Şair Əkbər Qoşalı: “Ədəbiyyat
dünyanı xilas cəhdidir”
Şair-publisist Əkbər Qoşalını 2011-ci ildən
tanıyıram. Universitetdə oxuyanda Atatürk Mərkəzinə
praktikaya getmişdik. Məlum oldu ki, bizim
praktika rəhbərimiz Əkbər Qoşalı adlı bir
şair olacaq. Elə ilk
tanışlıqda “dağ adamı” (gülümsər,
qırmızıyanaq) təsiri bağışlayan Əkbər
müəllim ürəyimə yatdı. Sonralar
onunla dostlaşdıq da deyə bilərəm. Ədəbi imzamın mətbuatda görünməsi
də Əkbər müəllimin sayəsində oldu. Bir müddət əvvəl Azərbaycan
Yazıçılar Birliyində rastlaşdıq. Ərkyana “gəlib-getmirsən” deyə
danladığı vaxt Rəşad Məcid söhbətimizə
ortaq oldu.
Hal-qəziyyədən xəbər tutub
möhkəmcə tapşırdı ki, Əkbər
Qoşalıdan müsahibə götür, bəlkə
günahını yuya bildin. Müəllimdən müsahibə
götürmək o qədər də asan deyilmiş...
– Nə yazırsız?
– Çox şeydən yaza bilərəm, ancaq
çox yazmıram. Ardıcıl izlədiyim mövzular var.
Yazı-pozularımla az-çox tanış olanlar bilməmiş
olmaz. Yazdıqlarım toplum üçün maraqlı
olduğunu düşündüyüm zaman, yaxud paylaşmadan
keçinə bilmədiyim məqamlarda kütləvilik
qazanır. Yazı prosesi ilə hər gün məşğulam,
hətta yazı ilə yaşayıram deyərdim. İllər
öncə belə bir şeir yazmışdım:
Bir olub iki can – bir doğulmuşuq,
“sıfır” – “ölüm” demək,
“bir” – “doğulmuşuq”..!
Elə
bil anadan bir doğulmuşuq,
özümü kağızdan ayırammıram.
Üstəlik,
sosial şəbəkələrdəki yazışmaları, iş, təşkilatiməsələlərdən
irəli gələn yazı-pozunu, müraciətlər üzərinə
yazdığım “önsöz”ləri, kitab tərtibi,
redaktorluq işi – bunların hamısını göz
önündə tutsaq, gün bütövlükdə
yazıyla başlayıb, yazıyla qurtarır. Bir dəfə
Zəlimxan Yaqub mənə dedi ki, Əkbər, mən ya
danışa-danışa, ya da yaza-yaza öləcəm. Xalq
şairimizin bu sözünü dərininə də, eninə
də anlayıram: yaradıcılığa ömür, ədəbiyyata
könül vermiş insan üçün yazı prosesi
yaşamın özüdür.
“Nə yazırsız?” sualı “Necə
yaşayırsız?” yaxud “Nə deyib yaşayırsız?”
sualına ekvivalent olur. Bu il uzun aralıqdan sonra şeirlər
və hekayələr kitabım işıq üzü görəcək.
Əslində keçən il
olmalıydı, bir də baxdım, ay ötüb, il
dolanıb. Sanki zaman sürət qatarına
qoşulub, “Facebook” üslubu, intonasiyası ilə desək,
“zaman tuneli”ndən keçib, bilməmişik.
Əlbəttə, mən zamansızlıqdan gileylənməkdə
özümə haqq vermirəm. Dünyanın dörd bir yanında
ağır durumda olanlar var. Öz Şuşamızda girov
saxlanılan günahsız kəlbəcərli
soydaşlarımız Dilqəm Əsgərovla Şahbaz
Quliyevin saatı necə keçir, İlahi?!.
A sağolmuş, bax, sonra da deyirsən nə yazırsan?
–
Yaxşı, Əkbər Qoşalı üçün ədəbiyyat
nədir, ədəbiyyat üçün Əkbər
Qoşalı kimdir, yəni sizin imzanız ədəbiyyatımıza
nə qazandırıb?
– Ədəbiyyat mənimçün nədir? – bu
sualın qəribəlik əmsalına toxunmadan deyim ki, ədəbiyyat
könlümdən keçənlərin meydanıdır. Mən fırça, tişə, musiqi alətilə
nəsə yarada, ifa edə bilmirəm. Bəlkə elə
bu üzdən
hərdən yazdıqlarım, başqalarının
yazdığı gözəl əsərlər mənə rəsm,
heykəl, musiqi kimi gəlir. Yaradıcılığın
nüvəsi hər nədirsə, o bütün
yaradıcılarda eyni maddədəndir, ancaq nisbətləri
fərqlidir. Mənim nəsibim olan nisbət
yazarlığa uyğun gəlir.
Ədəbiyyat üçün mən kiməm? – təqdir
edərsən ki, bu sualın cavabını vermək məndən
daha çox, məni oxuyanların haqqıdır. Özü də, bəlkə bu gün deyil gələcəkdə.
Məncə, Əkbər Qoşalı adı sabah
bugünkündən daha çox öz haqq etdiyi yerdə
olacaq. Hələ nə yazmışam ki?
Əlinə qələm alan kimi “roman”
yazanlardan deyiləm. Ədəbiyyat mənimçün
lağ-lağı, hikkə, ədabazlıq yeri deyil.
Yazacaqlarım, yazmalı olduqlarım qarşı illərin, ömrün hələ yaşanmamış çağlarının payına düşür, – deyə düşünürəm. O əsərlər ki ideyası, strukturu beynimdə dolanır, onları məhz mən yaza bilərəm.O şeirlər ki mənim ürəyimə damıb, ruhuma qonub, onu mən deməliyəm.
– Gənclərlə
çalışırsınız. Hansı uğurlu layihələriniz
olub, bu layihələrin özəllikləri nədir?
– Gənclərlə
çalışmaq mənim alın yazım halına gəlib,
desəm yanlış olmaz. 20 il öncə Bakıda bir qrup gənc
yazarı yığıb, “Qar Çiçəyi” ədəbi
birliyini yaratdıq – o gənclərin bir çoxu indi ədəbiyyatda,
elmdə, ictimai həyatda parlaq imzalardır. O vaxt eyni
adlı almanax da buraxmışdıq. Yanılmıramsa, o
almanax müstəqil Azərbaycanda ilk sanballı almanax
sayılırdı. Rəhbərlik etdiyim layihələrdən
“Gəldik. Gördük. Yazdıq”, “Paytaxtdan bölgələrə...
Bölgələrdən paytaxta”, “Türk
Dünyasında ədəbiyyat... Ədəbiyyat(ımız)da
Türk Dünyası”, “Gənc yazarların Bakı
görüşü”, “Türk Dünyasının gənc
yazarlarını birləşdirən qurumlar arasında məsləhət
mühitinin yaradılması” kimi layihələrimiz
adlarından da göründüyü kimi
orijinallıqları, hədəf və nəticələri ilə
fərqlənən layihələr olub. Belə layihələr
həm gənclərin üzə çıxarılması,
istedadların tanıdılması həm də layihəyə
cəlb edilmiş gənclərin özünün təcrübə
yığması baxımından önəmlidir. Başqa
sözlə desək, belə layihələr, bir növ,
“yaşıddan-yaşıda” fəlsəfə
baxışı ilə işləyir. Layihə həyata
keçirən qurumun institusional inkişafı, qalıcı
işlərin meydana çıxması da özlüyündə
layihənin dəyərini ifadə edir.
Həyata keçirdiyimiz layihələrdə
şəxsən özüm neçə istedadlı,
işıqlı gəncimizi tanımışam, neçə
gəncimizi yeni keyfiyyətdə görmüşəm: Taleh Mansur, Elnarə Nur, Zamir Erkin, Elməddin Nicat,
Ruslan Talıb, İntiqam Yaşar, Elşad Barat, Emil
Rasimoğlu, Elmin Nuri, Ülkər Piri, Sərvər
Kamranlı, Nofəl Ədalət, Gülnar Səma, Toğrul
Kərimli, Tural Adışirin, Vasif Zöhraboğlu, Tural
Turan, Ruslan Nadiroğlu, Habil Yaşar, Şəfa Vəli...
Hamısının adını çəkəsi olsam, xeyli
yer tutar. Bu işıqlı gənclərlə
doğmalaşmaq, tanışmaq, bir layihədə araya gəlmək
xoşdur. Onların tam əksər hissəsinin parlaq gələcəyinə
inanıram.
– Nə yazırsız sualını verdim, bəs niyə yazırsız? Söz, yazmaq sizinçün nə deməkdir?
(Gülür)
Bu işin adı yazıçılıqdır, sözü tanımaq, sözü incitməmək, sözlə incitməməkdir. Əbdürrəhim Qaraqoç “İsmailcə”də nə deyir?
Gölgesinde otur
amma
Yaprak senden
incinmesin.
Temizlen de gir mezara
Toprak senden incinmesin.
Yollar uzun, yollar ince
Yol kısalır aşk gelince
Yat kurban ol İsmail’ce
Bıçak senden incinmesin...
Şeirin həcv, satira kimi qolları da var və onlar
incitməkçündür. İncidən şeir
şeirlikdən çıxır, necə deyərlər,
sosiallaşır. O artıq başqa müstəvidə
yorumlanmalıdır. Əlbəttə, həqiqəti ifadə
edən şeirlər kimisə acıdırsa, bu
acıyanın problemidir, şairin, şeirin deyil... Acıyan da, gec-tez haqqa gələcək.
Şeir
susayanın su içməsi misalında deyilsə, daha nə
oldu...
– Ailənizdə
sizin ədəbiyyata olan marağınıza münasibət
necə idi? Və indi necədi?
–
Yazıçılıq bizim kənddə “quru
çanaqçılıq” kimi başa
düşülürdü. Məndən əvvəl
bizim nəsildə yazıçılıqla ad, çörək
qazanan olmamışdı. Yaxşı oxuyan, inkişaf
etmək istəyən, intellekti ilə, istedadı ilə
seçilən niyə müəllim, mühəndis
olmayıb da, yazıçı olmalıdır?!.
– mənim kəndimdə belə bir
“düzxətli, bərabərsürətli” düşüncə
hakim idi... Məni ev və el tənəsindən
“xilas edən”sə şeir yazmağımla yanaşı
bütün dərslərimi yaxşı oxumağım idi. Amma indi mən tərəfdən rahatdı hamısı.
Hələ desən qürur da duyurlar
(gülür).
–
Övladlarınızdan yolunuzu davam etdirən varmı?
–
Üç övladım var. Övladlarımdan
böyüyü turizm menecmentliyi üzrə təhsil
alır. İkinci övladımda
yaradıcılıq potenisalı var, istedadlıdır,
oxuduğu məktəbin bir nömrəsidir, deyə bilərəm.
Bununla belə, yaradıcılıq yolu
onunçün də birinci deyil, ikinci seçim kimi
görünür. Amma fitrətində
varsa, hansı ixtisası seçsə də, gec-tez
yaradıcılıq eşqi üzə vuracaq.
Hazırdasa onu daha çox diplomatiya, hüquq mühafizə
orqanlarında çalışmaq maraqlandırır.
Üçüncü hələ 2-ci sinifdədir. Onun
haqqında bir söz deməyim, tez olar, amma idmançı
olmaq istəyir.
Düzü, övladlarım hansı ixtisası, peşəni
seçsələr də, mənim yolumu tutsalar da, tutmasalar
da, onlar mənim əsərlərimdir. Deyərdim, ən
yaxşı əsərlərimdir və mən onlara güvənirəm.
Necə deyərlər, məndən sonra da
yaşaya biləcək əsərlərim.
–
Dünya Gənc Türk Yazarlar Birliyi (DGTYB) sizinçün nə
deməkdir?
– DGTYB
artıq bir brenddir. Ömrümün son 17 ili
DGTYB ilə süslənib. DGTYB neçə gənc
yazarın adını duyurmuş, neçə-neçə gənc
yazarı bir-biri ilə yoldaş etmiş qurumdur. Özü də bu işlər beynəlxalq miqyasda
görülüb. Az qala hər il
türkdilli gənc yazarların Azərbaycana və
qarşılıqlı olaraq, bizim gənclərin türkdilli
ölkə və topluluqlara səfərlərini təşkil
edirik. Bir-birimizi hər yönü ilə
tanıyır, tanıdırıq. Qardaş ölkə
və topluluqlardakı yeni nəsil ziyalıları, əli qələmliləri
azərbaycanlı qardaş-bacılarının dərdi,
sevinci ilə tanış edirik,
Qarabağın Ermənistan tərəfindən
işğalı, bu işğalın ağır nəticələri
barədə məlumatlandırırıq. Yəni
yazarlarmızın Bişkekə, Kazana, yaxud başqa yerə səfəri
şeir oxuyub qayıtmaqla bitmir. Gördüyün
işdən zövq almaqla, könüllü addım atmaqla,
qulpundan tutduğun işin mahiyyətinə vaqif olmaqla, ürəyə,
yaddaşa, ruha xitab etməklə daha çox şeyə nail
olmaq olar. DGTYB institusional olaraq bəlli yol
keçmiş bir qurumdur. 17 yaşlı
dünənin, bu günün planları ilə, bizlərin
hamımızın daşıdığı dilək və təmənnalarla
gələcəyin Birliyidir.
– Siz həm
publisist, həm şairsiz. Bəs
özlüyünüzdə hansı sizə daha
doğmadır?
–Publisistika
yazarın özünü daha yaxşı ifadəsinə xidmət
edir. Həm bu “həm”lərə nə ehtiyac
var?
Publisistlik, şairlik, yazıçılıq bir
tamın parçalarıdır. Ürəklə
yazdığım hər söz janrından asılı
olmayaraq mənə əzizdir. Professor Nizami Cəfərovun
sözü ilə desək, şeir istedadın üzə
çıxmasının ən asan yoludur.Şeirdə birbaşalıq
var: Könül – Qələm – Kağız – sehrli
üçbucaq qapandı. Yaxud
açıldı deyə bilərik. Nəsr,
bəlkə eşqdən, ruhsallıqdan daha çox
ağılla biçimlənən bir yaradıcılıq
aktıdır. Publisistika, belə demək
mümkünsə, poetik nəsrdir.
Hər birinin öz auditoriyası olsa da, hansı janrda,
hansı mövzuda yazsam ümumi olaraq, məni söz-söz,
ürək-ürək, yazı-yazı gözləyən tək
bir nəfərdən tutmuş, yalnız yazılarımla (və
yazılarımda!) məni tanıyanların hamısı
üçün yazıram. Yazdıqlarım
öz yerində, məni oxuduğunu bildiyim (təsəvvür
etdiyim) hər kəs, onların fikri də mənə
doğmadır.
– Belə
bir deyim var: ədəbiyyat dünyanı xilas edə bilməz.
Bəs sizcə?
–
Dünyanı heç bir əməli fəaliyyət sahəsi
xilas edə bilməz. Dünyanı
yaradanından başqa heç bir qüvvə xilas edə bilməz.
Ancaq əlbəttə, ƏDƏBİYYAT
dünyanı xilas cəhdidir.
Şair
İbrahim İlyaslı deyir:
“Haqq deyilən
heç nə yoxdur
amma dəyər
axtarmağa”.
Yaxud
“Küskün dostun Divanisi”ndə deyilir:
Gah coşardın, gah susardın –
halların hal deyildi,
Tək səndinmi bu dünyada əhdi-peyman
eyləyən?..
Hər sözündən tük
çəkirsən, qüsur çıxır birbəbir,
Sən deyildin yardan gələn
sözü fərman eyləyən?..
Eşqin eşqdi, neynəyəsən
yenə dünyadı dünya...
Yalan səsdi, deyir hərdən: yeni
dünyadı dünya...
Axır gedib bir yar sevdin – adı
Dünyadı, Dünya,
O da dedi nə gec gəldin, a canı
can eyləyən..?
Get, get, ey əli qələmli, dərdini
faş eyləmə,
Hər gələnçün, hər
gedənçün gözünü yaş eyləmə...
Tanrıya bağla qəlbini, qəlbini
daş eyləmə,
Yenə odur,
yalnız odur dərdə dərman eyləyən.
Cavid QƏDİR
525-ci qəzet.- 2015.- 20 mart.- S. 24.