Sabitlikdən iraq düşmüş İraq - Ərbil şəhəri

 

 

(Əvvəli ötən sayımızda)

 

Ərbildən ayrılıram, növbəti ünvan isə bir parçamız olan doğma Kərkükdür.  Ərbildən Kərkükə təxminən bir saat yoldur. Kərkük İraqın sayca beşinci böyük şəhəridir. Mənbələrə əsasən, Kərkükün əsası 3 min əvvəl şumerlər tərəfindən qoyulub. Hazırda Kərkük vilayətində yaşayan təxminən 1,7 milyon nəfərin 700 mini məhz bu şəhərin sakinləridir. Əvvəllər Kərkükün əhalisi tamamilə türkmənlər olub. Amma Səddam Hüseynin dövründə köçürülmüş ərəblərin hesabına milli yeknəsəklik pozulub. Səddam devriləndən sonrakı dövrdə isə planlı şəkildə şəhərə köçürülən çoxsaylı kürdlər türkmənləri azsaylı sakinlərə çevirib. Nəticə budur ki, hazırda Kərkükdə türkmənlər ümumi əhalinin 30 faizindən çox deyillər.

 

Qızıl Körpü - şəhid harayı

 

Bu gün Kərkükdə demək olar ki, dinclik yoxdur. Şəhərdə vəziyyət çox təhlükəlidir. Güneydə İŞİD- müharibə davam edir. Kərkükə gəldiyim gündən hər gecə bomba səsləri, partlayışlar bütün şəhəri titrədirdi. Türkmən qüvvələri peşmərgələrin İŞİD-ə qarşı hücumuna koalisiya qüvvələri dəstək verirdi. Belə ki, koalisiya gücləri terrorçulara havadan zərbələr endirirdilər. Yerli rəsmilər, sakinlər vəziyyətin çox ağır təhlükəli olduğunu etiraf edirlər. Bu gün Kərkükdə yalnız İŞİD qorxusu mövcud deyil. Eyni zamanda daxildə digər qruplaşmalar da var ki, onlar hər an partlayış, terror hadisəsi törədə bilərlər törədirlər .

 

Kərkükdə hər addım dağıdılmış, yandırılmış binalara rast gəlinir. Yerli sakinlər deyirlər ki, təhlükənin haradan gəldiyi bəlli olmaz. Məsələn, yolda insanların sıx olduğu yerlərdə bir kamikadze özünü partladır, yaxud maşın dayanır partlayış baş verir. Şəhərdə mühafizəni həyata keçirən çoxsaylı polislərin olmasına baxmayaraq, terror hadisələrinin qarşısını almaq o qədər asan deyil.

 

Bu gün Kərkükdə demək olar ki, evləri kirayə vermirlər. Bir neçə gün əvvəl bir ailə ev kirayələyib, az müddət sonra isə qapıları açıq qoyaraq evi tərk edib. Mənzil sahibi şübhələnərək, evə daxil olmadan polisə məlumat verib axtarış nəticəsində evdə quraşdırılmış bombalar tapılıb. Əgər vaxtında bombalar aşkarlanmasaydı, çox böyük bir faciə baş verə bilərdi. Yaxud, iki qardaş bu günlərdə ev kirayələyib onların da məqsədi terror törətmək olub. Təhlükəsizlik qüvvələri onların izinə düşərək hər ikisini saxlayıb. Şəhərdə gecələr küçəyə çıxmaq da təhlükəlidir. Xüsusilə siyasətçilər, tanınmış insanlar ehtiyatlı davranırlar. Bura gələn qonaqlar xüsusi mühafizə altındadırlar. Mühafizəsiz hərəkət etmək mümkün deyil.  İnsanlar artıq mövcud vəziyyətə öyrəşiblər və onlar həyata nikbin baxırlar. Hər kəsin içində, inşallah, bir gün sabitliyə qovuşmaq ümidi vardı.

 

Kərkükdə ilk baş çəkdiyimiz ünvan türkmən şəhidliyi oldu. Altun Körpü ərazisindəki bu yerdə 100-ə yaxın günahsız türkmənin məzarı var.  Belə ki, 1991-ci il mart ayının 28-də Səddam Hüseynin əsgərləri burada 100-ə yaxın günahsız türkməni məhz türkmən olduqları üçün güllələyib. Qətliamdan sonra yerli xalq şəhidlərin meyitlərini toplayaraq əsas magistralın kənarında qəbiristanlıqda dəfn ediblər. Daha sonra isə qətliam zamanı həlak olanların ad və soyadları yazılmış bir lövhə hazırlanaraq məzarlığın girişində quraşdırılıb.

 

Yol boyu Kərkükün ətrafında yeni evlərin salınmasının şahidi olduq. Hamısı da kürdlərindir. Demək olar ki, bölgədə bütün hakimiyyəti əllərində cəmləyən Kürdüstan tərəfi Kərkükü kürdləşdirmək siyasəti yürüdür və hər tərəfdən gətirtdiyi kürdləri burada yerləşdirib. Bunun nəticəsində əvvəllər türkmən şəhəri olan Kərkükdə bu gün kürdlər faiz nisbətilə çoxluq təşkil edirlər.

 

Kərkükə səfər proqramı çox zəngin idi. Kərkük qadınlarının 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təşkil etdikləri tədbirlərdə iştirak etdikdən sonra Türkməneli Partiyasının iqamətgahına yollandıq. Şəhərdə hər bir partiya, hər bir dövlət və özəl qurumun ofisinin qarşısında silahlı mühafizəçilər dayansa da, maraqlıdır, bölgənin ən iri siyasi təşkilatlarından olan Türkməneli Partiyasının qarşısında kimsəni görmədik. Sanki buradakı insanlar bütün təhlükələrə hazır idilər. İnsanlar arasında bu partiyaya çox böyük sevgiinam var, yeganə partiyadır ki, Türkmənelinin qurulması uğrunda mübarizə aparır və bu mqsədindən heç zaman kənara çəkilməyib.

 

Partiyanın sədri Riyaz Sarıkahya isə sözün əsl mənasında türkmən millətinin fədaisidir və bütün ömrünü millətinə həsr edib. Hər şeyi öz hesabına həll edən partiya türkmənlərin gələcəyini müstəqil görür. Hansı ki, bəzi partiyalar türkmənlərin gələcəyini Kürdüstanla birlikdə, bəziləri isə Bağdad hökumətinin hökmündə təsəvvür edir. Türkməneli Partiyasında isə düşünürlər ki, Türkməneli ayrıca subeykdirbütün hallarda onun varlığı qəbul edilməlidir. Hətta Kürdüstan muxtariyyətinə birləşsələr, o zaman bu muxtariyyətin adı dəyişməli və hər iki xalqın maraqlarını qoruyacaq bir ad almalıdır. Təbii ki, kürdlər bunu qəbul etməzlər...

 

Hazırda partiyanın iqamətgahında Mosuldan və Telafərdən didərgin düşmüş bir neçə gənc də məskunlaşıb. Onların Kərkükdə qalmağa yerləri yoxdur, odur ki, sədr Riyaz Sarıkahya partiya iqamətgahında qalmaları üçün onlara yer verib. Üstəlik, gənclərə aylıq dolanışıqlarını təmin etmələri üçün partiyada müəyyən həvalə edilib və müqabilində təxminən 250 dollar maaş kəsilib.Bu gənclərdən biri olan Ömər Abdusalimin ailəsi hazırda Mosulda İŞİD-in əlindədir. Onlarla telefonla danışır, durumları çox çətindir, talelərinin necə olacağı bəlli deyil.

 

Qızlar məktəbi

 

Kərkükdə Barış Qız Liseyi var - adından göründüyü kimi, şagirdləri ancaq qızlardır. 12 illik bu liseyin müdirəsi olan Solmaz Hamamcının sözlərinə görə, məktəb 2009-cu ildə açılıb. Əvvəl ayrı yerdə fəaliyyət göstəriblər, indiki binasına isə 2014-cü ildə köçüblər. Hazırda 6 sinifdən ibarət məktəbdə 532 şagirdə 46 müəllim dərs verir. Dərslər türkcə keçirilir, özü də latın əlifbası öyrədilir. Din dərsləri isə ərəbcə keçirildiyindən, təbii ki, ərəb əlifbasından istifadə olunur. Təhsil haqqı alınmır, üstəlik, bütün dərsliklər şagirdlərə pulsuz verilir. Məktəbə istənilən formada yardımı ancaq Kərkük Vilayət Vəqfi göstərir.

 

Onun dediyinə görə, dərslərin keyfiyyəti çox yüksəkdir. Hətta vaxtaşırı məktəbdə müxtəlif dərs sahələrində müsabiqələr də təşkil olunur. Bundan əlavə, vilayət civarında bir sıra məktəblərarası yarışlarda da iştirak edərək qalib olublar.

 

Daha sonra sinifləri gəzdik. Məktəb yeni olduğundan dəhliz, bütün siniflər də öz təmizliyi ilə diqqət çəkirdi. Yüksək intizam vardı, dərs vaxtı kiminsə dəhlizdə görünməsi mümkün deyildi. Hər sinifdə ayrıca uşaqlardan Azərbaycanı tanıyıb tanımadıqlarını soruşuruq. Hər kəs olmasa da, çoxu Azərbaycan barədə məlumatlıdırlar. Hətta qızlardan biri Azərbaycanda Xocalı soyqırımının baş verdiyinibunun ermənilərin törətdiyini dedi. Şagirdlər onu da əlavə etdilər ki, məktəbi bitirəndən sonra məmnuniyyətlə Azərbaycan universitetlərində təhsillərini davam etdirmək istəyirlər.

 

Hərbi düşərgədə

 

Hərbçilərin müşayiətilə Kərkükə səfər müddətində döyüş bölgəsində və təlim düşərgəsinə də baş çəkdik. Leylanda təlim mərkəzində könüllülərin qalması üçün çadırlar qurulmuşdu. Ortalıqda isə bir qatlı kərpic binada komandanlıq yerləşirdi. Təlim düşərgəsinə Səddam Hüseyn dönəmində orduda əmək sərf etmiş polkovnik rəhbərlik edir. Türkmən hərbi qüvvələrinin koordinatoru Əbu Səccadın sözlərinə görə, İŞİD artıq buradan qaçmağa başlayıb: "Biz İŞİD-i bitirəcəyik, buna gücümüz və cəsarətimiz yetir. İŞİD-in ən çox istifadə etdiyi silahlar "Kannas -2", "Havan"dır.  İŞİD əvvəllər daha güclü idi. Bizə mərkəzi hökumətdən dəstək gəlməmiş özümüz toparlandıq mübarizəyə qalxdıq".

 

Əbu Saccid deyir ki, müsəlman müsəlmanı qətlə yetirməz, ağır işgəncələr verməz:  "Bunlar insan deyil, müsəlman deyil, vəhşidirlər. Bu terror qruplaşmasını kim qurub biz yaxşı bilirik, yaradanın məqsədi bəllidir.  Ancaq biz bütün torpaqlarımızı geri alacayıq. Bu gün 15-16 yaşlı gənclər döyüşmək üçün bura gəlirlər. Biz əvvəl onları geri qaytarırdıq, ancaq onlar qalmaq üçün israr edirlər. Ona görə təlim mərkəzində qalaraq müəyyən şeylər öyrənirlər. Yaxın zamanda Kərkükü tam azad edəcəyik, sonra Mosula daxil olub bütün İŞİD qüvvələrini ərazidən çıxaracağıq. Bizim şüarımız belədir: "Az yaşa, azad yaşa". Bu şüarla da yolumuza davam edirik".

 

Təlim düşərgəsi döyüş gedən ərazidən təxminən 20 km aralıdır. Burada bir çox ölkələrdən gələn hərbçilər yerli döyüşçülərə təlim keçirlər. Təlim mərkəzinə üz tutanların sayı günü-gündən çoxalır. Yaşlı, gənc, yeniyetmələr öz torpaqlarını azad etmək, İŞİD qüvvələrini məhv etmək üçün buradadırlar. Hər biri yaxın günlərdə İŞİD terrorçularından tam qurtulacaqlarına əmindirlər.

 

İŞİD- üz-üzə

 

Kərkükün İŞİD-dən yenicə azad edilmiş Məktəbxalid kəndindəyik. Mənzərə çox üzücüdür, tamamilə məhv edilmiş kənd, İŞİD-in hücumu zamanı başını götürüb qaçan insanların geyimləri, uşaqların ayaqqabılarının tayları hələ də yol kənarındadır. Əraziyə daxil olmaq o qədər də asan olmadı. Məktəbxalid kəndinə giriş üçün peşmərgələrin komandirindən icazə alındı. Burada peşmərgələr türkmən döyüşçülərlə bərabər İŞİD-ə qarşı mübarizə aparırlar. Məktəbxalid kəndi bir neçə gün əvvəl kürd peşmərgələri və türkmən döyüşçülər tərəfindən İŞİD terrorçularından azad edilib. Bura döyüş zonasının birinci xəttidir, yəni İŞİD-in məskunlaşdığı yerə çox yaxındır. Məktəbxalid kəndinin alınması uğrunda gedən döyüşlərdə təkcə türkmənlərdən 6 gənc şəhid olub. Bir qədər qarşıda isə İŞİD-in əlində olan Məryəmbək kəndidir.  Peşmərgələrin komandiri döyüş ərazisi ilə məsafənin çox qısa olduğunu deyərək,  təhlükəsizlik səbəbindən ərazini tez tərk etməli olduğumuzu söylədi. Hərbçilərin verdikləri məlumata görə, son üç gün ərzində 20-yə yaxın kəndi İŞİD terrorçularından geri alıblar. Bunlar əsasən ərəb və türkmən kəndləridir. İŞİD-dən azad edilən ərazilərin çox hissəsi minalanıb, ona görə də daha yaxın ərazilərə keçmək qadağandır. Terrorçu qrup ərazini tərk edərkən evləri yandırır, bacardıqları qədər hər şeyi dağıdır, viran qoyur. Kənddə İŞİD-in vurulmuş tankı, partlamış raket qalıqları, yeraltı bunkerləri, səngərləri qalıb. Bu kəndlər yalnız yerli döyüşçülərin səyi ilə geri alınmayıb. Çünki indi peşmərgə və türkmənlər elə güclü, müasir silahlara, toptanklara malik deyillər.

 

Döyüşçülərin əlində yalnız yüngül silahlarpulemyotlara rast gəldik. Koalisiya qüvvələri havadan zərbələr endirməsə, İŞİD-lə bacarmaq o qədər də asan başa gəlməyəcəkdi. Kəndin girəcəyində terrorçu qruplaşma "Kərkük bizim gələcəyimizdir, Kərkükü almaqdan ötrü and içmişik" yazılmış lövhə qoyublar. Həmin lövhənin fotosunu çəkmək hərbçilərin etirazı ilə qarşılaşdı və onlar tez lövhəni çevirirlər. Onlar deyirlər ki, yuxarıdan döyüş əmri almadıqları üçün qarşıdakı günlərdə döyüşlərə bir qədər  fasilə verəcəklər. İŞİD-dən alınan kəndlərdə isə hələ ki, yaşayış yoxdur. Çünki qeyd etdiyim kimi kəndlər viran qalıb.

 

Pərvanə Sultanova

Bakı-Kərkük-Bakı

 

(Ardı var)

525-ci qəzet.- 2015.-18 mart.- S5.