Fəridə Səfiyeva: “İnam olan yerdə möcüzələr gerçəkləşir”

 

“QAZANDIĞIM UĞURLARA GÖRƏ YAXŞI İNSANLARA BORCLUYAM”

 

Bu yaxınlarda Varşava Universitetində Azərbaycan Dillər Universitetinin (ADU) Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri, professor Fəridə Səfiyevanın Azərbaycan dili dərsliyinin təqdimatı keçirilib.

 

Dərslik Azərbaycanın Polşadakı səfirliyinin təşəbbüsü, Təhsil Nazirliyinin dəstəyi ilə Varşava Universitetinin Elmi Şurasının qərarı ilə Olşınka nəşriyyat evində İSBN kodu ilə nəşr olunub, elmi redaktoru professor Nizami Cəfərov, ön sözün müəllifi Azərbaycanın Polşadakı səfiri professor Həsən Həsənovdur.

 

Varşava Universitetində professor-müəllim heyətinin və tələbələrin iştirakı ilə keçirilən təqdimatda Azərbaycan Respublikasının Polşadakı səfiri Həsən Həsənov, səfirlik işçiləri, Varşava Universitetinin Şərq fakültəsinin Türk və Mərkəzi Asiya xalqları Departamentinin müdiri, doktor Aqata Bareja-Stazynska, fakültənin dekanı professor Pyotr Taraxxa, görkəmli türkoloq Tadeuş Mayda, kitabı polyak dilinə uyğunlaşdıran doktor Kamilla Barbara Stanek və digər şəxslər iştirak edib.

 

Çıxış edənlər Azərbaycanla Polşa arasında mövcud olan dostluq və əməkdaşlıq əlaqələrindən söz açıb, Azərbaycan dilini öyrənən tələbələr üçün bu kitabın əvəzsiz bir vəsait olduğunu vurğulayıblar, kitab, onun strukturu, quruluşu, məzmunu haqqında da geniş məlumat verilib.

 

Təqdimatda Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov çıxış edərək kitabın əhəmiyyətini önə çəkib:

 

“Hesab edirəm ki, bugünkü tədbir təkcə Azərbaycan dili kitabının təqdimatı istiqamətində deyil, ana dilimizin təbliğində böyük əhəmiyyətə malikdir. Mən kitabın müəllifinə, bu böyük və çətin missiyanı üzərinə götürən, Fəridə xanıma minnətdarlığımı bildirirəm. Bu günə qədər Azərbaycan dilinin təbliği ilə bağlı müxtəlif ölkələrdə kitablar buraxılıb. Ancaq onlar qeyri-professional səviyyədə olub. Fəridə xanımın müəllifi olduğu bu dərslik isə Azərbaycan dilini öyrənmək istəyən xarici tələbələr üçün professional səviyyədə hazırlanmış ilk kitabdır.

 

Ümid edirəm ki, digər ölkələrdə mövcud olan səfirliklərimiz bu modeldən yararlanacaq, kitabı müvafiq dillərə tərcümə elətdirəcək. Əslində, bu böyük ideyadır. Məmnunam ki, onun balaca hissəsini biz həyata keçirtdik. Gələcəkdə bu istiqamətdə müxtəlif işlər aparıla bilər, amma fakt ondan ibarətdir ki, Fəridə xanımın Azərbaycan dili dərsliyi xaricdə ilk qaranquş oldu və məhz Polşada, Varşava universitetində nəşr olundu”.

 

Xatırladaq ki, sözügedən dərsliyin ilk təqdimatı ötən ilin dekabrında AMEA-nın, Təhsil Nazirliyinin, Xarici İşlər Nazirliyinin və digər qurumların nümayəndələrinin iştirakı ilə ADU-da keçirilib. Universitetin rektoru, professor Səməd Seyidov kitabı yüksək dəyərləndirərək onun Azərbaycan dilinin dünyada təbliğində bir vasitəyə çevriləcəyinə ümidvar olduğunu bildirib.

 

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Nizami Cəfərov, Təhsil Nazirliyinin şöbə müdiri Faiq Şahbazlı və digər natiqlər də çıxış edərək Polşada nəşr olunan dərsliyin Azərbaycan dilçiliyinin nailiyyəti kimi qiymətləndiriblər.

 

Dərsliyə professorlar Adil Babayev, İkram Qasımov, dosentlər Faiq Şahbazlı, Fazil Əhmədov rəy verib. Dərs vəsaiti nəzəri materiallar (fonetika, söz yaradıcılığı, morfologiya, sintaksis), çalışmalar, dialoq və mətnlərdən ibarətdir. Nəzəri material sxemlərlə verilib. Bu da vizual yaddaşa əsaslandığı üçün mənimsəməni xeyli dərəcədə asanlaşdırır. Çalışmalar öyrənilən materialın möhkəmləndirilməsinə, söz ehtiyatının artırılmasına xidmət edir.

 

Tərcümə üçün nəzərdə tutulan dialoq və mətnlər həm şifahi nitq vərdişlərinin yaranmasına, həm də Azərbaycanın tarixi keçmişi, mədəniyyəti, incəsənəti, adət-ənənəsi, musiqisi, görkəmli şəxsiyyətləri ilə bağlı məlumatlar əldə olunmasına yardım edir. Lüğət bölməsində kitabda verilən materiallara uyğun sözlərin tərcüməsi əksini tapır. Azərbaycan dili dərsliyi Polşanın Mərkəzi və Universitet kitabxanalarına göndərilib. Kitabdan Varşava Universitetində Azərbaycan dilinin tədrisində istifadə olunur. Qeyd edək ki, bu kitab Avropa məkanında ilk Azərbaycan dili dərsliyidir.

 

Bu günlərdə görüşüb bu uğur münasibətilə alimi təbrik etdik. Professorla ən müxtəlif mövzular barəsində səmimi bir müsahibə alındı. Mükalimənin oxucularımız tərəfindən də maraqla qarşılanacağına inanırıq:

 

“132 saylı məktəbdə oxumuşam. Desəm ki, əlaçı, sözəbaxan olmuşam, yalan olar. Sevmədiyim dərslər də olub, müəllimə görə fənnə marağım da, dərsdən qaçmağım da... Uşaqlıqdan təkliyi sevirəm, insanlarla uzun müddət ünsiyyət məni yorur. Bir də uşaqlıqda həmyaşıdlarımı yığıb tamaşalar qoymağım yadımdadır.

Daha çox yay vaxtı- istirahət məkanlarında. Dövrümüzün görkəmli yazıçılarının ailələri ilə birlikdə Yazıçıların Yaradıcılıq Evində dincəlirdik. Gündüzlər uşaqları başıma toplayıb tamaşalar hazırlayır, axşamlar valideynlərə nümayiş etdirirdik. Deyim ki, pis alınmırdı. Hətta bizə kömək eləyənlər də tapılırdı. Xalq yazıçısı Əli Vəliyevin qızı Gültəkin bizim məşqlərdə iştirak edir, öz qeydlərini bildirirdi”.

 

F. Səfiyeva hələ uşaqlıqdan mütaliəni çox sevdiyini deyir:

 

“Mütaliəyə marağı bizə valideynlərim aşılamışdı. Anam tez-tez evdə bizə kitab oxuyar, imla yazdırardı. M. F. Axundovun, C. Məmmədquluzadənin, C. Cabbarlının əsərlərini həvəslə mütaliə edirdim... Yadımdadır, proqramdan kənar ilk oxuduğum əsər Elçinin “Bir görüşün tarixçəsi” povesti idi. Çox bəyəndim.

 

Məsməxanımın sirli, sehrli nağıllar dünyası yaxın idi mənə. Sonralar Elçinin yazdığı başqa əsərlərlə də tanış oldum. Və bu gün də bu qənaətdəyəm ki, yazıçının hər bir əsərində bir qığılcım, bir işıq var. O işıq səndə hər şeyin yaxşı olacağına bir inam yaradır. İnam olan yerdə isə möcüzələr gerçəkləşir”.

 

Alim vurğulayıb ki, ixtisas seçimi valideynləri tərəfindən olub, amma peşman deyil:

 

“Oxuduğum illərdə gözəl müəllimlərim olub. Mənim gələcək elmi fəaliyyətimdə professor Tofiq Hüseynovun müstəsna rolu oldu. Birinci kursdan əlimdən tutub məni elm yoluna çəkdi. Onun rəhbərliyi ilə I kursda Tələbə Elmi Cəmiyyətinin konfransında “Elçin yaradıcılığında şərtilik” mövzusunda məruzə etdim, I dərəcəli diploma layiq görüldüm.

 

F.Səfiyeva ailə həyatı qurandan sonra bir müddət elmi fəaliyyətdən uzaqlaşıb. Lakin sonra yenidən müəllimləri Tofiq Hüseynov və Cəlal Abdullayev onu elmə istiqamətləndiriblər, mövzu da müəyyənləşdiriblər - “Bəxtiyar Vahabzadənin dramaturgiyası”.

 

Bütün bunlara görə hər iki müəllimimə çox minnətdaram. Bəxtiyar müəllimlə şəxsi tanışlıq həyatda mənə çox şey verdi. Yadımdadır, görüşdən qabaq həyəcanlı idim. Qorxurdum, elə sual verər, cavabını bilmərəm.

 

İlk dəqiqələrindən sadə və eyni zamanda, böyük bir şəxsiyyət olduğunu hiss etdim. Daha çox özü danışırdı. Yaradıcılığından, həyatdan... Çox maraqlı idi. Ən başlıcası o idi ki, Bəxtiyar müəllim mənə hələ qələmi, dəst-xətti püxtələşməmiş bir gənc kimi deyil, yetkin bir tədqiqatçı kimi yanaşırdı. Sonradan müdafiəmdə də iştirak etdi.

 

Bəxtiyar müəllimlə son görüşüm onun xəstə vaxtına təsadüf etdi. Universitetimizdə Mir Cəlal Paşayevin 100 illik yubileyi qeyd olunurdu. Bilirdim ki, Mir Cəlal müəllim B. Vahabzadənin elmi rəhbəri olub. Zəng edib, Bəxtiyar müəllimdən müsahibə almaq istədiyimi dedim. Həyat yoldaşı əvvəl razı olmadı. Amma on dəqiqə keçməmiş zəng edib dedi ki, Bəxtiyar müəllim sizi gözləyir. Kameranı götürüb onlara gəldik. Çox zəif idi. Çətinliklə danışırdı, tez-tez kövrəlirdi...”.

 

F.Səfiyevanın doktorluq işi Xalq şairi Nəbi Xəzrinin yaradıcılığı ilə bağlı olub:

 

“Dissertasiyanı işlədiyim dövrdə Nəbi müəllimlə əlaqə saxlayırdım. Evinə gedir, arxivində işləyirdim. Hər cür köməklik göstərirdi. Müdafiəmdə iştirak etmək istəyirdi. Əfsuslar olsun ki, mən işimi onun sağlığında yekunlaşdıra bilmədim...”.

 

Söhbətimiz boyu professor həyatı boyu çox maraqlı, gözəl insanlarla rastlaşdığını məmnunluq hissilə xatırlayıb.

 

Keçmiş haqqında sevinclə söz açıb:

 

“2001-ci ildə tale məni Azərbaycan Dillər Universitetinə gətirdi. Müəllimlikdən kafedra müdirinə qədər, elmlər namizədindən elmlər doktoru, professor, Avropada dərsliyi çıxan ilk azərbaycanlı müəllif kimi şərəfli yolu mən burada qət etmişəm. Ədəbiyyatımızı təbliğ etmək istiqamətində bu gün də işlər davam etdirilir.

 

Yazıçılarla görüşlər, onların yubiley tədbirlərinin təşkili, kitab təqdimatları, tamaşalar... Sözsüz ki, hər bir uğurlu işin arxasında güclü insanlar durur”.

 

Hazırda çalışdığı ali təhsil ocağı haqqında qürurla söz açan F. Səfiyeva bildirib ki, Dillər Universitetində gözəl, işgüzar atmosferin yaradılmasında, möhtəşəm tədbirlərin həyata keçirilməsində rektor, professor Səməd Seyidovun çox böyük rolu var:

 

“Dünya Universitləri ilə əlaqə sahəsində mühüm sazişlərə imza atılan bir təhsil ocağında doğma dilə, ədəbiyyata diqqət həmişə hiss olunur. Əldə etdiyimiz bütün uğurlarda bu diqqət və qayğı əsas rol oynayır. Yaxşı ki, yaxşı insanların əhatəsindəyik. Qazandığım uğurlara görə yaxşı insanlara borcluyam”.

 

S.ABDULLAYEVA

 

525-ci qəzet.- 2015.- 2 may.- S.27.