Hüseynbala Mirələmovun daha bir kitabı
ingilis dilində
Yazıçı, dramaturq Hüseynbala Mirələmovun "Cəza"
povesti ingilis dilində çapdan çıxıb. Kitab "Mütərcim" nəşriyyatı tərəfindən
buraxılıb.
Kitabın tərcüməçisi və
ön sözün müəllifi yazıçı
Kamran Nəzirlidir. Tərcüməçi
K.Nəzirli bu haqda açıqlamasında
deyib:
"Cəza"nın ingilis dilinə tərcümə olunmasını
zəruri edən amillərdən biri də Azərbaycan yazıçısı Hüseynbala
Mirələmovun mövzu
və ideya seçimidir. Yazıçını
Təbiətə, Allahın
yaratdığı canlı
varlıqlara qəsd problemi narahat edir. Qəribədir, biz insanlar həmişə
Allahdan mərhəmət
diləyirik, Onun bizi sevməsini, bağışlamasını diləyirik.
Özümüz isə Ona, Onun yaratdıqlarına mərhəmət göstərmirik,
bəzən Onun yaratdıqlarını (əslində
bizim üçün
yaratdıqlarını!) sevə
bilmirik, qoruya bilmirik. Allahın yaratdığı bütün canlı varlıqları, Təbiəti,
heyvanları sevin, sevin ki, siz
də seviləsiniz.
Qoruyun ki, sizi də qorusunlar!
Yazıçının dünyaya çatdırmaq istədiyi
əsas mesaj da budur! Əsərdə qoyulan bu problem milli çərçivədən
çıxır və
beləliklə, dünyəvi
problemə çevrilir.
Povestin aktuallığı və
əhəmiyyəti də
bundadır. Yazıçı "Cəza" povestində Təbiət və İnsan qarşıdurmasını
və onun ağır nəticələrini
ədəbi fakturaya çevirərək çox
maraqlı və düşündürücü bədii əsər ortaya qoyub".
Tərcüməçi daha sonra qeyd
edib ki, son illər Azərbaycanın
yazıçı və
şairlərinin əsərlərinin
ingilis dilində nəşr edilməsi və onların xarici ölkələrdə
tanıdılması sahəsində
fəaliyyətini daha
da genişləndirmək
niyyətindədir. Hazırda bu
sahədə bir neçə layihə üzərində işləyir.
Artıq Anarın, Elçinin, Kamal Abdullanın, Afaq Məsudun, Yaşarın, Kamil Əfsəroğlunun,
Natiq Məmmədlinin
hekayələri, Söhrab
Tahir, Bəxtiyar Vahabzadə, Ramiz Rövşən, Vahid Əziz, Çingiz Əlioğlu, Vaqif Bəhmənli, Ağacəfər
Həsənli və Zakir Fəxrinin şeirlər toplusu üzərində iş gedir.
Yaxın günlərdə isə Azərbaycan Tərcümə
Mərkəzində "Müasir
Azərbaycan şeiri antologiyası" ingilis dilində işıq üzü görəcək. Azərbaycanın 55 tanınmış şairinin
101 şeirindən ibarət
antologiyanın geniş
təqdimatı nəzərdə
tutulur.
525-ci qəzet.- 2015.- 18 mart.-
S 7.