Daşkənddə "Könlüm
keçir Qarabağdan"
sərgisi
Azərbaycanın Özbəkistandakı səfirliyi, bu qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan
Mədəniyyət Mərkəzi
(AMM) və Azərbaycan
Dövlət Rəsm Qalereyasının (ADRQ) təşəbbüsü
ilə Daşkənddə
"Könlüm keçir
Qarabağdan" adlı
Azərbaycan abidələrinin
fotosərgisi keçirilib.
Tədbirdə səfirliyimizin əməkdaşları,
Özbəkistanın mədəniyyət
və incəsənət
xadimləri, alimlər,
diasporumuzun üzvləri,
jurnalistlər iştirak
ediblər.
Salonda Azərbaycanın
tarixi, mədəniyyəti,
incəsənəti ilə
bağlı kitablar, ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, ölkəmizin
iqtisadi inkişafı
haqqında nəşrlər
göstərilib.
Sərgidə Qarabağ xalçaları,
bu torpaqdakı abidələrin və tarixi şəxsiyyətlərin
fotoşəkilləri, Şuşa
məscidi, Gəncəsar
məbədi, Şuşa
qalası və Qarabağdakı digər abidələrin, həmçinin
Bakıdakı Qız
qalası, Atəşgah,
Hökumət evi, Naxçıvandakı Möminə
Xatun türbəsi, Şəki Xan sarayının maketləri,
Qarabağa aid kişi
və qadın paltarları geyindirilmiş
kuklalar nümayiş etdirilib.
Səfirliyin birinci katibi, AMM-nin direktoru Samir
Abbasov Qarabağın
tarixi, bu torpağın dünya əhəmiyyətli tarixi
abidələri haqqında
məlumat verib. O, Şuşanın
tanınmış şəxsiyyətləri,
böyük Azərbaycan
bəstəkarı Üzeyir
Hacıbəyli, Seyid Şuşinski, Xan Şuşinski, Natəvan,
Bülbül, Süleyman
Ələsgərov və
digər tanınmış
şəxslər haqqında
da söhbət açıb.
ADRQ-nın direktoru Elnur Hüseynov, Almaniyanın Berlin şəhərindəki
"Azərbaycan Evi"nin əməkdaşı
Yeganə Azadova və başqaları əməkdaşlığın genişləndirilməsinin, belə
tədbirlərin tez-tez
keçirilməsinin vacibliyini
qeyd ediblər.
Sonra "Şuşa"
sənədli filmi nümayiş etdirilib, AMM-nin "Azərbaycan qızları" uşaq
rəqs ansamblının
üzvləri milli rəqslərimizi, Rəna
Əzizova xalq mahnı və təsniflərimizi ifa edib.
S.ABDULLAYEVA
525-ci qəzet.- 2015.- 1 may.- S.7.