Bir görüşün
təəssüratları
Bugünkü gənclərin vətənpərvərlik,
vətəndaşlıq, azərbaycançılıq
ruhunda böyüməsində,
onların özlərinə
karyera qurmaq yolunda dəstəklənməsində
müstəsna rolu olan “İrəli” Gənclər Təşkilatı
ilə mənim sıx əlaqələrim
var. Bu təşkilatın bir
sıra maraqlı layihələrində mənim
də iştirakım
olur. Lap bu
günlərdə təşkilatın
“Gənc Əkinçi”
layihəsinin təqdimatına
mən də qatılmışdım.
Layihənin təqdimatı İsmayıllı
rayonunda keçirildi. Bunun da ciddi bir
əsası var: İsmayıllı
2015-ci ilin Gənclər
şəhəri seçilmişdir
və ona görə də “İrəli” özünün
bu səmərəli layihəsini həmin şəhərdə gerçəkləşdirməyi
qərara almışdır.
Mən İsmayıllıya
tək yola düşdüm. Gənclər məni rayonun
Olimpiya Kompleksində qarşılamalı idilər.
Neçə illərdən bəri
mən Ağdama – yurdundan – yuvasından uzaq düşmüş doğma kəndimin Bərdədə, Tərtərdə,
Mingəçevirdəki... tədbirlərinə Şamaxıdan
İsmayıllıya, İsmayıllıdan
Qəbələyə – oradan
Ağdaşa, Yevlağa
aparan yollarla gedirəm. Mən bu yolların,
bu rayonların keçmişdəki bərbad
çağlarını çox
görmüşəm. Amma son vaxtlar Azərbaycanın inkişaf edən və etməkdə olan regionlarının yeni mənzərəsi məndə bir qürur hissi doğurmaqdadır. Mən Bakıdan
İsmayıllıya aparan
yolların, rayon mərkəzlərinin
yeni gözəlliyini bütün anları ilə duymaq üçün yola tək çıxmaq istədim. Martın 12-si idi və
elə bil Tanrı yolları, dağları, meşələri
günəşə bürümüşdü.
Günəş işığına bürünmüş bu yolların artıq tamamilə qoşalaşmasına,
deyəsən, uzağı
üç-dörd ay qalıb.
Yolların rahatlığı, yolboyu yeni salınan
yaşıllıqları, abad
kənd və şəhərləri arxada
qoyub İsmayıllıya
çatıram. Bu şəhərin
elə girişindəcə
onun necə gözəlləşdiyi, necə
təzələndiyi göz
oxşayır...
Gənclərlə Olimpiya Kompleksində görüşürəm. Kompleks axar-baxarlı,
gözəl bir sahədə yerləşir.
Müasir arxitekturaya malik
kompleks, rahat, səliqəli otel otaqları İsmayıllıya
yaraşıq verir.
Bir az keçir
və məlum olur ki, İsmayıllı
Rayon İcra Hakimiyyətinin başçısı
Mirdaməd Sadıqov
“İrəli” Gənclər
Təşkilatının layihə
iştirakçılarını qəbula dəvət edib. Qrup avtomobillərə əyləşib İcra Hakimiyyəti binasının
qarşısına gəlir.
Rayon icra başçısı
Mirdaməd müəllim
gəncləri həyətdəcə
qarşılayır. Mənim Mirdaməd
müəllimlə şəxsən
tanışlığım yoxdur. Ancaq başçı bizi görən kimi çox isti bir münasibətlə məni “kolleqa” adlandırır və mən dərhal başa düşürəm
ki, başçı hər ikimizin uzun illər müəllim işləməyimizi
nəzərdə tutur...
Mirdaməd müəllim “İrəli”
Gənclər təşkilatının
sədri Mirhəsən
Seyidovu, onun başçılıq etdiyi
qrupun üzvlərini mənim hələ heç yerdə görmədiyim son dərəcə
isti, qayğılı
bir tərzdə həyətdəcə qarşılayır
və vaxt itirməmək üçün
onları dərhal binaya dəvət edir. İcra Hakimiyyətinin
səliqəli və müasir arxitekturaya malik binasında son dərəcə gözəl
bir iclas salonu var. Başçı
birbaşa gəncləri
salona dəvət edir və hamının
yerbəyer olduğuna
əmin olduqdan sonra ləngimədən onlara “xoş gəldiniz” edərək təşkilatın proqramı
ilə tanış olur, gənclərin aydın məqsədləri
ətrafında onlarla
söhbətə başlayır.
Salonda yaşı təxminən
otuza qədər olan gənclər əyləşib. Mirdaməd müəllimin
söhbəti çox
keçmədən ustad
bir müəllimin mühazirəsi istiqamətini
alır. Lakin bu mühazirə son dərəcə
interaktiv – yəni mühazirəçi ilə
auditoriyanın qarşılıqlı
diskussiya formatına keçir.
Şəxsən mən Mirdaməd Sadıqovun iqtisad elmləri doktoru, professor olduğunu, neçə-neçə
vacib dövlət postlarında işlədiyini,
nəhayət İsmayıllıya
gəlməzdən əvvəl
Azərbaycan Dövlət
Aqrar Universitetinin rektoru vəzifəsində
işlədiyini bilirdim. Amma bu alimin, bu professorun
və nəhayət, bu dövlət məmurunun bu qədər dərin zəkaya, natiqlik bacarığına, auditoriyanı
heyran etmək ustalığına bələd
deyildim. Mən indi
elə indi, İsmayıllının bu
gözəl iclas salonunda icra başçısının nitqini
dinləyirəm və
arabir salona – bu nitqə qulaq
kəsilən gənclərə
nəzər salıram.
Mirdaməd müəllim
İsmayıllının 2015-ci il üçün
Gənclər şəhəri
seçilməsindən qürur
duyduğunu bildirir və həm də səmimi olaraq bu qürurun
bir səbəbini də özünün İsmayıllıdan olduğu
ilə əlaqələndirir.
Azərbaycan gənclərinin
gücünə, dövlətçilik,
vətəndaşlıq ləyaqətinə
inamı ilə bağlı təkcə İsmayıllının timsalında
gətirdiyi faktlarla auditoriyanı dediklərinə
tam inandıra bilir...
Sonra icra başçısı ölkə
iqtisadiyyatının bugünkü
inkişaf modelindən
danışır və
gənclərdə belə
bir inam hissi yaradır ki, bu nəsil
dünyanın ən inkişaf etmiş bir ölkəsində yaşayacaq.
Mirdaməd müəllim bütövlükdə
regionların inkişafını
təhlil edir, hər bir regionun
özünəməxsus iqtisadi
resurslarının tələbinə
və imkanlarına uyğun perspektivləri açır. Bu sırada
İsmayıllının yerini
təhlil məqamlarında
rayonda tikilmiş və tikilməkdə olan yerli, beynəlxalq
statuslu zavod və fabriklərdən danışır. Öz söhbətlərində
İsmayıllının bu
günü və sabahından gətirdiyi
real faktlar hər kəsdə bir vətəndaş sevgisi yaradır.
Mirdaməd müəllim o
qədər aydın və o qədər
dəqiq faktlarla danışır ki, mən bu anda onun müəllimliyindən
gələn auditoriyanı ələ almaq
ustalığı barədə düşünürəm. Və
bir də onu
düşünürəm ki, müasir çağda hər
hansı bir rayona
başçılıq etmək üçün
bu alimdə, bu insanda olan savad,
iqtisadiyyata, ictimai
hadisələrə bələdlik çox
vacib keyfiyyətdir. Mirdaməd
müəllim danışdıqca hiss
edirsən ki, o, təkcə
iqtisadçı alim deyil,
həm də müasir həyatın bütün sahələrinə bələd olan və bu bələdçiliyi
ilə qarşısındakını öyrədə bilən
bir adamdır. O, üzünü
gənc jurnalistlərə tutur və deyir: “Hər şeydə ənənəyə
söykənmək mütləq uğura
gətirib çıxarır. Mən sizə böyük
Üzeyir bəyin vətəndaşlıq,
millət qeyrəti çəkən yazılarını
oxumağı məsləhət görərdim. Klassiklərimizdən
öyrənin, onların ideyalarını müasirləşdirin”.
Mirdaməd müəllim hər bir
fikir ətrafında danışarkən M.Ə.Sabirin, S.Ə.Şirvaninin,
S.Vurğunun, B.Vahabzadənin
yaradıcılığından həmin anın mövzusuna uyğun misallar gətirir. Sonra öz söhbətini Azərbaycan Prezidentinin gənclərlə görüşlərində
irəli sürdüyü ideyalarla
davam etdirir. Prezidentin gənclərə
inam və qayğısının yerlərdə,
o cümlədən, İsmayıllıda
necə gerçəkləşdiyini faktlarla
sübut etmək üçün
özünün müxtəlif vəzifələrə
cəlb etdiyi neçə-neçə cavan kadrı misal göstərir.
İsmayıllıda bu yaxınlarda baş verən məlum
xoşagəlməz hadisələrin günahkarlarının birbaşa məmur balalarının
özbaşınalığında gördüyünü
deyir və əlavə edir
ki, Prezidentin
ayrı-ayrı məmurlara onların tərbiyəsiz, ədabaz
övladları ilə bağlı tutduğu
iradlar bizə dərs olmalıdır.
Yüksək vəzifəli məmurun övladı, əslində,
tərbiyə nümunəsi olmalıdır.
Sonra icra başçısı salonda əyləşən gənc jurnalistlərə müraciətlə, onları jurnalist peşəkarlığının bəzi məqamlarını mənimsəməyə çağırır. Ətrafında oturan rayon məmurlarını gənc jurnalistlərə İsmayıllını tanıtmaq tapşırığı verir və nitqini yekunlaşdırır.
“İrəli” Gənclər Təşkilatının
rəhbəri Mirhəsən Seyidov 2015-ci ilin Gənclər Şəhəri
İsmayıllı camaatına, rayona rəhbərlik
edən icra başçısına
hamının adından xoş təəssüratını
dilə gətirir. Mirhəsən Seyidov – bu cavan və perspektivli kadrın
çıxışına diqqətlə qulaq
asıram. Onun ciddi bir Gənclər
Təşkilatına rəhbər seçilməsinin səbəbini
daha yaxşı başa
düşürəm: bu cavan
kadr yaxşıları görməyi və
qiymətləndirməyi bacarır, özünün
təmkinli, səliqə – sahmanlı xarakteri
ilə gənclərə nümunə olduğunu
sübut edir. O,
Azərbaycanın gənclər barədə dövlət
siyasətinin mahiyyəti haqqında, rəhbərlik etdiyi təşkilatın bu
sahədə həyata keçirdiyi
çoxsaylı layihələr barədə
İsmayıllı gənclərə aydın hesabat
verir. Rayon icra başçısının gənclərə
göstərdiyi qayğılarından xüsusi
danışan M.Seyidov belə kadrların
hesabına gənclərin çox böyük uğurlara imza atacağını vurğulayır. Mən
də bu fikirlərə qoşuluram
və Mirdaməd müəllimin gənclər
qarşısındakı bu maraqlı, ustad mühazirəsindən çox
şey öyrəndiyimi deyirəm. Bu anda içimdəki bir fikri də mütləq
dilə gətirirəm: Azərbaycan Prezidentinin
kadr seçimi barədə.
Hiss edirəm ki, Prezident kadr seçimində,
əsasən, həmin insanın vətəndaşlıq, azərbaycançılıq,
yurdsevərlik keyfiyyətini və üstəgəl şəxsi
savadını, dünyagörüşünü
əsas tutur. Mirdamət Sadıqovlar ancaq bu
axtarışların nəticəsi ola
bilər...
Görüş bitir. Söhbətin davamı çay
süfrəsi arxasında davam edir. Hiss edirəm ki, gənc jurnalistlər bugünkü
görüşdən çox razı
qalıblar. Sonra layihənin təqdimatı
başlayır. Təqdimat mərasiminə İsmayıllı
gəncləri dəvət olunublar. “Gənc
Əkinçi” layihəsi ideyası və onun
gerçəkləşdirilməsi prosesi
rayon gənclərinin ürəyincə olduğunu hiss edirəm. Təlim
iştirakçılarına birinci
mühazirəni mən oxuyuram. Deyəsən,
gənc jurnalistlərlə bir-birimizi çox yaxşı başa
düşdük...
Tədbirin birinci günü sona yetir, gənclər deyə-gülə təlimdən
ayrılıb istirahət üçün
Olimpiya Kompleksinin rahat otel otaqlarına
yollanırlar. Universitet
qayğılarım mənim ləngiməyimə imkan vermir. Və mən bu maraqlı tədbirdən təəssüflə
ayrılaraq yenə təkbaşıma öz
avtomobilimə oturub Bakıya yol alıram. Yollar, meşələr, dağlar, dərələr,
çaylar keçirəm, amma bütün bu yollarda
İsmayıllı rayon icra
başçısının – gənc qüvvələri
ürəkdən sevən, onlara
qayğısını əsirgəməyən Mirdaməd
müəllimin o görüşdəki insana, vətənə, gəncliyə sevgi dolu saatyarımlıq
nitqini heç cür unuda bilmirəm.
Cahangir MƏMMƏDLİ
525-ci qəzet.- 2015.- 20 mart.- S. 15.