18-ci il. Qanlı Mart - Xalq yazıçısı Anar yazır
"525-ci qəzet" Xalq yazıçısı
Anarın "Yaşamaq haqqı" traktatından
parçaların dərcini davam etdirir. Xatırladaq ki, ötən
şənbə saylarımızda əsərin
"Avqust
putçu və sistemin iflası", "İlk
maarifçilərimiz", "Tarixi şans - 21 Azər",
"Qara Yanvar"
bölümlərini dərc etmişdik. Bu
sayımızda
1918-ci il 31 Mart soyqırımı haqda
parçanı oxuculara təqdim edirik.
1917-ci ilin 19 martında Bakıda fəhlə
deputatları soveti yaradılmışdı. Onun əksəriyyətini
eserlər və menşeviklər təşkil edirdi,
bolşeviklərin iki, ya üç yeri vardı; buna
baxmayaraq, sovetin sədri S.Şaumyan seçildi.
Moskvada Stalinin Zaqafqaziyada vəziyyət haqqında məruzəsindən
sonra Leninin göstərişilə S.Şaumyan Qafqaz üzrə
Fövqəladə Komissar təyin olunmuşdu.
Şəhərdə
yerli hakimiyyət - Fətəli xan Xoyskinin sədrliyilə
Bakı Duması fəaliyyət göstərdiyi halda,
Şaumyanın rəhbərlik etdiyi Bakı Soveti,
onu(Dumanı) tanımadan, özünü şəhərin
yeganə hakimiyyəti elan etdi. Bakı Soveti
bildirdi ki, Bakı quberniyası Rusiyanın tərkib hissəsidir
və Bakı Soveti Leninin sədri olduğu Xalq Komissarları
Sovetinə tabedir.
Eyni zamanda, bolşevik Şaumyanın başqa partiya təmsilçiləri,
əsasən daşnaklarla əlaqələri başlayır. Bunu
Daşnaksütunun başçılarından olan
Kaçaznuni də təsdiqləyir. "Bakıda
Erm.İnq.Daşnaksütun partiyası tatar
hökmranlığından ehtiyatlanaraq yerli bolşeviklərlə
yetərincə sıx əlaqə saxlayır, hətta onlara
yarıyırdı. (yəni azərbaycanlıların
məhv edilməsində -A.)
1917-ci ilin oktyabrında Bakı Sovetinə yeni seçkilər
başladı.
F.Kazımzadə
yazır: "Sovetə seçkilərdə
"Müsavat" namizədləri əksər səsləri
qazanmalarına baxmayaraq, onlar bu orqana daxil edilmədilər.
Axır-axırda Sovetin 84 solçu eser, altı menşevik
beynəlmiləlçi, on beş solçu daşnak, otuz bir
bolşevik, 52 nəfər bolşeviklərə meyilli və
15 nəfər bitərəf qaldı. Uzaqlaşanlar
kobud səhvə yol verdilər, bu onlara baha başa gəldi.
(Xatırlamağa
dəyər ki, müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin
Parlament tərkibinə 7 daşnak və 4 nəfər
başqa erməni daxil idi və onlardan heç biri bu
qanunverici orqanın işində iştirak etməkdən boyun
qaçırmırdı).
S.Şaumyanın Bakıda başçılıq etdiyi
hakimiyyət əslində anti-azərbaycan rejimi idi. Şaumyan
bütün qalan Azərbaycanı da özünə tabe etmək
istəyirdi ki, sonra yenidən Rusiyanın ixtiyarına versin.
Leninin imzaladığı, xalqların öz
müqəddaratını həll etmək hüququ
Deklarasiyası ilə yanaşı, Bakıda da eyni Bəyannamə
qəbul edilmişdi, bir fərqlə ki, Rusiyadan ayrılmaq
hüququ Zaqafqaziyaya verilmirdi. Şaumyanın
məqsədi bir tərəfdən Bakını qalan Azərbaycandan
qoparmaq, gələcəkdə hər hansı inzibati
bölgüdə bolşevik Rusiyasına bağlamaq və
şəhərin demoqrafik tərkibini dəyişmək idi, təbii
ki, ilk növbədə ermənilərin xeyrinə. Proletar və beynəlmiləlçi
şüarlarıyla pərdələnərək, Şaumyan
tamamilə daşnak siyasəti yeridirdi. Təsadüfi
deyil ki, onun hökumətində əksər vəzifələri
ermənilər - (açıq, ya gizlin) daşnaklar tuturdu.
Şaumyan türklərin və azərbaycanlıların cəlladı
Andronik Ozanyana nümayişkaranə rəğbət bildirirdi:
müsavatçılar o qədər qudurublar ki, Bakını
Azərbaycan xanlığının paytaxtına çevirməyi
arzulayırlar, -deyirdi:
Şaumyan Androniki quldur dəstəsilə guya
"inqilabın müdafiəsi" üçün dəvət
edirdi, "inqilabın müdafiəçisinə" bax bir
- Türkiyənin xəyanətinə görə
qulağı kəsilmiş sabiq paşası.
Bakı Kommunasının, şəxsən
Şaumyanın Azərbaycana qənim kəsilməsi 1918-ci
ilin martında ən bariz şəkildə göründü. 30 martda saat 6-dan Bakı əsl
döyüş meydanına çevrilmişdi:
qarşıdakı üç gün ərzində
bolşeviklər daşnaklarla birgə on minlərlə azərbaycanlını
qətlə yetirmişdilər.
Bu xüsusi hazırlanmış
basqınlar haqqında danılmaz faktlar Solmaz Rüstəmova
Tohidinin "1918-ci ilin martı. Bakı" kitabında göstərilir. Bu
topluda həmçinin Şaumyanın mövqeyini və
iç üzünü əyani göstərən bir sıra
sitatlar verilir. Şaumyan Rəsulzadəyə cavab olaraq məqalədə
hədələyir: "Azərbaycanın muxtariyyətini istəyən
müsavatçılara nəticədə bir yığın
xaraba qalacaq". Komunnaçılar başçısı bənzərsiz
azğınlıqla daşnakların mart basqınlarında
iştirakından dəm vurur: "Biz atlı dəstəmizə
silahlı basqın cəhdini bəhanə edərək
bütün cəbhə boyu hücuma keçdik. Bizim
artıq 6 min nəfərə yaxın silahlı qüvvəmiz
var idi: "Daşnaksütun", həmçinin 3-4 minlik
milli hissələri də bizim ixtiyarımızda idi. Sondakıların iştirakı vətəndaş
müharibəsinə qismən milli qırğın xarakteri gətirdi.
Amma bundan qaçmağa imkan yox idi. Biz bilərəkdən buna getdik. Onlar Bakıda üstün gəlsəydilər,
şəhər Azərbaycanın paytaxtı elan ediləcəkdi".
Və
ardınca: "Onların siyasi hədəfləri -
Zaqafqaziyanın Rusiyadan ayrılması və Türkiyə
protekturatına tabe edilməsi - nəzərə alınsa,
aydındır ki, onların Bakıda qələbəsi Rusiya
üçün Zaqafqaziyanın itirilməsinə gətirib
çıxaracaqdı".
Bu üzdəniraq
"kommunist beynəlmiləlçinin" əqidəsinin
"cöhəri" Bakı Sovetinin 1918-ci il,
19 aprel tarixli iclasındakı çıxışında ifadə
olunmuşdu: "Bakıda, nəhayət asayişə
oxşar bir durum bərpa olunduqda, küçələr minlərlə
ölü cəsədlərindən təmizləndikdə,
yanğınlar söndürüldükdə Sovet şəhərdə
ən böyük qüvvə kimi yüksəldi. Müsəlmanlar (!-A.) məğlubiyyətə
uğradılar və tamam tərkisilah edildilər, ermənilər
isə zəiflədilər".
Hətta daşnak lideri Kaçaznuni də etiraf edirdi ki,
"martda bolşevik-müsəlman davası əsnasında
müsəlman əhalisinin qırılması baş
vermişdir.
Hərçənd Kaçaznuni əlavə edir: bu vurhavur həmin
ilin sentyabrında türk-Azərbaycan silahlı qüvvələrin
Bakıya yürüdüyündən sonrakı erməni əhalisinin
qırılmasından "miqyasca az idi".
Köhnə bolşevik S.M.Əfəndiyev qeyd edirdi ki,
"daşnaklar yalnız müsavatçıları deyil,
ümumiyyətlə müsəlmanları
qırırdılar. Şaumyan, Çaparidze və
başqaları özləri daşnakların girovları
olmuşdular".
N.Nərimanov adı çəkilən komissarlara məktubunda
vurğulayırdı ki, "bu hadisələr "Sovet
hakimiyyətini ləkələdilər və
qaraladılar".
Amma
Şaumyanın hərəkətləri Leninin hərarətli
təqdirinə səbəb oldu və rəhbərdən belə
teleqram gəldi: "Əziz yoldaş Şaumyan! Biz sizin
möhkəm və qətiyyətli siyasətinizə
heyranıq, bu siyasətə ən ehtiyatlı diplomatiyanı
da qatın, çünki indiki çətindən-çətin
şəraitdə, bu, çox zəruridir və onda biz qalib gələcəyik".
Leninin hansı "diplomatiyanı" nəzərdə
tutduğu sovetlərin Azərbaycana qarşı sonrakı hərəkətlərindən
aydın oldu.
Qriqori
Volınski yazır: "Martın 18-də daşnak hərbi
hissələri Sovdepin sədri (Şaumyan -A.) razılığıyla
əksinqilabla mübarizə bəhanəsiylə Bakıda azərbaycanlılara
qarşı basqınlar törətdilər. 12
min nəfər öldürüldü, bir neçə
müsəlman məhəlləsi yandırıldı, baş
Bakı məscidi gülləbaran oldu. Yalnız
başqa komissarlar - Petrov və Çaparidzenin erməni məhəllələrini
top atəşinə tutmağla hədələdikdən və
qəti müdaxiləsindən sonra basqınlar
dayandırıldı. Bakıdan
çıxarılan daşnak hissələri Azərbaycanın
qədim paytaxtı Şamaxını, Qubanı, başqa
şəhərləri dağıtdılar, talan etdilər.
1918-1920-ci illərdə İrəvan
quberniyasından 280 min azərbaycanlı qovulmuş, ən
azı 70 min nəfər öldürülmüşdü.
Bunu genosid adlandırmayıb nə deyəsən?"
("Obşaya qazeta", 30 aprel-6 may 1998 il).
Şaumyanın yamanca xoflanmalarına baxmayaraq, Bakı
müstəqil Azərbaycanın paytaxtı oldu. Müsəlman sakinləri
qıran canilər (Stepan Lalayev və başqaları) həbs
edilmiş, məhkum olunmuş və...1920-ci il
fevralın 9-da Azərbaycan Respublikasının beynəlxalq
tanınması münasibətilə əfv edilmişlər.
Kommunist-daşnak müttəfiqlərin anti-Azərbaycan əməlləri
Bakıyla məhdudlaşmırdı. Komunanın yaraqlı
dəstələri daşnaklarla əlbir olub Şaumyanın
sözlərincə "bütün cəbhə boyu
hücuma keçmişdilər". Daşnak komandiri
Amazasp Quba camaatına üz tutub döşünə
döyürdü: "Mən erməni xalqının qəhrəmanı
və hayanıyam. Mən buraya cəzalandırıcı
dəstəylə göndərilmişəm (Şaumyan tərəfindən
- A.). Mənə əmr verilib ki, dəniz
sahillərindən Şahdağınadək bütün
müsəlmanları qıram və sizin evlərinizi yerlə-yeksan
edəm".
“26 komissar”ın biri Tetevos Əmirov və Stepan Lalayevin
başçılıq etdiyi dəstələri
Şamaxının büsbütün əhalisini
qırmış, 40-dək kəndi talan etmişdilər. Şamaxıda
Cümə məscidinə dinc əhalini
uşaqlı-qadınlı yığıb diri-diri
yandırmışdılar. Həmin
Bakı komissarı Tatevos Əmirov əlaltılarıyla
"İsmailiyyə" binasına (indi Elmlər
Akademiyasının Rəyasət Heyəti yerləşir)
soxulub
yandırmışdılar.
Qanlı terror Azərbaycanın hüdudlarını
aşıb keçmişdi. "Azərbaycan" qəzeti
1918-ci ildə 1-ci sayında yazırdı: "Müsəlmanların
İrəvan quberniyasındakı vəziyyəti təsvir
olunmazdır. Cari ilin axırınadək talan
edilmiş müsəlman kəndlərinin sayı 199-a
çatırdı. Bu kəndlərin 135000 nəfər
sakinləri bir hissəsi ermənilər tərəfindən
qətlə yetirilmiş və acından ölmüş, bir
hissəsi isə türk qoşunları tutan ərazilərə
köçmüşlər".
Səksən
il ötüb keçəcək, bu dəhşətli
basqın və qırğınlara Prezident Heydər
Əliyev: "Azərbaycanlılara qarşı genosid
haqqında" fərmanında müstəqil Azərbaycan
Respublikası adından qiymət verəcək. Fərmanda
deyilir: "Azərbaycanın XIX-XX əsrlərdə
başına gəlmiş bütün faciələri
torpaqların işğalı ilə müşaiyət
olunaraq, ermənilər tərəfindən azərbaycanlılara
qarşı şüurlu və planlı şəkildə
gerçəkləşdirdikləri genosid siyasətinin
müxtəlif mərhələləri olmuşdur.
Bu hadisələrdən
yalnız birinə 1918-ci il mart
qırğınına siyasi qiymət verilməyə cəhd
göstərilmişdir. Azərbaycan xalqına qarşı
törədilmiş bütün bu genosid faciələrlə əlaqədar
qərara alıram:
31 Mart günü azərbaycanlılara qarşı
Genosid günü elan edilsin.
Azərbaycan Respublikası Milli Məclisinə azərbaycanlılara
qarşı genosidlə bağlı hadisələrə həsr
olunmuş xüsusi sessiya keçirilməsi barədə məsələyə
baxılması tövsiyə edilsin.
Heydər Əliyev
Azərbaycan Respublikasının
Prezidenti, Bakı şəhəri, 20 mart 1998-ci il
S.Şaumyanın, onun silahdaşlarının aqibəti
dramatik şəkildə bitdi. Onun hakimiyyəti,
müsavatçılara qarşı blok
yaratmağa çalışdığı eserlər,
menşeviklər, eləcə də həmin daşnaklar tərəfindən
xəyanətə məruz qaldı. Bakı Soveti,
bütün komissarları zindana atan Sentrokaspi diktaturasına
hakimiyyəti təhvil verməyə məcbur oldu, iyirmi iki
yaşlı A.Mikoyan dustaqxanadan qaçmağa və
bütün yoldaşlarını - Şaumyan başda olmaqla,
- qurtarmasına nail olur. Bu barədə
1934-cü ildə çıxmış "İyirmi altı
Bakı komissarı" kitabının müəllifi
E.Burcalov yazsa da, Anastas İvanoviç Mikoyanın buna necə
nail olduğunu açıqlamır. Şaumyan,
Çaparidze, Fioletov və başqaları "Leyla"
barkasından açıq dənizə üz qoyurlar. Az sonra barkasin komandası üsyan edir ki,
onların Bakıda ailələri qalmış, Həştərxana
gedən deyillər. Komissarlar Bakıya
qayıtmalı olur. Sahildə onları
silahlı-yaraqlı daşnak, eser, menşevik dəstələri
haqlayır. 35 nəfər, o cümlədən,
S.Şaumyan, Çaparidze, Əzizbəyov, Fioletov və
başqaları həbs olunur, Şamaxı yolundakı türməyə
aparılır, daha sonra Bayıl dustaqxanasına
köçürülürlər.
F.Kazımzadə yazır ki, "Hansısa səbəbdən
(!-A.) həbs olunmamış Mikoyan məhbusların
azad edilməsi əmrinin verilməsinə və onların Azərbaycan
dəstələrinin şəhərə daxil olmasına bir
neçə saat qalmış zindandan çıxarmasına
müvəffəq olur".
Mikoyan özü Bakı Komissarlarıyla,
Şaumyanın oğulları, Çaparidzenin Fioletovun
arvadları və başqaları ilə Həştərxana
getmək niyyətilə "Türkmən" gəmisinə
minirlər. Lakin dənizə çıxan gəmi istiqamətini
dəyişərək sərnişinləri Krasnovodska
aparır. Satqınlar qəsdçilərə
sərnişinlərin arasından komissarları "dənləməyə",
aşkarlamağa kömək edirlər. Şaumyanın
övladları, Surenlə Levonu, Çaparidzenin, Fioletovun
arvadlarını, Mikoyanın özünü (!-A.) dustaqxanaya
salırlar, qalan komissarları qatarla Ağcaqum səhrasına
aparıb orada rəsmi məlumata görə güllələyirlər.
Mikoyana gəlincə, o, ixtiyar yaşınadək
ömür sürdü, Sovet İttifaqı hökumətinin
yuxarı mərtəbələrində, necə deyirdilər,
"İliçdən İliçədək infarkt, paralic
görməyərək" qaldı. Sovet tarixçiləri
komissarların faciəvi aqibətində ingilisləri və
sentrokaspi diktaturasını günahlandırırlar. Amma həmin E.Burcalov yazır ki, izləri
ört-basdır etmək üçün güllələnmənin
təşkilatçıları komissarların guya Hindistana
aparıldıqları barədə şaiyələr
yayırdılar.
Uzun illər boyu Sovet tarixşünaslığı 26 rəqəmindən
tutmuş bu hadisələri, əfsanələşdirirdi. Halbuki bu rəqəm
nə komissarların sayına, nə tutulanların sayına
uyğun gəlmir, bu rəqəm ədəbiyyatda, elm aləmində
V.Mayakovski, S.Yesenin, bir çox Azərbaycan şairlərinin
poemalarında ənənəviləşdirilmişdir. O
ki qaldı, Hindistan versiyasına, rəhmətlik Ziya
Bünyadov iddia edirdi ki, S.Şaumyan, ömrünü
Hindistanda başa çatdırmışdır. Doğrudan da komissarların Bakıya gətirilmiş
sümükləri araşdırılanda Şaumyanın nəşi
aşkar olunmamış, ümumiyyətlə iyirmi altı
yox, iyirmi üç nəfərin cəsəd
qalıqları tapılmışdır.
Türkləri
min bir günahda suçlayan Sovet tarixçiləri
komissarların qətlini heç vəchlə onların adına yaza bilməzdilər, çünki
komissarlar, türklər Bakıya girməmişdən əvvəl
aparılmışdılar. Onların həbs olunması
türklərin vaxtında baş versəydi, Sovet tarixçiləri
yetmiş il boyu Azərbaycanın "şanlı
oğullarını" Şaumyan, Çaparidze, Əmiryan,
Osipyan və yetmiş il Bakıda heykəlləşən,
şərqilənən başqa bolşevik fədailərini
yox edən "türk qəsbkarlarını"
damğalayacaqdılar.
Bakı
Sovetinin silahlı qüvvələri Gəncəni ələ
keçirmək, orada yerləşən Azərbaycan
Cümhuriyyətini yıxmaq niyyətilə top-tüfənglə
Kürdəmirədək yeridilər, yolüstü kəndlərə
divan tuta-tuta, qıra-qıra...
Qana qəltan olmuş Azərbaycanın imdadına
Türkiyədən İslam Qafqaz Ordusu özünü
yetirdi. Ona cavan general, hərbi nazir Ənvər
paşanın qardaşı Nuru paşa
başçılıq edirdi. İslam
Qafqaz Ordusu və Bakı Kommunası qoşunları
arasında həlledici döyüş Göyçay həndəvərində
baş vermiş və dörd gün davam etmişdi.
"Azərbaycan
Kommunist Partiyası tarixinin oçerkləri"ndə (1985)
deyilir: "1918-ci ilin 27 iyun-1 iyul günlərində
Göyçay rayonunda gedən şiddətli
döyüşlərdə Sovet qoşunları məğlubiyyətə
uğradılar və geriyə çəkildilər. Bakı Kommunasının hərbi vəziyyəti kəskin
surətdə pisləşdi. Qafqaz
Qızıl ordusunun Bakı bölmələri müdafiəyə
keçməyə məcbur oldular. Bolşeviklər
türk interventləri və müsavatçıların
hücumunu dayandırmaq üçün güllələrini
əsigəmirdilər.
M.Əzizbəyov,
E.A.Berg, P.A.Çaparidze, G.N.Korgenov, M.M.Məmmədyarov,
İ.V.Maligin, A.İ.Mikoyan, B.M.Sərdarov, F.F.Solntsev,
H.H.Soltanov və başqa rəhbər partiya işçiləri
əlindən gələni edirdilər ki, qoşunların
geriləməsinə yol verilməsin".
İndi "Oçerklər"dən bu
parçanı köçürərək mən yalnız
öz xalqının tarixinin həqiqi süjetlərini həyasızcasına
baş-ayaq çevirən müəlliflərin fəndgirliyindən
heyrətə gəlirəm; həm də qəribə
görünsə də uzun illər boyu gəzib
dolaşdığım köhnə Bakı haqqında nostalji
xatirələrə dalıram.
Axı elə bu küçələr
xalqımızı məhv olmaqdan xilas etməyə
çalışanlara qarşı vuruşan bolşeviklərin
adlarını daşıyırdılar. Mənim atam həmişə
Bakı komissarlarına soyuq münasibət bəsləyirdi, hərçənd
o, dünyasını dəyişəndən sonra bizə
açılan həqiqətlərin yüzdə birini də
bilmirdi. Onun uşaqlıq yaddaşında
Göyçayın ətraf yamaclarından Bakı
Kommunası toplarının atəş yağdırması həkk
olunmuşdu, dönə-dönə bizə bu barədə
danışardı.
Sovet qoşunları Göyçayda geri
otuzdurulandan və çəkiləndən
sonra Bakıya yol faktiki olaraq açıq idi və onun
türk və Azərbaycan əsgərləri tərəfindən
alınması labüd idi.
ANAR
525-ci qəzet.-
2015.- 31 mart.- S.4.