Düzgün
danışmağı öyrədən adam
Natiqlik
insana məxsus ən ali keyfiyyətlərdən biridir.
Qəhrəman
müəyyən ərazini, natiq bütün dünyanı fəth
edə bilər. Lap qədimdən atlı xalq olan türklər
belə deyib: Heyvan iyləşə-iyləşə, İnsan
dilləşə-dilləşə. Belə müdrik deyimlər
də var: Danış görüm sən kimsən. Və
yaxud, İnsan öz dilinin altındadır. Xülasə,
gözəl nitq mədəniyyətinə sahib olmaq
böyük səadətdir.
Dünyanın
ən məşhur natiqi Sisseron deyirdi ki, natiq olmaq
üçün öncə sözü fəth etmək və
onun sevgisini qazanmaq gərəkdir. Azərbaycanda belə
çətin bir işin ustası əməkdar müəllim,
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət
Universitetinin dosenti Əzizağa Quliyevdir. Bu il mayın-4 də
mənim müdrik dostum Əzizağa müəllimin 75
yaşı tamam olur. O, bu ömrün 53 ilini ADMİU-da tələbələrə
düzgün danışıq tərzi öyrətməklə
məşğul olub. 1958-ci ildə orta məktəbi bitirib M.Əliyev
adına Azərbaycan Dövlət Teatr İnstitutunun kino və
teatr aktyorluğu şöbəsində təhsil alıb.
"Aktyor sənəti" üzrə müəllimi Xalq
artisti Məhərrəm Haşımov, "Səhnə
danışığı" müəllimləri isə
Xalq artistləri Əli Zeynalov və Əjdər Sultanov olub.
Söz sənətinə
olan məhəbbəti, söz sərrafı olmaq istəyilə
o 1965-1968-ci illərdə o Moskvada səhnə
danışığı ixtisası üzrə təhsilini
mükəmməlləşdirir. Doğma ali məktəbə
qayıdan ümumittifaq səviyyəli gənc mütəxəssis
1968-1990-cı illərdə baş müəllim, 1990-cı
ildən etibarən isə dosent kimi biliklərini səylə
tələblərinə öyrədir. Elə bu illərdə
də onun bir pedaqoq kimi xarakteri formalaşır -tələbələrinə
qarşı sərt və tələbkar, fəqət
onları xeyirxahlıqla sevən Əzizağa müəllim mədəni
mühitin diqqət mərkəzinə keçir.
Elə bu
xüsusiyyətlərlə də 12 il (1989-2001) "Səhnə
danışığı" kafedrasına rəhbərlik
edib, görkəmli sənətkarlardan ibarət bir kollektiv
formalaşdırıb, bu dövrdə beş il (1996-2001)
professor vəzifəsində səmərəli elmi-pedoqoji fəaliyyət
göstərib.
1969-cu ildən
üzü bəri ölkənin nüfuzlu mətbuat
orqanlarında, elmi-nəzəri məcmuələrdə Əzizağa
müəllimin səhnə danışığı və
aktyor sənətinə dair yüzdən artıq məqaləsi
dərc olunub. Bu məqalələrdə milli bədii təhsilimizin
elmi-nəzəri, metodiki, pedoqoji və estetik problemləri
analitik təhlilin predmetinə çevrilir.
"Vahid
ədəbi tələffüzə nail olaq" (1972), “Səhnə tələffüzündə
dialekt ünsürləri" (1974), "Səhnə və tələffüz"
(1976), "Səhnə danışığı
haqqında" (1978), "Aktyorun nitq mədəniyyəti"
(1985), "Səhnə danışığı və məntiqi
təhlil" (2004), "Diksiya haqqında" (2004), "Bəzi
Azərbaycan aktyorlarının səhnə
danışığı və pedaqoji fəaliyyətinə
dair" (2006), "Emosional-obrazlı ifadəlilik səhnə
danışığının əsas şərtlərindən
biri kimi" (2008), "Monoloq və dialoq üzərində tədris-yaradıcılıq
işi haqqında bəzi qeydlər" (2009), "Səhnə
danışığı" fənni üzrə tədris-yaradıcılıq
işinin ilk mərhələsi. Birinci kurs" (2013),
İkinci kursda "Səhnə
danışığı" fənni üzrə aparılan
tədris-yaradıcılıq işi haqqında" kimi elmi-nəzəri
yazılar bu istiqaməti formalaşdırıb.
"Aktyor,
müəllim, bədii qiraət ustası" (1978),
"Arzuları böyük idi" (1982), "Qocaman müəllim,
təcrübəli rejissor" (1985), "İstedad və əməksevərlik"
(1985), "Pedaqoq, rejissor" (1986), "Onun öz
rolları" (1987), "Sənətkar unudulmur" (1992),
"Rəqs müəlliminin əvəzsiz
ifaçısı" (1992), "Teatrı onsuz
düşünmək olmur" (1993), "Teatra sədaqət
nümunəsi" (2000), "Kazım Ziya" (2006),
"Üç görüş" (2002), "Əliheydər
Ələkbərovun şərəfli sənət yolu"
(2015) kimi məqalələr ... bu sahənin adamı kimi
nüfuz gətirib. Kafedrada 1978-ci ildə "Səhnə
danışığı" fənni üzrə proqramı
hazırlayıb çap etdirən də odur.
Görkəmli alim "Səhnə
danışığı" fənninin tədrisinin təkmilləşməsinə
xidmət edən bir sıra metodik vəsaitləri qələmə
almışdır: "Diksiya və bəzi metodik göstərişlər"
(1971), "Mətn üzərində iş" (1979),
"Orfoepiyaya aid metodik göstərişlər" (1983),
"Səhnə danışığı və onun tədrisi haqqında" (1988),
"Yanıltmaclarla danışıq texnikasının təkmilləşdirilməsi"
(1996) aktyor sənəti tədrisində böyük rol
oynayır.
2011-ci ildə
mənim redaktəm ilə uzun illər elmi pedaqoji fəaliyyəti
nəticəsi olaraq onun Azərbaycan dilində ilk "Səhnə
danışığı" adlı dərsliyi işıq
üzü görüb.
"Səhnə
danışığı" fənninin səmərəli tədrisi
üçün müstəsna əhəmiyyətini və tələbələrin
xahişini nəzərə alaraq ADMİU-nun rektoru, professor Fərəh
Əliyeva 2014-cü ildə bu dərsliyin ikinci nəşrini
həyata keçirmişdir.
Ə.Quliyev
təkcə özü orijinal əsərlər yazmaqla kifayətlənmir,
nüfuzlu və qayğıkeş pedaqoq kimi təhsilin
ehtiyaclarını nəzərə alaraq görkəmli sənət
adamlarının dünyada məşhur kitablarını səlis
və aydın tərzdə dilimizə tərcümə edərək
nəşrinə nail olur. Məsələn, 1979-cu ildə
onun tərcüməsində "Maarif" nəşriyyatında
"Stalinlavski məktəbi əsasında aktyor tərbiyəsi"
kitabı çapdan çıxmışdır.
Ə.Quliyevin
Azərbaycan dilində ilk dəfə çap olunmuş "Səhnə
danışığı" dərsliyini xüsusi dəyərləndirmək
istəyirəm. 2010-cu ilin iyun ayında Əzizağa müəllim
bu dərsliyin əlyazmasını mənə təqdim edib
dedi: istəyirəm bu dərsliyin elmi redaktoru sən olasan.
Dedim ki, ay Əzizağa müəllim sən bu işin kamil
bilicisisən, patriarxısan, yaz adımı kitaba elmi redaktor. Əzizağa
müəllim çox ciddi bir tövrlə dedi: Yoox, dostum, sən
bu kitabı ciddi tənqidçi tələbkarlığı
ilə oxumasan razı ola bilmərəm. Və mən onda bir
daha əmin oldum ki, Əzizağa Quliyev təkcə tələbələrinə
yox, özünə qarşı da çox tələbkar adam
və ciddi pedaqoqdur.
Məmnuniyyətlə
kitabı oxuyub xeyli zənginləşdim, titul vərəqinə
" Redaktə etdim" sözlərini yazıb imzaladım.
"Səhnə
danışığı" aşağıdakı səbəblərə
görə müasir dərslikdir:
1. Kitab nəzəriyyə
ilə pedaqoji təcrübənin vəhdəti əsasında
yazılıb.
2. Müəllif özünəqədərki aktyor nəsillərinin iş təcrübəsinə, onların səhnə danışığı və aktyoqluq ənənələrinə həssaslıqla, yaradıcı şəkildə yanaşıb.
3. Kifayət qədər nəzəri faktları toplayıb nəzərdən keçirib, problemlər üzrə tərtib edərək sistemləşdirib, tələbələrin başa düşəcəyi aydın dildə müqayisələr apararaq təhlil edib.
4. Məhz bunun və düzgün metodoloji yanaşma sayəsində dürüst, məntiqli və inandırıcı nəticələrə gəlməyə nail olub.
5. Dərslik görkəmli dünya və rus kino və teatr xadimlərinin, pedaqoqlarının nəzəri və təcrübi işinə istinadən yazılsa da müəllif onun milli müəyyənliyini ustalıqla qoruyub saxlamağa nail olub.
6. Nəhayət, Əzizağa müəllimin "Səhnə danışığı" milli mədəniyyətimizə dərin məhəbbət, müstəqil Azərbaycanın münəvvər gəncliyinin yaradıcı taleyinə böyük vətəndaş və ziyalı inamı, tükənməz ümidlə yazılıb.
53 illik elmi-pedaqoji fəaliyyəti ərzində yetişdirdiyi xeyli tələbələr fəxri adlara layiq görülüb. Xalq artistləri - Şəfiqə Məmmədova, Canəli Əkbərov, Rafiq Hüseynov, Ramiz Novruzov, Qabil Quliyev, Nurəddin Mehdixanlı, Zərnigar Ağakişiyeva, Səidə Quliyeva, Əməkdar incəsənət xadimləri - Qəmər Məmmədova, Baba Rzayev, Bəxtiyar Xanızadə, Mehriban Ələkbərzadə Əməkdar artistlər - Kazım Abdullayev, Rafiq İbrahimov, Ayşad Məmmədov, Əli Nurzadə, Əkbər Əliyev, Elşən Cəbrayılov, Sevinc Əliyeva, Vahid Əliyev, Elşən Rüstəmov, Novruz Cəfərov, Şəfəq Əliyeva, Adil Zeynalov buna parlaq misaldır.
Bütün bunlar mənə əsas verir əminliklə deyim ki, dostum Əzizağa Quliyev ömrü bada verməyib, ləyaqətlə Azərbaycan bədii təhsilinin təşəkkül və tərəqqisinə xidmət göstərib, mükafatı isə düzgün danışmaq öyrətdiyi neçə-neçə nəsillərin tükənməz sevgisidir.
Nizaməddin Şəmsizadə
525-ci qəzet.- 2015.- 1 may.- S.8.