Sahibə Qafarova: "Azərbaycana təzyiqlər qəbulolunmazdır"

 

 

Müsahibimiz Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü, qurumun qadınlara qarşı zorakılıqla mübarizə üzrə baş məruzəçisi Sahibə Qafarovadır.

 

-  Bugünlərdə AŞPA-nın yaz sessiyası başa çatdı. Bu sessiyanı ölkəmiz üçün necə qiymətləndirmək olar?

 

- Ümumiyyətlə, bu sessiyada Azərbaycanla bağlı konkret hansısa məsələlərin müzakirəsi nəzərdə tutulmasa da, parlamentarilərimiz müxtəlif məsələlərin müzakirələrində, o cümlədən, sərbəst debatlarda çıxış edərək bizi düşündürən, Azərbaycan ictimaiyyətini narahat edən bir sıra məsələlər haqqında məlumat verdi, eyni zamanda, ölkəmizin inkişafı ilə bağlı mövcud reallıqları bir daha AŞPA tribunasından ifadə etdi.

 

Mən də sessiya çərçivəsində keçirilən iclaslarda bir sıra məsələlərlə bağlı mövqeyimizi diqqətə çatdırdım.

 

Xüsusilə, təxminən 47-48 gün sonra keçiriləcək ilk Avropa Oyunlarına hazırlıqla əlaqədar görülən işlər barədə geniş məlumat verdim, Azərbaycanın Avropa Oyunlarını qəbul etməyə hazır olmasını, bu oyunların idman tarixində mühüm bir yer tutacağını və standartların Bakıda müəyyənləşəcəyini bildirdim.

 

Eyni zamanda, Avropa Oyunları  ərəfəsində bir sıra qərəzli beynəlxalq dairələr tərəfindən ölkəmizə qarşı aparılan "qara piar" kampaniyası kəskin şəkildə pislənildi. Qeyd etdim ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Avropa Oyunları təşkilat komitəsində çalışan peşəkar komanda çox qısa bir müddətdə - 3 il ərzində demək olar ki, öz işini yekunlaşdırmaq üzrədir. Baxmayaraq ki, bu səviyyəli idman yarışlarını təşkil etmək üçün dövlətlərə bəzən 7-8 il vaxt lazım olur, amma Azərbaycan bu işin öhdəsindən cəmi 3 il ərzində gəlib. Bununla yanaşı, Dağlıq Qarabağ problemi, erməni terrorizmi və digər məsələlər haqqında da bir daha fikirlərimizi bildirdik.

 

Sessiyada müzakirə olunan məsələlərə gəlincə isə qeyd edim ki, bu sessiyada Nazirlər Komitəsinin fəaliyyətdə olan sədri, Belçikanın xarici işlər naziri Didye Reynders qurumun qış sessiyasından ötən dövr ərzindəki fəaliyyəti barədə hesabat verdi, İnsan Haqları üzrə Avropa Məhkəməsinə yeni üzvlərin seçkisi keçirildi. Həmçinin Avropa Şurasının 2016-2017-ci illər üçün büdcəsi və prioritetləri, İŞİD terrorçu qruplaşması tərəfindən bəşəriyyəti təhdid edən hərəkətlər müzakirə edildi.

 

Sonrakı günlərdə Avropada insanlara qarşı diskriminasiya halları və qitədə sosial xidmətlər ətrafında fikir mübadiləsi aparıldı, insan haqları üzrə komissarın rəhbərlik etdiyi qurumun 2014-cü ildəki fəaliyyətinə dair hesabatı dinlənildi.

 

Ümumiyyətlə, hesab edirəm ki, bu sessiya Azərbaycan nümayəndə heyəti üçün kifayət qədər uğurlu olmaqla yanaşı, ölkə həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması, Azərbaycanın beynəlxalq mövqeyinin güclənməsi baxımından da əhəmiyyətli oldu.

 

- Yeri gəlmişkən, məlumdur ki, erməni siyasətçilər hər fürsətdən istifadə edərək Azərbaycan və Türkiyə dövlətinə qarşı uydurma iddialar səsləndirirlər. AŞPA-nın yaz sessiyasının keçirildiyi dövrdə isə ermənilər qondarma " soyqırım"ın 100 illiyini qeyd etdilər. Belə bir ərəfədə AŞPA-da bununla bağlı hansısa fikirlər səsləndirildimi?

 

- Əvvəla, qeyd etmək istəyirəm ki, heç bir fakta söykənməyən, sadəcə ermənilər tərəfindən irəli sürülən və dünya erməniliyinə xidmət edən bu iddialar bəzi siyasətçilər üçün sadəcə vasitədir. Hamı bilir ki, bu iddiaların heç bir tarixi istinadı yoxdur. Əgər belə olmasaydı, Ermənistan dövləti Türkiyənin arxivlərin açılması və iddiaların birgə komissiya vasitəsilə araşdırılması yönündəki təklifinə müsbət cavab verərdi. Ermənilər çox gözəl dərk edirlər ki, tarixdə belə bir fakt yoxdur. Tarixi saxtalaşdırmaq, onu siyasi məqsədlər naminə manipulyasiya vasitəsinə çevirmək cəhdləri isə heç bir nəticə verməyəcək. Nə qədər tədbirlər keçirirlərsə keçirsinlər, tarixdə olmayan bir məsələni beynəlxalq hüquqda qəbul etdirmək mümkün deyil.

 

Müzakirələrə gəlincə, erməni parlamentariləri bu məsələni də gündəmə gətirdi. Biz dəfələrlə şahidi olmuşuq ki, onlar bu kimi həqiqətdən uzaq iddialarla beynəlxalq ictimai rəyi yanıltmağa çalışırlar. Amma hər dəfə onlar Azərbaycan nümayəndə heyətinin üzvləri və o cümlədən, həqiqəti bilən və dürüst xarici siyasətçilərin tutarlı cavabları qarşısında aciz qalırlar.Bu dəfə də onlara layiqli cavab verildi. Bu müzakirələrdə Azərbaycanı təmsil edən millət vəkili olaraq, bildirdim ki, Azərbaycan xalqı tarixin müxtəlif dövrlərində erməni terroruna məruz qalıb.

 

Biz terrorun nə qədər ağır fəsadlar yaratdığını, bəşəriyyəti nə dərəcədə təhdid etdiyini bilirik və ona görə də terrorizmə qarşı mübarizəyə həmişə dəstək vermişik. Buna baxmayaraq, bu gün bir sıra beynəlxalq ictimaiyyətin erməni terrorunun acı nəticələrinin aradan qaldırılması ilə bağlı, Ermənistanın işğalçılıq siyasətinə qarşı loyal münasibətinə rast gəlirik ki, bu da regionda ciddi təhlükələr yarada bilər. Mən "İŞİD"ın bir terror təşkilatı olduğunu, eyni zamanda Ermənistan dövlətinin həyata keçirdiyi terror siyasətinin ən az "İŞİD" qədər təhlükəli nəticələr vəd etdiyini vurğuladım. Düşünürəm ki, Azərbaycan dövlətinin bu kimi məsələlərdə ardıcıl və prinsipial mövqeyimiz bundan sonra da öz uğurlu nəticələrini verəcək və erməni yalanları həmişə ifşa olunacaq.

 

- Azərbaycan nümayəndə heyətinin üzvü olaraq, siz bu sessiyada seçki yolu ilə ilk dəfə AŞPA-da çox mühüm və vacib vəzifəyə-qadınlara qarşı zorakılıqla mübarizə üzrə baş məruzəçi seçildiniz... Bundan əvvəl isə siz AŞPA-nın Gender bərabərliyi alt komitəsinin və Rasizm və Ksenofobiya alt komitəsinin sədri seçilmişdiniz. Bu yeni vəzifədə sizin mandatınız və görəcəyiniz işlər nədən ibarət olacaq?

 

- Bəli, sizin də qeyd etdiyiniz kimi, mən AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvü kimi təmsil olunduğum ötən dörd ildə Kişi və qadınlar üçün bərabər imkanlar və Gender bərabərliyi alt komitələrinin sədri olmuşam. Eyni zamanda, Rasizm və Ksenofobiyaya qarşı alt komitəsinə də sədrlik etmişəm. Cari ilin aprel ayının 21-də isə qadınlara qarşı zorakılıqla mübarizə üzrə baş məruzəçi vəzifəsinə seçkilər keçirildi.

 

Bu seçkilərdə danimarkalı deputat və mənim namizədliyim irəli sürülmüşdü. Mən daha çox səs alaraq bu vəzifəyə seçildim. Əlbəttə ki, bundan sonra qadınlara qarşı zorakılıqla mübarizədə qurumun bütün işinin və proqramlarının formalaşdırılmasında rol alacam. Mənim bu vəzifədə əsas rolum qadınlara qarşı zorakılığın qarşısının alınması sahəsində ictimaiyyətin, hökumətin və qeyri-hökumət qurumlarının həssaslığının daha da artırılması olacaq, bu istiqamətdə görülən işləri koordinasiya edəcəyəm.

 

Eyni zamanda, mən "Zorakılıqdan azad qadın" parlament şəbəkəsi üzrə siyasi əlaqələndirici vəzifəsini də icra edəcəyəm. Hazırda bu şəbəkə özündə 51 üzv və müşahidəçi dövləti birləşdirir. Belə bir etimada layiq görülməyim hər şeydən əvvəl Azərbaycan dövlətinin beynəlxalq nüfuzunun, eyni zamanda, ölkəmizdə bu sahədə həyata keçirilən islahatların beynəlxalq ictimaiyyət tərəfindən təqdir olunması və dəstəklənməsinin daha bir təsdiqidir. Bu, həmçinin, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin uğurudur. Eyni zamanda, mənim bir millət vəkili kimi fəaliyyətimə verilən yüksək qiymətdir.

 

Qeyd etmək istərdim ki, bu sessiyada nümayəndə heyətimizin digər üzvü Sevinc Fətəliyeva isə qurumun uşaqlar üzrə baş məruzəçisi seçildi. Artıq qeyd etdiyim kimi, bu məqamlar bir daha ölkəmizdə uğurlu gender siyasətinin həyata keçirildiyini, uşaq hüquqlarının qorunması istiqamətində Azərbaycanda görülən işlərin nə dərəcədə əhəmiyyətli olduğunu və bunun da Avropa ictimaiyyəti tərəfindən təqdir olunduğunu göstərir.

 

- Sizin də qeyd etdiyiniz kimi, Bakıda ilk Avropa Oyunlarının keçirilməsinə bir aydan bir az artıq vaxt qalır. Bu möhtəşəm yarışlar yaxınlaşdıqca bir sıra dairələrin ölkəmizə qarşı "qara piar" kampaniyası da genişlənir. Bu məsələnin AŞPA-da da müzakirə olunduğunu söylədiniz...

 

- Əvvəla, qeyd etmək lazımdır ki, müasir beynəlxalq münasibətlər sisteminin suveren faktoru olan Azərbaycan Respublikası son illərdə çox mühüm və güclü regional amilə çevrilib. Burada ən önəmli faktorlardan biri ölkəmizdə hökm sürən sabitlik və vətəndaş həmrəliyi amilidir. Güclü dayaqlara malik sabitliyin bərqərar olması isə əlbəttə ki, ölkənin iqtisadi inkişafını şərtləndirir və son illərin göstəriciləri Azərbaycanın yüksək iqtisadi inkişafının konturlarını müəyyən edir.

 

Təbii ki, inkişaf edən Azərbaycanın beynəlxalq aləmdəki nüfuzu və mövqeyi də ildən - ilə möhkəmlənir, Azərbaycanın regional liderliyi dünya tərəfindən açıqca etiraf olunur. Bu da nəticə etibarilə ölkəmizin siyasi, iqtisadi və mədəni cəhətdən nəinki regional, hətta qlobal dialoq məkanına çevrilməsini də şərtləndirir.

 

Ölkədə hər il bir neçə mötəbər beynəlxalq siyasi, iqtisadi, yaxud mədəni-humanitar tədbirlər keçirilir.

 

Azərbaycana beynəlxalq miqyasda çox böyük maraq var. Bütün bunlar isə bir daha onu göstərir ki, ilk Avropa Oyunlarının  təşkil olunması hüququnun ölkəmizə verilməsinin çox ciddi əsasları var. Özünə hörmət qoyan, ədalətli siyasətçilər də bu reallıqları etiraf edir, onlar Azərbaycanın yüksək inkişafını, demokratik prinsiplərə sadiqliyini hər zaman yüksək qiymətləndirirlər.

 

Təəssüf ki, belə bir ərəfədə bəzi siyasi dairələr ədalətsiz və qeyri obyektiv şəkildə olimpiya oyunlarını siyasiləşdirməyə, ölkəmizə qarşı həqiqətdən uzaq ittihamlar səsləndirməyə çalışanlar da var. Mən sessiyadakı çıxışımda da bu məsələyə toxunaraq vurğuladım ki, biz bu kampaniyanın daha əvvəllər də, ölkəmizdə "Eurovision" mahnı müsabiqəsinin keçirildiyi vaxtda şahidi olmuşuq. Azərbaycan xalqı bu kampaniyanın əsas məqsədinin nədən ibarət olduğunu yaxşı dərk edir.

 

Əlbəttə ki, ölkəmizə qarşı bu cür təzyiqlər qəbulolunmazdır və o, hədəflədiyi nəticəyə çata bilməyəcək.

 

İdman, olimpiya hərəkatını belə ucuz siyasi oyunlara alət etmək cəhdləri cəmiyyətimiz tərəfindən qətiyyətlə pislənilir. Kimin nəyi necə deməsindən asılı olmayaraq, Azərbaycan ilk Avropa Oyunlarını ən yüksək standartlara uyğun təşkil etməklə, bir daha bütün Avropa ictimaiyyətinə öz dəyərlərini təqdim edəcək.

 

K.HƏMİDOV

525-ci qəzet.- 2015.- 1 may.- S.4.