Səbrsiz oturmuşam...
Gülmə dərdimə, gülmə,
Gül-çiçək bağladıqca.
Göyün üzü nə çəkir,
Yer üzü ağladıqca...
Yollar yoluma ümid,
Yollar qəbrimə açıq.
Buda belə ömürdü
Çəkmir hələ ki, aclıq...
Bu bəxt də qaragünlü,
Günahları ağ olmuş.
Ölə-ölə yerimə,
A dərdləri sağolmuş...
Görmürsən, göz-gözəyik
Tanışammı, yadammı?
Nədən, adam güzgülər
Göstərməyir adamı?...
Məndən xəbər-ətər yox,
Köhnə, təzə yaşımda.
Səbrsiz oturmuşam,
Yenə səbrin daşında...
O qız elçi gözləyir...
Göydən göymü çəkilib,
Bu torpağı yuxu tutub
Ayrılıqlar əkilib.
Gedən gedib baxışlardan...
doqqaz gedib, bulaq gedib.
Gedən gedib uzaq gedib.
O qız belə qarımazdı,
O qız elçi gözləyir...
Bu doqqazdan,
O doqqaza,
Könül köçü gözləyir.
Neyləsin ki, olacağa, olana
Qapıların kilidində
kiriyən bir könüldü.
O da bəxtin açılmayan üzündə,
Gözlərinə
xəyalları gömüldü.
Hər ümiddə
açılan
bir qapı var.
Qız ürəyi
bu qapıda tapılar.
Ömrün-günün
Qismətinə nə var ki?
Tale kimi
Tanrı gülsə açılar.
Hörükləri ay daraqlı,
Yuxuları yar soraqlı,
Çiçəkləri solur yaz, yaz,
Gözlərində, gözlərində,
O qız elçi gözləyir...
Bu yaz davalıdı
Çiçəyi çırtlayan
çiçək ədası,
Küləyə qoşulub qaçar
bir azdan...
Puçurlar çırpınan ətcə
quşdumu?
Keçirər ehmalca köçünü
yazdan...
Boy-boya barlanan pöhrələrə
bax,
Süd daman torpaqda-ana döşündə.
Tövşəyən addımın niyyəti yanlış...
Könül atlandıqca yar görüşünə.
Çiçək havasında adam uçurmuş,
Bənövşə ətrinə salam verməyə.
Quzeydə təklənən qış
sınaqları,
Güneydə yer tapmır təslimdi deyə...
...Qəlbimdə közərər
həsrət nisgili
Bu yaz buludunu çəkər haraya?
Təntidir qanımı Şuşa nəfəsim,
Ayrılıq yolları düşən
havaya.
Bu yaz davalıdı, hələ davada,
Tapmayır özünü pozulan səhman.
Qanını üstümə tökmək
istəyir,
Lalə yanağında bitirdiyi qan.
Üzər sızıltılar istəklərimi,
Bu bahar beləcə açar çiçəyi...
Cığırlar fikirli, yollar fikirli
Boyum sarılar
haçan çiçəyi?
Durulum necə?
Baxışların, yolların
Ayrılığı birdimi?
Açılmayan qapılar,
Açılmayan sirdimi?
Dünyanı işə salan,
Dünyanı bekar qoyub.
Üz görmüş güzgülərə,
Baxmaqdan gözüm doyub.
Çiçəyin də ətrinə,
Yalan qatıbdı adam.
Yuxular poza-poza
Yaman yatıbdı adam.
Çək-çevirlər içində,
Yenə yanlış naxışlar.
Öz köçünə yağmır
ha...
Yad yedəkli yağışlar...
Bulanmışam günahla,
Günahım yığın-yığın...
Necə
durulum, tanrı
Sözün üzünə çıxım...
Mən qəmi durulmuş göyün üzüyəm...
Nə şöhrət köksümü
doldura bilər,
Nə də vüsalına yetdiyim gözlər.
Mənim
qəmlərimin doğmalarıdı,
Sinəsi həsrətlə oxlanan sözlər.
Bir çay axarında elə rahatam,
Kimsə bu röyadan oyatmaz məni.
Dünyanın ögeylik dərdi
böyüyür,
Gün kölgəmi çəkər
o atmaz məni...
Əkinçi-biçinçi, dən niyyətliyəm,
Şumlanan torpağın sehriyəm indi.
Ağac
arzusuyam, sünbül
şəfəqi,
Dolmuş bir buludam, dolmayan
kimdi?
Qəmlərin əlində olub-qopanım,
Könül güldürməyə fürsətim
kasad.
Mürgülü yolların mənzili
dardı,
Sükutla dərdləşir yaşatdığım
ad.
Arxayın doğulmur şeirlərim
də,
Kürsü alqışında bitirməz
çiçək.
Mən qəmi durulmuş göyün üzüyəm,
Amma fikirliyəm
yerin üzütək.
Desələr, inanma...
Desələr bu dünya beş gündür,
nə qəm,
İnanma gülümsə, yalanı
qına.
Qoşulma xatirə ayrılığına,
Qoşul çiçəklərin ilk baharına.
Əbədi susmayan həsrətini
də,
Səslə təbəssümə, səsləmə
yasa.
Mən sənin adına
şeir yazmışam,
Təklənib yaşama, ömürlə
yaşa.
Elə yoldayıq ki...
Zaman zalım, yaman zalım,
Tor-düyünü künc-bucaqda.
Yoxsa, sənə dərsmi keçir,
Dərs
bilməyən bir uşaq da...
Xəyalları qarğış tutub,
Kölgəm belə gəlməz yaxın.
Göz yaşında yol uzadır,
Günahlarım, günahların...
Susmuş
yaddaş yorğunluğu,
Bilmir necə
açsın qanad.
Qəriblikdə qara naldı,
Cıdırında qovduğum at.
Biz ki, sevda məhbusuyuq
Cəza çəkir fikrimiz də.
Daha elə yoldayıq ki,
Yad adamıq ikimiz də...
Mən öz eşqimdə bitmişəm...
Canım
canda söz köynəyi
Hər havaya düşməz adam.
Sətirlərim qəm möhürlü,
Çətin oxunan kitabam.
Mən halsızam, divanəyəm
Ahımı külək danışır.
Dili bağlı bir yolçuyam,
Sözümü fələk danışır.
Dərdmi
belə aclıq çəkir,
Qisməti azdımı deyən?
Bu nə atəş, bu nə oddu,
İlğımı azdırır deyən.
Gülən deyil bu bəxt üzə,
Gördüm solan çiçəkləri.
Mən öz eşqimdə bitmişəm,
Qoxla sonam,çiçəkləri...
Dilsiz qaya kölgəsi...
Unudulub,
unudulub,
Nə xoşdur azad yaşamaq...
Ana sözünü ağladıb,
Darıxdığım doğma ocaq.
Şəhər, bir park havasında,
Gözü açıqdı ağaclar.
Bircə
an da doğru
deməz,
Dibçəyə əkilən bahar.
Adsız,
qəfil bir sevincin,
Ümidi çatar dadıma.
Bir qəriblik yuxusunda,
O kimdi düşən yadıma?
Dilsiz qaya kölgəsində,
Sözdə tapmışam izimi.
Qaranlıqla barışdım mən,
Sevdim canavar gözünü.
Qəm cücərdi qələmlə...
Pozdum itirim qəmi
Hara yetirim qəmi?
Qovub azdırım dedim,
Dərdim
azdımı dedim?
Can çıxmaz ağ
vərəqdə,
Ölməyib sağ vərəqdə.
Sinəmdə aha düşdü,
Düşdü, günaha düşdü.
Nahaq imiş bu həmlə,
Qəm cücərdi qələmlə...
Açılan gül xəbəri...
Uçmaq, uçmaq istədim,
dost,
Bu bir kəpənək
arzusu.
Ömür bahar deyilmiş
ha,
Nəfəsində ləngiyə su.
Bu yol, cığır eşq havası,
Zirvə qalxmaq nəmənədi.
Öz ahınla çıxdığın
yer,
Nə sənədi,
nə mənədi.
Yolçu olan boşa çıxmaz,
Arxamızca su atan var.
Əllərim gülə əyilir,
Könül, sənin bir xətan var.
Uçmaq, uçmaq istədim,
dost
Açılan gül xəbərinə.
Gördüm solan qanadları,-
Nə çəkirmiş, xəzəli
nə...
Sənin
azadlığın - sənin
təbəssümün...
Sənin
azadlığın təbəssümüntək,
Elə bakirədi,
elə dumduru.
Qoruyur yamyaşıl budaqlarını,
Qoruyur ehmalca sakit qüruru.
Kimsəyə atmağa kinli daşın yox,
Sözün, kəlmələrin ipəkdən
ipək.
Düyünlü acıqlı alın
görəndə
Susursan sadəcə
gülümsəyərək.
Bu zərif sevdaya
gücün çatarmı?
Oyaqdı
içimdə qorxular,
oyaq...
Di gəl ki, baxışın
üfüq boyunca,
Çərpələng uçuran uşaqdı, uşaq.
Bilmirəm xoşbəxtlik elə budurmu?
Doğmayam mən sənin həqiqətinə.
Ayrılıq yüz yerdən
hücum çəksə
də,
Kimsədən çəkinmir sükutun
yenə.
Könül, eşqə salam söylə
Dünya
könül sevdalıdı,
Nə xəbər
var dan üzündən?
Günəş boylu, üfüq
boylu,
Çiçək çirtib qan üzündən.
Söz tutmayan dillər gülür,
Gül biləkdə
güllər gülür.
Nəfəsinə sıxıb gülü,
Əzizləyir yan üzündə.
Qönçəm, açılıb-solanım,
Qovma saçına dolanım,
Ay bəxtimə ay olanım,
Ulduz doğur can üzündən.
Anam söylə, balam söylə,
Yoxam demə, varam söylə
Könül, eşqə salam söylə,
Oyan eşqin
dan üzündən.
Ötən rüzgar...
Unuduldum
sevdalardan,
Ayrılıqtək xoş günüm yox.
Ömür, susduğun sualda
Gör kimin var, gör kimin
yox?
Açıb solan çiçəklərin,
Ətirində ötən rüzgar.
Tənhalığın sahilində,
Dinc durmaz ha
pıçıltılar.
Uzaqlara gedən gəmi,
Əllərimdən çıxan zaman.
Bir çəlikli ümid keçir,
Bu dumandan, bu gümandan...
Əkdiyim ağacla, tikdiyim
evlə...
Könül kürlüyündə dincliyim qəhət
Gözümü qırpmadım qorxu içində.
Layla havasında mürgü döymədim,
Cənnət xəyalım yox yuxu içində.
Məğlub olmasamda qəm savaşında,
Ürəyim ağrıdan səngər
şırımı.
Arzu ətəyində məst
olmadım ha,
Çovğun yedəkləyib tale aşrımı.
Közərən ocağım üfüq
zolaqlı,
Günəşlə qol-boyun sevgi yaşayır.
Qəlbimin darıxan nəğmələrindən
Bülbül yuvasına gör nə daşıyır?
Dördnala atımla çərlətdim
yalan,
Mənə çox doğmadı həqiqət dəmi.
Əllərim quraqlıq qovan
buluddu,
Güldürər təknəmi biçdiyim
zəmi.
Bu günün sözünü
deyim sabaha,
Hamını çiçəklə gözləməz
bahar.
Əkdiyim ağacla, tikdiyim
evlə,
Məni xatırlasın xatırlayanlar.
İnqilab İsaq
525-ci qəzet.- 2015.- 2 may.- S.29.