Əliniyaz Məmmədov: "Həkimlik peşəsi istedad tələb edir"

 

AZƏRBAYCANLI HƏKİM 60 İLİN HEKAYƏSİNİ DANIŞIR

 

Mayın 2-də Akademik M. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin həkimi, tibb elmləri doktoru professor, ali dərəcəli cərrah - qastroenteroloq Əliniyaz Məmmədovun 60 yaşı tamam olur. Onlarla xəstənin dərdinə şəfa qılan həkimlə elə işlədiyi məkanda - Elmi Cərrahiyyə Mərkəzində görüşdük. Görüşümüzün səbəbi bəlli idi - professorun yubileyidir, 60 yaşı tamam olur. Özünün dediyi kimi, 60 il ərzində uğurları da olub, çətinlikləri ...

 

Əliniyaz müəllim 1955-ci ildə Masallı rayonunda anadan olub. 1972-ci ildə Tibb Universitetinin Müalicə-profilaktika fakültəsinə daxil olub, cərrah ixtisası üzrə oranı bitirib. 1979-cu ildən 1985-ci ilə kimi Cəlilabad rayon mərkəzi xəstəxanasında cərrah işləyib. 1985-ci ildə Tibb Universitetinin cərrahiyyə üzrə kursuna, daha sonra Tibb Universitetində aspiranturaya qəbul olub. 1989-cu ildə namizədlik dissertasiyasını müdafiə edib Tibb Universitetində işə başlayıb. Sinif yoldaşları arasında elmlə məşğul olan yalnız odur. Elə tanınmışı da...

 

Professorun sözlərinə görə, 1992-ci ildə İran İslam Respublikasından ona təklifi gəlib o, razılaşıb.

 

- 1993-cü ildə Bakıya qayıtdım. 6 il Respublika Klinik Xəstəxanasında çalışmalı oldum.Bundan sonra isə Mustafa bəy Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində işə başladım. 2005-ci ildə Moskvada doktorluq işi müdafiə etdim həmin diplom Azərbaycanda Ali Attestasiya Komissiyası tərəfindən təsdiq olundu.

 

2005-ci ildən həm Azərbaycanın, həm Rusiyanın tibb elmləri doktoruyam. Hətta Odlar Yurdu Universitetində Tibb fakültəsinin yaradılmasına kömək etmişəm, həmin ali məktəbin "Cərrahi xəstəliklər" kafedrasının müdiri olmuşam. Hazırda Əziz Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutunda  dərs deyirəm.

 

Ə.Məmmədov 60 illik həyatından razıdır. Deyir, bu həyata görə, Allaha şükür edir.

 

- 60 ildə düşünürsən, keçmişi vərəqləyirsən. Bu illərdə uğurlar da, nailiyyətlər var. Düşünürəm ki, daha çox görmək olardı. Allahdan yenə razıyam. Həmişə nəzəri üzərimdə olub. Çox yaxşı ailəm olub - ziyalı olublar. Rayonda sayılıb-seçilən nəsil olmuşuq.

 

Daha sonra həkimlə 60 illik yubileyinə hazırlıq işləri ilə bağlı danışırıq. Onun sözlərinə görə, "yubiley keçirmək" ideyası Elmi Cərrahiyyə Mərkəzinin rəhbəri, akademik Böyükkişi Ağayevə məxsusdur. Professorun 60 illik yubileyi ilə bağlı bir çox tədbirlər keçiriləcək. "Həm institut səviyyəsində, həm digər səviyyələrdə. Payızda yubileyimə həsr olunmuş elmi-praktik konfrans olacaq. Bu konfransda başqa ölkələrdən nümayəndələr iştirak edəcək - deyə, yubilyar əlavə edib.

 

Ə. Məmmədovun həkim olmaq istəyinin də maraqlı tarixçəsi var. Həkim deyir ki, orta məktəbdə oxuyanda, anası xroniki xəstəlikdən əziyyət çəkirmiş. "Ona görə də tez-tez həkimə müraciət edirdik. Anam hər dəfə sağalanda isə evimizdə toy-bayram olurdu. Mənim bu peşəyə rəğbətim o vaxt yarandı . Bu istəyimə valideynlərimin, eyni zamanda, qardaşımın çox böyük təsiri oldu.

 

Əliniyaz müəllimin dörd övladından ikisi həkimdir. Biri stomatoloq, digəri isə cərrah -mamaloqdur. Onların həkim olmağında ataları da rol oynayıb. "Mən təklifim etdim, onlar da qəbul etdilər. Sonradan əldə etdikləri nailiyyətləri isə özləri qazanıblar" - deyə, həkim əlavə edir.

 

"İstərdinizmi, nəvələrinizdən kimsə sizin yolunuzla getsin həkim olsun" sualını professor belə cavablandırdı: "Həkimlik peşəsi istedad tələb edir. Kiməsə deyə bilmərəm ki, həkim ol. Hər adam bəstəkar, jurnalist olmayan kimi, həkim ola bilməz. Çünki bu, xüsusi qabiliyyət tələb edir. Əgər bu sahəni seçsələr, xeyir-dua verərəm".

 

Əliniyaz həkim ailə qurduğu xanımla Cəlilabadda tanış olub. Özünün dediyi kimi, Cəlilabad rayonunda işləyəndə tale üzünə gülüb. "Həmin rayonda bir xanımla tanış oldum ailə qurdum. Qismətimdən çox razıyam. Rəna xanım mənim üçün təkcə həyat yoldaşı olmayıb, həm həyatın bütün mərhələlərində yol yoldaşım, məsləhət verənim, sirdaşım olub. 4 övladımız var. 3 qızım, bir oğlum. Qızlarım ailəlidir. Oğlum isə hazırda ali təhsil alır. Onlarsız həyat mənasızdı.  Övladlarımın ağıllı dünyagörüşlü bir insan kimi böyümələrinə görə Rəna xanıma minnətdaram".

 

Həkimlə söhbət edib, səhiyyənin bugünkü durumundan, xəstəliklərdən danışmamaq mümkün deyil. Söhbətimiz zamanı bəlli oldu ki, son vaxtlar onkoloji, ürək, mədə-bağırsaq, qaraciyər hepatit xəstəliklərinin sayında artım var, daha doğrusu, bu xəstəliklərlə bağlı müraciət edənlər çoxdur. Ə. Məmmədov bunun səbəblərini izah edir: "Bunun əsas səbəbi insanların öz sağlamlıqlarına diqqətsiz yanaşmalarıdır. Təbii qidalara üstünlük vermək lazımdı. Süni, GMO məhsulların mətbəximizə daxil olması kifayət qədər problem yaradır, orqanizminə mənfi təsir göstərir".

 

Müsahibimiz bildirdi ki, bu gün səhiyyə sektoru ciddi nəzarət altındadır, uğurlarımız da az deyil: "Bunun nəticəsidir ki, Neftçilər Xəstəxanasında qaraciyər köçürmə mərkəzi açılıb. 100-ə qədər qaraciyər köçürmə əməliyyatları aparılıb".

 

- Son olaraq, özünüzlə bağlı arzularınızı həkim olaraq, oxucularımıza tövsiyələrinizi bilmək istərdik...

 

- Arzularım çoxdur. Övladlarıma həmişə deyirəm ki, ölkəyə, xalqımıza həmişə sadiq olsunlar. Nəvələrim layiqli övlad olsunlar. Hər birinə cansağlığı arzu edirəm. Ölkəmizin uğurlarına görə dövlət başçısına təşəkkür edirəm. Oxuculara isə tövsiyəm odur ki, sağlamlıqlarını qorusunlar. Daha çox kitab oxusunlar. Kitab oxumaq ömrü uzadır. qədər çox kitab oxusan, dünyagörüşün artar.

 

Lent.az

525-ci qəzet.- 2015.- 1 may.- S.8.