Rəsul Rza
poeziyasında milli qurtuluş motivləri
XX yüzilin poetik təfəkküründə izini və
imzasını qoyan qüdrətli sənətkarlardan biri Rəsul
Rzadır. Bu
cəhətdən onu dünya poeziyasını öz estetik təcrübələri
və yenilikləri ilə zənginləşdirən Giyom
Apolliner, Vladimir Mayakovski, Nazim Hikmət, Emil Verxarn, Pol Elyuar,
Eduardas Mejelaytis və başqa ölməz klassiklərlə
müqayisə etmək olar.
Öz əsrinin ən yüksək və qabaqcıl
ictimai-fəlsəfi fikirlərinə və qayələrinə
münasibətdə də Rəsul Rza novator şairdir. Xüsusən,
əsrin azadlıq ideyasına və obrazına yanaşmada
R.Rza bənzərsiz sənətkardır. Bu
mövzu və obraz yaradıcılığının
bütün mərhələlərində onu narahat etmiş
və dərindən düşündürmüşdür.
Azadlıq problemini həm milli, həm də
ümumbəşəri müstəvidə bədii təhlil
və tərənnüm etməyi bacaran nadir ədəbi
simalardan biri məhz Rəsul Rzadır.
XX əsr poeziyasında Azadlıq haqqındakı ən
gözəl şeirlərin Sovet İttifaqında –
dünyanın ən böyük imperiyasında yaşayan
xalqların ədəbiyyatında yaranmasını təbii və
zəruri saymaq olar. Həmin böyük və gözəl
şeirlərin bir qismi türk dillərində yazan şairlərə
məxsus idi. Burada onlardan bəzilərini –
Əbdürauf Fitrətin “Türküstan”, “Əmir Teymurun məqbərəsi”,
Əbdülhəmid Süleyman oğlu Çolpanın “Tutqun”
(“Əsir”), “Gözəl”, Musa Cəlilin “Quşcuğaz”, Səməd
Vurğunun “Körpünün həsrəti”, Qafur Qulamın
“Həsrət”, “Türksib yollarında”, Mikayıl
Müşfiqin “Küləklər”, Aybəkin “Vətən”,
“Dağ çiçəyi”, Həmid Alimcanın “Muqanna” və
sair əsərləri vurğulamaq yerinə düşər.
Azərbaycan poeziyasının bu yöndəki mənəvi-estetik
axtarışları da özünün xarakteri və mahiyyəti
ilə son dərəcə mürəkkəbdir. Milli-mənəvi xilas və
qurtuluş barəsindəki iztirablı düşüncələri
M.Ə.Sabir və M.Hadinin, H.Cavid və
C.Cabbarlının, Ə.Cavad və M.Müşfiqin
yaradıcılığında müşahidə edirik. Həmin dövr Azərbaycan poeziyasında milli ideal
və azadlıq arzularının ifadəsi nöqteyi-nəzərindən
S.Vurğun və R.Rzanın yaradıcılığı
ayrıca bir təmayüldür.
Xüsusən,
R.Rzanın milli tale və azadlıqla bağlı bədii-fəlsəfi
düşüncələri həmin şeirlərin
yazılmasından yetmiş il,
altmış il, əlli il keçməsinə baxmayaraq hələ
də qəlbimizə hərarətli heyrət bəxş etməkdədir.
Bu mövzuda Rəsul Rzanın bir
neçə şeiri var: “Azadlıq günü”, “Azadlıq heykəli”, “Azad torpaq
çiçəkləri”, “Azadlıq” və s. Bu şeirlərdə
Rəsul Rzanın bir ictimai-siyasi və fəlsəfi məfhum
kimi Azadlıq haqqında düşüncə və
görüşləri əks etmişdir.
Öz ədəbi yaşıdları və müasirləri
arasında azadlıq haqqında çox və yaxşı
yazan sənətkarlardan biri kimi Rəsul Rza diqqəti cəlb
edir. Rəsul Rza lirikasında Azadlıq motivinin ifadəsi
ilə bağlı mühüm fikirlər söyləmək
olar. Onun bu mövzudakı əsərləri
ömrünün və yaradıcılığının
müxtəlif dövrlərində qələmə
alınıb. Şairin azadlıq
haqqındakı ilk əsərlərindən biri “Azadlıq
günü” 1945-ci ildə, “Azadlıq heykəli” şeiri
1954-cü ildə, “Azad torpaq çiçəkləri” 1955-ci
ildə, “Azadlıq” şeiri isə 1962-ci ildə yazılıb.
“Azadlıq günü” və “Azad torpaq
çiçəkləri”, eyni zamanda, “Azadlıq heykəli” və
“Azadıq” şeirləri öz sərlövhələri ilə
də diqqəti cəlb edir. Bir tərəfdən,
siyasi qətllərin adi həyat tərzinə çevrildiyi
bir cəmiyyətdə, Stalin səltənətində
Azadlıq sözünün (həm də arzusunun!)
vurğulanması böyük və unudulmaz bir hadisə idi.
İkinci tərəfdən isə, bu şeirlərdə
ustad sənətkar öz zamanının fövqünə
yüksələ bilmişdi.
Xüsusən, “Azadlıq heykəli” (1954) şeiri
özünün məna tutumuna və pafosuna görə XX
yüzil Azərbaycan poeziyasında fərqlənir. “Azadlıq heykəli”nin mətnini dəfələrlə oxuyarkən
bu şeirin sətirləri arasında və altında sözlə
ifadəyə sığmayan mənaların da mövcud
olduğunu sövqi-təbii hiss edirsən. Poetik
mətndəki özünəməxsus təkrar və təkrirlər
sanki müəllifin sözlərdə əks etməyən
istəyini müəyyən hədəfə yönəldir.
Amerikadakı məşhur Azadlıq heykəlinin
oyatdığı təəssüratlar zəminində
yazılmış şeiri ustad sənətkar, ümumən,
azadlıq haqqındakı fəlsəfi şeirə
çevirə bilib. Bu şeirin
özünəməxsus süjet və kompozisiyası şairin
demək istədiyi fikrin açılmasına və emosional bədii
ifadəsinə yönəlib. Müəllifin
seçdiyi lirik təhkiyə üsulu, lirik təkid və təkrirlər
şeirin konsepsiyasını gerçəkləşdirməyə
xidmət edir. Şeirin proloqu üç
hissədən ibarətdir və hər hissə də eyni
sözlə – “Deyirlər” xəbəri ilə başlanır.
Deyirlər, Nyu-Yorkda
bir Azadlıq heykəli var.
Nə qədər qalxsa
okeanda dalğalar,
yenə
yolçular görür onu
sahilə xeyli qalmış.
Lirik proloqun ikinci hissəsində də Azadlıq heykəlinin
təsviri və təqdimi davam edir. Bu hissədə də Azadlıq heykəlinin
möhtəşəmliyi vurğulanır: “Deyirlər,
Nyu-Yorkdakı azadlığın heykəli göydələn
binalar kimi ucalmış. Yanar bir məşəl tutur onun
sağ əli”. Və nəhayət, lirik proloqun növbəti
– üçüncü hissəsində də onun hədsiz
yüksəkliyi və ucalığı, gecə-gündüz
belə hər yandan görünməsini şair xüsusi bir
maraqla diqqətə çatdırır:
Deyirlər,
gecə-gündüz
hər yandan görünür
bu Azadlıq heykəli.
Müəllifin bu üç parçanı mətndə
ardıcıllıqla verməsi, bizcə, təsadüfi deyil. Çünki
Rəsul Rza kimi təcrübəli bir sənətkar şeirdəki
nəinki hər bir söz və ifadəni, hətta süjetin
və fikrin ardıcıllığını, durğu
işarələrinin özünəməxsus poetik
funksiyasını da nəzərə alırdı. Heç bir səbəb və müəyyən bir
poetik məqsəd olmadan müəllif şeirdə, təxminən,
eyni bədii informasiyanın təkrarlanmasına yol verməzdi.
Üçüncü hissədən sonra gələn
aşağıdakı sətirlərdə müəllif bədii
niyyətinin ciddiliyinə işarə edir:
Kim acdırsa
bu heykəlin ətəyində,
gedib-gələnə
azad
əl aça bilər.
Bu
Azadlıq heykəlinin insanlara verəcəyi başqa bir
mühüm imtiyazı da müəllif vurğulayır: “Kim
yurdsuz-yuvasızdır – burda gecələyib, polis görəndə,
bacarsa, qaça bilər”. Beləliklə,
“Azadlıq heykəli” şeiri çoxmənalılığı
və çoxqatlılığı ilə diqqəti çəkir.
Müəllif şeirdə bu heykəlin əzəmətini
və məşhurluğunu təkid etməklə bir neçə
məqsədi nəzərdə tutub. Birincidən,
azadlığa başı göylərə dəyən heykəl
qoymaqla əsl azad olmaq arasında yerlə göy qədər
fərq var. Yəni şair Amerikanın Azadlıq heykəlinin
əzəmətini dəfələrlə vurğulamaqla bunun
heç nəyi həll etmədiyini söyləmək istəyib.
İkincidən isə, azadlıq haqqında səhərdən-axşama
kimi hay-küy salınan, danışılan başqa ölkələrdə
də azadlığın yoxluğuna işarə edib.
Şairin bədii-fəlsəfi məqsədini heykəlin
tərifindən sonra gələn parçalarda əks edən
“azadlıq imkanları” və imtiyazları da təsdiq edir. Azadlıq heykəlinin
altında azad və sərbəst dilənçilik etmək
mümkündür, əgər polis imkan versə,
evsiz-eşiksizlər, yurdsuz-yuvasızlar burada gecələyə
də bilər. Görürsünüz,
dünyanın ən yüksək azadlıq heykəli
ucaltmış ölkəsində belə, xoşbəxt
yaşamaq imkanları məhduddur. Bununla
şair Amerika azadlığını səciyyələndirməklə
kifayətlənmir, həm də azadlığı bayraq edən
və onu özünün siyasi simvolu kimi dünyaya elan edən
ölkələrə də öz münasibətini
bildirmiş olur.
“Azadlıq
heykəli” şeirinin azadlıq haqqındakı mədhiyyə
olmadığını şeirin əsas qayəsini və fəlsəfəsini
ifadə edən aşağıdakı misralar da ayıq
oxucuya əyan edir: “Deyirlər, bir gün bir dili dinc durmaz, bu
heykələ baxıb bir az, demişdir: bəli!
Hər şey yerindədir. Burda
böyük məna var, – və məna dərindədir”.
Dərindəki mənanı isə şair öz lirik
personajlarından birinin dili ilə son dərəcə
aydın və kəskin ifadə etmişdir:
Adətən
ölüyə qoyarlar heykəli.
Bu heykəli də yerində qoyublar,
Çünki
burda
azadlığın dərisini
çoxdan soyublar.
Həqiqətən bu şeir ifadə etdiyi fikir və
düşüncələrə görə, son dərəcə
qeyri-adidir. Müəllifin irəli sürdüyü və
müdafiə etdiyi poetik həqiqətin miqyası hədsiz
geniş, məna çalarları zəngin və rəngbərəngdir.
Bu şeir üzərində düşünərkən,
qeyri-ixtiyari olaraq, iyirminci yüzilin görkəmli klassiklərindən
biri Pyer Reverdinin sözlərini xatırlayırsan: “Şairlər
gələcəkdən xəbər vermirlər, amma indiki
zaman gerçəkliyindən bəzən elə şeyləri
duyurlar ki, onlar çoxlarına yalnız gələcəkdə
məlum olur”.
“Azadlıq heykəli” şeiri rəmzi məna və məzmunla
yoğrulmuşdur. Rəsul Rza poeziyasında bu cür poetik nümunələr
az deyil. Şair təsvir
etdiyi hadisə və lövhələr haqqında nəticə
çıxartmağı oxucunun öz öhdəsinə
buraxır. Bizim poeziyamızda assosiativ
şeirin banisi kimi Rəsul Rza şeirin məna və məzmununun
formalaşmasında oxucunun iştirakını təmin edən
qüdrətli sənətkarlarımızdan biridir.
Şair, zatən, Amerikada və ya hansısa bir ölkədə
azadlıq yoxdur, demir, əksinə, azadlığı bayraq edən
ölkələrdə azadlığın məhdudluğunu əyani
şəkildə göstərir. Hətta müəllifin
birbaşa müdaxiləsi və təsəllisi də
şeirin yaratdığı təəssüratı, həqiqətin
amansızlığını dəyişə bilmir: “Yox!
Azadlıq ölməmişdir Amerikada belə! Qolları
bağlı olsa da, hər addımda döyülsə də,
boğulsa da yaşayır o...”
Azadlıq problemini şair təkcə Amerika gerçəkliyi
əsasında dəyərləndirmədiyi şeirin ümumi
məna və məzmunundan bəlli olur. Azadlığın
əlçatmazlığı həm Qərb, həm də
Şərq müstəvisində əks etdirilib. Ümumən, insan və onun mənəvi dəyərlərini
ümumdünya kontekstində qiymətləndirmək
konsepsiyası ustad sənətkarın əksər şeirlərində
nəzərə çarpır. Bu – Rəsul Rzanın
üslubudur. Məsələn, “İnsan şəkli”
şeirində də müəllifin estetik fikri və məqsədi
bu yöndə hərəkət edir. Şair nəinki insanın
bugünkü vəziyyətini, hətta onun tarixi-mənəvi
fəaliyyətini və azadlıq arzularını da bir ölkə,
bir millət misalında deyil, dünyanın iki əsas
qütbü – Şərq və Qərb müstəvisində
nəzərdən keçirir və qərar verir. “Bir insan şəkli asacağam, bir yanında Nəsimi
– dabanından soyulandan sonra. Bir yanında məşəl
kimi yanmış azəri qızı – tunc heykəli qoyulandan
sonra. Bir yanında Cordano Brunonun
külü. Bir yanında Məmmədhəsən
kişi – ömrü, günü yollara tökülü”.
Müəllif insan və azadlıq tarixinin deyil, onların bugününün
də eyni dərəcədə amansız və dözülməz
faciələrdən ibarət olduğunu göstərməyi
də vacib sayır: “Bir yanda Osvensim, minlərlə insan dizi
bükülü. Bir yanda yolları insanla
döşənmiş – Kalıma. Bir yanda
Xirosima – ölü. Bir tərəfdə Fərhad,
Şirin, Kərəm, Əsli. Bir tərəfdə
İsrafil, Qafur, Qastello, Lorka – Prometeylər nəsli”.
Bütün bu və başqa poetik müqayisələr
“Azadlıq heykəli” şeirində təkcə Amerikanın
ictimai-siyasi gerçəklikləri deyil, bütün
dünyanın, xüsusən də bizim mənsub olduğumuz
regionun həqiqətlərinin də əks etdiyini söyləməyə
əsas verir.
“Azadlıq”
(1962) şeirində də ustad sənətkarın əsrin ən
zəruri məsələsi və insanın ən ali arzusu haqqında düşüncələri
yeni və özünəməxsus müstəvidə davam
etdirilmişdir. Bu şeirdəki insan azadlığını
və əsarətini səciyyələndirən metaforalar həqiqətin
sərt və amansız ifadəsi kimi gözəldir: “Qara bir
gündə yaralı bir ölkənin üstündə dikəldi:
qüvvətdən sərxoş, qan ləkəli bayraq. Günəşli bir gündə qəzəbli bir
ölkənin üstündən endirildi ölüm kölgəli
bayraq”. Şair azadlığı həm də
adi və sadə bir mənəvi ehtiyac kimi təsvir edir.
İnsanın havaya, suya və günəşə
olan ehtiyacı necə təbiidirsə, azadlığa olan həsrəti
və mənəvi tələbi də eynən o qədər
və o dərəcədə
qarşısıalınmazdır. Azadlığa can atmaq
insanın varlığının və mahiyyətinin ifadəsidir:
Qollarını
geniş-geniş açdı insan.
Qucaqlaşdı
günəş,
hava,
torpaq.
Afrikadakı
bir ölkənin azadlığa qovuşmasına sevinən
şairin “qan ləkəli bayrağın” dikəlməsindən
və “ölüm kölgəli bayrağın” isə endirilməsindən
duyduğu sərhədsiz sevincdə öz ana yurdunun, öz
ana Vətəninin gələcək istiqlal sevincləri də
yaşayırdı. Şairin dünyanın ən
ucqar nöqtəsindəki azadlıq sevincinə və qələbəsinə
şərik olması, onlarla həmrəyliyi əsrin ən
qüdrətli lirik qəhrəmanlarından birinin bilavasitə
öz taleyinə və tərcümeyi-halına münasibətini,
milli-mənəvi və estetik idealının əsas əlamətlərini
və parametrlərini də ifadə edirdi.
Azadlıq arzuları şairin “Qəribə arzular” (1959)
şeirində də özünəməxsus üslubda – rəmzi-metaforik
şəkildə ifadə olunub. Bu şeirin
poetikası – lirik süjeti və kompoziyası, obrazlar sistemi və
onların qarşılıqlı əlaqəsi çox məharətlə
düşünülüb. Müəllifin
bədii konsepsiyası poetik bəyanda deyil, məhz
obrazların mahiyyətində və bir-biri ilə əlaqəsində
öz əksini tapıb. Ümumən,
fikrin açıq və çılpaq ifadəsinə R.Rza
poeziyasında, demək olar ki, rast gəlmirik. Müəllifin
bir sıra manifest və proqram yönlü şeirlərini nəzərə
almasaq, o, həmişə şeirin
yüksək bədii ifadəsinə xüsusi fikir verdiyi əsərlərində
nəzərə çarpır. “Qəribə
arzular” şeirində də belədir. Azadlıq
arzuları bu şeirdə necə və hansı yolla əks
etdirildiyini dərk etmək bəlkə də
hazırlıqsız oxucu üçün müəyyən dərəcədə
çətinlik törədə bilər. Amma “Qəribə arzular”ı XX əsr şeirimizin
şedevrinə çevirən də məhz bu xüsusiyyətdir.
Əslində şair öz bədii niyyətini
elə sərlövhədəcə bildirib. Nəyə görə şeiri “Arzular” yox, məhz
“Qəribə arzular” adlandırıb? Əslində bu
şeir hamının hər gün yaşaya bilmədiyi,
yalnız milli və ictimai zaman kontekstində düşünməyi
bacaran nadir insanlara məxsus və buna görə də
hamı tərəfindən dərhal duyulmayan, anlanmayan təkrarsız
bir yaşantı haqqındadır: “Axır günlər məni
düşündürür yaman Danəndə Bəhlul, bir də
“Min bir gecə”nin dolaşıq yollarındakı qara qul. Bir də kefli İskəndər. Bəli, kefli
İskəndər”.
Bu parçada müəllifin bizə təqdim etdiyi
üç obraz – Bəhlul Danəndə, qara qul və kefli
İskəndər, qeyri-ixtiyari olaraq, oxucunu
düşündürür. Müəllif öz
yaşantısını və düşüncələrini
nəyə görə məhz bu obrazlar ətrafında mərkəzləşdirib?
Bu suala qısaca və natamam belə cavab vermək olar; Bəhlul
Danəndəni və “Min bir gecə”dəki qara qulu şeirin
yazıldığı məkan müəllifə sanki
assosiativ tərzdə “diqtə edib”. Belə ki
bu şeir Bağdadda yazılıb və Bağdad təəssüratları
müəllifdə bu cür duyğusal düşüncələr
oyatması da təbiidir. Bəs kefli
İskəndər? Kefli İskəndər
isə təbii ki, Bəhlul Danəndə obrazının əks-sədasından
doğulub. Şərqin qədim və yeni, əbədi
narahat düşüncə simvolları... Amma şeirin
sonrakı sətirləri zamanca və məkanca bir-birindən
son dərəcə uzaq olan bu obrazların təsadüfən
seçilmədiyini göstərir: “Bir də Afrikanın
qumlarında göz-göz, yara kimi açılmış faciələr.
Bir də azadlıq, kaloniya, qüvvət, ədalət
kimi sözlər. Bir də Madriddə
korridalarda, al qanına boyanmış matadorlar, öküzlər”. “Azadlıq”, “kaloniya,” “qüvvət”,
“ədalət” və “qanına boyanmış matadorlar”,
“öküzlər” kimi obrazlardan sonra müəllifin qoca Şərqin
ən sərbəst və azad düşüncəli
insanlarını və obrazlarını düşünməsi,
onların adını çəkməsi isə təbii ki, bu obrazlar arasında dərin
və assosiativ bir əlaqə yaradır. Bu
assosiativ əlaqə isə Bəhlul Danəndə və kefli
İskəndər obrazlarına yeni estetik impuls və məzmun
bəxş edir.
Hər şeydən artıq
düşündürür məni
Danəndə Bəhlul,
Yox, kefli İskəndər.
Məhz
bu parçada biz şairin əsas poetik məqsədi ilə
yaxından tanış oluruq. Şeirdəki məşhur obrazların potensial
mahiyyətini və mənasını buradakı
ayrı-ayrı ifadə və informasiyalar daha da qabardır.
Şərqin ən sərbəst
düşüncəli şəxsiyyətləri Bəhlul Danəndə
və kefli İskəndər, bir də qara qul müəllifi
nəyə görə iztirablı düşüncələrə
qərq etdiyini dərk etməyə başlayırıq.
Bağdadın, Afrikanın, Ərəbistanın
qumlarındakı “göz-göz yara kimi
açılmış faciələr” haqqındakı
duyğusal düşüncələr təkcə bu regionun
azadlıq iztirablarını ifadə etməklə kifayətlənmir.
“Bir də Madriddə korridalarda, al qanına
boyanmış matadorlar, öküzlər” həqiqətən
şairin azadlıq arzularının Afrika qitəsinə
sığmadığını göstərir. Və kefli İskəndər də şair
düşüncələrinin miqyasının genişliyini əks
etdirir. Yəni kefli İskəndər
obrazı da şairin yuxarıda vurğuladığı
miqyaslara sığmır. Çünki o, öz
varlığı və mahiyyəti ilə başqa bir
azadlığa həsrət bölgənin, ölkənin azadlıq
işarəsidir:
Bir də
kölgə kimi
məndən ayrılmayan bu kədər.
İşıqsız yaşasam
Kölgədən qurtararam.
İşıqda kölgəm var,
mən də varam.
Şairin bu çoxmənalı misraları kefli İskəndər
obrazının şeirdə məhz təsadüfi iştirak
etmədiyini bir daha təkid edir. Bu obraz şairi
“kölgə kimi” izləyən kədərin ifadəsidir.
Və şeirin sonluğu da sənətkaranə
düşünülüb. Müəllifin
bədii-fəlsəfi fikirləri və təhlilləri
oxucunun düşüncəsində davam edir. Ənənəvi
şeirdəki bədii nəticə və xülasə
üsuluna R.Rza poeziyasında rast gəlmirik: “Ah, Bəhlul Danəndə!
Bəhlul Danəndə! Nə tab qaldı, nə tavan məndə.
Götür İskəndərə zəng elə, Bəhlul
Danəndə! İçkini siz gətirin, yeməyə
bir şey tapılar məndə”.
Dünya ədəbiyyatında, xüsusən, poeziyada ən
möhtəşəm və mürəkkəb obrazlardan biri məhz
Azadlıqdır. Fransız şeirinin klassiki Pol Elyuar poeziya
haqqındakı məşhur məqalələrindən birində
şeiriyyətin keçdiyi yolu az qala azad
fikir və azad həyat, ümumən, azadlıq uğrunda
mübarizə tarixi kimi dəyərləndirərək
yazırdı: “Bəşəriyyət tarixində maddi yoxsulluq
çox zaman mənəvi-əxlaqi yoxsulluğa və
böhrana da yol açmışdır. Təkcə Viyon və
Rembo deyil, onlarla başqaları da, kim mübarizə
aparıbsa, hamısı, axırda məğlub olub – Uitmen,
Puşkin və Nekrasov, Mitskeviç və Heyne, Şelli,
Nezval, Bodler, Petefi və Botev, Apolliner, Sen-Pol Ru və Maks Jakob,
Mayakovski, Lorka və Rober Desnos – onların hamısı, qəhrəman
və ya qurban olmalarından asılı olmayaraq,
işıqlı günlər və azadlıq
üçün həsrət çəkiblər”.
Yaradıcılığının, demək olar ki,
bütün dövrlərində azadlıq haqqında
düşünən və yazan görkəmli sənətkarlardan
biri olan Rəsul Rzanın bu mövzudakı əsərlərində
dünyanın ən böyük imperiyasında yaşayan fəal
və mübariz bir insanın ürək döyüntüləri
və iztirablarla dolu narahatlığı bədiiləşib. Yuxarıda nəzərdən
keçirdiyimiz şeirlər və bir çox başqa əsərləri
əyani şəkildə göstərir ki, Rəsul Rzanın
dünyanı və qitələri dolaşan azadlıq
arzularında bir gün öz doğma vətənini də tam
azad və xoşbəxt görmək istəkləri əks edirdi.
Böyük şairin
yaradıcılığının erkən
çağlarından başlanan milli və mənəvi
azadlıq sorağındakı bütün ümid və diləklərinin
mahiyyətində azad Azərbaycan arzuları nəfəs
alırdı. Məhz bu nöqteyi-nəzərdən ötən
yüzilin görkəmli sənətkarlarından
biri Sen-Con Persin aşağıdakı dərin mənalı
sözləri doğma Vətəninin israrlı və
inadlı Azadlıq nəğməkarı Rəsul Rzaya da
aiddir: “Öz zamanının narahat və ağrıyan
vicdanını əsərlərində əks etdirən
şairə başqa tələb və arzular bildirmək
yersizdir”.
Yaşar QASIMBƏYLİ
525-ci qəzet.- 2015.- 20 mart.- S. 26-27.