirmiş ... İlahinin hikmətinə bax...
Dahilərdən biri "sevməyi yalnız sevirəm deyə qışqıranlar bacarmır" söyləyirdi ... ...Bir zaman məktub yazardılar sevdiklərinə ... öz pünhan hisslərini ağ vərəqə hopdurub çatdırardılar...
... Dediyim çox uzaq tarix olmasa da bu gün demək olar ki, özü tarixdi...
Təəssüf , çox təəssüf...
PS: Bəlkə səhv edirəm?.. Belə düşünən varsa... Mənə məktub yaza bilər...
Şahnaz Şahin
525-ci qəzet.- 2015.- 18 mart.-
S7