Yeni aləm

 

Çoxlarının  arzuladığı, amma giriş izni olmadıqları bir aləmin  şeir-sənət, mənəviyyat dünyasının sakini, fəxrimiz  Hacı  Oqtaya,  böyük  ehtiramla

 

Xeyli vaxtdır, görünmürəm mən ortada.

Uzaqdayam indi fani qayğılardan.

Soruşurlar: “Nədi, yoxsa dincəlirsən?”

Bilmirlər ki, doymuşam mən röyalardan.

Baş vururam aləmlərə min sualla,

Mələk məni arındırır xəyallardan.

Ətrafımdan perik düşüb dost-tanış da

Heç təsəlli gözləmirəm mən onlardan.

Xeyli vaxtdır  hövllənmir, yanmır ürək

Nahaq sözdən, böhtanlardan, yalanlardan.

Elə bil ki, yaşamıram bu aləmdə

Üzüm dönüb indi yalan dünyalardan.

Hər şey yerə kölgə salır, iməkləyir,

Bircə ruhum xəbərdardır səmalardan.

Bu bir sondur, başlayacaq təzə sətir; 

Bir damladır, suyu boldur dəryalardan.

Keçmiş ilə gələcəyin arasında bir nöqtədir

Çaylar axar məcrasıyla aralardan.

Burdan fani uzaqdır, yaxın,

Qorxu yoxdur bu aləmdə bəlalardan.

Bir nehrəni xatırladır burdan dünya

Yağı yağdır, ayranı daayranlardan...

Məqamlar var, baxsan əgər bəlli hər şey,

Bəyazları gərək deyil ayırasan qaralardan.

Bu dünyada sakin olan insanlarda

Əsər yoxdu saxtalıqdan, riyalardan.

Bu yol uzun, yolçuları tənhadırsa,

Bu yolçular güclü olur süvarlardan.

Bu aləmin sütunları qayadandır,

Məqamında zərif olur sıvalardan.

Ulu sözün hökm etdiyi bu aləmin

Cavanları seçilməz ki qocalardan.

Şeir, sənət aləmidirbu dünyada

Şeyx Nizami  uca olub ucalardan.

 

02.03.2015

 

Azər HACIBƏYLİ

 

525-ci qəzet.- 2015.- 20 mart.- S. 30.