"Ermənilər qədər məkrli niyyətlərə xidmət edən ikinci qüvvə yoxdur"

 

"Ermənilər qədər məkrli niyyətlərə xidmət edən ikinci qüvvə yoxdur"<b style="color:red"></b>

"Ermənilər uzun illərdir ki, dünyada öz yalanlarını təbliğ etməklə məşğuldur.  Onlar dünya ictimaiyyətini inandırmağa çalışırlar ki, guya 1915-ci ildə Osmanlı dövləti öz vətəndaşları olan ermənilərə qarşı soyqırım törədiblər". 

Bu barədə  "525"ə açıqlamasında Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini, YAP Siyasi Şurasının üzvü Musa Quliyev  Ermənistanın qondarma "erməni soyqırımı" 100 illiyini qeyd etməyə hazırlaşmasına münasibət bildirərkən deyib. Onun sözlərinə görə, əslində, 100 ildir gedən bu təbliğatın siyasi, hüquqi, tarixi əsası var: "Əgər Birinci Dünya müharibəsi dövründə soyqırım baş veribsə, bu soyqırım türklərə qarşı olub. Ən dəhşətli soyqırım isə azərbaycanlılara qarşı törədilib. Sovet dövründə bu məsələ haqda  yazmağa, danışmağa, ictimailəşdirməyə imkan verilib. Yalnız müstəqillik əldə edildikdən sonra bu hadisələr ictimaiyyətə açıqlandı. Həm 1905-1906-cı illərdə, həm 1918-1920-ci illərdə daşnak-bolşevik ermənilər tərəfindən xalqımıza qarşı qətliamlar törədilib.

Ümumiyyətlə, bu, çox geniş mövzudur. Amma qısa olaraq demək istəyirəm ki, bu hadisələrin kökündə qərbi Avropa dövlətlərinin çar Rusiyasının Osmanlı dövlətini dağıtmaq siyasəti dayanırdı. Rusiyanın Qafqazda möhkəmlənməsi, Osmanlı İran  imperiyalarının tənəzzülü XIX əsrin sonlarında ermənilərin separatçılıq meyllərinin daha da güclənməsinə səbəb oldu. Mifik "Böyük Ermənistan" ideyasından bir an da olsun əl çəkməyən avantürist erməni siyasətçiləri Şərqi Anadolu Qafqaz torpaqlarında erməni dövləti yaratmaq planlarını reallaşdırmaq məqsədilə siyasi təşkilatlar yaratmağa başladılar".

Millət vəkili vurğulayıb ki, təxminən bu dövrlərdə bir sıra Avropa ölkələrinin Rusiyanın ideoloji silah kimi işləyib hazırladığı "erməni məsələsi" deyilən bir siyasi avantüra ortaya çıxdı. Guya ki, Türkiyə ərazisində yaşayan ermənilərin hüquqi təminatlarının yaradılması məqsədi daşıyan "erməni məsələsi" əslində Osmanlı imperiyasını dağıtmaq üçün düşünülmüşdü. "Erməni məsələsi" "Şərq məsələsi"nin tərkib hissəsi olaraq XIX əsrin ikinci yarısında ortaya atılmış 13 iyun 1878-ci il tarixli Berlin konfransında rəsmiləşmişdi. Bu konfransın qətnaməsi, əslində, osmanlı Türkiyəsini içəridən dağıtmaq məqsədi güdürdü.  O bildirib ki, 1885-ci ildə İstanbulda "Armenakan" adlı inqilabçı-separatist təmayüllü erməni partiyası yaradıldı. Onun ardınca eyni məqsədə xidmət etmək üçün 1887-ci ildə Cenevrədə "Qnçak", 1890-cı ildə isə Tiflisdə "Daşnaksütun" partiyaları fəaliyyətə başladı: "Hər üç erməni partiyasının nizamnamə proqram sənədlərində ali məqsəd olaraq "Böyük Ermənistan" dövlətini qurmaq məsələsi qarşıya qoyulmuş, bu məqsədə çatmaq üçün isə bütün vasitələrdən, o cümlədən, inqilab, silahlı üsyan terror üsullarından istifadə etməyin mümkünlüyü qeyd olunmuşdu. Həmin partiyaların proqram nizamnamələri indiyədək arxivlərdə qalır, "Daşnaksütun" partiyası isə hələ fəaliyyət göstərməkdədir. Çox təəssüf olsun ki, mələk donu geymiş qərb dünyası indinin özündə belə həmin partiyaları terrorçu elan etmir, həmin qeyri-humanist ideyaların daşıyıcıları olan bugünkü terrorçu erməni qüvvələri "görmür"lər.

Qeyd edim ki, Birinci Dünya müharibəsində erməniləri dəstəkləyənlərin istəyi baş tutmadı. Türklər çeviklik göstərərək 1915-ci ildə erməni üsyanlarını yatırdı. Ermənilərin satqınlığı aydınlaşdı. Belə olan halda müharibə qaydalarına uyğun olaraq həm erməni əhalisinin təhlükəsizliyinin təmin olunması, həm də təxribatlardan qorunmaq məqsədilə onlar ölkənin bir ərazisindən başqa bir əraziyə köçürüldülər. Amma belə zamanlarda yaşayış məntəqələrinə qarşılıqlı hücumlar olurdu. Bütün bunları isə ermənilər özlərinə qarşı "soyqırımı" kimi qiymətləndirirlər. İkinci Dünya müharibəsi zamanı yəhudilərə qarış Holokost hadisələri dünyada genosid anlayışını gündəmə gətirdi. O zamandan ermənilər bu kampaniyaya başlayıblar. ASALA terror təşkilatı yaratdılar ki, guya ermənilərin qisasını alsınlar. Məqsəd dünyanı bu işə cəlb etmək, Türkiyədən təzminat almaq, ikinci erməni dövləti yaratmaq idi. Amma bunlar baş tutmadı".

M.Quliyev ermənilərin  bu gün də məkrli məqsədlərinin həyata keçməsinə çalışdıqlarını qeyd ediblər: "Dünya dövlətləri isə buna qarşı susur. Beynəlxalq birlik  Dağlıq Qarabağ problemi başlayandan Azərbaycanda 20 mindən çox insanı qətlə yetirən, 1 milyon adamı soyqırıma və deportasiyaya məruz qoyan, faktla sübuta yetirilmiş 40-a yaxın terror əməliyyatı həyata keçirib və Azərbaycan torpaqlarının 20 faizini işğal edən Ermənistanı terrorçu dövlət kimi tanımaq istəmir. Ancaq ötən 100-150 ilin acı təcrübəsi göstərir ki, dünyada ermənilər qədər separatçı, dağıdıcı və məkrli niyyətlərə xidmət edən ikinci bir qüvvə yoxdur".

 

PƏRVANƏ

 

525-ci qəzet. - 2015.- 31 mart.- S.4.