Azərbaycanın dövlətçilik və
mədəniyyət tarixində Şəkinin yeri
və rolu
(Əvvəli ötən sayımızda)
Şəki təkcə qədim tarixi, memarlıq abidələri ilə deyil, həm də görkəmli şəxsiyyətləri ilə Azərbaycanın dövlətçilik və mədəniyyət tarixində önəmli rol oynayır.
Hacı Çələbi xan - Şəkinin I xanı bu bölgənin məşhur simalarındandır. O, 1551-ci ildə
şəkililərin Səfəvi
şahı I Təhmasibə
qarşı üsyanına
başçılıq etmiş
Dərviş Məhəmməd
xanın uzaq xələfi idi. Nadir şahın tabeçiliyindən
birinci çıxan Hacı Çələbi
xan olub, hələ onun sağlığında ikən
Şəkinin müstəqilliyini
elan edib.
Hər şey
Nadir şahın Şirvana
və Dağıstana
qarşı yeritdiyi sərt vergi siyasətindən başlayıb. Narazılıqlar dalğası uzaq Şəkiyə qədər
gəlib çatıb.
Nadir şah Əfşar
tərəfindən bu
vilayəti idarə etmək üçün təyin olunmuş Məlik Nəcəf ağır vergiləri və hədsiz zülmü ilə əhalini özünə
qarşı qaldırıb.
Şəki camaatı onun
zülmündən bu
vaxt Dərbənddə
olan Nadir şaha şikayət edir. Nadir şah Azərbaycanda
və Dağıstanda
öz siyasətindən
narazılıqların get-gedə
artdığını görüb,
məsələni malalamaq
istəyir. O, Şəki
əyanlarına tapşırır
ki, Məlik Nəcəfin fəaliyyətinə
nəzarət edə biləcək bir səlahiyyətli şəxs
seçib, şahın
hüzuruna göndərsinlər.
1741-ci ilin sonunda
şəkililər öz
nümayəndələri kimi
varlı və nüfuzlu bir şəxs olan Hacı Çələbini
seçirlər.
Şah onu Şəki mahalı üzrə vəkil təyin edir və ona Məlik
Nəcəfin yığdığı
vergilərə nəzarət
səlahiyyəti verir.
Bundan sonra Hacı Çələbi
faktiki olaraq, hakimiyyəti öz əlinə alır. O, Məlik
Nəcəfin vəzifəsinə
daxil olan bir çox işlərə açıq
müdaxilə etməkdən
də çəkinmir.
Belə zəngin bir mahalı əldən buraxmaq istəməyən
Nadir şah Hacı Çələbini öz
düşərgəsinə çağırır və
onu asdırmaq istəyir. Lakin Hacı cəsarətli
hərəkət edib,
boynu kəndirdə ola-ola Nadir şahı bu ittihamın doğru olmadığına
inandıra bilir.
O deyir: "Məlik, şahdan hansı tapşırığı alırsa-alsın,
buna bir neçə başqa tapşırıqlar da əlavə edir". Nadir şah inanıb,
Hacı Çələbini
bağışlayır, ona
daha böyük səlahiyyətlər verir.
Lakin sonralar Çələbi xan böyük zəhmətlər
və döyüşlər
bahasına Şəki
xanlığının müstəqilliyinə
nail olur.
Şəki xanlığının ən
möhtəşəm və
inkişaf etmiş Azərbaycan xanlığına
çevrilməsi onun
müstəsna xidmətlərindəndir. Çələbi Şəki şəhərinin
abadlaşdırılması üçün çox işlər görüb.
Burada mədrəsələr, məscidlər,
karvansaralar, hamamlar, məktəblər tikilir.
Azərbaycan dramaturgiyasının banisi,
böyük mütəfəkkir,
ictimai xadim Mirzə Fətəli Axundzadə 30 iyun 1812-ci ildə Şəkidə-o
vaxtkı Nuxada anadan olub. 1814-cü ildə onların ailəsi atalarının vətəni Təbriz şəhərinin yaxınlığındakı
Xamnə qəsəbəsinə
köçüb. 1821-ci ildə anası Nanə xanım Fətəlinin atası Mirzə Məhəmməd
Tağıdan ayrılıb
və əmisi Axund Hacı Ələsgərin yanına,
Qaradağın Horanid
kəndinə (Cənubi
Azərbaycan), 1825-ci ildə
isə Şəkiyə
köçüb.
Fətəlinin ruhani olmasını istəyən Axund Hacı Ələsgər
1832-ci ildə onu Gəncəyə aparır. O, öz
qardaşı nəvəsini
oğulluğa götürərək
onun təlim və tərbiyəsi ilə şəxsən məşğul olub və onun həyatında
mühüm rol oynayıb. Ona yaxşı atalıq
etdiyindən Mirzə Fətəli öz soyadını məhz elə onun adı
ilə - Axund ilə əlaqələndirib.
M.F.Axundzadə az bir zaman
içərisində Axund
Hacı Ələsgərin
səyi və özünün çalışqanlığı
sayəsində Quranı,
fars və ərəb dilini öyrənib.
Gənc Fətəli burada məntiq və fiqh elmlərini, habelə dahi Azərbaycan şair və filosofu Mirzə Şəfi Vazehdən xəttatlıq
sənətinə də
yiyələnib. Lakin Mirzə Şəfinin
gənc Fətəliyə
təsiri bununla bitmir, bu göruş
Mirzə Fətəlinin
həyat və yaradıcılığına, ümumiyyətlə onun bir mütəfəkkir kimi formalaşmasına ciddi təsir göstərir.
Dövrünün müasir elmlərilə
maraqlanan Fətəli
1833-cü ildə Şəkidə
açılmış rus
məktəbinə daxil
olub və bir il burada təhsil alıb.
1834-cü ildə o, Tiflisə
gedib, Qafqaz canişininin baş dəftərxanasında mülki
işlər sahəsində
Şərq dilləri
mütərcimi təyin
olunub.
Həmin
ildən ta ömrünün sonuna qədər baş dəftərxanada əvvəl
mülki, sonralar həm də hərbi işlər üzrə mütərcim
vəzifəsində çalışan
M.F.Axundzadə Rusiya ilə İran, Rusiya ilə Türkiyə dövlətləri
arasında aparılan
bir sıra mühüm diplomatik danışıqlarda fəal
iştirak edib, Zaqafqaziya daxilində hökumətin bəzi vacib dövlət tədbirlərinə cəlb
olunub. O, dövlət
xidmətində sürətlə
irəli gedib; ona 1842-ci ildə praporşik, 1846-cı ildə
podporuçik, 1850-ci ildə
poruçik, 1852-ci ildə
ştabs-kapitan, 1854-cü ildə
podpolkovnik, 1873-cü ildə
isə polkovnik rütbəsi verilib, Rusiya, İran və Türkiyə dövlətləri tərəfindən
bir sıra orden və medallarla
təltif olunub.
Mirzə Fətəli Axundov 1878-ci ildə Tiflisdə vəfat edib və Tbilisi Botanika bağında yerləşən
müsəlman məzarlığında
dəfn olunub.
Axundov bədii
yaradıcılığına şeirlə- "Səbuhi"
təxəllüsü ilə
başlayıb.
1837-ci ildə - 25 yaşında ikən "Puşkinin ölümünə Şərq
poeması"nı yazıb
və dərhal da rus dilində
"Moskovskiy nablyudatel"
jurnalında çap etdirib.
1850-1855-ci
illərdə özünün
məşhur altı komediyasını -"Hekayəti
Molla İbrahim-Xəlil
Kimyagər" (1850), "Hekayəti
Müsyö Jordan Həkimi-Nəbatat
və Dərviş Məstəli Şah Cadükuni Məşhur"
(1850), "Sərgüzəşti-vəziri-xani-Lənkəran"
(1850), "Hekayəti Xırs-Quldurbasan"
(1851), "Sərgüzəşti Mərdi-Xəsis" ("Hacı
Qara") (1852), "Mürafiə
vəkillərinin hekayəti"
(1855) yazmaqla nəinki
Azərbaycan ədəbiyyatında,
bütövlükdə Balkanlardan
Hindistana qədərki
türk-müsəlman dünyasında
dramaturgiyanın əsasını
qoyub. Böyük ustad bu komediyalar ilə Şərq aləmində
dram yazmağın nümunəsini
göstərib. Bunu hər
kəs qəbul edir ki, türk-müsəlman
dünyasında dramaturgiya
Mirzə Fətəli
Axundzadə dramaturgiyasının
ənənələri işığında
inkişaf edib.
Azərbaycan teatrı Axundzadənin ölməz komediyaları
zəminində yaranıb. 1873-cü ildə Həsən bəy Zərdabi Nəcəf bəy Vəzirovla birlikdə Bakı məktəblərinin
birində məşhur
"Hacı Qara" əsərinin tamaşasını
göstərməklə Azərbaycanda,
həm də ümumən türk-müsəlman
aləmində teatr hərəkatının əsasını
qoyub. Mirzə Fətəli Axundovun
komediyalarında Azərbaycan
qadınlarının timsalında
ilk dəfə Şərq
qadınlarının səhnə
obrazları yaradılıb.
Dramaturq
bundan başqa "Aldanmış Kəvakib",
(Hekayəti-Yusif şah),
"Fəhristi-kitab", "Nəzm və nəsr haqqında",
"Tənqid risaləsi",
"Kəmalüddövlə məktubları" əsərlərinin
müəllifidir.
2012-ci ildə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında Mirzə Fətəli Axundovun haqqında bioqrafik bədii film çəkilib. Xalq yazıçısı Anarın ssenarisi əsasında mütəfəkkirin 200 illik yubileyi münasibətilə "Sübhün səfiri" adlı bədii film çəkilib.
Şəkinin yetişdirdiyi
görkəmli şəxsiyyətlərdən biri
də şair Molla
Cümədir. Molla Cümə 1854-cü
ildə dünyaya gəlib. "Molla" təxəllüsü ona savadlı olduğu üçün verilib. Molla Cümənin dəqiq tərcümeyi-halı
heç bir mənbədə
yoxdur. Onun həyatı
haqqında ən səhih mənbə şeir
və dastanlarıdır. Molla Cümənin
anadan olma tarixi indiyə qədər təxmini qeyd edilib. XX
əsrin əvvəllərində aşıq əldə olan bütün şeirlərini
bir yerə yığıb səliqə
ilə köçürüb və oğlu Həsənə verib.
Şeirlərinin birində Şəkinin Layisqi
kəndində anadan olduğu
və ömrünün sonuna
qədər burada yaşadığı
aydınlaşır. O, əsasən qoşma,
gəraylı və müxəmməslər yazıb.
Aşığın şeirlərinin mövzusu bəşəri, saf, təmiz, ülvi məhəbbət, yaşadığı dövrdə qarşılaşdığı ziddiyyətlər, ictimai bərabərsizliklər, islam dəyərləri və s. ibarət olub. Molla Cümənin əksər şeirlərində İsmi Pünhanın adı çəkilir, bir çox şeirləri də İsmi Pünhana müraciətlə yazılıb. İsm-ad, Pünhan-gizli deməkdir. Bununla bağlı çoxlu rəvayətlər mövcuddur. Bir rəvayətə görə aşığın sevgilisi öz zəmanəsində çox dindar bir adamın qızı olub. El-oba onu müqəddəs hesab eləyib. Ona görə də aşıq onun adını çəkməyib. Molla Cümənin ədəbi irsi içərisində Qədim Şərq, Azərbaycan əfsanə və əsatirləri, xüsusilə İslam dünyası ilə əlaqədar çoxlu şeirlər var. Molla Cümə 28 may 1918-ci il tarixdə yaranan Azərbaycan Demokratik Respublikasının ən fədakar tərəfdarlarından biri kimi 1920-ci ilin aprelində Azərbaycana soxulmuş XI rus ordusu ilə döyüşdə həlak olub.
(Ardı var)
S.ABDULLAYEVA
525-ci qəzet.- 2015.- 31 mart.- S.6.