Çanaqqala savaşı Vətən
sevdası ilə qazanıldı
1911-1912-ci
illərdə Osmanlı dövləti sahibi olduğu son Afrika
torpaqlarını İtaliyaya təslim edərək qitəni
tərk etdi, 1913-cü ildə Balkan savaşındakı
süqutu daha acınacaqlı idi, 500 illik Rumelidəki türk
hakimiyyəti də sona yetdi, bolqar orduları İstanbulun
qapısına dayanmışdı. Qədim
dövlətin üzərində əsən soyuq rüzgar hər
şeyi silib-süpürmüşdü. Məqsəd
Osmanlını yer üzündən silmək, Türkiyəni
dövlətsizləşdirmək idi. Günəşi
sönməkdə olan Osmanlı dövləti ya birdəfəlik
sönüb getməli, ya da var gücünü toplayıb həyata
son həmləsini etməli idi. İkincini
seçdi qoca imperiya, çox ağır olsa da.
...Çanaqqala
boğazı Ege dənizindən Mərmərə dənizinə
uzanan dar su yoludur.
Avropa və Asiyanı birləşdirən,
dünyanı qovuşduran nöqtədir. Antik zamanlarda
troyalılar gözəl tanrıça Helena
üçün burada savaşmış, İskəndər
buradan keçmişdir. 1915-ci ildə
Çanaqqalaya sahib olmaq üçün üç
imperatorluğun ordusu buraya toplaşmışdı. Meydanda ingilislər, almanlar, fransızlar,
avstraliyalılar, yeni zelandiyalılar, ruslar,
qarşılarında isə vətənlərini sevən və
əsla təslim olmaq istəməyən türklər
vardı.
İstanbul
və Çanaqqala boğazları təkcə Aralıq dənizini
Qara dənizə, Avropanı Asiyaya birləşdirən su
keçidləri və ya körpülər deyil, həm də
Aralıq dənizinin Cəbəllitariq və Süveyiş
kanalı ilə inteqrasiya olunaraq dünyanın ən
böyük dənizlərini, Atlantik və Hind
okeanlarını, həmçinin böyük materikləri
bir-birinə bağlayan çox geniş geostrateji mövqedir. Türk boğazları beynəlxalq əlaqələrə
istiqamət verməkdə hər zaman mərkəz nöqtəsidir.
Adanın cazibəsi, hərbi və ticarət
baxımından strateji mövqedə yerləşməsi
dünyanı rahat nəfəsdən məhrum etmişdi.
İmperialist ölkələrin hər biri
öz marağı üçün savaşa girib, gözəl
İstanbula və incə boğazlarına sahib olmaq istəyirdi.
Napoleon daha qısqanc idi: "İstanbul bir açardır,
ona sahib olan dünyaya hökm edəcəkdir. Əgər
Rusiya Çanaqqala boğazını ələ keçirərsə
Tulon, Korfu və Napoli qapılarına dayanmış
olacaq" deyə, Rusiyanın boğazı ələ
keçirməsinə hər cür əngəl törətməyi
düşünürdü.
Rusiya isə boğazları
ələ keçirib dənizlərə
çıxmaq, İngiltərə Suveyş kanalı və
Hind okeanı yolunun təhlükəsizliyi üçün Fələstinə
sahib olmaq, italyanlar gözəl Antalyaya sahib olmaq
üçün savaşırdılar.
İngilislərlə rusların ortaq marağı ondan
ibarət idi ki, bu iki müttəfiq bir-biri ilə əlaqə
saxlamaq üçün Mərmərə və Qara dənizi ələ
keçirməli idilər. Lakin İstanbulun səddi
Çanaqqala, Çanaqqalanın səddi isə Mustafa Kamal
idi. Tarix göstərdi ki, bu sədləri
keçmək heç də asan deyilmiş.Və beləcə,
dünya tarixinə ən qanlı dəniz müharibəsi
adlı səhifə yazıldı. Bu, 1914-1915-ci illərdə
Osmanlı imperatorluğu ilə imperialist dövlətləri arasında baş
verən Çanaqqala savaşı idi.
Tarixçilər və salnaməçilər Antanta
dövlətlərinin İstanbul uğrundakı
maraqlarını Çanaqqala macərası
adlandırırdı. Yazırdılar ki, yalnız
Çanaqqalanı almaqla İstanbulu fəth etmək
mümkündür. 1914-cü il avqustun 1-də Almaniya Rusiyaya müharibə
elan etdi. Həmin günün ertəsi Osmanlı dövləti
Almaniya ilə ittifaqa
girdi, yəni Birinci Dünya müharibəsinə
qatıldığını rəsmiləşdirdi. Sultanın kürəkəni, hərbi nazir Ənvər
paşa əvvəlcə savaşa girmək istəməsə
də, Almaniya bir müttəfiq kimi Osmanlı ordusunu savaşa
sürüklədi. Bu, o zaman idi ki,Sarıqamışda
yüz minə yaxın türk əsgəri şəhid
olmuşdu. Ordu, geyim, ərzaq, silah-sursat və
tibbi ləvazimat baxımından acınacaqlı durumda idi,
ölkə yoxluq və fəlakətlə üz-üzə
dayanmışdı. Avropaya da bu lazım
idi. Düşünürdülər ki, Türkiyəyə
və sularına sahib olmaq üçün bundan böyük
şans və imkan ola bilməz.
1914-cü
il oktyabrın 27-də Osmanlı
donanmasına aid bir qrup gəmi Rusiya limanlarını
bombaladıqdan sonra Rusiya yeni bir cəbhə açaraq
Türkiyəyə müharibə elan etdi. Bir
işarəyə bəndimiş kimi Fransa və İngiltərə
də dərhal ordularını boğaza çıxardı.
Birləşmiş Krallığın donanma
başçısı Vinston Çörçill
boğazın donanma ilə keçilməsi planını
hazırlayır və bildirir ki, dəniz savaşı ilə
boğazı daha tez işğal edib İstanbulu ələ
keçirmək olar. Plan müzakirə
olunduqdan sonra həyata keçirilməyə başladı.
1914-cü il noyabrın 3-də səhər
tezdən İngiltərə və Fransaya aid hərbi dəniz
gəmiləri Bozca adasından Çanaqqala
boğazının sahil sularına daxil olaraq Osmanlı
ordusunun sahildə yerləşən müdafiə
istehkamlarına atəş açmağa başlayır. İngilis hərbi gəmiləri Seddülbahir və
Ertoğruldakı, fransız gəmiləri isə Qumqala və
Orhaniyyədəki müdafiə sədlərini top
yağışına tutur. Lakin
düşmən nə qədər güclü olsa da
boğazı ələ keçirə bilmir. Türk topçularının atdıqları hər
mərmi hədəfə dəyir, düşmənin savaş
gəmilərini havaya sovururdu. Müttəfiqlərin dəniz
qüvvələri müharibənin taleyini həll etmək
üçün boğaz sahillərinə əlavə
qüvvə göndərərək dünyanın ən
böyük dəniz müharibəsini
başlatmışdılar. Mustafa Kamal
Paşanın ağlı, zəkası və şanlı
türk ordusunun vətən sevdası hər tərəfdən
edilən hücumların qarşısında tab gətirir,
düşmənin savaş gəmilərini dənizin
sularına qərq edirdilər.
Noyabrın sonlarına doğru 1-ci və 2-ci ordunun
sıradan çıxmasına baxmayaraq düşmən
donanması boğaza daxil olmaq üçün bütün
gücünü səfərbərliyə aldı. Lakin bu cəhddə
də saysız-hesabsız canlı itki verir və savaş gəmiləri
sıradan çıxır. Sonuncu həmlə
admiral Kardenin karyerasına son verir, rəhbərlik onun vəzifəsini
de-Robekə tapşırır. 1915-ci il
martın 17-də vəzifəsinin icrasına başlayan Robek
gecikmədən adanın ələ keçirilməsini nəzərdə
tutan son hücum əməliyyatına əmri verir. Bu vaxt Yunanıstan Gelibolu yarımadasını
işğal etmək, mümkün olduğu təqdirdə
İstanbul üzərinə yeriməkdən ötrü
İngiltərəyə üç diviziyalıq qüvvə
təklif edir. Heç vaxt Rusiya ilə
Avropanın maraqları İstanbul məsələsində kəsişmədiyindən
bu dəfə də rus çarı ingilis səfirinə
heç bir şərt altında yunan əsgərinin
İstanbula girməyəcəyini bildirir və
Yunanıstanın bu təklifinin qarşısını
alır. Çünki rus çarı
İstanbulda yunan deyil, rus görmək istəyirdi.
Türk tarixə Çanaqqala zəfəri yazan o gün
yetişir.
1915-ci il martın 17-dən 18-nə
keçən gecə düşmən cəbhəsi
müharibənin taleyini həlledən son əməliyyata
başlayır. Savaş gəmilərində
250-dən artıq müasir top yerləşdirib, sahilboyu 10
müdafiə istehkamı qurur. Türklərin
isə cəmi 170 ədəd köhnə topu vardı. Buna baxmayaraq türk ordusu həlledici
döyüşə hazır idi. Martın
17-si axşamdan minbaşı Nəzmi bəy, "Nüsrət"
adlı mina gəmisi ilə boğaz sularına 11 xəttən
mina düzməyə başlayır. Hava
işıqlanana qədər düzülən minaların
sayı 400-ə çatır. O zaman heç kimin
ağlına gəlməzdi ki, "Nüsrət"in
tökdüyü minalar qanlı dəniz savaşının
sonunu gətirəcək. 18-i səhər tezdən
düşmən gücləri rəmzi olaraq 18 savaş gəmisi
ilə döyüşə atılır. "Queen
Elizabeth" və "İnflexible" zirehli gəmiləri
ilə "Lord Nelson" və "Agemenon" savaş gəmiləri
öndə gedirdi. Fransızların
"Trıumph" adlı zirehli gəmisindən sabahın
bağrını dələn tükürpədici atəş
açılır. Düşmənlər
əvvəlcə Rumelidə Məcidiyyəni sonra da Hamidiyyə
istehkamlarını vurur. Gün boyu
qanlı savaş davam edir. İngilis
generalları bir zaman baxır ki, gəmiləri dənizə qərq
olmuş, ordusu tükənmişdir. İstanbulu
işğal etməyin Çanaqqala variantının mənasız
olduğunu dərk edən generallar qüvvələrini geri
çəkmək istəyərkən bu dəfə
"Nüsrət"in tələsinə düşürlər. Elə bu vaxt "A"
xəttini keçməyə ciddi cəhd göstərən
fransız gəmisi "Bouvet" Həmdiyyə istehkamına
atəş açmaq istərkən minaya düşüb
parçalanır və suya qərq olur. 639 hərbçi
də gəmi ilə bərabər suyun dibinə enir. "İrrisistibi" gəmisi son gücünü
toplayıb hücuma keçmək istəyərkən
"Nüsrət"in minaları yenə də türk ordusunun
dadına çatır. Bir anın
içində hərbi zirehli gəmi bütün
döyüşçüləri və sursatı ilə
birlikdə əvvəlcə havaya sovrulub sonra Qara dənizin
sularına gömülürlər. Salnaməçilər
yazır ki, mənzərə tükürpədici idi. Sanki görünməz bir qüvvə türklərə
yardım edirdi. Minaya düşən gəmiləri
xilas etməyə gələn "Suffreno" və
"Gaulosio" savaş gəmiləri bir anın içində
minaya düşüb digər gəmilərin taleyini
yaşadılar. 6 saat içərisində
bir neçə zirehli gəmisini itirən admiral de-Robek 2-ci
diviziyanın geri çəkilməsi əmrini verir. Martın 18-i axşama doğru türk cəbhəsində
də durum gərgin, şəhid olanların sayı
yüzminlərlə idi. Şər
qarışmışdı, sularda nisbətən sakitlik olsa
da, uzaqdan sonuncu düşmən gəmisi yavaş-yavaş
boğaza yaxınlaşırdı. Ətrafda
isə qəhrəman türk ordusunun minlərlə, yüzlərlə
şəhid məhmədinin cəsədləri vardı.
Bu mövqedə tək sağ qalan Seyid
onbaşı və bir ədəd də ağır mərmi
vardı. 276 kiloluq ağır mərmini
qaldırıb topun lüləsinə qoymaq üçün
bir neçə döyüşçü lazım idi. Yaxınlaşan gəmi müharibənin taleyini həll
edə bilərdi. Ətrafda hər kəs
şəhid idi, yerdə yatırdı. Günlərlə
ac-susuz döyüşən Seyid Çavuş
"Ya-Allah" deyə bağıraraq ağır mərmini
var gücü ilə yerindən qaldırıb topun lüləsinə
qoyur və boğaza yaxınlaşan düşmən gəmisinə
tuşlayır. Gəminin gövdəsi
dağılaraq yavaş-yavaş suyun dibinə enməyə
başlayır. Çanaqqala uğrunda su
savaşında atılan bu sonuncu mərmi qanlı müharibənin
taleyini həlledir. Qoca Osmanlı 250 min
şəhidi ilə birlikdə bu tarixi qələbəni
sevinclə qarşılayır. Çanaqqala
savaşını imperialist ölkələr tarixinə ən
başarısız, utancverici deyə yazarkən qəhrəman
türk xalqı "Çanaqqala keçilməz",
"Çanaqqala Zəfəri" deyə yazdı. Türk xalqı əzmini, gücünü göstərdi.
İstanbulun boğazlarını ələ
keçirmək istəyənlərin boğazını
üzdü. Bu savaşda qadın, kişi,
hər kəs Atatürkün döyüşçüsü
idi. Analar oğullarının saçına
xına yaxıb vətənə qurban deyərək cəbhəyə
göndərirdilər. Geliboluda istiqlal, vətən və namus uğrunda
savaşaraq türk tarixini yazan şanlı qullardan biri də
yüzbaşı Ahmed Celaleddin əfəndi idi. Bölmə komandanı ikən yaralanmış bu
Çanaqqala qazisi yaralı bədənindən qan axarkən
də döyüş meydanından çəkilməyib.
Əskişəhərli qazinin nəvəsi
Nejdet Hakgüdən hoca ilə danışarkən göz
yaşları qurumur, böyük Atatürk tərəfindən
dədəsinə verilən medalı sevə-sevə qoruyub
saxladığını bildirdi. Əlbəttə,
içində bu qədər güclü sevda daşıyan
bir millət əlbəttə heç vaxt məğlub olmaz.
1915-ci ildə
Avstraliyada nəşr olunan "The Ageo" qəzetinin 8
sentyabr tarixli nömrəsində Y.C.Davies adlı bir əsgərin
anasına yazdığı məktub dərc olunur: "Yaralandığım
18 may günü 18-21 yaşları arasında olan mahir snayper
olan bir türk qızı açdığı sərrast atəşlə
gözümüzü açmağa macal vermirdi. Amma günün sonunda bir avstriyalı əsgər
onu vura bildi və mən buna çox üzüldüm. Snayper qızın ölüsünü ələ
keçirdik, onun bədənində 52 güllə yarası
var idi. Bu çox qanlı savaş
idi".
Saysız-hesabsız canlı qüvvə Çanaqqala
boğazında dəniz canlılarına yem olsa da, məğlubiyyət
Çörçilli məqsədindən döndərə
bilmir, qısa zamanda qurudan hərbi əməliyyatlara
başlamaq tapşırığı verir. Boğazdakı topçu
batareyalarını ələ keçirmək
üçün ingilis və fransız qüvvələri
aylarla mücadilə edir, lakin osmanlı
qüvvələrinin əzmini qıra bilmir. Mustafa
Kamal Paşanın ehtimallarına əsasən düşmən
qüvvələri son gücünü toplayaraq martın 25-də
Seddülbahirdən quruya qoşun çıxarır və bir
ay bu istiqamətdə qanlı quru müharibəsi baş
verir. Aprelin 25-də Qumqala, Beşike,
Bolayır, Seddülbahir, Anbumu, Qabatəpə, Conkbayır və
Anafartlarda gedən döyüşlərdə hər iki tərəf
çoxlu sayda itki verir.
Mustafa Kamal paşa 1915-ci ildə Çanaqqalada: "Mən
sizə taarruz əmr etmirəm, ölməyi əmr edirəm.
Biz ölüncəyə qədər keçən
zaman içində yerimizə başqa qüvvələr,
başqa komandanlar gələr" deyərək tarixdə ən
böyük Sipər Savaşını başlatmış
oldu.Silahı-sursatı, süngüsü belə olmayan
türk oğulları sadəcə ölmək
üçün növbə gözləyir, düşmənin
vətən torpağına girməməsi üçün
sipər olurdular. Türklərin
düşmənə divar olmaq, ölmək üçün
sadəcə növbəsini gözləməsi
avropalıları heyrətə gətirmişdi. Sipər savaşından əmin oldular ki, bu
müharibəni uduzublar, türk xalqının vətən
sevgisinə, inamına və inancına, qəhrəmanlığına.
Türk xalqı hələ öncədən bəyan
etmişdi ki, Vətən üçün gərəkirsə
sonuncumuza qədər torpağın qoynuna girərik, amma
yurdumuzdan bir qarış da yağıya vermərik.
Quru
savaşlarda da istədiyinə nail ola bilməyən
İngiltərə və Fransa qüvvələrini 1915-ci il
dekabrın 19-20-də Anafartlar və Arıburnunu, 1916-cı il
yanvarın 8-9-da Seddülbahir cəbhələrindən geri
çəkir. Türkiyəni məhv etmək məqsədilə
ordularını Çanaqqalaya çəkən dövlətlər
1915-ci ilin dekabrında Gelibolu bölgəsini və
Çanaqqalanı tamamilə tərk edirlər. Türkiyə ordusu qazandığı zəfərlə
sübut etdi ki, dünya bir yerə yığışsa onun
boğazından keçə bilməz. Beynəlxalq
siyasət və diplomatiya tarixi baxımından Antanta ölkələrinin
bütün diplomatik və siyasi gedişlərini
darmadağın edən Türkiyənin ortaya qoyduğu əhəmiyyətli
nəticəni etiraf etməkdən başqa qərbin heç
nəyə gücü çatmadı. İstanbulun fəth
olunmaması, Antanta dövlətləri və Rusiya
üçün bu xəzinənin açarına sahib ola bilməməsi ölümə bərabər
olsa da, sonda etiraf etməyə məcbur oldular. Bu
savaş zorun, silahın gücü ilə deyil, ağlın,
zəkanın, Vətən sevgisinin gücü ilə
qazanıldı.
Ali
baş komandan, general Hamilton bu
savaşın əhəmiyyətini, onu idarə edənləri,
Mustafa Kamal paşanın qəhrəmanlığını
İngiltərə Hərbiyyə Nazirliyinə
yazdığı məktubda belə ifadə edir:
İngiltərə
Hərbiyyə Nazirliyinə!
"Nə üçün geri çəkildiyimizi
soruşursunuz.
Bütün gerçəyi
açıqlığı ilə sizə bildirmək istəyirəm.
Müharibədə çox cəsurluqla
döyüşən, ən yaxşı idarə edilən əsl
türk ordusunun və polkovnik Mustafa Kamal kimi dahi bir
komandanın qarşısında dayanırıq. Bunu heç bir zaman unutmayaq".
General Hamilton: Çanaqqala ingilis baş komandanı. 17.08.1915.
General Tavshendi isə türk əsgərlərinin düşmən qarşısında ətdən çəpər çəkməsi heyrətləndirmişdi: "Avropada elə bir əsgər yoxdur ki, türk əsgərlərlə müqayisə olunsun. Misal üçün Gelibolunu göstərmək istəyirəm. Orada bizim gəmilərdən açdığımız atəş nəticəsində səngərlər yerlə-yeksan oldu. Başqa millətdən olan əsgərlər olsaydılar buna dözməyərək səngərləri tərk edərdilər. Amma türk əsgərləri sona qədər bu cəhənnəmdəki mövqelərini tərk etmədilər".
Çanaqqalada döyüşən əslən Avstriya və Yeni Zelandiyadan olan əsgərlər əsir düşdükləri zaman türklərin onlara insanca davranışlarından heyrətlə danışmışlar. İngilislər tərəfindən Anzak adlandırılan əsgərlər sonralar müxtəlif mətbu orqanlarında bu savaş haqqında danışarkən türklər haqqında demişlər: "Barbar türklər Yer üzünü məhv edir deyə bizi Çanaqqalaya gətirdilər. Biz isə onların çox alicənab, düşmənlərinə belə rəhm edən mahir döyüşçü olduqlarını gördük. Əsir götürdükləri əsgərlərlə son damla sularını və əkməklərini bölürdülər". Çanaqqala savaşından sonra qol əzələsinə türk bayrağını döydürən ingilis hərbçisi uzun illərdən sonra Nyu-Yorkda bir türkəsilli həkimlə rastlaşır, savaşda türk döyüşçülərinin qəhrəmanlığından danışır. Həkimin köməkliyi ilə islam dinini qəbul edib, Ömər adını alan ingilis hərbçi dünya ilə vidalaşarkən bir müsəlman kimi kəlmeyi-şəhadət gətirərək haqq dünyasına qovuşur. Bu müharibə hərbçilərin, tarixçilərin, araşdırmaçıların, filosofların, politoloqların, din xadimlərinin hər zaman diqqətini çəkib, onların heyrətinə səbəb olub.
Səkkiz ay yarım çəkən Çanaqqala döyüşlərində 250 min şəhid verən qəhrəman türk xalqı tarix səhifəsinə ona yaraşan bir şəkildə şanlı səhifə yazdı. O səhifəni yazanlar arasında 3 min Azərbaycan türkü də vardı. Onlar türkün azadlığı üçün bərabər döyüşüb, bir yerdə də şəhid oldular. Böyük bəstəkarımız Vasif Adıgözəlovun "Çanaqqala" aratoriyasını hər dinlədikcə sanki o savaş yenidən yaşanır, insanın hiss və duyğuları şanlı qullarımızın Vətən üçün savaşdığı o günlərə köklənir.
Rəsmiyyə
QARAYEVA
525-ci qəzet.- 2015.- 18 mart.- S 4