Azərbaycan dramaturgiyası 2014-cü ildə

 

 

Bu yaxınlarda AMEA-nın Ədəbiyyat İnstitutunda "2014-cü ilin ədəbi yekunları" mövzusunda keçirilmiş müşavirədə təqdim olunan məruzələri vaxtaşırı oxucuların diqqətinə çatdırmaq niyyətindəyik. Həmin silsilədən olan məruzələrdən birini təqdim edirik.

 

 

Dramaturgiya  elə bir  janrdır  ki,  onu  teatrdan  kənarda  təsəvvür  etmək   mümkün   deyil. O əsər  pyes adına layiqdir ki, səhnəyə yol tapmış olsun.  Bu  yolu  keçə  bilməyən, ömrünü kitab səhifələri arasında başa vuran pyesin varlığı  ədəbi  yox, istehsal faktına dəlalət edir. Əslində bu gün pyes qıtlığından bütün  şikayətlərə  rəğmən bu janrın istehsal gücü zəif deyil, əksinə kifayət  qədər  məhsuldardır, elə yalnız 2014-cü ildə ədəbi ictimaiyyətə "Azərbaycan" jurnalı  vasitəsi ilə dörd, "Yazı" jurnalı vasitəsi ilə bir, "Hədəf" kurslarının keçirdiyi "Anamın kitabı" müsabiqəsindən isə on  pyes  təqdim olunmuşdur. Göründüyü kimi, heç də aşağı rəqəmlər deyil. Bəs niyə teatr ictimaiyyəti: "Azərbaycan teatrı müasir  dramaturgiya  baxımından  aclıq  çəkir",- deyə  dad  edir, teatr repertuarlarının  çox  hissəsi xarici və klassik  dramaturgiyanın payına düşür?  Demək, bizim kitab, jurnal səhifələri arasında görüb  müasir dramaturgiyamızın məhsulu hesab edib adına pyes dediyimiz nümunələr teatr ictimaiyyəti qarşısında bu adı təsdiqləyə bilmir.

 

Bu məruzə üzərində işlərkən "zər qədrini zərgər bilər" təbiri ilə   respublikamızın ayrı-ayrı teatrlarının rejissorları ilə görüşdüm. Onlarla etdiyim söhbətlərdən sonra bir daha inandım ki, ədəbi ictimaiyyətin müasir dramaturgiyamız dediyi prosesin teatra bir o qədər də dəxli yoxdur və o  sanki teatr üçün heç mövcud da deyil.  Teatrlarımız İlyas  Əfəndiyev erasından sonra özlərində  böyük bir boşluq hiss edir, müasir dramaturgiyamız isə artıq neçə illərdir bu boşluğu doldura bilmir. Rejissor M.Fərzəlibəyovun  fikrincə isə  Azərbaycan səhnəsi  bu  boşluğu  hələ  uzun illər də  hiss  edəcək. Artıq neçə illərdir ki, teatr  ictimaiyyətinin qələm sahiblərinə  dikilən  nəzərləri,  bəslənən  ümidləri  özünü doğrultmur.

 

Bəs 2014-  ilin  yekunları    deyir? O, səhnənin ümidlərini doğrultdumu?    Qeyd etdiyimiz kimi, bədii  material  var,  bədii material  isə  hələ  səhnə  materialı  demək  deyil.  Mətbuata  yol tapan  bu  pyeslər teatra  yol tapa  biləcəklərmi, yoxsa  öz ömürlərini  kitab, jurnal  səhifələri  arasındaca  başa  vuracaqlar?

 

Yeri gəlmişkən qeyd edək  ki,  bu  pyeslərdən  yalnız  biri - "Anamın kitabı" müsabiqəsinin qalibi gənc yazar Sevinc Elsevərin "Ürəyində arzu tut" pyesi artıq  teatr  tərəfindən  qəbul  olunmuşdur. Lakin əsərin Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına  yol  tapması  yalnız  müsabiqənin  öhdəliyi  kimi baş  tutmuşdur. Teatrın baş rejissoru,  münsiflər  heyətinin  üzvü  Bəhram Osmanovla  etdiyim  söhbətdən   də bu,  mənə  bir  daha  aydın  oldu. Rejissor  müsabiqəyə təqdim edilmiş  əsərlərdən  heç  birinə  yüksək bal  vermədiyini  söylədi.

 

Gənclər arasında  keçirilən bu müsabiqə  göstərdi  ki, hələ  dramaturq  adına  iddia edən gənc  yazarlarımız  arasında  dram  janrının  ən  sadə  texniki  elementlərini   bilməyən, onu  hətta  nəsrin  bir  variantı  kimi  təsəvvür  edənlər    var.  Ancaq  yeri  gəlmişkən  onu  da  qeyd  edək  ki, bu  müsabiqəyə  təqdim olunmuş  pyeslər  içərisində  elə  nümunələr  vardı  ki,  onlar  ümumilikdə  münsifləri  razı  sala  bilməsə  də, janrın texniki tələbləri baxımından  xoş  sözlərə  layiqdir. Günel Kərimlinin "İşıq pulu", Qanun Ümman Qahablının "Adaxlı", Murad Nuriyevin "Sahibsiz yerlərin qurdunun iniltisi" belə əsərlərdəndir.  Bu  gənclər  arasından  kimin  dramaturq  adı  alacağı  isə gələcəyin  işidir.

 

Bu  gün  isə  dramaturq  adından  söz  düşəndə  ilk  yada düşən  imzalar   Elçin    Əli Əmirlidir.  Əgər  biz  dramaturgiyanı  səhnədən kənarda təsəvvür etmiriksə,  onda müasir  dramaturgiyamız  bu iki  ada  söykənir. Ancaq  sözsüz  ki, o,  bu  iki  imza  ilə  bitmir.  Biz  teatr  repertuarlarında Vaqif Səmədoğlu, Kamal Abdulla, Afaq Məsud, Əfqan, Firuz Mustafa, Hüseynbala Mirələməov kimi  imzaları  da  görürük.

 

Ancaq söhbət 2014-  ildə ədəbi ictimaiyyətə təqdim olunan dramaturji  materialdan gedirsə, onda imzalar dəyişir. Burda köhnə və yeni imzalar  var: dramaturq adını  öz  üzərində  çoxdan  təsdiqləmiş Ə.Əmirli, oxucuların bir  nasir, şair  kimi sevdikləri,  kinossenarist  kimi  tanıdıqları  İlqar  Fəhmi, Azərbaycan Teatr Xadimləri İttifaqının təşkil etdiyi "Axundov dərsləri" pyes müsabiqəsinin qalibi Samir Sədaqətoğlu, yazıçı-publisist Qanturalı. Mətləbə keçməmişdən əvvəl onu qeyd etmək istəyirəm ki, bu imzalar içərisində  Elçinin imzasını  görməmək  şəxsən məni məyus  etdi. Çünki  doğrudan  da,  Elçin  bu  gün  səhnə  texnikasını  çox  yaxşı bilən dramaturqdur və son illər dramaturgiyamızın ən uğurlu  əsəri  olan, özünə çoxsaylı tamaşaçı marağı və diqqəti toplayan "Qatil"dən  sonra növbəti  belə  bir  uğurlu  pyesi  səhnədə  görmək bizim istəyimizdir.

 

Ancaq təbii ki, biz bu məruzəmizdə görmək istədiklərimizdən  deyil, gördüklərimizdən danışacağıq. Gördüklərimiz isə gözlədiklərimizi  doğrultmadı.  Səhnə yenə də öz böyük əsərini və qəhrəmanını tapa bilmədi.

 

İlk əvvəl onu qeyd edək ki, 2014-cü ildə  təqdim olunan pyeslərin  heç    hamısı  səhnə  iddiası  ilə  yazılmamışdır. Oxucuların yazıçı-publisist kimi tanıdıqları Qanturalının "Füzulinin qayıdışı" pyesi, fikrimizcə, müəllifin janra eksperimental yanaşmalarının nəticəsi kimi meydana çıxmışdır. Nəinki 2014-cü il, ümumiyyətlə, son illərin dramaturgiyası belə bir təsəvvür verir ki, yazarlarımız bu janra müraciət etmirlər ki, səhnə vasitəsilə oxucu ilə görüşmək istəyirlər, sanki yazar o zaman bu janra müraciət edir ki, o, dramın dialoqvari tərzində ağlındakıları söyləmək, fikirlərini bölüşmək fürsəti tapır. Halbuki pyes bunun üçün münasib vasitə deyil, çünki  tamaşaçıya  yol  tapmayan  bir  dram  çətin  ki,  özünə  oxucu  da  tapsın.  Bu janra "sözgəlişi" müraciətlərin nəticəsidir ki, dram özünün göstərmək funksiyasını söyləməyə, nəql etməyə güzəştə gedir. Və bu gün dramaturgiya deyib müraciət etdiyimiz əsərlər pyesdən daha çox dialoqlara parçalanmış nəsri xatırladır.

 

Ötən ilin dramaturji materiallarında da bu tendensiya çox uğurlu şəkildə davam etdirilir. Fikrimizcə, müəllifin özünün də heç bir səhnə təşəbbüsü ilə yazmadığı "Füzulinin qayıdışı" əsərini kənara qoyub, "Samir Sədaqətoğlunun "Həbsxanada bayram", Ə.Əmirlinin "Premyera", İlqar Fəhminin "Zümrüd parıltısı"  pyesləri səhnəyə vəsiqə ala biləcəklərmi?" sualı ilə bütün günah və bəhanələri qarşı tərəfin-teatrın boynuna atmadan  məsələyə çox düz bir müstəvidə baxsaq, şəxsən mən bu əsərləri səhnədə görmürəm.

 

Müxtəlif müəllif  imzalarına  baxmayaraq, hər üç pyes oxşar bir xəttə malikdir, belə ki, hər üç əsərdə hadisələr (əgər belə demək mümkündürsə, çünki hadisəsizlik bu əsərlərin hər birində özünü bu və ya digər şəkildə göstərir) cəmi bir neçə saat ərzində baş verir.Biz heç də əsərin bədii  keyfiyyətini saatların sayı ilə ölçmək fikrində deyilik. Ancaq vaxtı ona görə  müzakirə mövzusuna çevirmişik ki, zaman darlığı bu əsərlərdə  ona görə yer alıb ki, dramaturqu qəhrəmanların bu günü və gələcəyi deyil, keçmişi maraqlandırır  və o, bütün  olanları və olacaqları   keçmişdə axtarır.

 

Hər üç əsər artıq yaşanmış, olub bitmş bir talelər haqqında hekayədir.   Samir Sədaqətoğlunun "Həbsxanada  bayram" əsərində  dörd məhbusun hər birinin bir-biri ilə əlaqəsi olmayan həyat hekayələrini, Ə.Əmirli "Premyera" əsərində ayrı-ayrı kastinq iştirakçılarını böyük sənətə yox, kütləvi səhnələrə gətirən talelərini, İlqar Fəhminin "Zümrüd parıltısı" pyesində isə bir ailənin avtobioqrafiyasını dinləməli oluruq. Və bu dinləmələr, adətən, camaatın işdən-gücdən, toplantıdan, iclasdan canını qurtarıb dincəlmək, zövq almaq üçün getdiyi teatrda onları yeni bir toplantıya dəvət edir və tamaşaçı üçün bu həyat hekayələrinə qulaq asmaq nəinki maraqlı, çox yorucudur,  hətta ona baxmayaraq ki, bu hekayələrdə bəzən çox ağrılı məqamlar var  və onlar psixoloji gedişlərlə müşayiət olunur.

 

Səhnə o zaman tamaşaçı üçün maraqlı olur ki, o, səhnəni izlərkən "nələr baş verə bilər?" sualı üzərində düşünsün. Ancaq haqqında söz açdığımız əsərlər isə oxucunu "nələr baş verib?" sualı ilə baş-başa qoyur.

 

Dramaturgiyamızda həmişə olduğu kimi bu gün də tarixi mövzuya  maraq səngimək bilmir. Azərbaycan səhnəsində tarixi  xronikaların  baş  alıb  getdiyi  bir  vaxtda İlqar Fəhminin "Şahnamə" pyesi bu janrda  xeyli  uğurlu  nümunədir. Müəllif Şah Abbasın həyatını xroniki ardıcıllıqla: uşaqlıq, gənclik, qocalıq dövrlərində izləsə də, pyes müasir tarixi dramaturgiyamız  üçün xas olan bədii xronika stilindən uzaq bir əsərdir. Bu əsərlə tanışlığımda bir də ona sevindim ki, nəhayət ki, tarixi dramaturgiyamız təntənə və gurultuya "yox" deyə bildi. Və nəhayət ki, artıq gözümüzü  çoxdan yormuş  qəhrəmanlaşmış  tarixi şəxsiyyət obrazı və qulağımızı çox yağır etmiş pafoslu nitqlər bu mövzunun atributu olmaqdan çəkildi.Bu əsər ümid verir ki, Azərbaycan səhnəsi bu gün olmasa da, gələcəkdə tarixi salnamələri vərəqləməkdən, Azərbaycan tamaşaçısı isə onları dinləməkdən yaxa qurtara biləcəkdir.

 

Ancaq müasir dövr tarixi dramaturgiyamıza xasbir tendensiya vardır ki, bu "Şahnamə" pyesindən də yan keçməmişdir: hökmdara tarixi bəraət almaq, onun etdiyi səhvləri, tökdüyü qanları tarixi şərait və zərurətin ayağına yazmaq. Bu motivin müxtəlif tarixi situasiyalarda ifadəsi artıq tamaşaçını usandırmışdır.Fikrimizcə, tarixi dramaturgiyamız tarixi hadisələrin izahını bu cür görünən və bəlli tərəflərdən daha incə məqamlara keçirməlidir.Müxtəlif tarixi dövrlərdən hadisələr almaq hələ səhnədə mövzu rəngarəngliyi yaratmaq, müxtəlif tarixi şəxsiyyətlərin bədii obrazını yaratmaq isə səhnəyə yeni qəhrəman çıxarmaq demək deyil. Bu gün səhnəmizə müxtəlif tarixi dövrlərdən hadisələr və şəxsiyyətlər çıxmasına baxmayaraq, Azərbaycan səhnəsi tarixi mövzu və xarakter darlığında vurnuxmaqdadır.

 

Ümumiyyətlə, müasir, o cümlədən də, builki dram nümunələri göstərir ki, bu janr öz  ənənəvi tərzini  dəyişməkdədir. Müşahidələrimiz bizi bu qənaətə gətirir ki, müasir dramaturgiyamızda süjet müəyyən bir  xətt boyunca inkişaf etmir, hadisələr daha çox epizodik xarakterdə, bədii problem isə pərakəndə şəkildə görünür. Əgər  bu  əsərlərin  ortasında  dayanıb  özümüzdən  sual  etsək  ki,  hansı problem ətrafında  düşünürük, yaxud  nəyin aqibətini  gözləyirik, cavab  verməkdə  çətinlik  çəkərik. Müasir dramaturgiyamızda dramatik konflikt səngiyir, bəzən isə onun yoxluğu pyesi donuq və hərəkətsiz tabloya bənzədir. Sanki Azərbaycan dramaturgiyası konfliktsizlik nəzəriyyəsini yenidən yeni bir  xarakterdə  yaşayır.

 

Son illər bu janrda yaranan meyillərdən biri də dialoqların "söz oynu" üzərində qurulmasıdır. Bu meylin güclənən şəkil almasının nəticəsidir ki, "Anamın kitabı" pyes müsabiqəsinə təqdim olunmuş əsərlərdən biri "Söz oynadanlar" adı altında  meydana çıxdı və məzmunu da elə başdan-ayağa bu oyundan ibarət oldu. Peşəkar dramaturgiyamızda  bu meyl daha çox Əli Əmirlinin yaradıcılığında hiss olunur. Onun ötən il təqdim etdiyi "Premyera" pyesində növbəti  dəfə "söz oynu" çox qabarıq şəkildə özünü göstərdi. Əyalət ifaçısı Nənəşin kastinqdə olduğu kimi bütün əsərdə də iştirakı  söz döyüşdürməkdən ibarətdir.Yeri gəlmişkən qeyd edək ki, əsərə əyalət tipajı kimi daxil olan bu obraz şou-səhnələrdən yaxşı tanıdığımız əyalət insanın eyni və yaxudtam bir oxşarıdır    ciddi bir əsər üçün bədii fiqur olmaqdan çox uzaqdır.

 

Müasir dramaturgiyamızda tez-tez rast gəlinən hallardan biri də əsərə xüsusi təyinatlarla daxil olan mətnlərdir. Onlar "gülüş doğurmaq", "alqış qazanmaq" kimi vəzifələri səhnədə uğurla başa çatdırsalar da, ümumilikdə əsərin uğuruna kölgə salırlar. Dramaturq cəsarətli görünmək xəyalına qapılanda,  filosofluq etmək iddialarına düşəndə isə məzmun yerli-yersiz giley-güzar və fəlsəfi mühakimələrlə yüklənir.

 

Bu gün ədəbi prosesdə dramın yeri getdikcə daralır. Son illər biz elə bir pyes göstərə bilmərik ki, o, ədəbi-tənqidi müzakirələrin, oxucu söhbətlərinin mövzusuna çevrilsin. Janrda əsas söz sahibi olan dramaturqlar isə günahı özlərində deyil, qarşı tərəfdə axtarırlar, bunu teatra olan marağın  sönükləşməsi ilə bağlayırlar. Ancaq teatr tamaşaçının maraq dairəsində özünə yer tapmırsa, burda elə ən böyük günah dramaturgiyanın payına düşür və yalnız  yeni, böyük əsər bu marağı yenidən alovlandıra  bilər.

 

Biz dramaturqlarımızdan ömürlərini kitab və jurnal səhifələrində başa vuran, ən yaxşı halda isə teatrların repertuarlarında sıradan bir tamaşaya  çevriləcək yox, səhnədə bir canlanma yaradacaq, insanların nəzərlərini ünvanını çoxdan unutduğu və yaxud heç bilmədiyi teatra yönəldəcək, müzakirə və mübahisələrinin mövzusuna çevrilə biləcək bir pyes gözləyirik, belə bir pyesin, nəhayət ki, 2015-ci ildə meydana çıxacağına ümid edirik

 

 

Aynurə MUSTAFAYEVA

525-ci qəzet.- 2015.- 1 may.- S.7.