Yaz lövhələri
ağacların fatasında
yellənən yengəciklər
çiçəklərin
nazını çəkir,
başına dönür
bəmbəyaz,
çəhrayı
gəlinciklər
hər biri
meyvə olacağını düşünür.
çəpərin dibində
ayağı yerdən,
əli göydən üzülmüş
üzüqoylu
nəm torpağa gömülmüş
qoca çinar...
sinəsində yamyaşıl fidanlar,
şivlənmək eşqilə
sıraya düzülüb.
pöhrələr,
nəmyaşıl təbəssümlə
günəşə gülümsünür.
Hərənin öz həqiqəti
mənim həqiqətim –
alma çiçəyi
pəncərəndə görünər
qışın oğlan çağında
əyləndirər səni
isti ocağın qırağında
düşündürər səni
hərdən
başın ağrıyanda
dilində bitər sənin
sağlığı
sağlığa calayanda
sənin həqiqətin –
sənin sahibin
saxlayar səni
ağzını yallayar sənin
hətta
ağzını bağlayar sənin gərəkəndə
sən də onu qoruyarsan
məndən
və mənim həqiqətimdən
mənim həqiqətim –
sənin
əbədi
məğlubiyyətin.
Bu yaz hələ
o yaz deyil
əllərimi
soyuq-sazaq
kəsə-kəsə
kol dibində bənövşəni
dərib
tələsə-tələsə
dəstələyib bir nəfəsə
ovucumda
yaz nübarı
yüyürürəm yaza sarı
dimdiyində
nəfəsində yaz gətirən,
evimdə ev quran quşlar
ağ sinəli qaranquşlar
dənliyirlər
içimdəki intizarı
yüyürürəm yaza sarı
səsinə boylanıb
əsən küləyin
torpağın altından cücərir otlar
cücərir cığırlar dağlara sarı
enib ayağına çölün, yamacın
duman çimizdirir yaşıl otları
yüyürürəm yaza sarı
yamaclarda qarı sayır
yaza çıxan quzuları
tükü ürpənir
qara-məxmər
ağ- bəxtəvər quzuların
görcək
qaya kölgəsində
daldalanan
bəyaz qarı
yüyürürəm yaza sarı
duyub bahar nəfəsini
üzü gülür
qaraqabaq qara daşın
çınqılın da
töküb bayram tonqalında
yandırıb azar-bezarı
yüyürürəm yaza sarı
dağlar uca
göylər dərin
çöl qəşəng
təbiətin fırçasında
neçə çalar
neçə rəng
çəmən yaşıl
gün qırmızı
gül sarı
yüyürürəm yaza sarı
əlcək sağa
pencək sola
dönüb körpə bir uşağa
papağımı atıb göyə
gəldi yazım deyə-deyə
xoş murazım deyə-deyə
ayaqyalın
başı açıq
yara-yara
buzu
qarı
yüyürürəm
yaza sarı.
Vüqar ƏLİSOY
525-ci qəzet.- 2015.- 20 mart.- S. 20.