Söz-sənət adamları ilə
bağlı hekayətlər
Həə,
deyirəm axı...
Ötən əsrin yaşıdı olan nənəm
gözünün qabağında böyüyən Məmmədin
əvvəl-əvvəl İnfiloğlu, sonra isə
İbrahim olmasına birtəhər alışsa da,
dönüb Məmməd Araz olmasını heç cür
sinirə bilmirdi. Şairin səhhətindəki
nasazlıqlar da onu bir tərəfdən üzürdü.
Bir vaxtlar yerişindən yer-göy titrəyən şairi haçan televizorda
görürdüsə, qəhərdən boğulurdu.
Günün birində dedi:
- Ağır eli-günü vardı, İnfil kimi mərd atası, Cahan
kimi xanım-xatın anası, tayfa-toluğu, qohum-əqrabası...
Məni bu sirdən agah elə görüm Araz
hardan çıxdı?
O vaxt
(1978) universiteti təzəcə bitirib, qonşu kənddə ədəbiyyatdan dərs
deməyə başladığıma görə
özümü bir nənəmə də göstərməyi
qərara aldım:
-
Şair, yazıçı addan çox təxəllüsü
ilə tanınar, -dedim, - məsələn, Nizami, Füzuli,
Vurğun, Cavid, Müşfiq...
Arazı da Məmməd əmi özünə təxəllüs
götürüb. Bu adı bütün
dünya tanıyır, İbrahimovları isə yalnız
nurslular. Məmmədlər
çox, Arazsa
bircə dənədi. Onlar bir-birinə
qoşulub, sərhədlər aşacaq, uzaq sahillərə
birgə çatacaqlar.
Dediklərimi
çox diqqətlə dinləyən nənəm ondan
heç gözləmədiyim nəticə
çıxartdı:
-Həə,
deyirəm axı, dostları öz aralarında Abdurahmanı
niyə Borya çağırırlar...
Nənəmin
üzünü beş-on ildə bir dəfə
görüb-görmədiyi dost-doğma qardaşı
Abdurahman dayı o
vaxt Aşqabadda yaşayırdı, bütün ömrü
orda keçmişdi və o ləqəbi ona verənlər də
canbir qəlbdə olduğu həmpiyalələri idi.
Yerini isti
elə
“Yük”ü yazıram. Onun ilkin variantı ilə
tanış olan Fərzuq (Seyidbəyli) zəng eləyib
soruşur ki, orda bir yer var, əsir erməninin rayona aparıldığı
səhnə, o necə baş verir?
-
Maşının üstə, altında ot,
üstündə də palto, - deyirəm.
Nə
fikirləşirsə:
- Onun
yerini isti elə, - deyir, - qoy deməsinlər bizdə əsirlə
vəhşi kimi davranırlar. Adımız-sanımız
var.
Ermənilər oxuyub eləyər, biabır olarıq. Özlərinə
sərf eləyən şeyi tez eşələyib tapırlar.
Həm də iş insafa qalsa, o şaxtada yaralı adamın
başqa səbəbdən ölməsi də bir az inandırıcı görünməz.
Yazının
lazım olan yerlərinə əl gəzdirib yarım
saatdan sonra telefonla Fərzuğa belə bir mesaj göndərdim:
-Yaralının
altına
döşək, üstünə güllü yorğan saldım. Qoy bilsinlər
ki, binəva donvurmadan yox, qanaxmadan gedib.
Siqaret
Bir erkək
dəvənin yükücən kitab yazdığından özünü məşhuri-cahan
sanan bir yazıçımızın son əsərini
özünü toplayıb ölüm-zülüm oxuyandan
sonra Eyvaz (Zeynalov) fikirlərini qəribə, amma ağlabatan
müqayisə aparmaqla
bölüşür:
- İki cür siqaret çəkən olur. Acgözlüklə sinəsinə
sümürənlər, tüstünü bekaraca
ağzına alanlar. Oxudum, gördüm bunun
yazıçılığı bundan ibarətdi. Nə
var boğazdan yuxarıdı, sinəlik bir şey yoxdu,
aşağı bircə qətrə də keçməyib.
Siz məni
sevmədiniz
Azərbaycan Dövlət Universitetinin (indiki BDU)
Filologiya fakültəsində 1973-1978-də təhsil alan təxminən
qırx tələbə
dostu otuz beş ilin
ayrılığından
sonra bir yerə
yığa bilməyim özümqarışıq
hamının təəccübünə səbəb oldu. Bir
neçə saatlığa təzədən
çılğına döndük,
yeniyetmə olduq, rəqs elədik, şeir oxuduq, tələbəyə çevrildik, xatirələr dilə gəldi. Ən çox
yadımda qalan isə Arif Əmrahoğlunun indi hərəsi
bir evin xanımı olan “qızlarımıza” iş işdən
keçəndən sonra oxuduğu eşqnamə oldu:
-O vaxt
sizin hamınızı sevirdim, amma bircəyiniz də məni sevmədi.
Mən də acığa gedib dayım
qızı ilə evləndim. Aradan otuz beş il
ötüb, gəlin
görək kimdə günah çoxdu, sizdə,
ya məndə?
Ağ
üzə dara teli
Abır-həya
mücəssəməsi olan istedadlı şair, gözəl
dost Hüseyn (Bağıroğlu) “Mən Qarateli sevirdim”
kitabımı oxuyandan sonra matı-qutu qurudu:
- Bu necə
sevgidi, - soruşdu, - atəşi altmış ilə də
sönməyib.
Belə yerdə döşə döyməyib neyləyəsən? Üstəlik həm də
bu, həqiqətdirsə...
- Mənim
başqalarından fərqim də ondadı, - dedim.
Ayrılandan
vur-tut on dəqiqə sonra Hüseyn telefonuma bir bənd bayatı göndərdi:
Əzizim
qara teli,
Ağ
üzə dara teli,
Saçlarım
ağarsa da,
Sevirəm
Qarateli.
Böyük
kürü əməliyyatı
-Hardasan?
- Aslan (Quliyev) həmişəki kimi mülayim səslə xəbər
alır.
-
İşdə, - deyirəm, - adam bu vaxt
harda olar?
-
Neçədə görüşə billik?
Elə
vaxt zəng vurub ki, şübhələnməyə bilmirəm:
səhər saat onda çay ləzzət eləməz, deməli,
bu süfrə söhbəti deyil, nərdi adətən
axşamın sərinində oynayırıq, bu barədə
də düşünməyinə dəyməz... Bəlkə
araba?...
-
Maşın lazımdı? - soruşuram,
amma bilirəm ki, Aslan kimsəyə əziyyət verməyi
xoşlayan deyil, illah da günün bu saatlarında... Bir Dübəndiyə Rəhim Əliyevlə
kabablamağa, bir də Lökbatana Eyvazla nərd oynamağa
gedəndə əvvəldən ağzımı arayır.
-
Qardaşın günortadan sonra gedir, - Aslan eşitdirir, - sənə
çatası balaca bir amanat var, dedim, həm onu, həm də
nərddə dərsini verərdim.
Amanatı
görəndə az qalır yer
ayağımın altından qaça. Olanda da beləsindən ola: kilo yarım
kürü!...
-
Arxayın olma ha, - gülə-gülə deyirəm, - belə
yerdə naxçıvanlı olmaq da köməyə gəlmir...
Yazıçı-şair hərləyən
yoxdu. Mağaza-zad yarmamısan?
Maraqlı
detektiv ustası olsa da, Aslan həm ehtimalımı, həm də
sualımı udquna-udquna qarşılayır:
-
Xabarovski, Naib...
- Həə,
belə de. Qadasın alım Naibin.
Bilirəm, kürü
xoşlayan deyil Aslan, amma daha bu mətahın mayasından xəbəri
olmamış da olmaz; harda, hansı zəmanədə
yaşayır ki? Eşidib gördükləri bir yana dursun, kirayə qaldıqları mənzilin
on addımlığında iri balıqçı
dükanı yerləşir, buna nə deyəsən? O üzdən
nəfis etiketi və üç dəyirmi,
yaraşıqlı
şüşə qabı olan kürünün azı iki
min manat dəyəri olduğunu
dilimdən eşidəndə əsla təəccüblənmir.
-İki
min yox, lap beş min olsun! Bunun
məsələyə nə dəxli?
Daha mən
də uzatmıram:
- Belə
olmur axı, onda dilə görüm nə dilərsən məndən?
- Olanda
olur,-gözütox Aslan çox sadə bir izahla söhbətə
son verir,-mən kürü yemirəm, vəssalam. Qismət səninmiş...
Onu
tanıdığıma, həm də çox yaxşı
tanıdığıma görə ədalətsiz olduğunu
bildiyim halda, o
gün bu dünyanın, bəlkə də, ən görünməmiş
sövdəsinə qol qoydum:
- Bundan
sonra səni nərddə udana Göylər qənim olsun.
- O vədlərdən
çox eşitmişik, yoldaş Bağırov.
Təmənnasız
Aslanın lütfü
ilə müqayisədə bu, əlbəttə,
boş bir şeydi, amma yenə də olsun... Guya,
başqa nəsə eləyə bilərdim? Məsələn,
neçə ildi öz aləmimdə o
yaxşılığın əvəzini yalnız Naibə
tez-tez salam göndərməklə
çıxıram.
Sözün
ustadi-kamili də hərif-zad deyil ha, həmən deyir:
-Özünü
yorma, ikra-mikra yoxdu. O da bir iş idi, oldu, keçdi...
“Məsti-xumar”
Səhər-səhər
yeni yazmağa başladığım “Məsti-xumar” adlı
hekayənin yağlı şriftlə çox da iri olmayan sərlövhəsini
və ilk cümləni təzəcə bismillah eləmişdim
ki, iş yerimdə qapı döyüldü, Mahmud Vəli
şəstlə içəri girdi. Başımı
qaldırıb qarşımda sanki mahir Ali Vaallakı
gördüm. Yada salım ki, o, Klint İstvuudun
dünyaca məşhur “Qəddar, namərd, comərd” filmindəki
namərd rolunun
ifaçısıdı.
Xoş-beş,
on beş... Mahmud o saat başladı ki, bir nəfər
var bu tərəfdə,
görüşməlidilər, ondan ötrü gəlib.
Arada Sadayı (Budaqlı), Əhmədi (Oğuz), Rəfaili
(İncəyurd), Çingizi (Ələsgər)
görüb-görmədiyimi xəbər alır,
Avdını (Qoşqar), Seyfəddini (Əhmədov) və
başqa dostları soruşur, öz ləhcəsində
orasını deməyi də unutmur ki, biz gərək bundan
sonra taa da etibarlı, taa da mehriban
olaq, nədən ki, yavaş-yavaş
qırağını qatlayırıq. Azdımı
atmış yaş, a qıvlasız?
-Eşit gör nə
deyirəm,-qonaq qara şumda qara quzunu seçən balaca
şabalıdı gözlərini bir az da qıyaraq - belə
anlarda gəl onu Vaallaka oxşatma görüm necə
oxşatmırsan - gendən kompüterin ekranına nəzər
salır, ciddi bir görkəm alaraq səsini uzada-uzada:
-Pah
atounan,-deyir, nəqqq... qədər poetik bir ad?! Mən deyərdim
ki, belə
uğurlu tapıntı tarixdə görünməyib. “Məclisi-qumar” Sən öz canın, birdən
bilməzsən, dəyişərsən haa, mənim xatirimə
qoy eləcə də qalsın, “Məclisi-qumar”...
Olana dəymədim, qalanı dəyişmədim, intəhası
Mahmudun şərəfinə elə o adda başqa bir yazı
qaraladım.
“Məclisi-qumar”
Mahmud (Vəli)
əsrin lap əvvəllərində hardansa zəng vurub, deyir, kitab oxumağa gedirik.
Başını orda islat, Sumqayıt yolunun
qırağında qırxdırarsan...
Məni
çaşdıran daha çox Mahmudun qarğa dilinə, jarqona sən deyən
meylli olmadığını
bilməyim idi. Nə kitab balam? Özü də Sumqayıt
yolunun qırağında?...
Qərəz...
Siftə olduğuna görə, ya nə isə dostlar insafən
o gün başımı çox insafla və kamali-ədəblə
“qırxdılar”. Sonralar bildim ki, məni
hürkütməmək üçün üzdən gediblər.
Bunda işim yoxdu. Gerçək adının nəmənə
olduğunu ilk dəfə təxminən on beş il əvvəl,
Sumqayıt şossesindəki “Laçın koridoru”nda bildiyim o cür kitabları dostlar
mənə sonralar da
az “oxutdurmadılar”. O da yadımda deyil ki, nə
vaxtsa o “məclis”lərdən halı pərişan
qayıtmamış olum. Onlardan
ən maraqlısı isə Binəqədidə olub...
Demək,
belə: əlli manatı yarımca saatın içində
Az.TV-li dostlara uduzdum və nə illah elədim, borca bir qara
quruş da vermədilər. Yalvardım da vermədilər. Bu sənətin
xiridarları deyir ki, guya, pul verdin, əl ölür. Kor-peşman maşına oturub, özümü
söyə-söyə evə qayıdırdım ki,
Sadayın telefonundan zəng gəldi.
- Polis
bizi tutub, qayıt görək neynirik, - zarıyan Mahmud idi.
Həmən
cövlana gəldim:
-
Başına dönüm o polisin, dönüm başına
onun, qoy bassın sizi içəri. Əclaflar.
Elə bilirdiniz, əlli manatın dalına
keçmək elə-belə şeydi? Halaldı
bizim polislərə.
- Onun
vaxtı deyil, əl
çəkmirlər, - Əhməd də ilan dili
çıxarandan sonra bildim ki, zarafat eləmirlər, iş
ciddidi. Bu məqamda namərd dostların nə kökə
düşdüyünü öz gözü ilə görməkdən
ötrü, bəlkə daha bir əlli manatdan keçməyə can-başla
razı olardım... Qayıtdım...
Bəzən
namərdlərin da anası namaz üstə olur:
sözügedən rayonun cinayət axtarışı
şöbəsində işləyən dosta bircə dəfə zəng
etməklə işi yoluna qoydum
və ona mat qaldım ki, görəsən,
öz işlərimi niyə belə asanca düzəldə bilmirəm?...
Əlqərəz, sevinc və həyəcandan sifətləri
pörtmüş çörək dostlarımı
qırmızı “011”ə doldurub dərin təşəkkürlərini
dinləyə-dinləyə metroyacan gətirəndə məxsusi
olaraq qulağının dalını mənə göstərmək
üçün maşını yarıyolda saxlatdıran
Əhməd təkidlə:
- Bax
gör burda salamat
yer qalıb?-soruşdu,-elə bildin başa düşmədik
sənin qurduğun tələni?... Ay hayy! Biz xərabət
əhliyik, meyxanələrdən çıxmışıq.
Gəl
yaxşılıq elə adamlara...
Göylər aldatdı məni
Yaşı yetmişə yaxınlaşsa da, şair Mürvət (Qədimoğlu) iş dalınca hər gün Xırdalandan Suraxanıya qədər ayaq döyür. Hələ səhərin gözü açılmamış Nərimanov parkına baş çəkməyə də tənbəllik eləmir. İş yerimin yanı olduğundan təsadüfi səhərlər olar ki, görüşməyək. Hər dəfə kənd həyatından, müxtəlif sənət adamları ilə görüşlərindən maraqlı əhvalatlar danışan şairin şövqlə şer oxumağından da heç olmaz.
Soyuq günlərin birində yaraşıqlı şlyapasını başında görməyib, soruşdum ki, nə tez yaylayıb, qorxmur ki, xəstələnər?
-Səhər-səhər hava xoş gəldi, göy məni aldatdı,-deyib, yatımına əlini saçlarına çəkdi, o adda şeri olduğunu da həmən diqqətimə çatdırdı və əlüstü avazına düzəliş elədi,-göylər aldatdı məni, aldatdı yerlər məni...
-Göylər aldadanda nə olar,-deyirəm,-təki Göydəki aldatmasın!
Tərs oxucu
İlkin İqtisad Universitetini bitirib. Maliyyəçidi.
Amma o da, qızlarım da başqa ixtisas sahibi
olmalarına baxmayaraq, dünya ədəbiyyatının ən
say-seçmə əsərlərini sevə-sevə oxuyublar.
Beş-on əvvələcən hərdən elə
bilirdim, İlkin nə vaxtsa mənim
də yazılarımı ən azı gözdən
keçirəcək. Əvvəllər o,
Ramizi (Rövşən), Rafiqi (Tağı), Sadayı
(Budaqlı), indi isə
Aslanı (Quliyev), Eyvazı (Zeynalov), Kamranı (Nəzirli),
Salamı (Sarvan), Kənanı (Hacı) və Təvəkkül
Zeynallını ingiliscədən tərcümələrini
oxuyur. Bütün zamanların stolüstü kitabı isə
birmənalı olaraq
Məmməd Arazdı.
Hərdən
hansısa
yazımın mütaliəsinə başlasa da, o
stolun üzünü görmək mənim kitablarıma qismət olmayıb. Onları ya yataq otağındakı gecə
şamdanının yanında, ya divanın üstündə,
ya da çirkli mətbəx stolunda görərdim. O da əvvəllər... indi daha o
da yoxdu.
Əlabbas
525-ci qəzet.-
2015.- 2 may.- S.28.