Arif Əzizin əsərləri
Berlində sərgilənir
Almaniyanın paytaxtı Berlin şəhərindəki
"Gallery Schulz" qalereyasında, tanınmış Azərbaycan
rəssamı, Əməkdar
incəsənət xadimi,
Dövlət Mədəniyyət
və İncəsənət
Universitetinin professoru Arif Əzizin "Ruhun rəqsi" adlı fərdi sərgisinin açılış
mərasimi keçirilib.
"Gallery
Schulz" qalereyasının sahibi Mixael Şultz
sərginin açılış
mərasimində çıxış
edərək deyib:
"Dünya xalqlarının
mədəniyyətlərində rast gəlinən hər hansı bir naməlum hal məni hər
zaman özünə cəlb edib. Azərbaycana
səfərim zamanı
oradakı incəsənət
və mədəniyyətlərin
müxtəlifliyinə heyran
oldum. Söhbət
hər iki incəsənətdən gedir:
həm tarixi, həm də müasir". M.Şultz Arif Əzizin
yaradıcılığını Azərbaycan Sovet incəsənəti ilə
müasir Azərbaycan
incəsənəti arasında
bağlayıcı kimi
dəyərləndirib. O deyib: "Arif Əzizin çoxşaxəli
yaradıcılığı hər zaman dəyişən və abstrakt olub. Sənəti
ilə yaxından tanış olduqda onun bədii yaradıcılığının inkişafını və
düşüncə tərzini
anlamaq olar".
Berlinli sənətsevərlər qarşısında
çıxış edən
Əməkdar incəsənət
xadimi Arif Əziz bildirib ki, Sovet İttifaqı
dövründə incəsənətin
bir istiqaməti sayılan abstraksionizm üslubuna müraciət etmək yasaq idi: "Əsas kimi isə "sosialist realizmi" götürülürdü. Azərbaycan müstəqil
dövlət olandan sonra rəssamların yaradıcılığına yeni
nəfəs verildi.
Bütün qadağalar aradan
qalxdı".
Arif Əziz
fırçasından çıxan
əsərlərdə yaratdığı
rəmzi qadın, milli kolorit, Azərbaycanın əsrarəngiz
təbiətini, caz musiqisini tərənnüm
edən obrazlar haqqında söhbət açıb, bu mövzulara onun daha çox müraciət etdiyini bildirib.
Tədbirdə qeyd olunub ki,
Arif Əziz öz nəslinin ən önəmli Azərbaycan rəssamlarından
biridir. Onun əsərlərinin bədii zənginliyi və müxtəlifliyinin
Azərbaycan incəsənətinin
formalaşmasında əvəzsiz
rolu olub, ona öz töhfələrini
verib. Onun yaradıcılığı özündə milli İslam incəsənət
ənənələri ilə
müasir Qərb incəsənət elementlərini
nadir şəkildə birləşdirir.
Qeyd edilib ki, karyerasının əvvəlində Arif Əzizin işləri sosialist realizminə əsaslanır. Onun hər bir əsəri özünəməxsus
realistik incəliklərlə
seçilir. Bu baxımdan, onun əsərləri öz müstəqil dilini inkişaf etdirib və onların Azərbaycan incəsənətində
məxsusi yeri var. O, hər zaman insan obrazını Azərbaycandakı müxtəlif
memarlıq üslubları
ilə sintez etməyə çalışıb
və buna nail olub. Bu sintez
incəsənət aləmində
yeni istiqamət inkişaf etdirib və bir çox
gənc Azərbaycan rəssamlarına öz müsbət təsirini göstərib.
Qeyd edək
ki, Almaniyanın
"Berlin TV" kanalı Arif
Əzizin fərdi sərgisi haqqında geniş reportaj hazırlayıb.
S.ABDULLAYEVA
525-ci qəzet.- 2015.- 1 may.- S.7.