Azərbaycanın dövlətçilik və
mədəniyyət tarixində Şəkinin yeri
və rolu
(Əvvəli 18 mart sayımızda)
Şəkidəki Cümə məscidi
XVIII-XIX əsrlərə aid abidədir. Məscidin tikintisində yerli
inşaat materiallarından
istifadə edilib.
Plan quruluşuna görə tağlı, sütunlu salondan ibarət olub, daş və ağaclarla bölmələrə
ayrılaraq binadakı
bu böyük aşırımı örtməyə
imkan verib.
Alçaq yaşayış evlərinin
və yaşıllıqların
fonunda özünün
hündürlüyü ilə
seçilən minarə
məscidinin kompozisiyasında
mühüm yer tutur. 28,5 m. hündürlüyündə
olan minarə məscid binasından bir neçə metr aralı, ayrıca dayanan tikilidir. Yuxarıya doğru nazikləşən
minarə kərpic hörgülərlə, relyefli
naxışlarla bəzədilib.
Minarəni tamamlayan şərəfə
hissəsi çox məharətlə işlənib.
Məscidin iç məkanı sadə həll olunub.
Buradan ibadət
yeri, hücrələrindən
isə mədrəsə
kimi istifadə olunur. "N" şəklində
olan məscid kompleksi ikimərtəbəlidir.
Baş fasad kərpic naxışlarla işlənib.
Şəki şəhərinin mərkəzində yerləşən
Cümə məscidinin
həyətyanı sahəsi
700 kvadratmetrdir. Məscidin tikintisində
yerli inşaat materiallarından - çaylaq
daşı və bişmiş kərpicdən
istifadə edilib.
Minarəsinin hündürlüyü 24 metr olan məscidin
taxtadan düzəldilmiş
on pilləli minbəri
şəbəkə ilə
işlənib. İbadət zalının üç giriş qapısı və 44 pəncərəsi
vardır. Hündürlüyü iki metr olan
mehrab nəbati ornamentlərlə bəzədilib.
İkinci mərtəbədə isə qadınlar üçün ibadət
zalı fəaliyyət
göstərir. Məscidin nəzdində
fəaliyyət göstərən
mədrəsədə həm
yerli, həm də Türkiyədən
dəvət olunmuş
müəllimlər dərs
deyirlər.
Şəkixanovların evi və ya
Şəkixanovlar sarayı
- Şəkinin qoruq ərazisində yerləşən
və Azərbaycan memarlığının ən
unikal abidələrindən
biridir. Şəkixanovlar evi xalq yaşayış evindən
saray tipli evlərə keçid formasıdır. İrəli uzanmış,
düzbucaqlı formada
olan ikimərtəbəli
bina Şəki xalq yaşayış evlərinin əlamətlərini
saxlayaraq, əsasən
interyerdəki zəngin
dekorativ elementlər binanı saray tipli tikintilərə bənzədir.
Şəkixanovlar evi iki mərtəbədən
ibarətdir. Evin hər bir mərtəbəsi üç
otaqdan və iki böyük olmayan dəhlizdən ibarət olub, birinci mərtəbədən
ikinci mərtəbəyə
qalxan pillələr yerləşən otaqlarla
birləşir. Birinci mərtəbədəki
otaqlar qış yaşayış otaqları
olduğu üçün
burada "buxarılar"
yerləşdirilib. Birinci mərtəbəyə
oxşar olan ikinci mərtəbə qonaqlar üçün nəzərdə tutulub.
İkinci mərtəbənin salonunun interyerində əsas yeri eninə yerləşən
dekorativ buxarı təşkil edir. Buxarı gözəl şəkillərlə
bəzənmiş və
bütün interyerona
nisbətən simmetrik
olaraq xalq yaşayış interyerinə
uyğun olaraq işlənib. Buxarının yanlarından divara dərin olmayan düzbucaqlı taxçalar
yerləşdirilib. Taxçalar Azərbaycan
şairi Nizaminin "Yeddi gözəl",
"Leyli və Məcnun" poemalarının
qəhrəmanlarının şəkilləri ilə
bəzənib və üstü çox mürəkkəb olmayan bəzəkli stalaktitlə
örtülüb. Kəllə divarlarda
da bu cür
iki taxça yerləşir və bunların arasında qonşu otaqlara və salona çıxan qapılar yerləşir. Üç divarın
taxçaları və
boşluqları üstündən
rəf keçir ki, bu rəf
də stalaktit karniz üzərində yerləşib. Güzgü stalaktitinin
mürəkkəb quruluşunu
salonun yuxarısından
keçən karniz təşkil edir. Rəflərin üstündə taxçaların oxu üzərində kiçik
taxçalar yerləşir.
Bu taxçalar vazalarda gül dəstələri, heyvan və quş şəkilləri ilə
bəzənmişdir. Salonun xarici divardan başqa bütün qalan sahəsi isə rəsmli, ornamentli "şəbəkə" ilə
işlənib.
Müasir dövrdə "Şəki
Xan sarayı" adı ilə tanınan bu bina - "Məhəmmədhəsən
xan divanxanası" məşhur Məhəmmədhəsən
xan tərəfindən
tikdirilib. Binanın tikintisinə 1789-1790-cı ildə başlanılıb.
Çox vaxt onun tikilmə tarixi səhvən "Şəkixanovların evi"nin ("Müştaq
imarəti" - "Qurğuşunlu
otaq"ın) tikilmə
tarixi ilə qarışdırılır. Binanın inşasına
o vaxt 32 min çervon,
yaxud 32 min İran tüməni məbləğində
pul xərclənib.
Memar şirazlı
Zeynalabdindir. Qala biyar yolu ilə tikilib. Qaladakı indiki kilsə 1828-ci ilə qədər xanın ev məscidi
idi və göstərilən ildə
ruslar tərəfindən
indiki formaya, yəni xaç formasına salınıb və kilsə edilib.
Ruslar xanın
hərəmxanasının yerində isə həbsxana binası tikiblər. Qalanın dörd küncündəki
4 böyük bürc
də ruslar tərəfindən topdan atəş açmaq üçün inşa edilib. Sarayın hər iki mərtəbəsi eyni
quruluşdadır.
Mərkəzdə böyük
salon və salonun hər
iki tərəfindəki dəhlizlərə
bitişən yan otaqlar
vardır. Binanın plan quruluşu,
yəni hər mərtəbədə 3 otağın olması
cənub hissədə aydın əks olunur.
Mərtəbələr daxildən pilləkənlərlə əlaqələndirilib.
Salonların şimal hissəsində iki kiçik otaq arasında xanişin adlanan yerləşkələr var.
Tavanı güzgülənmiş alt
xanişində fəvvarəli mərmər hovuz
tikilib. Binanın baş fasadı dünyada
analoqu olmayan ən
xırda, həndəsi fiqurlara bölünüb,
ağac parçaların
aralarına müxtəlif rəngli şüşələr geyindirilmiş şəbəkə pəncərə
və qapılardan ibarətdir. Şəbəkələrin hər
bir kvadrat metri orta hesabla
5000, mürəkkəb yerləri 14000 ağac
və şüşə şəbəkədən ibarətdir.
Binada mismar və
yapışqandan istifadə edilməyib, ağac
və şüşə parçaları bir-birinə geydirilib. Saray divarın ornamentliyi, piştağların genişliyi, naxışlı şəbəkələr,
müxtəlif naxışlar, gəc üzərində oymalar məharətlə işlənib.
Binanın daxilində həndəsi naxışlara, nəbatat
rəsmlərinə, süjetli və quş rəsmlərinə, döyüş
və ov səhnələrinə daha geniş yer verilib. Zövqlə
işlənmiş taxçalar, güzgülü buxarılar əsl sənət
nümunəsidir. Saraydakı naxışların zənginliyi,
rəng çalarları, stalaktit oymal olduqca gözəldir.
Otaqların divarları ilə yanaşı tavanı da yaraşıqlı naxışlarla bəzədilib.
Dünya şöhrətli türk şairi Nazim Hikmət saraya
baxdıqdan sonra belə yazıb:
"Əgər Azərbaycanın başqa
qədim tikililəri olmasaydı, bircə Şəki Xan sarayını dünyaya
göstərmək bəs edərdi".
Şəki Xan sarayının çox böyük şöhrət qazanmış divar rəsmləri XVlll əsrdə yaranmışsa da, sonralar dəfələrlə təmir edilib. Sarayın divar təsvirlərini işləyən bir neçə nəqqaş və ustanın adı binanın içində müxtəlif yerlərdə yazılıb. Həmin sənətkarların XlX əsrin sonunda binada işləməsi kitabələrdən məlumdur. XVlll əsrdə ilk təsvirləri işləyən nəqqaşın adı bunların içində qeyd edilməyib. Binada ikinci mərtəbənin tavanındakı təsvirdə ustad Abbasqulunun adı yazılıb. Ancaq Abbasqulunun bu təsvirləri nə vaxt işləməsi haqqında əlimizdə heç bir məlumat yoxdur. İkinci mərtəbənin salonundakı təsvirləri XlX əsrin axırlarında təmir edən və bəzilərini yenidən işləyən boyaqçının qarabağlı usta Qəmbər olduğu salonun divarlarında qeyd olunub. XlX əsrin axırlarında Xan sarayının birinci mərtəbəsindəki salonun təsvirlərini təmir edən şamaxılı ustad Mirzə Cəfərin adı həmin salonun giriş qapısının yuxarısında yazılıb. 1955-1956-cı illərdə memar H.Q Rzayevin layihəsi və başçılığı ilə burada geniş bərpa işləri aparılıb və abidə ilkin halına qaytarılıb.
(Ardı var)
S.ABDULLAYEVA
525-ci qəzet.- 2015.- 30 mart.- S.6.