Mirzə İbrahimov şəxsiyyəti - necə varsa...

 

 

Bəzən ictimai-mədəni həyatımızda mühüm yer tutan, illərlə vəzifə kürsüsündə olan, elmidəbi yaradıcılığı, işgüzarlığı ilə parlaq görünən bir insanın bütün ömrünü xoşbəxt yaşadığını düşünürük. Amma bu ömrün enişinə, yoxuşuna bələd olanda çox zaman yanıldığımızı anlayırıq.

 

Filologiya elmləri doktoru, professor Teymur Əhmədovun “Mirzə İbrahimov” albom-kitabıyla tanışlıq zamanı fotoları tamamlayan mətnləri oxuyanda gördüm ki, bütün fədakar çalışmaları boyu səsi, sözü, əməli fəaliyyəti ilə göz önündə olan, yaşlı və orta nəslin əsərlərindən yaxşı tanıdığı yazıçı, ictimai xadim Mirzə İbrahimov 82 illik həyatını heç də rahat, sakit yaşamayıb.

 

Son illər Teymur müəllimin bu janrda ərsəyə gətirdiyi “Nəriman Nərimanov”, “Səməd Vurğun”, “Süleyman Rüstəm”, “Xəlil Rza Ulutürk”, “Zəlimxan Yaqub”, “Mir Cəlal” foto-albomlarından da əxz etdiklərim mənə bu ədəbi şəxsiyyətləri daha dərindən tanımağıma səbəb oldu. İndinin özündə müəllif-tərtibçinin bu foto-albomlarını xatırlayır və düşünürəm ki, görəsən, onu bu mövzuda ardıcıl olaraq, həm də böyük həcmdə əziyyətli işlərə cəlb edən nədir? Əlbəttə ki, bu ədəbi şəxsiyyətlərin mənəvi aləmini, ömrün mübhəmliklə dolu özəlliklərini duymadığımız, görmədiyimiz bir istiqamətdən təqdim etmək istəyi!

 

Vaxtilə M.İbrahimovun ilk aspirantı olmuş Teymur müəllim uzun illər onunla işgüzar münasibətdə olub. Bu işgüzarlıq onları dost, sirdaş kimi bir-birinə yaxınlaşdırıb. Sonralar bu yaxınlığın elmi-ədəbi bağları uzun illər daha da möhkəm olub və birgə əməkdaşlığın ona imkan yaratdığı illərdə ustadının yaradıcılığına və şəxsiyyətinə yaxından bələdliyi onu bu istiqamətdə araşdırmalara yönəldib. M.İbrahimovun yazıçı, ictimai xadim obrazını yeni bir baxış bucağından tədqiq etməyi özünün mənəvi borcu sayılıb. Elə foto-albomun fərqli üslubda, ciddi və zəngin süjet boyunca işlənməsi belə bir həcmli işin uğurundan xəbər verir.

 

Bəlkə də bu janrda yazılan əsərlərin ədəbi-ictimai xarakteri, özünəxaslığı, ibrətamiz mahiyyət kəsb etməsi məni daha çox cəzb etdiyindən belə kitablara marağım hədsizdir.  Bir də ki, ictimai fikir tariximizdə müstəsna yeri olan görkəmli şəxsiyyətlərin yaşadığı həyata bütövlük prizmasından yanaşmalar, obyektiv qiymətləndirmələr necə maraqlı olmaya bilər! Yuxarıda sadaladığım kitablardan da aydın görünür ki, Teymur müəllim foto-albom janrına yeni məzmun, fikir gətirməklə onun çox dəyərli nümunələrini yaradıb.

 

T.Əhmədovun foto-alboma yazdığı “Ön söz” onun şərəflə yaşadığı ömrünə yetərincə bələd olan ədəbiyyatşünas-alimin geniş araşdırmasının məhsuludur.  Və biz də bu təqdimatın ardınca sanki tufanlardan keçərək söz-əməl işığında cəsarətlə addımlayan böyük bir həyatın axarına düşürük. Bu ciddi araşdırma və müşahidələrin nəticəsidir ki, müəllif onun insani keyfiyyətlərini, mənəvi ağrılarını dərindən duya bilmişdir. Erkən uşaqlıq çağlarından yetimliyi, tənhalığı ilə acı həyat yaşayan, çəkdiyi əziyyətləri, ağrıları ilə sanki dibsiz dənizin sularından məharətlə üzüb çıxan M.İbrahimov mərdliyi, dözümü, dəyanətilə əsl qəhrəmanı xatırladır. Foto-mətnlərin zövqlə ifadə etdiyi bu həyat romanında müəllif-tərtibçi işıqlı sabahlar yolçusu olan cəsur insanın sıxıntılarını, təqiblərə, təzyiqlərə mərdanə dözümünü bütün istiqamətlərdən işıqlandırıb.

 

Müəllif-tərtibçi yazıçının sürət qatarı kimi ötüb keçən qaynar həyat tarixçəsini, fikirlərini, çıxışlarını, tövsiyələrini maraqlı məqamlar fonunda işıqlandırıb. Ata-ana qayğısından məhrum olmuş kimsəsiz bir uşağı, “özü-özünü yaradan və formalaşdıran nadir şəxsiyyət”i (Gülrux Əlibəyova) yeni fonda tanıtmaqla xalqın öz oğluna böyük sevgisini, ehtiramını ifadə etməyə çalışıb.

 

M.İbrahimovun adı çəkiləndə, səsi-sözü yada düşəndə hafizəmizdə xoş simalı, şirin təbəssümlü bir insanın, ədəbiyyatımızın patriarxı sayılan yazıçı, ictimai xadim, şan-şöhrətli Mirzə müəllim canlanır. Elə kitabın ilk səhifələrində verilən fotolar, mətnlər yazıçının ictimai xadim kimi şöhrət qazandığı zamanları yada salır. Ötən əsrin otuzuncu illər ədəbi mühitində coşqun yaradıcılıq eşqilə çağlayan gənc Mirzənin pillə-pillə ucaldığı həyatda, ədəbi mühitdə sözü, əməlilə görünməsi dostları, qələmdaşları ilə bir arada olması maraqlı, dolğun bir ömür yaşadığını göstərir. Şəkillərin yaratdığı zəngin təəssürat, ona süjetli, ideyalı münasibət mətnlərdə işıqlı fikirlərlə müşayiət olunur.

 

Bütün yaradıcılığı boyu xarakterik obrazlar yaradan M.İbrahimovu şəxsiyyəti və yaradıcılığı ilə bütövlükdə təqdim edən T.Əhmədov bu istiqamətdə işlədiyi kitablarda olduğu kimi burda da qəhrəmanın milli-mənəvi dəyərlərə bağlılığını, onu xalqa sevdirən cəhətləri, fərqli xüsusiyyətlərə malikliyini  göstərə bilmişdir.  Fotodan-fotoya, mətndən-mətnə onun yazıçı, ictimai xadim taleyinin ən incə məqamları maraqlı detallarla açılır. Mən burda Mirzə müəllimi həyat gəmisində məharətlə üzən, keçilməz sədləri əzmlə, inadkarlıqla aşan mübariz bir qəhrəman qiyafəsində gördüm. Onun haqqında bilmədiklərimdən xəbərdar oldum, təsəvvürüm dolğunlaşdı. Yazıçının görkəmli şəxsiyyətlərlə yaradıcılıq, dostluq əlaqələri, böyük bir dövrün ədəbi mühiti və o mühitin bu gün ehtiramla xatırladığımız ustad sənətkarları - S.Vurğun, M.Cəlal, R.Rza, S.Rüstəm, Ş.Mehtiyev, Ə.Vəliyevlə bölüşüb-paylaşdığı həyat foto-mətnlərin təqdimi fonunda şirin bir nağıl kimi hafizəmə köçdü.

 

Bu ədəbi şəxsiyyətlərin həyatı, yaradıcılıq yolu, ictimai fəaliyyəti təbii ki, neçə-neçə elmi-tədqiqat əsərlərində araşdırılıb. Zənnimcə, belə insanların ömür yolu faktlar, xatırlamalarla foto-albom janrında daha cazibədar və yaddaqalandır. Bu mənada ədəbi qəhrəmanların belə bir janrda, yeni üslubda təqdim olunması cəmiyyətdə maraqla qarşılanır.

 

Yaşlı və orta nəslin göz-könül yaddaşında Mirzə İbrahimov yazıçı-dramaturq, ədəbiyyatşünas, tərcüməçi, publisist, ictimai xadim kimi xatırlanır. Bu foto-albomda mən onu həm də işıqlı ideayalar, bəşəri duyğularla dünyanı dolaşan səyyaha bənzətdim. O, xalqlar arasında milli mədəniyyətimizin, ədəbiyyatımızın təbliğində, eləcə də bir çox ölkələrin Azərbaycanla ədəbi-mədəni əlaqələrinin yaranmasında mənəvi körpü oldu. Mirzə müəllim həyatı boyu xalqına söykənb, gücünü ondan alıb. Bu gün az adam tapılar ki, bu bağlılığı, sevgini ifadə edən yığcam, lakin bir böyük əsərdən aldığımız təəssürat qədər dəyərli olan müraciətdən xəbərdar olmasın: “Ey mənim xalqım, ey mənim ümidim və pənahım! Ürəyimin istiliyi səndədir, fikrim işığını səndən alır, həyatımın nəşə və sevincinə bais sənsən! Həyat yolunun sürüşkən döngələrində qolumdan tutan, məni yıxılmağa qoymayan sən olmusan. Amansız qorxu başımın üstünü alaraq məni ağır fikirlərə saldığı zaman, xoş günün dönük dostları, zəif və qorxaq yoldaşlar məndən üz döndərdiyi zaman yeganə dayanacağım sən olmusan”.

 

Ədəbiyyatımızın böyük bir dövrünün mogikanı sayılan Mirzə müəllim sənət aləminə şeirlə qədəm qoymuşdu. Sonradan yaradıcılığın ən ağır qolu olan nəsrdə, dramaturgiyada böyük şöhrət tapmış yazıçının əsərləri ədəbiyyatımızın inciləri sırasında yer alıb. Bir vaxt onun şeiri ilə nəsri arasındakı fikri, mənəvi bağılığın poetik dəyərini Xalq şairi Nəbi Xəzri belə ifadə edib: “Mirzə müəllim, sən böyük bir ədəbi nəslin əlindən tutub həyat yollarına çıxardın... sən ədəbiyyata şeirlə gəldin... Mən deyə bilmərəm ki, sənin şeirin nəsrindən güclü, qüdrətli idi. Lakin deyə bilərəm ki, bu sənin şeirə olan ilk sədaqət andının qayıdışı idi. Bu, qaranquşların isti yuvalarına qayıdışına bənzəyirdi. Bu, əzəmətli fillərin öz sonunu hiss edəndə  doğma torpaqlara can atmasına oxşayırdı”.

 

Əsərdə fotoların ardıcıllıq tarixləri Teymur müəllimin bu janrda işlədiyi kitablardan bir qədər fərqlidir və bu fərqlilik Mirzə İbrahimov obrazının da layiq olduğu ucalıq səviyyəsində yaradılmasının göstəricisidir. Başqa bir tərəfdən, ədəbi qəhrəmanın yaşantılarını özünəxaslıq və yenilik axtarışları ilə nizama salmaq, müəllif-tərtibçinin bu sahədə qazandığı təcrübəsinin, ideya-üslub, forma axtarışlarında nail olduğu bənzərsizliyin bir nümunəsidir. Əsər boyu ədəbi mühitdə nəsildaşları olan yazıçı-şairlərin Mirzə müəllimlə əlaqələri, münasibətlərinin ən fərqli məqamları yazıçının günəş hərarəti duyulan sözlərində olduqca səmimi səslənir.

 

M.İbrahimov ictimai-ədəbi fəaliyyətilə harda gərək olmuşsa, o sahəyə yeni ab-hava gətirmişdir. Bəlkə də müasirləri arasında tək bir şəxsiyyətdir ki, bir-birini əvəz edən böyük, məsuliyyətli vəzifələrdə fasiləsiz çalışmalarıyla yanaşı ədəbi-bədii yaradıcılığını da dumduru sular kimi öz axarında apara bilmişdir. Azərbaycan ictimai fikrinin, azərbaycançılıq, maarifçilik ənənələrinin, milli-mənəvi dəyərlərimizin yüksəlişinə xidmət etmişdir.

 

Mirzə müəllimin ürəyində  bir ağrı kimi yaşadığı məsələ təbii ki, o taylı-bu taylı Azərbaycanın ayrılığı idi. Əsərlərinin şah mövzusu cənubla bağlı idi. Yazıçı o taydakı soydaşlarımızın ictimai-sosial həyatına, mənəvi taleyinə yaxından bələd idi. Bu yaxınlıq cənublu bacı-qardaşlarının ağrısını, istək və arzularını bir çox hekayələrində, “Gələcək gün” romanında olduqca təbii təsvir etmişdir. Yazıçı ikiyə bölünmüş Azərbaycanın, cənublu soydaşlarımızın ictimai ağrılarına ürəyini söykəmiş, bu istiqamətdə xeyli işlər görmüşdür. Kitabda milli hökumət nümayəndələrinin masa arxasında işgüzar görüntüsü bizə Mirzə müəllimin müstəqillik,  bütövlük arzularını xatırladır.

 

Vaxtilə akademik M.Arif əbəs yerə deməmişdi ki, ədibin hər bir əsərində vətən məhəbbəti canlı bir ürək kimi çırpınmaqda, döyünməkdədir. Bu ürəyi biz yalnız bədii əsərlərində deyil, elmi əsərlərində və məqalələrində də görürük. “Mirzə İbrahimov vətəni təkcə torpaq kimi deyil, övladları ilə birlikdə təsəvvür edirdi” (N.Rizvan) və əlbəttə ki, onu bütöv anlamda sevirdi.

 

Burda yeniliyin bir cəhəti otaylı ədəbiyyat adamlarının Mirzənin işığına yığışmasının ilk dəfə və  əhatəli şəkildə təqdim edilməsidir. Təbrizdən görüntülər, qədim abidələrin, bir çox yerlərin fotoları, Mirzənin özünün o həyatın içində olduğunu, tərcümeyi-halının cənubla bağlı ən kiçik detalının belə həssaslıqla izlənməsini aşkar edir. Kitabda yazıçının əsərlərindən, zaman-zaman dəyişən, yeniləşən həyata təsir edən amilləri açıqlayan ictimai məzmunlu çıxışlarından verilmiş nümunələr özəlliyi, orijinallığı ilə dərin təsir bağışlayır, qəhrəmanın mənəvi aləmini duymağa imkan yaradır.

 

Kitabın bir özəlliyi də cənubla bağlı bir çox hadisələrin Mirzənin öz yazılarından və digər şəxslərlə münasibətlərindən öyrənilməsidir. Bu fikirlərdən aydın olur ki, Mirzə müəllim cənubda baş verən ictimai-siyasi hadisələrdən təfərrüatınacan xəbərdar idi. O, Səttərxan hərəkatından başlamış, bütün hadisələrə qiymət verirdi. Yazıçının özü də müxtəlif vaxtlarda bu qaynar həyatın mərkəzində olmuşdur. Onun ürəyini ağrıdan məsələlərdən biri cənubluların ictimai-mənəvi taleyi, Azərbaycan dili və ədəbiyyatı məsələsiydi. İki əsrdən çoxdur ki, bütövləşmək, birləşmək istəyi şimallı-cənublu azərbaycanlıların böyük arzusudur. Amma bir həqiqət də var ki, bu ağrıları Mirzə İbrahimov çox dərindən yaşadı, həyatı boyu düşüncəsində daşıdı.

 

 

Şəfəq Nasir

525-ci qəzet.- 2015.- 2 may.- S.30.