Ləyaqətlər və qüsurlar
tarixin sınmayan güzgüsündə
“Özümə gəldikdə
mən elmdə məskun olanlardan biri deyiləm. Mən keçmişi sadəcə sevənlərdən
və onu ciddi-cəhdlə tədqiq edənlərdən biriyəm”.
Konfutsi
(Əvvəli ötən şənbə
saylarımızda)
Sulla istədiyi adama – gözəl qadınlara,
müğənnilərə, mimik aktyorlara bütöv
xalqların torpaqlarını və şəhərlərin
bütün gəlirlərini bağışlayırdı. Başqalarının
arvadlarını yaxın adamlarına bəxşiş kimi
verirdi. O, 40 senatoru və 1600 atlını (onlar yuxarı
sinflərə mənsub olanlar idilər) ölüm cəzasına
məhkum etmişdi. Onun apardığı
müharibələrdə isə ölkənin 100 min nəfərdən
artıq ümid verən vətəndaşı həlak
olmuşdu. O, Roma tarixində ilk dəfə olaraq dövlət
terrorunu həyata keçirmişdi. Sulla lənətinə
gəlmiş Roma bu ağır xəstəlikdən sonralar da
dəfələrlə əziyyət çəkməli oldu.
Onun təcrübəsi bir daha göstərdi ki,
despotiyanın fəsadları sağalmaz olur.
Qay Yuli
Sezar b.e.ə. 49-cu ilin yanvarında Sulla qaydasında ordusu ilə
Rubikon çayını keçməklə, Qalliyadan Roma ərazisinə
ayaq basdıqda, özünə məxsus qaydada: “Alea jacta est”
– “Püşk atılmışdır” sözlərini söyləmişdi.
O, yaxşı başa düşürdü ki, bu hərəkəti
ilə Romada vətəndaş müharibəsinə start
verir, çünki o, öz dövlətinin qanunlarını
tapdalamaqla bu addımı atmışdı. Vətəndaş
müharibəsi isə bütün müharibələr
içərisində ən iyrəncidir, çünki qardaş
qardaşı öldürməli olur, hamı
üçün vahid olan vətən iki cəbhəyə
bölünür. Bu dəfə də vətəndaş
müharibəsi Romaya ağır başa gəldi. Çünki müharibədə adətən
qanunlar susursa, vətəndaş müharibəsində əks
tərəfə münasibətdə ümumiyyətlə
heç bir qanun yada düşmür.
Sezar artıq çar olmaq fikrinə
düşmüşdü, onun bütün xüsusiyyətlərinə
yiyələnmişdi, təkcə formal qaydada elan olunması
qalırdı.
B.e.ə. 44-cü ildə ömürlük
diktator elan edilən Sezara qarşı sui-qəsd baş tutdu və
o, senatda öldürüldü, cəsədi Pompeyin
büstünün kürsüsünün yanına
düşdü.
Sezarın qətli gözlənilənin tam əksi olan
bir nəticəyə gətirib çıxardı, yeni vətəndaş
müharibəsinin başlanması üçün siqnal
rolunu oynadı və Sezar tərəfdarları
Yunanıstandakı Filippi döyüşündə sui-qəsdin
təşkilatçıları olan respublikaçılar
ordusuna qalib gəldilər. Romada meydana gələn
ikinci triumviratın törətdiyi qırğının
qurbanlarının sayı isə hesaba gəlmirdi. Tarixçilər 300 senatorun və 20 min
atlının öldürüldüyunu xəbər verirlər.
Ona görə də Tsisteronun Sezarın qətli barədə
az sonra söylədiyi sözlər
çox müdrik olmaqla, həqiqəti əks etdirirdi: “Mart
idiləri” (Sezarın öldürüldüyü 15 mart
günü- müəllif) ilə özünə təskinlik
vermək axmaqlıqdır, axı biz kişi igidliyi ilə
yanaşı, ağıl barədə isə əsl
uşaqlıq göstərdik. Ağac kəsilmişdi,
lakin kökündən çıxarılmamışdı,
ona görə də bilmirik ki, o hansı zoğlar verəcəkdir”.
Onun sözləri gerçəkliyə
çevrilməklə təsdiqini tapdı, çoxlu
qurbanlarla yanaşı, böyük filosofun özünün də
həyatına qətl vasitəsilə son qoyuldu.
Avqustdan sonra gələn Roma imperatorları isə
böyük dövlətin başçılarından daha
çox əcaib klounları xatırladıb, karikatura effekti
yaratmaqla yanaşı, elə bil ki, qəddarlıqda bir-birləri
ilə yarışa girmişdilər. Roma imperatoru Tiberi (b.e.ə. 42 – b.e. 37-ci illər) ömrünün son illərində
Kapridə əylənmək üçün adamları
qayadan dənizə atdırır, orada qayıqda keşik
çəkənlər onları avarla vurub
öldürürdülər. O, öz varisi olacaq gələcək
imperator Kaliqula (b.e.12-21-ci illəri) haqqında isə
demişdi ki, “Mən Romanın döşündə gürzə
bəslənmişəm”. Tezliklə Kaliqulanın qəddarlığı
da üzə çıxdı, öz qardaşını edam etdirdi. Osmanlı imperatorları da kişi cinsindən olan öz yaxınları
barədə belə iyrənc irsi davam etdirirdilər. Kaliqula bəzi senatorları öz arabasının
dalınca uzun məsafələrə qaçmağa məcbur
edirdi. Onun vəhşiliyi hədd
tanımırdı. Vəhşi heyvanlara
verilən ət bahalaşanda (qladiator döyüşləri
üçün çox sayda yırtıcı heyvan
saxlanırdı), o, cinayətkarları diri-diri onların
qabağına atdırırdı. Hörmətli
adamları qəfəsə saldırıb, heyvan kimi əllərinin
və ayaqlarının üstündə dayanmağa məcbur
edirdi. O, Homerin poemalarını məhv etməklə
tanımadığı Şi Huan-dini təqlid etmək istəyirdi.
Onun ağılsız idarəçiliyi
adamları boğaza yığdığından, 29
yaşında qətlə yetirilməklə həyatla
vidalaşmalı oldu.
Kaliqula yalnız insanlara nifrət edirdi, heyvanları isə
olduqca xoş münasibət bəsləyirdi. Atına mərmərdən
tövlə, fil sümüyündən axur tikdirmişdi,
öz ölümü mane olmasaydı atını konsul edəcəkdi
(Roma respublikasında seçilən iki konsul dövlətin ən
böyük icra hakimiyyəti idi).
Neron (37-68-ci illər) 17 yaşında imperator səlahiyyətlərinə
yiyələndikdən sonra həyasızlığı, qəddarlığı
ilə ad çıxarmağa başladı. Bu onun təbiətindən
irəli gəlirdi. O, kimi istəsə edam
etdirirdi, anasını özünü öldürməyə
məcbur etmişdi, arvadlarını qətlə yetirirdi. Müəllimi, böyük filosof Senekanı,
özünü intihar etməyə vadar etmişdi. 64-cü ildə Romanı açıq şəkildə
yandırtdı, altı gün davam edən yanğının
dəhşətli mənzərəsinə imperator tamaşa
edib, həzz alırdı. Onu öldürəcəklərindən
qorxub, 68-ci ildə əlacsızlıqdan qılıncı
boğazına soxmaqla özünü öldürdü, bu
vaxt onun 31 yaşı var idi.
Atasından və qardaşından sonra imperator olan
Domitsian (51-96-cı illər) da çox tezliklə qəddarlığa
və tamahkarlığa keçdi. Bir neçə konsulu
və çox sayda senatoru ölümə göndərdi.
Ona qarşı artan nifrət sui-qəsdlə nəticələndi
və 15 illik hökmranlığından sonra onu
öldürdülər. Bu dövrdə 12
Sezardan 7-si öz ömürlərini təbii qaydada deyil,
zorakılıq nəticəsində başa vurmuşdu.
211-217-ci illərdə imperator olan Karakalla öz əli
ilə kiçik qardaşını
öldürmüşdü. Onun özünü də
Şərqə yürüş vaxtı öldürdülər.
Ümumiyyətlə, Avqustdan sonra və nəcib
imperatorlar istisna olmaqla, bu vəzifəni tutanlar çox tez-tez
dəyişirdi, çünki bir qayda olaraq
öldürülürdülər. Bu da
imperiyanın zəifləməsinə gətirib
çıxarırdı, dövlət eroziyaya
uğrayırdı, parçalanır, tədricən
dağılırdı.
III əsrdə
yaşamış xristian icmasının yepiskopu,
xristianları Nerondan başlayaraq təqib etməklə məşğul
olan imperatordan biri olan Valerian tərəfindən 256-cı ildə
edam edilmiş Kiprian öz biabırçı
dövrünü amansızcasına məhkum etməklə təsvir
edib, yazırdı ki : “Hər yerdə
müharibədir, hərbi düşərgələrdir,
qanlı dəhşətlərdir. Bütün
dünya qarşılılıqlı qaydada tökülən
qanlarla suvarılır və insan qətli yalnız
ayrı-ayrı adamlar tərəfindən törədildikdə
cinayət hesab olunur, əgər bu açıq şəkildə
həyata keçirilirsə, igidlik adlanır. Xətalara görə cəzasızlıq cinayətin
dəhşəti ilə təmin edilir. Cinayəti
nəinki edirlər, həm də onu etməyi öyrədirlər.
Cinayət qanunlar qarşısında baş
verir, hüquqlar tapdalanır. Bir insan bədəninə,
onun orqanlarının sayından çox cəza tətbiq
edilir. Hakimlər hökmləri ilə
alver edirlər. Kim ki, cinayətin
qarşısını almalıdır, o, özü cinayət
edir, günahsız müttəhimi məhv etmək
üçün hakim özü də günahkara
çevrilir. Qanun qarşısında
heç bir qorxu yoxdur. Nə satıla
bilirsə, o da qorxu törədir”. Bu yeni
dinin mübariz xadimi vaxtilə, özündən üç əsrdən
çox əvvəl Milonun məhkəməsində müdafiəçi
kimi çıxış edəndə “O tempera, o mores!” – “Ar olsun bizim dövrə və onun qaydalarına!”
sözləri ilə hayqıran Tsitseron kimi öz
yaşadığı mühiti ifşa etməklə, onun
haqsızlıqlarına elə bil ki, ölüm hökmü
oxuyur.
Qəddarlıq sağalmaz, bəlkə də xərçəng
kimi ağır bir xəstəlikdir. Əksər hallarda bu
insan təbiətindən irəli gəldiyi halda, itaət etmək
və qəddar hökmdara pərəstiş
qaydasındakı kölə münasibəti kimi münbit
şərait də onun meydana gəlməsinə və metastaz
qaydada genişlənməsinə səbəb olur. Qay Yuli Sezar Katilina qəsdi müzakirə edilərkən
senatda çıxış etdikdə Afina tarixindən bir ibrətamiz
misal gətirmişdi. Afinalılar üzərində
qələbə çaldıqdan sonra makedoniyalılar
onların dövlətinin başında otuz hökmdar qoydular.
Onlar əvvəlcə hamının nifrətini
qazanmış ən zərərli caniləri məhkəməsiz
edam etdilər, xalq isə bu hadisələrə
sevinir və onları bəyənirdi. Sonra
hökmdarlar cəsarətlənib, fərq qoymadan, öz istəklərinə
uyğun olaraq adamları öldürməyə
başladılar, başqalarını isə qorxudub vahimədə
saxladılar. Beləliklə bütün
xalq köləliyə düçar oldu və
özünün səfeh sevincinin belə ağır qaydada
altını çəkdi.
Təbabət
inkişaf etdikcə bir az əvvəl əlacı
mümkün olmayan xəstəlikləri öz üsulları
ilə müalicə etməyə müvəffəq olur. Siyasi və sosial məsələlərdə isə
“təbabət” gücsüz olaraq qalır. Siam əkizlərini,
çox mürəkkəb və çətin cərrahiyyə
əməliyyatı vasitəsilə bir-birinə bağlı
olan bu iki bədəni ayırmaq, aralamaq, həmin anadangəlmə patologiyanı nisbətən aradan
qaldırmaq mümkün olduğu halda, qəddarlığı
onun məxsus olduğu xarakterdən uzaqlaşdırmaq
mümkün olmur, axı bu “Siam əkizləri” bir ürəkdən
keçən eyni qan dövranı timsalındakı vahid
şüura və xarakterə malikdir. Ona görə
də bu patologiyanı müalicə etmək müşkül
məsələdir. Qəddarlar islah
olunmurlar, onların bu dözülməz qüsurları
yalnız təbiətin hökmü və ya hansısa bir
hadisə nəticəsində fiziki cəsədləri ilə
birlikdə dünyanı tərk etməli olur. Axı yırtıcı vəhşi heyvan da
heç vaxt vegetariana çevrilmir. Qəddar
şəxslər də fauna üçün deyil, cəmiyyət
üçün təhlükəli yırtıcı rolunu
oynayır.
Qəddarlar uğursuzluğa düçar olduqda hökmən
paranoyyaya meyl edirlər. Onlar həzzlərdə çimməkdən
də öz qəddarlıq ilhamlarını alırlar. Ona görə də eyş-işrət qəddarlığı
alovlandıran yanacağa çevrilir, odu alovlandıran əlavə
oksigen püskürdülməsi rolunu oynayır.
Qəddarlıq barədə çox sayda misallar gətirmək
mümkündür. Lakin həmin faktlar da onun eybəcər
sifətinə nəsə əlavə bir cizgi bəxş etməyəcəkdir.
Digər tərəfdən, keçmiş
ölmür, özünün xüsusiyyətlərini gələcək
əsrlərə də ötürməyə
çalışır.
Əxlaq
pozğunluğu cəmiyyətin xəstəliyinə
çevrilir
Tarixi araşdırmalarda keçmişin iyrənc izləri arasında əxlaq pozğunluğunun da ciddi qüsur olduğu aşkara çıxır, ona görə də qəddarlıq nümunələri kimi, o da mövcud olduğu cəmiyyətə ar, biabırçılıq xüsusiyyətləri bəxş edir. Bəzi qədim xalqlarda qanqarışdırıcı intim əlaqə yalnız yuxarı sinif arasında davam etsə də, aşağı siniflər arasında yayılmırdı. Qədim Misirdə faraonlar sülalənin qanının təmizliyini qorumaq üçün öz doğma bacıları ilə evlənirdilər. Bu təcrübə faraonlar yoxa çıxsa da, b.e.ə. I əsrə qədər davam etmişdi. Çünki VII Kleopatra (b.e.ə. 69-30-cu illər) Böyük Aleksandrın ordusunun sərkərdələrindən biri və o, öləndən sonra Misirdə çarlıq edən Ptolomeyin sülaləsinin davamçısı olsa da, özündən kiçik qardaşının arvadı olmalı idi. Sezarın müdaxiləsi ilə Kleopatra taxt-taca sahib olduqdan sonra qardaşı da öldürülməklə, bu məsələ öz “uğurlu” həllini tapmışdı. Kleopatra əvvəlcə Sezarın məşuqəsi, sonra isə Mark Antoninin arvadı olmuşdu.
Yəqin ki, bu qədim ənənənin
təsiri altında Misirdə sevgililər bir-birinə
“qardaş” və “bacı” kimi baxırdılar, baxmayaraq ki,
qardaş-bacı nikahı ölkənin çar ailəsi ilə
məhdudlaşırdı. Bibliyanın “Şərqilər
şərqisi” kitabında da çar Solomon üzüm
bağında vurulduğu sadə kəndin qızı Sulamitə
başqa əzizləyici adlarla yanaşı, “bacı” deyə
müraciət edir. Görünür, bu ənənə
Misirin sərhədləri daxilində qapılıb
qalmamışdı.
Yunanıstanda əsasən ordudan
gələn təsirlər hesabına homoseksual əlaqələr
adi hal sayılırdı, yaşlı
döyüşçülərin öz himayələrində
olan gənc döyüşçülərlə belə əlaqəyə
girməsi çox geniş yayılmışdı.
Böyük Aleksandrın da dostu Hefestionla
yaxınlığı sirr deyildi, Roksanaya
evlənəndən sonra da bu əlaqə davam edirdi və bu
oğlanın vaxtsız ölümünə Aleksandr öz
şəxsi faciəsi kimi yanaşmışdı. Spartada isə
qadınlar intim yaxınlıq məsələsində tam sərbəst
idilər, gənc qızlar isə çılpaq şəkildə
öz həmyaşıdları olan oğlanlarla birlikdə
məşq edirdilər.
Qədim Romada b.e.ə. II əsrindən başlayaraq əxlaq pozğunluğu “geniş vüsət” aldı. Böyük Katon kimi əxlaq təmizliyi uğrunda mübarizə aparan fədailər bu məsələdə bütün günahları yunanların mənfi təsirində görürdülər. Mədəniyyətcə xeyli yuxarıda dayanan yunanlar öz sivilizasiya nemətlərini romalılara ixrac edirdilər və bu mübadilədə, qəribə də görünsə, əxlaqın möhkəmliyinə xələl gətirən cəhətlər də yer tutmamış deyildi. Roma respublikasında yüksək vəzifəli xadimlər siyasi ittifaqlar naminə bir-birinə hətta uyğun gəlməyən qohumluq, izdivac əlaqələrinə girirdilər, bundan fayda götürürdülər.Siyasətçilər, məsələn, Avqustun özü də bunu etmişdi, hətta başqasının arvadını boşatdırıb onunla evlənirdilər, ancaq bu əxlaqa zidd qayda nikah sferasından uzağa getmirdi.
(Ardı var)
Telman Orucov
525-ci qəzet.- 2015.- 20 mart.- S. 25.