"Həmişə mən varam aləmdə,
ölmərəm, Vahid..."
UNUDULMAZ ŞAİRİN 120 İLLİYİNƏ
Əliağa
Vahidin həm peşəkar ədəbiyyatşünasları,
həm də çoxsaylı oxucu auditoriyasını ovsunlamış
yaradıcılığı insanları poeziyanın qüdrətinə
bir daha inandırdı. Bu poeziya təsdiqlədi ki,
"qatışıqsız", Azərbaycan dilində nəinki
bayatı, qoşma, rübai, eləcə də klassik şeir
növü olan qəzəl də
yaratmaq olar.
Özü də necə? Elə beləcə,
Vahidin qələmə aldığı qəzəllər
kimi. Əliağa Vahid ədəbiyyat tarixində könüllü şəkildə
öz imkanlarını məhdudlaşdıran şairlərdən
biri və birincisidir: Vahid özünəqədərki qəzəl
şairlərindən fərqli olaraq
yaradıcılığında ərəb, fars dillərindəki
sözlərdən istifadə etməklə şeiri
"gözəlləşdirmək" imkanlarından, demək
olar ki, imtina etdi. Təbiidir ki, bu, yüz illər
ərzində üç dilin imkanlarından istifadə ilə
yaranmış qəzələ yeni münasibət tələb
edirdi. Həmin münasibət həm də
Azərbaycan dilinin sonsuz imkanlarına inamla bağlı idi.
Ə.Vahiddə belə bir inam vardı. Bu
inamı ilə o nəinki qəzəl janrında yeni
üfüqlər açdı, həm də qəzəl
yazmaq istəyən neçə-neçə
yaradıcının gözləri qarşısında bu
üfüqlərin gözəlliyini canlandırdı. Əlbəttə, çoxlu çətinliklərin
yarandığını başa düşmək olur.
Bir var sözü,
ifadəni, qafiyəni üç dilin meydanında
axtarasan, bir də var bir dilin. Ə. Vahid məhz bir dildə,
doğma Azərbaycan dilində klassik qəzəllərə bərabər,
bəzən onlardan da üstününü yarada bildi. Fikrimcə, şairi
yaşarı edən əsas amillərdən biri də
budur.
Əliağa
Vahid poeziyada bəsirət sahibi olduğunu sübut edərək
(hərçənd o belə bir vəzifəni yerinə yetirməyi
qarşısına məqsəd qoymadığını səmimiyyətlə
etiraf edərdi), ərəb, fars tərkibsiz qəzəl
yaratmağın mümkünsüzlüyü fikrini
sarsıtdı.
Ə.Vahidin
doğulub boya-başa çatdığı Abşeron-Bakı mühitini,
burada irfani inkişafa canatmanın məqsədini təmin etmək
üçün mövcud olan zəngin ədəbi məclisləri
yada salanda, poeziyaya qoyulan qədir-qiyməti, klassik irsin öyrənilməsinə
ayrılan diqqəti nəzərdən keçirəndə
belə nəticəyə gəlinir: şair bu zənginlikdən
yetərincə bəhrələnib.
Digər amil isə məhz şəxsiyyətin
özü ilə, öz nəfsi ilə necə mübarizə
aparması ilə bağlıdır. Ə.Vahid bu amildən
məharətlə istifadə etmişdir. Az
təhsil görmüş Vahid
yaradıcılığında, qəzəllərində
dövrünün xeyli sayda tanınmış
ziyalılarının, şairlərinin, xanəndələrinin
adını çəkir. Şair bu şəxsiyyətlərin
yaradıcılığı ilə yaxından tanış
olub. Təbiidir ki,
heç bir şair, yaradıcı adam oxuduğu, bəhrələndiyi
müəlliflərin hamısının adını əsərlərinə
gətirmir. Adları çəkilənlər onların az bir hissəsi olur.
Ə.Vahidin şəxsi mütaliəsi, axtarışları
onun şöhrət zirvəsinə yüksəlməsinə,
qəzəllərinin dillər əzbəri olmasına,
haqqında gözəl xatirələrin yaranmasına gətirib
çıxarıb.
Əliağa
Vahid klassik
poeziyamıza dərindən bələd olub. Bəzən
bu dərinlik mövzu oxşarlığına gətirib
çıxarır. Bunu təbii qəbul etmək olar. Çünki yer övladı üçün ortaq
marağa səbəb olan bolluca hadisələr, amillər var.
Şairlər üçün bu cəhət özünü
sevgidə göstərir. Necə qiymətləndirilməsindən
asılı olmayaraq hər bir şairin (eləcə də
başqa yaradıcı insanların) xəyali, ya da gerçək
bir sevgi guşəsi, həyatının sevincli, qəmli
günlərində üz tutduğu,
səcdə qıldığı məhəbbət astanası var.
Orada hər şey gözəldir, cazibədardır, hətta
ağrı da ləzzət edir, şövq gətirir:
Eşq
bir divanəlikmiş dərdə düşmüş
könlümə,
Eşqdən əl çəkmədi, yüz dəfə
dərman etmişəm.
Eşq cövründən qurtarmaq bir sağalmaz dərd
imiş,
Mən bu dərdin çarəsin ölməklə asan
etmişəm.
Arada bir
yüngülvari məzəmmət də var:
Adəm da böylə cövr edər öz mübtəlasına?
Sən zülmkarsan, demə, cananəyəm sənə.
Fikirlərin çarpazlaşması oxucunu
dünyanın gərdişinin nədən bəhrələndiyini
tapmağa istiqamətləndirir. Vahid yenə öz fikrində
qalır: Eşqdən gələn hər dərd-sərə qurban:
Könül,
eşq əhlinə yetsə əgər yüz min bəla
xoşdur,
Yetişsə aşinadan aşinayə hər cəfa,
xoşdur.
Cahanda
dövlətü mülk ilə mala etmərəm rəğbət,
Qapında ruzi şəb, şahim, mənə
qürbü gəda xoşdur.
Artıq sələf-xələf bağlarının
möhkəmliyinə bir daha inanırsan. Ə.Vahid
"Böyük Füzulinin yadigarı mən özüməm",
deyə fəxr edir. Təvazökarlıqdan
uzaq olan bir söz, bir səs, bir hərf də yoxdur.
Davamçı olmaqdan duyulan bir qürur var. Məhəmməd
Füzuli yazırdı:
Xoş ol
zaman ki, hərimi-vüsalə məhrəm idim,
Nə mübtəlayi-bəla, müğəyyədi-ğəm
idim.
Gəzərdim
itlərin içrə fəzayi-kuyində,
Yerim behişti-bərin idi, mən də bir adəm idim.
Həmişə
səcdəgahim xaki-asitanın idi,
Bu etibar ilə bir sərbüləndi-aləm idim.
Min illərin sınağından çıxmış
Şərq təfəkkürünün təzahürüdür.
Vahid sələflərindən
fərqli olaraq daha realist görünür. Başa düşülür ki, o, insanın əbədi
arzusuna, istəyinə çatmaq ehtiyacını təkcə
xəyallarında axtarmır, dərmanı özgəsindən
yox, elə "dərdi verəndən" istəyir. Bəlkə
də Vahid poeziyasını müasirləşdirən onun
özünün müasirimiz olmasından daha çox qəzəllərindəki
bu xüsusiyyətdir. Həm də
qeyd olunmalıdır ki, Vahiddə xəyali
"vüsalla" reallıq arasındakı sərhəd bir
o qədər də kəskin deyil, şair bəzən
söylədiklərindən peşman kimi görünür:
Görsəm,
ey gül, ölərəm bir də səni xar ilə,
Əvvəl öldür məni, get sonra gəz əğyar
ilə.
...Dil
gözün fikrinə çox düşdü, xəyal eyləmədi:
Rahət olmaz qoşulan məsti-xətakar ilə.
Klassik ədəbiyyatda "Mən kiməm?"
sualına verilən cavabın əsasında maraqlı bir fəlsəfə
dayanır.
Poeziyada buna birbaşa cavab verilir: Adları dillərə
düşmüş özümdən əvvəlki eşq cəfakeşlərinin
davamçısıyam!
Görünür, bu cavabda bir qədər təvazökarlıqdan
çıxmaq əhvalı var. Daha təvazökar
cavab hamının ürəyincədir:
Məcnun
oda yandı şöleyi-ah ilə pak,
Vamiq suya batdı, eşqdən oldu həlak.
Fərhad
həvəs ilə yelə verdi
ömrün,
Xak oldular onlar, mənəm indi ol xak.
Əliağa Vahid bu "xakın" haradan
götürülməsinin önəmli olduğunu dəfələrlə
qələmə alıb. Aydın görünür ki, sevənin
torpağı yarın gəzdiyi, ayaq qoyduğu yerdən
götürülsə, daha yaxşı olar və ona görə
də aşiq həmin torpaqda məqam tutmağı
özünə səadət bilir:
Bilməm,
nə çarə eyləyim, ol bivəfa məni
Etsin qəbul xaki-dərində gəda məni.
Divanəliyi
səadət bilən bəsirət sahibi Vahid bu divanəliyin yerini,
ünvanını göstərməyi də yaddan
çıxarmır:
Bizə
divanəlik nə zülfdən, nə şanələrdəndir,
Bu rəsmiyyət bizə bizdən qədim divanələrdəndir.
Maraqlıdır,
sevdiyini inandıra bilməyən biçarə aşiqin son
ümidi "Mən sənin divanənəm, səni dəli
kimi sevirəm" cümləsində ifadə olunur.
Rəssamın
illərlə çalışıb yarada bildiyi (bəlkə
də bilmədiyi) təsviri Vahid beş-altı bəndlik qəzəldə
elə məharətlə
canlandırır ki, guya, real, canlı bir gözəl gözlərin
qarşısındadır və səni naz-qəmzə ilə
süzür. Belə bir təsəvvür yaranır ki, Vahid
böyük Füzulinin "Heyrət, ey büt, surətin
gördükdə lal eylər məni, Surəti-halım
görən, surət xəyal eylər məni" bəndində
canlandırdığı gözəli
reallaşdırmağı qarşısına məqsəd
qoyub:
...Sinəsində
nəzərim dəydi iki qönçə gülə,
Tər şəmamə yetişib, baş-çaşa
çatmış sandım.
Məni
gördükdə qızarmışdı üzü lalə
kimi,
Dişləyib gül üzünü özgə
qızartmış sandım.
Elə
bir naz ilə oynatdı kəç əbrulərini,
İki
hindubeçə şəmşirə əl atmış
sandım...
"Qan
qovuşuqdur", "Qanı qana tutmazlar" ifadələri yüzillərdir yol gələn
inanclardandır. Poeziyada bu deyimlərə
müraciətlər çox olub. Münasibətlərdə,
yanaşmalarda rəngarənglik özünü göstərib.
M.Füzuli yazır:
Dişlədimsə
ləlin, ey qanım tökən, qəhr eyləmə,
Tut ki, qan
etdim, ədalət eylə, qanı qanə tut.
Seyid
Əzimdə də bu ton var:
O qara
xalı mənə versələ, qanın içərəm,
Nə üçün mənzil edib arizi-cananımda?
Əvəz kimi istənilən qan qovuşuğu simvolizə edir, əbədi ruhi birlikdən, mənəvi vəhdətdən soraq verir.
Yaratdıqlarının qədir-qiymətini, yazdıqlarının onu yaşadacağını Vahid yaxşı bilirdi. Bilirdi ki, insan gözəllik aşiqidir, gözəl olan nə varsa qiymətləndirir, həm də onu yaradanı əbədiləşdirir. Vahiddə əbədiyaşarlığın "sirri" konkretləşdirilir. Təkcə söz yox, bu sözün Vətənə, insanlığa xidmət etməsinin vacibliyi ön plana çəkilir. Əslində sözün əbədi vəzifəsi də budur:
Xalqına fürsət var ikən xidmət et, Vahid, müdam,
Ta ki sən də bu sədaqətlə cahanda ad qıl!
Xanəndələr Əliağa Vahidin qəzəllərinə müntəzəm müraciət edirlər, xeyli şeirlərinə mahnılar bəstələnib, sevilə-sevilə oxunur. Muğam ritminə düşməsi, dilin şirinliyi, məna gözəlliyi Vahidin qəzəllərinin klassik musiqimizin tərkib hissəsinə çevrilməsinə, onlarla vəhdətləşməsinə gətirib çıxarıb. Qeyri-adi görünən bir məqam diqqəti cəlb edir. Şairin bəzi qəzəlləri sanki hansısa konkret muğamda oxunmaq üçün yazılıb.
Əlbəttə, qəzəllərdəki bu halət xanəndənin işini asanlaşdırır, ifa prosesində onu hansısa bölgü üzərində düşünmək gərginliyindən azad edir. Dinləyicinin də özünəməxsus payının olduğu şəksizdir. Dinləyici sözlə musiqinin vəhdətində zövq zirvəsinin ucalığında hiss edir özünü.
Sonda qeyd edək ki, Azərbaycan məktəblərində Vahidin yaradıcılığının öyrədilməsinin əsas imkanı tədris planlarında, proqramlarında ona ayrılan vaxtla bağlıdır. Bu öz yerində. Lakin nəzərə almaq lazımdır ki, bu cür zəngin irslə bağlı işi təkcə tədris proqramlarındakı imkanlarla məhdudlaşdırmaq olmaz. Ə. Vahid yaradıcılığı ilə bağlı həm humanitar, həm də digər istiqamətli tədris müəssisələrində iş aparmaq zəruridir.
Bunun ən faydalı imkanı dərsdənkənar (auditoriyadankənar) tədbirlərdir. İnanırıq ki, mövcud imkanlardan səmərəli istifadə etməklə, böyük şairin yaradıcılığının daha geniş miqyasda öyrənilməsinə, gənclərin mənəvi-estetik tərbiyəsinə təsir göstərmək mümkündür.
Oqtay ABBASOV,
Azərbaycan Dillər
Universitetinin dosenti
525-ci qəzet.- 2015.- 1 may.- . S.6.