Ləyaqətlər və qüsurlar
tarixin sınmayan güzgüsündə
Özümə gəldikdə mən elmdə məskun
olanlardan biri deyiləm. Mən keçmişi sadəcə sevənlərdən
və onu ciddi-cəhdlə tədqiq edənlərdən biriyəm.
Konfutsi
(Əvvəli
ötən şənbə sayımızda)
SSRİ-də sosializmin qurulması kimi nəhəng bir
işə rəhbərlik edən Stalinin ünvanına indi hər
cür lənətlər yağdırılır.
Repressiyaya məruz qalmış günahsız
adamların, indi o vaxtlar cəzalandırılmışların
hamısı fərqinə varmadan belə
adlandırılır, gənc pöhrələrinin guya intiqam
hissindən doğan nifrətini də bütünlüklə
əsassız saymaq olmaz. 1930-cu illərdə qolçomaqlara
qarşı mübarizə adı altında, həmçinin
1937-38-ci illərdəki ümumən repressiya və təqiblər
görünməmiş miqyas almışdı. Repressiyanın ilk qurbanları kəndlilər
olmuşdu, qolçomaqlığın bir sinif kimi ləğvinə
başlanmışdı. 1929-cu ildə isə
“Şaxtı işi” adı altında mühəndislərin təqibinə
start verilmişdi. Sinfi düşmən və ya
xalq düşməni adı altında milyonlarla insan həbsxanalara
atılmış, çoxları güllələnmişdi.
Onların əksəriyyəti bəlkə də
quruluşu qəbul etmir, bəyənmirdi. Lakin
onlar dövlətə elə bir ciddi ziyan vurmaq iqtidarında
deyildilər. Hansısa poeziya nümunəsi
adamları məhv edən bombaya çevrilə bilməzdi,
lakin onların müəllifləri ölümə məhkum
edilirdi.
Antistalinçilər öz nifrətlərində
ölçü hissi bilmədiklərindən Stalini nəinki
cinayətkar, hətta monstr, paranoik adlandırırlar. Stalinə yönələn
ən böyük ittihamlardan biri Hitler Almaniyası ilə
1939-cu ilin avqustunda
hücum etməmək barədə Paktın
bağlanması idi. Buna general Şarl de Qoll daha ədalətli
səbəb göstərərək qeyd etmişdi ki, Stalin
aqressiyanın qurbanı olmaqdansa, aqressiyayın qazancına
şərik çıxmağa üstünlük vermişdi.
Axı bundan əvvəl Stalinin Qərbə, Fransa və
İngiltərəyə Hitler Almaniyasına qarşı
müttəfiqlik xahişi cavabsız qalmışdı.
Stalinə
qarşı olan tənqidin böyük hissəsi obyektiv
olduğu halda, nifrətdə qəzəbin yetişdirdiyi meyvələr
də az deyildir. Onların arasında
özünü liberal kimi göstərmək istəyənlərlə,
Qərb dairələrinə guya mövqeyini nişan
verməyə çalışanlarla yanaşı, resentimentlər
də az deyildir. Resentiment Nitsşenin irəli
sürdüyü termin olmaqla, elə adamı nəzərdə
tutur ki, o, düşmən obrazı yaratmağa
çalışmaqla, öz uğursuzluğunun
günahının, incikliyinin hirsini ondan çıxmaq istəyir.
Resentiment - qul əxlaqıdır, bu qul ağa
olmağı çox istəyir. Paxıl
adamların, bəxtinin gətirməməyindən hirslənmiş
adamların əxlaqıdır. Belələri
özündən çox yuxarıda duranlara daş atmaqda təsəlli
tapır, həm də özünün qüsurlu əxlaqı
hesabına bütün dünyanı əxlaqsızlıqda təqsirləndirməyə
hazırdır. Təəssüf ki,
onların qara yaxması təsirsiz qalmır, dəstədən
geridə qalmaq istəməyənlər də tezliklə
onlara qoşulur.Ona görə də keçmiş
donosçulara çox oxşayan iftiraçı
ifşaçılar ordusu yaranır.
Stalinə münasibətin diametral əksliyindən
asılı olmayaraq, o, tarixdəki yerini tərk etmir, bəlkə
də daha da möhkəmləndirir. Rəylərin belə
fərqli olduğuna da təəccüblənməyə
ehtiyac yoxdur. Axı təbiətdə vahid bədənə
malik olan bir xalq mövcud olmadığı kimi, rəylər
də yekdil ola bilməz.
Stalin qurucusu və rəhbəri olduğu dövlətə
özünü bütün varlığı ilə həsr
etmişdi. Dövlətə o, sakral münasibət bəsləyirdi,
onun naminə hər şeyə getməyə hazır idi.
Dövlətə düşmən hesab etdiklərindən
başqa bəlkə də onun şəxsi düşməni
yox idi. Öz paradiqmasına, vektorlarına və mənafelərinə
görə isə bu quruluşdan narazı olanlar da az deyildi. Onlar isə düşmənçilk
hisslərini Stalinə yönəldirdilər. Ona görə də onun düşmənləri
çox idi. Lakin əhalinin böyük əksəriyyəti
Stalini dəstəkləyirdi. Ona
inanırdılar. Ölkəni
böyütmək niyyətinə görə isə onu
Böyük Pyotrun, Böyük Yekaterinanın
ardıcılı saymaq olardı. Ölümünə
yaxın o, artıq az qala dünyanın
yarısına rəhbərlik edirdi.
Bütün səylərə, həmlələrə
baxmayaraq, heç kəs Stalinin dünya səviyyəsindəki
görkəmli siyasi xadim olduğunu inkar etmək qüdrətində
deyildir. Heykəli uçurmaq, adı götürmək olar,
lakin uzun tarixi bir dövrü, bütün nailiyyətləri
və hətta cinayətləri ilə birlikdə ləğv
etmək, yoxa çıxarmaq mümkün deyildir. Heç kəs Stalin dövrünün
repressiyalarını inkar edə bilməz, lakin onun
başçılığı altında Sovet xalqının
qazandığı nailiyyətləri də inkar etmək ədalətsizlikdir.
Onun varisləri isə iki dəfə özlərini
hərbi cəhətdən sınadıqda
biabırçı uğursuzluğa düçar oldular,
Xruşşov Kuba böhranında, Brejnev isə
Əfqanıstana müdaxilə etdikdə.
Hitlerin özünü məğlub edən, faşist
Almaniysını fəlakət girdabına yuvarlayan Stalinin xidmətləri
üzərindən xətt çəkmək isə yalnız
səfehlərin ağlına gələ bilər.
Stalin yeni
quruluşu yaratmaq uğrunda mübarizəyə rəhbərlik
edirdi, onun isə doğulandan az sonra, elə
beşikdə ölən Paris Kommunasının təcrübəsinin
solğun izindən başqa heç bir prototipi yox di. O, tam
yeni cəmiyyəti yaratmağa girişmişdi, lakin köhnəni
kökündən uçurmaq, xarabalıq üstündə
öz sarayını ucaltmaq fikrindən uzaq idi. Qısa
müddət ərzində SSRİ-də nəhəng
ağır sənaye yaradılmışdı, çoxlu
şəhərlər salınmış, fabrik, zavodlar
tikilmişdi. Ölkədə bir onillik ərzində
savadsızlıq ləğv edilmiş, təhsildə, elmin və
mədəniyyətin inkişafında əsl inqilab baş
vermişdi. Bir amerikan tarixçisi öz
kitabını SSRİ-dəki 1930-cu illərin görünməmiş
sənaye inkişafına həsr etmiş, bunun tarixdə
analoqunun olmadığını qeyd etmişdi.
Həqiqətən də qısa müddətdə
çox iri sənaye potensialı meydana gəlmişdi, məhz
bu qüdrət, Böyük Vətən müharibəsində
xeyli ərazi itkisinə baxmayaraq, döyüşən ordunu hərbi
texnika, silah və sursatla aramsız təchiz etməyə imkan
vermişdi.
Stalin
İkinci Dünya müharibəsində Hitler Almaniyası
üzərində qələbənin başlıca arxitektoru,
müharibənin ilk il yarımlıq
uğursuzluqlarına baxmayaraq ən səmərəli sərkərdələrindən
biri olmuşdu. Çox vaxt SSRİ-yə öz
müttəfiqi olsa da, mənfi münasibətini gizlətməyən
Çörçill də Sovet ordusunun alman hərb
maşınının bağırsaqlarını
çıxarıb tökdüyünü xüsusi qeyd
etmişdi. Stalin qələbədən
istifadə etməyi, fayda götürməyi də bacarırdı,
müharibədən sonra Avropada dünya sosializm cəbhəsinin
yaradılmasına nail olmuşdu.
Hitler Almaniyası üzərindəki qələbə də
daxil olmaqla Stalinin əməllər arxipelaqının ərazisi
çox geniş idi. Qələbədən, nailiyyətlərdən
isə Stalin adətən öyünmürdü, illuziyaya
qapılmırdı. Bunu onun düşmənləri
də qeyd edirdilər. 1943-1946-cı illərdə
ABŞ-ın SSRİ- də səfiri işləmiş Avarell
Harriman müharibədən sonra Stalindən soruşmuşdu
ki, yəqin ki, Sizə xoşdur ki, vaxtilə almanlar
Moskvanın yanında dayanmışdılar, indi isə Siz
Berlini bölüşdürürsünüz? Və Stalin belə cavab vermişdi:
“Çar Aleksandr isə Parisə gedib
çatmışdı”.
Təəssüf ki, ona nifrət edənlər Stalin
dövrünün böyük işlərini görmək istəmirlər,
çirkli su ilə birlikdə təknədən
uşağı da atmağı qəbahət saymırlar. Lakin nəhəng
şəxsiyyətlər sarsılmaz qaya kimi onlara atılan
daşdan elə bir ziyan çəkmir. Onları
lənətləmək mümkündür, lakin əməllərinin
bəhrəsini silib yoxa çıxarmaq cəhdi əbəs
bir işə çevrilir.
Stalinə qarşı çıxanlar
hündürlüyü və sıx çətiri heç də
kiçik olmayan repressiya ağacının arxasındakı həyatın
bütün sahələrində qazanılan iqtisadi və
sosial proqress meşəsini görmək istəmir, tarixə
münasibətdə qərəzlilikdən yaranan daltonizm
xüsusiyyətləri nümayiş etdirirlər. Onlar Stalini
aşağılamaq üçün istənilən vasitədən
istifadə etməkdən də çəkinmirlər. Çox istəyirlər ki, Stalini eyiblər və
qüsurlar daşıyıcısı kimi təqdim etsinlər.
Onun fiziki qüsurları da diqqətdən
yayınmır, ağlı, iradəsi, idarəetmə
istedadı kənara atılaraq, sol əlinin çolaq
olduğu, ayağının birində altı
barmağının olduğu bir elmi kəşf, evrika
timsalında vurğulanır. Çünki onun əqli zəifliyi
və ya xarici dövlətlərin liderləri ilə diplomatik
danışıqlar apararkən uduzduğunu bildirən
heç bir fakt tapa bilməmələri bir yana
qalsın, hətta uydurma ittihamlara da əl ata bilmirlər. Çoxları Stalin kimi böyük şəxsiyyəti
öz ölçüləri ilə ölçür, ona
görə də tərifdə olan kimi tənqiddə də
primitiv yanaşma tərzi aparıcı rol oynayır.
Yəqin ki, onlara xoş olardı ki, Stalin bir tarixi personaj kimi yalnız Leninin bərbəri tək xatırlansın. Axı həqiqətən də Lenin təqiblərdən qorunmaq üçün gizlənməkdən ötəri 1917-ci ilin iyulunda Petroqraddan Razlivə yollananda, tanınmamaq üçün Stalin onun bığını və saqqalını qırxmışdı, ona evində yaşadığı, gələcək qayınatası Sergey Alilluyevin paltarını geyindirmişdi. Çünki Stalinin əleyhdarları heç bir tarixi və hüququ sənəd olmadan, buna dəlil-sübut tapmaq üçün isə çox sayda uğursuz cəhdlər edilmişdi, qara yaxmaq məqsədilə onu çar gizli polisinin, jandarmın agenti olduğunu iddia edirdilər. Bəzi mülahizələrə görə bu iftiranı ilk dəfə Xruşşov və Mikoyan ortaya atmışlar. Böyük Aleksandrın müəlliminin ona öyrətdiyi: “Dişlə, ən azı çapıq qalacaqdır” prinsipi öz işini görür, adi yalan da buna susayanların qəlbini isitmək gücünə malikdir. Stalinin Tiflis bankını yarması da onun quldurluğu kimi qələmə verilir. Axı bu işdə onun heç bir şəxsi təmənnası olmamışdı, pullar qəpiyinə qədər İsveçrəyə, Leninə, partiyanın ehtiyacları üçün göndərilmişdi. Stalin isə həmin vaxt əsl yarı ac həyat sürürdü.
Trotski Stalini “böyük qabiliyyətsiz” adlandırmışdı, görən belə fərasətsiz adam üç onillik ərzində az qala düşmən münasibəti olan bir əhatədə dünyanın ən böyük yeganə sosialist dövlətinə necə başçılıq etmişdi, dəhşətli müharibəni necə qalibiyyətlə başa çatdırmışdı. Yəqin Trotski macəraları ilə öyünüb, özünü hətta fövqəl şəxsiyyət hesab edə bilərdi. Əlbəttə o,heç də bəzi istedadlardan xali deyildi. Yəqin ki, Trotski ( ilk dustaqlığına qədər o Lev Davidoviç Bronşteyn kimi tanınırdı) öz macəraları ilə müqayisədə başqa siyasi xadimi “qabiliyyətsiz” adlandıra bilərdi. Nədənsə ona dünyanın məşhur maliyyə maqnatları xüsusi himayə göstərirdilər. Rokfellerlər və Rotşildlər ailələrinin maddi köməyi ilə Amerikada yaşamış, Kanada dustaqxanasından azad edilmişdi. Maliyyə maqnatları bunu filantropluqlarına görə etmirdilər, axı adətən onları qazancdan savayı heç nə düşündürmür. Yəqin ki, Trotski vasitəsilə Rusiya barədə də onların müəyyən maraqları var imiş.
Trotski qəddarlıqda da başqalarından geri qalmırdı. Gənc Sovet Rusiyasının hərbi komissarı (naziri) kimi İnqilabi Hərbi Şuranın sədri olanda orduda qəddar tədbirləri ilə məşhurlaşmışdı. Qızıl Ordunun yaranmasında və Vətəndaş Müharibəsindəki 4 mühüm döyüşdə onun xidmətləri danılmazdır. Bununla yanaşı o, əsirlərlə yanaşı dezertirləri və hərbi intizamı pozanları güllələtdirir, ölüm düşərgələrinə saldırırdı.
Trotski QULAQ-ın əsasını qoyanlardan biridir. Lakin nədənsə heç kəs onun cinayətlərini yada salmır. Rus yazıçısı A.İ. Kuprin Trotski barədə yazırdı ki: “Bu adam müstəsna dərəcədə azalmayan qəzəbdən ibarət idi və o, daim sönməyən qan yanğısından başqa heç nəyə susamırdı”.
Əxlaqının təmizliyi ilə də o, heç cür öyünə bilməzdi. 1929-cu ildə SSRİ-dən sürgün edildikdən sonra İstanbul yaxınlığındakı adada, Fransada yaşadı, özünə sığınacaq tapmaq üçün təhlükəsiz yer axtarırdı.
Böyük Meksika rəssamı Diyeqo Rivera ona dostu kimi kömək etmək üçün ölkə prezidenti olan Losaro Kadenasla yaxın münasibətinə görə ondan Trotskiyə Meksikada sığınacaq verilməsini xahiş edib, razılıq almışdı. 1937-ci ildə öz arvadı ilə Meksikaya gələn Trotski paytaxtda onun evində yaşamağa başlamışdı.
Ona qarşı alicənablıq göstərmiş Riveraya xəyanət edərək, onun rəssam arvadı, saqqalına görə inqilabçını “keçi” adlandıran Frida Kalo ilə intim yaxınlığa girişmişdi və bu, ərlə - arvadın boşanmaları ilə nəticələnmişdi.
(Ardı
var)
Telman Orucov
525-ci qəzet.-
2015.- 2 may.- S.26.