Kamal Abdullayev: “Prezidentin
Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi
tanıtmaq təşəbbüsü real həllini tapacaq”
Multikulturalizm həyat tərzimizdir
Müxtəlif
mədəniyyətlərin və sivilizasiyaların
qarşılıqlı əlaqələrini dərinləşdirən
qloballaşma dövründə istər ölkədaxili, istər
də beynəlxalq müstəvidə multikulturalizm siyasətinin
alternativinin olmaması bir daha qabarıq şəkildə
özünü göstərir.
Ancaq multikulturalizm siyasətinin zəruriliyinin
artdığı bir dövrdə bəzi dövlətlərdə
bu və ya digər səbəblərdən həmin siyasətdən
uzaqlaşmaq tendensiyası yaranmaqdadır. Bu isə öz
növbəsində o dövlətlərdə antisemitizm,
irqçilik, ksenofobiya, islamofobiya və nifrətə əsaslanan
digər cinayətlərin törədilməsinə səbəb
olur.
Multikulturalizmin
bir sıra dünya dövlətlərində iflasa
uğradığı bir şəraitdə Azərbaycan
Respublikası multikulturalizmi özünün dövlət
siyasəti olduğunu bəyan edib. Və təkcə bəyan
etməklə qalmayıb, hazırda dövlətimiz tərəfindən
bu siyasət uğurla həyata keçirilməkdədir. Bu
sahədə ölkənin əldə etdiyi nailiyyətlər
beynəlxalq səviyyələrdə də etiraf olunur. Elə
məhz buna görə bir sıra dövlətlər Azərbaycanın
multikulturalizm təcrübəsini öyrənib tətbiq etmək
arzusundadır.
“Azərbaycan multikulturalizmi”
artıq dünya təhsilinin tədris predmetinə
çevrilib
Bakı
Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM)
yarandığı vaxtdan etibarən-qısa zaman kəsimində
əhəmiyyətli layihələr həyata keçirib və
bu iş müntəzəm şəkildə davam edir. Azərbaycan
multikulturalizminin elmi əsaslarla öyrənilməsi və
dünyada təbliği ilə bağlı bir sıra
mühüm işlərin icrası da bu qəbildəndir. Bu məqsədlə
əvvəlcə millətlərarası, multikulturalizm və
dini məsələlər üzrə Dövlət
müşaviri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin
Himayəçilik Şurasının sədri Kamal Abdullayevin
ideya və təşəbbüsü ilə “Multikulturalizmə
giriş” və “Azərbaycan multikulturalizmi” fənləri
yaradılıb, hər iki fənn üzrə tədris
proqramları hazırlanaraq Təhsil Nazirliyində təsdiq
olunub. BBMM-nin imkanları hesabına xarici ölkə
universitetləri ilə bu fənlərin tədrisi haqda
danışıqlar aparılıb və ilkin mərhələdə
10-a yaxın universitet təklifi müsbət
qarşılayıb. Tədrisinə başlanacaq fənlər
yeni olduğundan Mərkəz bu fənləri tələbələrə
çatdıracaq müəllimlərin
hazırlığını da öz üzərinə
götürüb. Hər şənbə günü saat
14:00-da BBMM-də ölkəmizin tanınmış alimləri
və xaricdən dəvət etdiyi mütəxəssislərlə
birgə keçirilən treninqlərin əsas məqsədi
“ Azərbaycan multikulturalizmi” fənninin tədrisi
üçün kadrların hazırlanmasıdır.
Hazırda
“Azərbaycan multikulturalizmi” fənni 7 xarici ölkənin
nüfuzlu ali təhsil ocağında –Müqəddəs
Kliment Oxridski adına Sofiya (Bolqarıstan Respublikası),
İvan Cavaxişvili adına Tbilisi Dövlət
(Gürcüstan Respublikası), Litva Pedaqoji (Litva
Respublikası), Praqa Karlov (Çex Respublikası), Roma La Sapienza
(İtaliya Respublikası), Belarus Dövlət (Belarusiya
Respublikası) universitetlərində və Ural Federal
Universitetinin Yekaterinburq filialında (Rusiya Federasiyası) tədris
olunur. Məlumat üçün qeyd edək ki, elə təkcə
Belarus Dövlət Universitetində dünyanın 14 ölkəsindən
olan 132 tələbəyə bu fənn tədris edilir.
Mərkəz
“Azərbaycan multikulturalizmi” fənninin tədris olunması ilə
bağlı edilən rəsmi müraciətlərə əsasən
növbəti tədris ilinin I semestrində dərslərə
başlamaq üçün Almaniyanın Vürsburq, İsveçrənin Frayburq,
Türkiyənin Sakarya, Şimali Kipr Türk
Respublikasının Doğu
Akdeniz, Ukraynanın Lutsk Milli
Texniki universitetlərinə rəsmi müraciətlərini
göndərib. Hazırda BBMM Vatikan Sileza Universiteti
(İtaliya), Auqsburq Universiteti (Almaniya) və İNALCO
Universiteti (Dövlət Şərq Dilləri və
Sivilizasiyaları İnstitutu, Fransa) ilə bu istiqamətdə
danışıqlar aparır.
Xatırladaq
ki, “Multikulturalizmə giriş” və “Azərbaycan
multikulturalizmi” fənləri paralel olaraq ölkəmizdəki
ali təhsil ocaqlarının bakalavr və magistr pillələrində
də tədris edilməyə başlanıb. “Multikulturalizmə
giriş”, “Azərbaycan multikulturalizmi” fənləri hazırda
Azərbaycan İqtisad Universitetində, Bakı Ali Neft Məktəbində,
Bakı Slavyan Universitetində, Gəncə Dövlət, Naxçıvan Dövlət, Lənkəran
Dövlət və Azərbaycan Texniki universitetlərində tədris
edilir.
Azərbaycanın
dünyaya başqa bir rakursdan təqdimatına xidmət edən
bu fənlərin tədrisinin coğrafiyasının genişlənməsi
akademik səpkidə daha bir addımın atılmasını
zəruri edib. Belə ki, Bakı Slavyan Universitetinin elmi
şurasının üzvü, akademik Kamal Abdullayevin təşəbbüsü
ilə universitetin Elmi Şurasında “Azərbaycan
multikulturalizmi” kafedrasının yaradılması haqqında qərar
qəbul edilib. Kafedrada multikulturalizm üzrə
buraxılış işləri, magistr və doktorluq
dissertasiyalarının yerinə yetirilməsi nəzərdə
tutulur. Kafedranın tərkibi yuxarıda adları çəkilən
sahələr üzrə kifayət qədər elmi-pedaqoji təcrübəyə
malik olan mütəxəssislərdən
formalaşdırılıb. Qeyd etmək lazımdır ki,
BSU-da yaradılan kafedra respublikada ilk olduğuna görə gələcəkdə
digər ali təhsil müəssisələrində
yaradılacaq bu qəbildən olan kafedralara elmi-metodik
yardım göstərəcək.
Sözügedən fənnin əsas
məqsədi- gənclərə multikulturalizmin Azərbaycan
modelinin mahiyyətini izah eləməkdir
Hazırda
ölkəmizin və dünyanın ali məktəblərində
tədris edilən “Azərbaycan multikulturalizmi” fənninin əsas
məqsədi bakalavr və magistrantlara ölkəmizin
multikulturalizm siyasətinin mahiyyətini, onun xüsusiyyətlərini
və bu siyasətin ölkədə uğurla həyata
keçirilməsinin səbəblərini izah etməkdir.
Adıçəkilən
fənni mənimsəyən bakalavr və magistrantlar Azərbaycan
multikulturalizminin nəzəri-ideoloji əsaslarını dərk
etməklə yanaşı, bu modelin mahiyyətini, xüsusiyyətlərini
və üstünlüklərini anlayacaq, ölkəmizin
multikultural təhlükəsizlik prinsiplərinin müəyyənləşdirilməsi
meyarlarını təhlil edəcək, dünya ölkələrinin
multikulturalizm təcrübəsi ilə, müasir dövrdə
respublikada bu sahədə həyata keçirilən işlərlə
tanış olacaqlar. Məzunlar azərbaycançılıq
məfkurəsini siyasi-elmi müstəvidə mənimsəməklə
yanaşı Azərbaycanın multikulturalizm siyasətinin həyata
keçirilməsində beynəlxalq təşkilatlarla əməkdaşlığın
əhəmiyyətini anlayacaqlar.
Bu fənnin
mövzuları da rəngarəngdir, multikulturalizmin ən
müxtəlif aspektlərini əhatə edir. Tədris
prosesində tələbə və magistrantlar dünya ölkələrində
multikulturalizm modellərinə nəzər salmaqla
yanaşı, Azərbaycanın ictimai-fəlsəfi fikir
tarixində tolerantlıq və multikulturalizm ideyalarının
mahiyyətinə varmaq imkanı əldə edəcəklər.
Fənnin tədrisində ümummilli lider Heydər Əliyevin
– siyasi multikulturalizmin banisi
olduğu xüsusi vurğulanır. Daha sonra multikulturalizmə
Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan
dövlət siyasətinin tərkib hissəsi nöqteyi-nəzərindən
yanaşma sərgilənir. Fənnin tədrisində
multikulturalizm siyasəti- ölkənin demokratik
inkişafının, insanların hüquq və
azadlıqlarının müdafiə olunmasının tərkib
hissəsi, ölkədə etnik-mədəni dəyərlərin
qorunmasına və inkişaf etdirilməsinə yönələn
bir siyasət kimi, multikultural təhlükəsizlik
– milli təhlükəsizliyin
mühüm komponenti kimi nəzərdən keçirilir.
Fənnin
həm bakalavr, həm də magistr səviyyəsi
üçün proqramında müxtəlif mövzulara toxunulur;
Çoxkonfessiyalılıq, etnik- milli müxtəliflik və
Azərbaycanın multikulturalizm siyasəti, bu siyasətin
ölkənin apardığı xarici siyasətlə
uzlaşdırılması, bu istiqamətdə həyata
keçirilən praktiki işlər və tədbirlər,
millətlərarası, multikulturalizm və dini məsələlər
üzrə Dövlət müşaviri xidmətinin
yaradılması, Prezident yanında “Bilik Fondunun” və
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin
yaradılması, Bakı Slavyan
Universitetinin multikulturalizm ənənəsi ilə
bağlı mövzulara tədris prosesində xüsusi saatlar
ayrılıb.
“Bakı
Prosesi”: mahiyyəti, tarixi, məqsədləri və
iştirakçıları, bu çərçivədə
həyata keçirilmiş əsas tədbirlər, “Bakı Prosesi”nin regional təşəbbüsdən
qlobal hərəkata çevrilməsi, I və II
Ümumdünya Mədəniyyətlərarası Dialoq
Forumları; I, II, III və IV Bakı Beynəlxalq Humanitar
Forumları, multikulturalizm siyasətinin həyata keçirilməsində
Azərbaycanın beynəlxalq təşkilatlarla əməkdaşlığı
da plana salınan mövzulardandır.
Bu fənnin
proqramı bütövlükdə “Azərbaycan dünyaya
neftlə, təbii qazla bərabər, tolerantlığı,
multikulturalizmi də ixrac edir” qayəsini özündə
ehtiva edir.
lll
Bu
yaxınlarda millətlərarası, multikulturalizm və dini məsələlər
üzrə Dövlət müşaviri Kamal Abdullayev Tbilisi
Dövlət Universitetinin professor, müəllim və tələbələri
ilə görüşüb.
Gürcüstan
Prezidentinin milli azlıqlar üzrə müşaviri Sofiko
Şamanidi, Azərbaycanın bu ölkədəki səfiri Azər
Hüseyn və digər rəsmi şəxslərin iştirak
etdiyi görüşdə Kamal Abdullayev Azərbaycanda
çoxəsrlik ənənələrə malik tolerantlıq
mühiti, ayrı-ayrı dinlərin nümayəndələri
arasında qarşılıqlı hörmət və etimada əsaslanan
əməkdaşlıq münasibətləri barədə məlumat
verib. O, Prezident İlham Əliyevin dövlət-din münasibətlərinə
xüsusi həssaslıqla yanaşdığını qeyd
edib, ölkəmizdə dövlət-din münasibətləri,
tolerantlıq sahəsində görülən işlər və
həyata keçirilən layihələrdən
danışıb. Müşavir qonşu Gürcüstanda da
bu fənnin tədrisinin yeni nəslin dünyaya
baxışının formalaşmasında, eləcə də
ölkələrimiz arasındakı münasibətlərin
inkişafında mühüm rol oynayacağına əminliyini
bildirib. Kamal Abdullayev mətbuata açıqlamasında
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin
apardığı ardıcıl və məqsədyönlü
işin nəticəsində yaxın gələcəkdə həm
xaricdə, həm də ölkəmizdəki ali təhsil
ocaqlarında “Multikulturalizmə giriş”, “Azərbaycan
multikulturalizmi” fənlərinin tədrisi daha da genişlənəcəyinə
və Prezident İlham Əliyevin Azərbaycanı dünyada
multikulturalizm mərkəzi kimi tanıtmaq təşəbbüsünün
öz real həllini tapacağına inamını ifadə
edib.
lll
Yazılanlara,
deyilənlərə və görün(l)ənlərə
sözardı: Əlbəttə, istər maddi, istərsə
də mənəvi olaraq sahib və malik olduqları ilə
yerli-yersiz qürurlanmaq, təşəxxüslənmək bəzən
əks-effekt verir, dəyəri artırmaqdan daha çox, onu
gözdən salmağa xidmət edir. Lakin elə Dəyərlər
var ki, onlara təkcə sahib və malik olmaq yetmir, həm də
qadir olmaq lazımdır. Xalqımızın sahib, malik və
qadir olduğu tolerantlığı, çoxəsrlik
multikulturalizm ənənələri onun məhz
qürurlanmalı, fəxr etməli dəyərlərindəndir
və Azərbaycanın bu gün məhz bunu dünyanın
digər xalqlarına, toplumlarına tədris etməyə mənəvi
haqqı çatır. Çünki multikulturalizm verdiyi
töhfələrlə, ötürdüyü mesajlarla bəşəriyyəti
dostlaşmağa, qardaşlaşmağa, sülhə, əmin-amanlığa
səsləyir və məhz bu DƏYƏRi bütün
dünyayla paylaşmağa dəyər...
Sevinc MÜRVƏTQIZI
525-ci qəzet.- 2015.- 20 mart.- S. 21.