Vüqar Əlisoyun lövhələri
Vüqar Əlisoyun şeirləri nə vaxtdır ki, əlimin altındadır- kompüterimin “iş stolu”nda. Və eləcə də bir aydan çoxdur ki, orada qalıb. Özüm xahiş edib götürmüşəm, oxumağa isə vaxtım yoxdur. Sonra əmin olacam ki, yox, vaxtı lənətləmək lazım deyilmiş- sadəcə ovqatım o olmayıb. Və qəribədir ki, günün sonunda kompüterimi söndürmək istəyərkən “iş stolu”nda “Vüqarın şeirləri” qovluğuna gözüm dəyir. Qovluğu açır və şeirləri oxuyuram. Sonra oxuyandan sonra məlum olacaq ki, elə də çox olmayan həmin şeirlər kifayət qədər vaxtımı alıb. Buna isə qətiyyən heyfslənmirəm. Yazmaq istədiyim qeydlərimin sərlövhəsini elə şeirlərin ilkin ovqatı ilə başlayıram: “Vüqar Əlisoyun lövhələri”. Hə, əminliklə deyim ki, o şeirləri indən belə də neçə dəfə oxuyaraq haqqında yazmaq fikrinə düşsəydim, sərlövhə dəyişməyəcəkdi. Azından ona görə ki, Vüqar Əlisoyun şeirlərinin hər biri lövhədir – o şeirləri oxuyan istənilən oxucunun qarşısında mövzusundan asılı olaraq portret və yaxud peyzaj yaranır. Bunu belə deməyə isə cəsarət-filan lazım deyil. Aşağıdakı sətirləri oxusanız, buna siz də əmin olacaqsınız:
ağacların
fatasında
yellənən
yengəciklər
çiçəklərin
nazını
çəkir,
başına dönür
bəmbəyaz,
çəhrayı
gəlinciklər
hər biri
meyvə
olacağını düşünür.
Çoxları üçün adi görünən təbiət hadisəsidir. Və inanmıram ki, təbiətə çıxan istənilən kəs Vüqarın təqdim etdiyi mənzərəni görməmiş olsun. Vüqarın başqalarından fərqi isə ondadır ki, təkcə gözü deyil, ruhu belə oxşayan o peyzajı görməklə bərabər, onun detallarını canlandırır, həyat eşqinin ancaq insanlara aid olmadığını bir daha yada salır. Yox, məsələ onda deyil ki, həmin “çəhrayı gəlinciklər”in hər biri meyvə olacağı haqqında fikirləşir. Məsələ burasındadır ki, həmin “çəhrayı gəlinciklər” meyvə olmağa can atır, təbiətin bütün canlılarda yaratdığı özünüqoruma instinkti ilə yengəciklərə sığınır.
“Poeziya və nəsr fikrin ifadə formasıdır” – bunu XIX əsrin əvvəllərində Vilhelm Humbolt deyirdi. Bu, ağlagəlməz fitri istedadını gərgin zəhməti sayəsində ədəbiyyata xidmətə yönəldən almanın fikirləridir və həmin fikirləri mərhum müəllimimiz İsrael Musayev mühazirələri zamanı tez-tez təkrarlayırdı. Biz- o vaxtkı tələbələr sonralar professor Afad Qurbanovun mühazirələri zamanı öyrənəcəyik ki, bu qəribə alman... filoloqdur və “linqvistika” elminin banisidir. Onu da öyrənəcəyik ki, Höte və Şillerin ən yaxın dostu olmuş zadəgan filoloq öz parlaq ideyaları ilə XIX əsr alman ədəbiyyatının inkişafına təkan verməyi bacarıb. O deyirdi: poeziya – obrazlar və simvolların vasitəsi ilə dünyanın dərkidir. Vüqarın şeirlərini oxuyarkən həmin almanın bir fikrini də xatırlayıram: ədəbiyyat daha çox olandan deyil, olmalı olandan danışmalıdır.
...bu necə sözdü,
ilana oxşayır,
yoğrulub,
qıvrılıb,
içimdə qalacaq...
dillənsəm,
bilirəm,
dilimi çalacaq...
Şair öz həqiqətinə inanır. Və onun “öz həqiqəti” həyat yoludur. O yol insanın öz içində belə bəzən boy qaldıran şeytanın yolunu kəsir. Buna görədir ki, müəllif səmimi olaraq inanır:
mənim həqiqətim
sənin
əbədi
məğlubiyyətin.
. .
Söz haqqında, əlbəttə, klassik yanaşma çörəyini sözdən çıxaran ulu Füzuliyə məxsusdur. XVI əsrdə Kərbəlada onun sözlə bağlı gəldiyi qənaət o qədər sərrast ifadə olunub ki:
...nə miqdar olsa,
əhlin eylər ol miqdar söz .
Yox, mən kompüterimin iş stolundakı “Vüqarın şeirləri”
qovluğuna yığılmış
şeirləri klassik və müasir ədəbiyyatımızın nümunələri ilə
müqayisə etmək
fikrindən uzağam.
Azından ona görə
ki, istənilən müqayisə qüsurludur.
Şairin “Sözümün
canı” şeiri sadəcə olaraq 500 il əvvəl
xatırladılan həqiqəti
bir daha yadıma saldı. Hə, onun şeirlərini oxuduqca sözün təkcə məsuliyyətini
deyil, onun qiymətini də bilən müəllifin insanlara məhəbbətini
görmək olur.
Onu da görmək olur ki, pıçıldanan
sözə dönmək
üçün ürəkdən
gəlmək lazımdır.
mən bir sözəm.
qatın sözlərinizin
gözünə,
şəkər edim dilinizi
pıçıldayın qulağına
sevginizin.
Daş üzərinə günümüzə
qədər nələr
yazılmayıb ki... İnsan daşların üzərində
ilk olaraq rəsmlərin
yardımı ilə özünün həyata
baxışlarını əks
etdirib. Sonralar yazı mədəniyyəti
ayaq tutanda da daşlar köməyə gəlib.
“Tanrı tək
tengridə bulunan” türk Bilgə Xaqan Orxon və
Yenisey çaylarının
boyunca uzanan ucsuz-bucaqsız ərazidə
öz dövlət və xalq haqqında
düşüncələrini gələcək nəsillərə
çatdırmaq üçün
ən etibarlı vasitə kimi daş yazılarını
seçəcək, “sabumu
tüketi esitqil”- deyə sabaha tövsiyələrini çatdıracaq. Yox, mən,
əlbəttə, Vüqarı
yenə də kimlərləsə müqayisə
etmək fikrinə düşmürəm. Sadəcə olaraq, onun “Daş
üzərində yazı”
silsiləsindən şeirləri
oxuyur, təkrar-təkrar
oxuyuram. O şeirlərdə
personajlarının həyata
baxışları müxtəlifdir.
Buna baxmayaraq həmin müxtəliflikləri ümumiləşdirən
xətti görməmək
olmur: o xətdə missiyasını yerinə
yetirəndən sonra hansısa iddiada olmayan insanların dünənə baxışları
yazılıb. Yox, bu, qorxaqlıq və qəhrəmanlıq,
din və dinsizlik, xeyir və şər
haqqında baxışlar
deyil, sadəcə fani dediyimiz bu dünyada missiyasını yerinə
yetirmiş insanın iddiasızlığıdır:
məndən sonra
ağlamağınız
Allahı xatırlamağınız
məni
öldüyümə görə
sevməyiniz
güldürəcək məni
Allah sizi
güldürsün.
Yox, bu, böyük azərbaycanlının
göz yaşları içərisindəki gülüşü
deyil, bu, dekorasiyalar effektindən o tərəfə keçməyən
“dünya” qurub da dünyada əbədi qalmaq istəyən insanlara xatırlatmadır. Bu, “mollalarımız
islamiyyəti məzarlıqdan
kənarda görə
bilmədi” – deyən böyük müsəlmanın
və türkün –
Mustafa Kamal Paşanın
– Atatürkün fikirlərinə
sayğıdır.
əllərimi
soyuq-sazaq
kəsə-kəsə
kol dibində bənövşəni
dərib
tələsə-tələsə
dəstələyib bir nəfəsə
ovucumda
yaz nübarı
yüyürürəm yaza sarı.
Bu, yaza tərəf
yüyürən yazı
adamının bahar görmək istəyindən
daha çox, insanların yaz arzularının göyərməyini
gözləyənləri sevindirməyə
tələsən bir nəfərin hissləridir. O hisslər
o qədər təbiidir
ki... Ancaq körpələr öz hisslərini bu cür təbiiliklə
ifadə edə bilərlər. Yeri gəlmişkən,
indi, demək olar ki, az-az
adamların anıb da adını çəkdiyi, təkcə
şeirləri ilə
deyil, şəxsiyyəti
ilə də insanlarımızda ruh yaradan Osman Sarıvəllinin
yaradıcılığını xatırlayıram – konkret
“Gətir, oğlum, gətir!” şeirini.
Oradakı bir parçanı yada salmaq istəyirəm:
Mən kənddə doğuldum,
sənsə şəhərdə.
Sən beşikdə yatdın,
mənsə yəhərdə.
Mən çomaq götürdüm,
sən kağız-qələm,
Çomaq bir aləmdir,
qələm bir aləm!
Bu, bir atanın oğluna deyil, dəyərlərin daşıyıcısı
olduğunu bilən və onun məsuliyyətini
dərk edən bir nəsil nümayəndəsinin xatırlatmasıdır. O, nəyin
gətirilməli olduğunu
bilir, o, dünyadan təcridin deyil, dünyaya inteqrasiyanın niyə vacib olduğunu anlayır! O, ötən əsrin
60-cı illərində o vaxtkı
ədəbi tənqidin
gündəmə gətirdiyi,
əslində mədəniyyətlərin
üzviləşdiyi anlarda
yaşanan (həmin yaşantılar isə o qədər adi hadisədir ki!) təbii prosesləri faciə kimi qəbul edənlərə
nadanlığın hüdudsuzluğu
barədə neçə
min illərin qənaətini
xatırladır. Tamamilə
səmimi deyirəm ki, Vüqarın “yazı qarşılayan oğlan”ı o qədər
aydın görünən
mənzərədən boylanır
ki... və sadəcə olaraq o mənzərəni yarada bildiyinə görə onu təbrik edə bilirsən:
dimdiyində
nəfəsində yaz gətirən,
evimdə ev quran quşlar
ağ sinəli qaranquşlar
dənliyirlər
içimdəki intizarı
yüyürürəm yaza sarı.
Vüqar Əlisoyun qovluğundakı
şeirlər daha çox sərbəst vəzndə yazılsa da, hiss və fikirlərin qafiyəsi, obrazların canlılığı
fonunda qəribə bir harmoniya yaradır. Bu, ustalıqla edilir. Hə, o şeirləri “izm”lərlə
də bölgüyə
almaq çətindir.
Təsnifat vermək istəyənlərə
də həmin təsnifata baş qoşmamaq tövsiyə oluna bilər.
Onlar həmin şeirlərdə
nə stereotipləri dağıtmaq iddiasında olan futurizmi, nə özünü hansısa fövqdə görən
eqofuturizmi, nə də ki
digər “izm”ləri görə biləcəklər. Sadəcə
həmin şeirləri oxuyub Vüqar Əlisoyun lövhələrinə baxmaq kifayət edər. Orada
maraqlı detallar görə biləcəyinizə
isə şübhə etmirəm.
Firuz KAZIMOĞLU
525-ci qəzet.- 2015.- 20 mart.- S. 20.