Ötən ilin ədəbi mənzərəsi

 

 

 

Ömrümüzdən daha bir il - 2014-cü il də keçib getdi. Bu ili biz müstəqilliyimizin iyirmi üçüncü ili kimi qarşıladıq və yola saldıq. Ölkəmizin beynəlxalq aləmdə nüfuzunun getdikcə gücləndiyinin, müstəqil bir respublika kimi həm siyasi, həm də iqtisadi sahədə uğurlarının şahidi olduq. Azərbaycan dövlətinin daha möhkəm özüllər üzərində qurulduğunu, bu müstəqilliyin memarı olan ulu öndər Heydər Əliyevin ideyalarının necə uğurla həyata keçirildiyini hiss etdik.

 

Təbii ki, 2014-cü il Azərbaycan mədəniyyətinin inkişafında da dərin izlər buraxan bir il kimi unudulmayacaq. Məlumdur ki, insanın fəaliyyəti nəticəsində yaranan bütün maddi və mənəvi nemətlər, hər hansı cəmiyyətdə qəbul olunub gələcək nəslə verilən bütün əxlaqi qaydalar və onların vasitələri mədəniyyət anlayışına aiddir, başqa sözlə-cəmiyyətdə toplanan, qorunub saxlanan müxtəlif xarakterli məlumatın hamısı bir küll halında mədəniyyətin məzmununa daxildir, bu məlumat həm irsən nəsildən- nəsilə keçir, həm də cəmiyyət özü, kollektiv özü onu təzə gələn nəslə, kollektivə verir. Hansı mənada alınmasından asılı olmayaraq, mədəniyyəti ənənədən ayrı təsəvvür etmək mümkün deyil, bu mənada mədəniyyətin bütün məzmunu ənənədə yaşayır, ənənəsiz mədəniyyət, mədəniyyətdən kənarda isə ənənə yoxdur və ola bilməz. Bu mənada 2014-cü ilin ədəbiyyatı - Azərbaycan mədəniyyətinin tərkib hissəsinə daxil olan ən yaxşı ədəbi əsərlər yaşarı ənənələrin davamıdır.

 

2014-cü il Azərbaycanın ədəbi həyatında bir sıra mühüm hadisələr baş vermiş ki, onları xatırlamamaq mümkün deyil.

 

Keçən il Azərbaycan yazıçılarının həyatında mühüm rol oynayan bir hadisə baş verdi: söhbət Azərbaycan yazıçılarının XII qurultayından gedir.

 

Azərbaycan Yazıçılar Birliyinin 80 illik tarixi, əslində, Azərbaycan ədəbiyyatının son 80 illik tarixi deməkdir. Bu 80 ildə Azərbaycan Yazıçılar Birliyini sözün əsl mənasında qaynar ədəbi mühitin paytaxtı adlandırmaq olar. İdeoloji təzyiqlərə, hətta sapıntılara baxmayaraq Yazıçılar Birliyinin fəaliyyəti ədəbi həyatımızın güzgüsü olmuşdur. Birliyin fəaliyyətini genişləndirmək məqsədilə respublikamızın ayrı-ayrı bölgələrində onun filiallarının (Naxçıvan, Sumqayıt, Gəncə, Qazax, Lənkəran, Quba, Şəki, Aran, Şirvan, Şamaxı, Muğan, Mingəçevir, Qarabağ, Moskva, Gürcüstan, İstanbul) açılması da mühüm hadisə kimi qiymətləndirilməlidir. Azərbaycan Yazıçılar Birliyi bu illər ərzində xalqımızın mənəvi dünyasının zənginləşməsində, onun bədii - estetik zövqünün formalaşmasında, vətənpərvərlik tərbiyəsində, ədəbiyyatımızın dünya miqyasında tanınmasında misilsiz rol oynamışdır. Onun ədəbi orqanları olan “Azərbaycan”, “Ulduz”, “Lit.Azerbaydcan” jurnallarının, “Ədəbiyyat qəzeti”nin də burada rolunu xüsusi vurğulamalıyıq. “525-ci qəzet”, “Kaspi” və “Ədalət” qəzetlərində də ədəbiyyata xüsusi yer ayrılmasını vurğulamalıyıq.

 

Azərbaycan yazıçılarının son - XII qurultayına göndərdiyi təbrik məktubunda hörmətli prezidentimiz cənab İlham Əliyev birmənalı şəkildə qeyd edib: “Xalqın şüurunda azadlıq hisslərinin yaradılmasında, daha da dirçəldilməsində yazıçı və şairlərimizin yaradıcılığının gücü ölçüyə gəlməzdir. Onlar heç kəsin dilinə belə gətirməyə cürət etmədiyi bir vaxtda müstəqillik və azadlıq ideyalarının carçısı olmaqla dərin məhəbbət və rəğbət qazanmışlar... Ümidvaram ki, müstəqilliyimizi göz bəbəyi kimi qoruyan, özünü vətənin azadlığı və ərazi bütövlüyü naminə fəda etməyə hər an hazır olan, müasir təfəkkür tərzinə malik sağlam əqidəli nəslin yetişdirilməsi daim sizin əsərlərinizin əsas qayəsi olacaqdır”.

 

2014-cü il iyunun 17-də Azərbaycan yazıçılarının XII qurultayı öz işinə başladı. 439 nəfərin - Birlik üzvlərinin təxminən üçdə birinin iştirak etdiyi bu qurultayda nələr baş verdi? Əvvəla, qeyd edək ki, iki qurultaydır ki, ədəbiyyatın müxtəlif janrları üzrə məruzələr qurultaydan öncə dinlənilir və beləliklə, qurultayda çıxışlar üçün geniş imkan yaranır. Bir cəhət də maraqlıydı ki, həmin məruzələr təcrübəli tənqidçilərə deyil, cavan ədiblərə tapşırılmışdı. Təbii ki, bu məruzələrdə çatışmayan məqamlar, prosesi-janrların durumunu tam əks etdirməyən məsələlər də vardı. Amma ayrı-ayrı çıxışları da nəzərə alsaq, ümumilikdə ötən on il ərzində Azərbaycan ədəbiyyatının keçdiyi yolun mənzərəsi müəyyən dərəcədə öz əksini tapdı. Məlum oldu ki, on il ərzində Azərbaycan ədəbiyyatı müstəqillik dövrünün ab-havası ilə yaşamış, özünün ortaya qoyduğu əsərlərlə həyatımızda baş verən ictimai-siyasi prosesləri, mənəvi dünyamızı, insanın-müstəqillik dövrü şəxsiyyətinin daxili dünyasını əks etdirməyə çalışmışdır. Bu yolda bəzi nailiyyətlər əldə edilmiş, yeni romanlar, povestlər, dram əsərləri və poeziya nümunələri yaranmışdır.

 

Qurultayda söylənilən çıxışlarda belə bir cəhət vurğulandı ki, ədəbiyyatımızın başlıca məramı azərbaycançılıqdır. Yazılan əsərlər məhz bu ruha köklənməlidir. XXI əsrin azərbaycanlı obrazını bədii əsərlərdə görməliyik. O, nə düşünür, hansı hisslər və duyğularla yaşayır?

 

Qarabağ mövzusu ətrafında qurultayda ciddi söhbət getmədi. Amma qeyd edək ki, son on ildə ədəbiyyatımızda bu mövzuda bir sıra maraqlı əsərlər yaranmışdır.

 

Ədəbi gəncliklə bağlı problemlər də diqqətdən yayınmır. Bu gün Yazıçılar Birliyinin ədəbi gəncliyə qayğısı yetərincədir. Onların şeir və nəsr kitabları çap edilir, əsərləri müzakirə olunur, ən istedadlıları isə Birliyə üzv qəbul olunurlar.aybKitab” seriyasından cavan şair və nasirlərin kitablarının nəşr edilməsi və o kitabların təqdimatının keçirilməsi çox yaxşı hadisədir. Yazıçılar İttifaqının katibi Rəşad Məcidin rəhbərliyi ilə “Gənc ədiblər məktəbi”nin fəaliyyətini də xüsusi qeyd etməliyik.

 

Ədəbiyyatda plüralizmin olması da narahatlıq doğurmur. Ədəbiyyatda müəyyən meyl və tendensiyaların, cərəyanların yaranması da təbiidir. Məsələn, son on ildə postmodernizm ədəbi təmayülün Azərbaycan poeziyasında və nəsrində özünün “naxışları” vurması heç də təəccüblü deyil. Amma “postmodernizm” adı altında formalizmə, ədəbi əllaməçiliyə uymaq, ədəbiyyatımızın yaşarı ənənələrini inkar etmək qorxulu və yolverilməzdir.

 

Azərbaycan ədəbiyyatı XXI əsrə özünün əbədi, yaşarı ənənələri, həm də yeni meyl və tendensiyaları ilə qoşuldu. Elə ənənələr var ki, onlar əsrlər boyu ədəbiyyatda yaşayır, inkişaf edir, yeniləşir.. İncəsənətin digər sahələrinin rolunu qətiyyən azaltmadan deyə bilərik ki, klassik ənənələri yaşatmaq, qoruyub hifz etmək və gələcək nəsillərə çatdırmaqda ən önəmli rolu poeziya oynamışdır. Azərbaycan poeziyası, ilk növbədə, Azərbaycan mənəviyyatının təcəssümü olan milli bir poeziyadır.

 

2014-cü ilin poeziyası da həmin ənənələri davam etdirdi.. Ancaq ənənə heç də köhnənin təkrarı deyil, ədəbiyyatın hər bir yeni mərhələsində o zənginləşir, yeni xassələr, keyfiyyətlər kəsb edir. Şeirimizdə ta əzəldən bir neçə əsas mövzu olub (vətənpərvərlik, sevgi, təbiət, insanın tərənnümü), indi də həmin mövzular üstünlük təşkil edir. Ancaq müstəqillikdən sonra şeirimizin tematikası bir qədər də genişləndi, Qarabağda baş verən hadisələr, 20 Yanvar, Xocalı soyqırımları, şəhidlik, yurd yanğısı, müharibənin doğurduğu ağrı-acılar, qaçqınlıq-köçkünlük ab-havası da şeirimizdə səslənməkdədir. Şeirimizdə vaxtilə yasaq olunan Tanrı məhəbbəti də, dini dəyərlərimizin təbliği də öz əksini tapır. Artıq poeziyada XXI əsrin ab-havası, müstəqillik əldə etmiş bir xalqın duyğu və düşüncələri əks olunur. Fərdin daxili aləminin ifadəsi isə daha çox diqqəti cəlb edir.

 

Poeziyamızın inkişafında böyük rol oynamış, öz əsərləri ilə ədəbiyyatımızı zənginləşdirən yaşlı nəslin (otuzuncu, qırxıncı, əllinci illərdə ədəbiyyata gələnlərin) nümayəndələrinin əksəriyyəti artıq dünyalarını dəyişmişlər. “Yarpaq tökümü” çoxdandır davam edir və nə qədər ağır olsa da, təəssüf hissilə deməliyik ki, poeziyamızın Bəxtiyarı, Qabili, Hüseyn Arifi, Nəbi Xəzrisi, Kürçaylısı, Qasım Qasımzadəsi artıq yoxdur, Məmməd Araz da, Məstan Günər də, Sərdar Əsəd də, Tofiq Bayram da, Hüseyn Kürdoğlu da, Tofiq Mütəllibov da, Rəfiq Zəka da, Şəkər Aslan da, Ağa Laçınlı da, Ələkbər Salahzadə də, İsa İsmayılzadə də, Tofiq Abdin də, Arif Abdullazadə də, bu il dünyasını dəyişmiş Vaqif Səmədoğlu da, daha sonrakı nəsildən Səyavuş Sərxanlı da, Nüsrət Kəsəmənli də, Eldar Baxış da, Nurəngiz Gün də, Akif Səməd də, Adil Mirseyid də sıralarımızda deyil. Doğrudur, onların mənəvi irsi yaşayır, təbliğ olunur, unudulmurlar, amma bəzilərinin vaxtsız, gözəl əsərlər yarada biləcəkləri bir vaxtda dünyadan getməyi təəssüf doğurur. Amma bu gün poeziyamızın yaşlı nəsli və nisbətən onlardan cavan olanlar-Fikrət Sadıq, Fikrət Qoca, Söhrab Tahir, Nəriman Həsənzadə, Məmməd Aslan, Abbas Abdulla, Musa Yaqub, Eyvaz Borçalı, Firuzə Məmmədli, Zəlimxan Yaqub, Sabir Rüstəmxanlı, Çingiz Əlioğlu, Ramiz Rövşən, Vahid Əziz, Ənvər Əhməd, Oqtay Rza, Vaqif Bayatlı, Rüstəm Behrudi, Əjdər Ol, yenə poeziyanın öncül sıralarındadırlar. Xalq şairi Nəriman Həsənzadə gənclik havası ilə yazıb-yaradır, keçən il o, “Sözü tara verin” və “Şeyx Nigari türbəsi” adlı iki poema və silsilə şeirlər yazmışdır. İçi vətənpərvərlik duyğuları ilə süslənən bu poemalar öz məna dolğunluğu, poetik gözəlliyi ilə diqqəti cəlb edir. Xalq şairi Zəlimxan Yaqub xəstəliyinə, fiziki durumuna baxmayaraq İsa Muğannaya və onun fəlsəfi dünyasına həsr etdiyi “Ün” poemasını qələmə almışdır. Mətbuatda da onun bir-birinin ardınca xeyli şeirləri dərc edilib və qətiyyətlə demək olar ki, Zəlimxan Yaqub xalq şeiri ilə bu günün şeiri arasında körpü rolunu uğurla yerinə yetirir.

 

Bu gün şeirin meydanı çox genişdir. Kitab çap elətdirmək, şeirləri ilə mətbuatda çıxış etmək çox asandır, amma hər yazılan şeir şeir olmadığı kimi, hər şeir toplusuna da poeziyanın uğuru kimi baxmaq olmaz. Amma o da var ki, oxucularımızın da səviyyəsi artıb, onlar qrafoman təfəkküründən yaranan və adına heç cür şeir deyilməyən nümunələri birmənalı olaraq qəbul eləmirlər.

 

Azərbaycan şeiri öncə qeyd etdiyimiz kimi ənənəyə çox bağlıdır və bu gün heca şeiri yenə də əvvəlli illərdə olduğu kimi ön sıradadır. Heca şeiri bizim doğma, anadilli şeirimizdir, kənardan heç bir müdaxilə, təzyiq və təsir qəbul etməyən şeirimizdir. Amma gizlətməyək ki, hecada yazılan şeirlərin böyük bir qismi orta səviyyədən də aşağıdır. Belə şeirlər, adının qarşısında Şair yazılanların ürəyindən yox, oxuduqları şeirlərin təsirindən və təqlidindən yaranır.

 

Böyük türk şairi Nazim Hikmət deyirdi ki, ən yaxşı şeirin vəzni yoxdur, istər hecada, istər sərbəstdə, istərsə də əruzda olsun. Ən yaxşı şeir ürəklə beynin ittifaqından yaranır. Azərbaycan şeiri öz musiqi ahəngi, melodiyası və fikrin parlaq ifadəsi ilə seçilir və bu sözü sərbəst şeir haqqında da söyləmək olar. Çünki bizim ən yaxşı sərbəst şeirlərdə də musiqi, ahəng, ritm və poetik fikir cazibəsi var. Əgər heca şeirimizdə, onun inkişafında Səməd Vurğun, Hüseyn Arif, Bəxtiyar Vahabzadə, Nəbi Xəzri və b. ünlü şairlərimiz mühüm rol oynayıblarsa, sərbəst şeirimizdə də Rəsul Rza ustad kimi sözünü deyib, yol göstərib və bu gün də ən gözəl sərbəst şeirlərimizdə Rəsul Rza poetik ənənəsindən gələn təsirləri hiss edirik. Amma sərbəst şeir adına da hoqqabazlıqlar, əllaməçilik edənlər az deyil. İndi sərbəst şeirlər qafiyəli də yazılır, qafiyəsiz də, amma şeirin şeirliyini təmin edən ən başlıca amil fikirlə hissin vəhdətidir.

 

Bu gün poeziyamızda modern ruhlu şeirlərin yazılmasını da təbii hesab edirik. Bütün xalqların ədəbiyyatında olduğu kimi, Azərbaycanda da müxtəlif “izm”lərin, cərəyanların təsiri yaxud mövcudluğu inkaredilməzdir. Bu gün Aqşin Yeniseyin, Zahir Əzəmətin, Murad Köhnəqalanın, Rasim Qaracanın, Azad Yaşarın, Şəhriyar del Geraninin ənənəvi şeirdən fərqli olaraq tamam başqa stildə yazmaları təəccüblə qarşılanmamalıdır. Postmodernizmin təsiri onların bəzilərinin klassik və müasir ədəbiyyatımıza inkarçı mövqeyə, nihilist düşüncəyə gətirib çıxarsa da, dərk olunmalı bir həqiqət var ki, Azərbaycan poeziyası belə eksperimentləri çox görüb. Eksperimentdən qorxmaq lazım deyil, onların təsiri uzun sürmür.

 

Poeziyamızın ədəbi gənclik qolu da ədəbiyyatımızın gələcəyinə, sabaha inam yaradır. Keçən il “Azərbaycan” və “Ulduz” jurnallarında ikimininci illərdə ədəbiyyata gələn, elə ilk şeirləri ilə də az-çox diqqəti cəlb edən gənclərin xeyli yazıları çap olunmuşdur. Bu cavanlar içərisində Anar Aminin, Aqşin Evrənin, Müşfiq Cəbinin, Könül Həsənqulunun, Nilufər Şıxlının, Arzu Hüseynin, Elşad Ərşadoğlunun, Dilqəm Əhmədin, Nigar Anın, Vasif Əlihüseynin, Elşad Baratın, Günel Eyvazlının, Arzu Hüseynin, Sevinc Çılğının, Emin Pirinin, Ruslan Əli Dostun, Ruzbeh Məmmədin şeirləri xüsusilə seçilir.

 

Bölgələrdə də Yazıçılar Birliyinin üzvü olan şairlərimiz az deyil. Etiraf edək ki, indi “region ədəbiyyatı” anlayışı aradan qalxıb. Bölgələrdə istedadlı yazarların sayı çoxalıb. Qubada Zakir Məmməd, Ramiz Qusarçaylı, Lənkəranda İltifat Saleh, Tərlan Əbilov, Ağamir Cavad, Qazaxda Barat Vüsal, Şahinə Könül, Cəlilabadda Əlirza Həsrət, Əlizadə Nuri, Mətləb Ağa, Ədalət Salman, Masallıda Arif Fərzəli, Sumqayıtda Əşrəf Veysəlli, Zirəddin Qafarlı, Ofeliya Babayeva, Gülnarə Cəmaləddin, Nazilə Gültac, Xatirə Fərəcli, Sabir Sarvan, Məmməd İlqar, Salyanda Namiq Hacıheydərli, İmişlidə Valeh Bahaduroğlu, Sabirabadda Nisəbəyim, Yardımlıda Sakit İlkin, Ağcabədidə Sevindik kimi yaşlı, orta və cavan nəslin yazarları müasir ədəbi prosesdə fəal iştirak edirlər.

 

2014-cü ilin poeziyası haqqında bu qeydlərimizi belə bir nikbin sözlərlə bitirə bilərik: POEZİYAMIZ YOLUNA DAVAM EDİR, ƏNƏNƏLƏR YAŞAYIR, ŞEİRİMİZİN SABAHI ÜÇÜN TƏHLÜKƏ YOXDUR!

 

Azərbaycan nəsri 2014-cü ildə hansı uğurlara imza atmış, ədəbi inkişafın hansı pilləsinə yüksəlmişdir? Nəsrimizin nailiyyətləri, uğurları ilə bir sırada hansı qüsurları, onun inkişafına mane olan nöqsanları ilə qarşılaşmışıq? Azərbaycan nəsri müasir insanın bədii obrazlarının yaradılmasında, həyatın, gerçəkliyin problemlərinin bədii həllində hansı yadda qalan nümunələri ilə seçilmiş, fərqlənmişdir?

 

Keçən ilin nəsri haqqında söhbətə bu suallarla başlamağımız təsadüfi deyil. Çünki hər hansı ədəbi janrın bir illik mənzərəsi haqqında söz açanda, ilk növbədə, statistikaya müraciət etmək lazımdır.

 

Keçən il qocaman dərgimiz olan “Azərbaycan” jurnalında altı roman, beş povest, iyirmi üç hekayə dərc edilmişdir. “Ulduz” jurnalı isə əsasən hekayələr çap etmiş, povestə və romana ehtiyac hiss etməmişdir. Lakin 2014-cü ilin Azərbaycan nəsrini bu statistik rəqəmlərlə məhdudlaşdırmaq olmaz. Ədəbi jurnallardan əlavə, kitab halında çap olunan nəsr əsərləri (roman, povest, hekayə) hər iki jurnalda dərc olunanlardan qat-qat çoxdur. Bundan əlavə, onlarla qəzet və jurnallarda da müntəzəm olaraq hekayə çap olunur. Deməli, Azərbaycan nəsrinin 2014-cü il mənzərəsi kəmiyyətcə ürəkaçandır. Lakin kəmiyyət heç də keyfiyyət göstəricisinə çevrilmir. Şeirdə də belədir, nəsrdə də. Ona görə də biz bu icmalda yalnız bəzi əsərlər haqqında söhbət açacayıq ki, onlar nəsrimizin simasını, xarakterik xüsusiyyətlərini özlərində əks etdirə bilirlər.

 

Xalq yazıçısı Anarın “Göz muncuğu” romanı (“Azərbaycan” jurnalı ¹ 11) 2014-cü ilin ədəbi hadisəsi hesab oluna bilər. Az bir müddət ərzində roman ədəbi ictimaiyyət və oxucular arasında böyük əks-səda doğurmuşdur. Bütün yaradıcılığı boyu hər yeni nəsr əsəriylə oxucuları düşünməyə sövq edən, onları narahat edən suallara cavab axtaran və təkcə məzmununa, təlqin etdiyi fikir və ideya anlamına görə deyil, həm də bədii-sənətkarlıq priyomlarına görə seçilən Anar nəsri bu dəfə də ədəbi aləmi tərpətdi, silkələdi. Görünür, nəsrdə uzun müddət həyatı, insanı bu səpgidə təsvir edə biləcək əsərlərə ehtiyac duyulurmuş.

 

Anar nəsri keçən əsrin altmışıncı illərindən başlayaraq insan haqqında bədii-fəlsəfi düşüncələri ilə oxucunu maraqlandırmağa başlayıb. İnsanı adi məişət qayğılarından tutmuş cəmiyyətdə mövqeyinə qədər hərtərəfli, geniş planda təhlil hədəfinə çevirən Anar nəsri təkcə bir zamanın, konkret bir dövrün məcrasına sığan deyil. Anarın Kəbirlinskisi, Zaur və Təhminəsi, Fuadı, Oqtayı ötən əsrin tipləri olsa da, onların dramları və faciələri bütün zamanlar üçün səciyyəvidir. Anar əbədi Xeyir-Şər, Hörmüz-Əhrimən mübarizəsini konkret bir dövrə sığışdırmır. Anar həmin konflikti bütün zamanlar üzrə dövr elətdirir, təbii ki, hər zamanın öz fəlsəfi, psixoloji dönəmlərini nəzərə alır. Əsər iki dünyanın-həm bu, həm də o dünyanın arasında qalan, ölüb sonra dirilən bir insanın taleyindən, əzab və ağrılarından söz açır. Hadisələr yuxu-reallıq, xəyal-fantaziya, işıq-qaranlıq çevrələrində davam edir. Anarın nəsri sosrealizmin “müsbət qəhrəman” konsepsiyasına ilk nümunələrindən biganəlik göstərmiş, insanı müsbət-mənfi qarışığında təqdim etməyə meylli olmuşdur. Ona görə də onun “Göz muncuğu” romanında da insan öz əməlləri ilə müsbətlə mənfinin arasındadır, pislik də, xeyirxahlıq da bir insanın öz içindədir və onlar daim mübarizə aparırlar, pisliklər insanı Şərə, xeyir əməllər isə yaxşılığa doğru sürükləyir. Romanda mistika ilə reallıq, keçmişlə bu gün arasında körpü, bağlılıq, rabitə yaradılır və əslində, bu, yazıçının bədii priyomlarını şərtləndirdiyi kimi, zaman-məkan əlaqələrinin də mövcudluğunu təyin edir. Mif, folklor və xalq inancları, əfsanə və rəvayətlər, yuxu və gerçəklik elementləri xaotik bir mənzərə yaradır, amma bu xaosda vahid ideya planı-insanı bütün mürəkkəbliyilə canlandırmaq istəyi reallaşır. Beləliklə, Anar altmışıncı illərdən bəri qələmə aldığı nəsr əsərlərinə xas olan bütün elementləri daha kamil şəkildə bu son povestində cəmləşdirir, insan haqqında təsəvvürləri fəlsəfi-psixoloji aspektdə oxucuya təqdim edir.

 

2014-cü ilin nəsri ötən illərlə müqayisədə janrların bədii-sənətkarlıq axtarışları ilə daha çox diqqəti cəlb edir. Belə ki, müasir nəsrdə artıq vahid tipli bir roman strukturuna az təsadüf edirik. Romanlarda, povestlərdə, hətta hekayələrdə sinxronizm nəzərə çarpır, yəni yuxu ilə reallıq, miflə gerçəklik bir-birinə qarışır, zamanlar arasında körpü aradan qaldırılır, fantastika ilə reallıq qovuşur və s. Bu, dünya romanında gedən forma-struktur yenilikləri ilə uzlaşır. Təbii ki, burada milli, etnoqrafik xüsusiyyətlər ön sıradadır, yəni dünya romanında gedən dəyişmələr heç də milli roman təcrübəsini zəiflətmir.

 

Bir halda ki, söhbət romandan düşdü, bu haqda bir qədər ətraflı söz açmaq istərdik. Rus ədəbi tənqidinin flaqmanı - V.Q.Belinski 1847-ci ildə bir məqaləsində yazmışdı: “Roman və povest bizim zəmanəmizdə ədəbiyyatın bütün digər növlərini sıxışdırıb arxa plana keçirmiş və ədəbiyyatda hakim mövqeyə keçmişdir. Mübaliğəsiz demək olar ki, indi bizim zəmanədə ədəbiyyat dedikdə roman və povesti nəzərdə tuturlar. ..Roman deyilən bu cadugər nə olan şeydir? Onun savadlı kütlələri ovsunlayıb ələ almasının səbəbi nədədir?: ...Romanın məzmunu müasir cəmiyyətin bədii təhlilidir, cəmiyyətin görünməyən elə əsaslarını açıb göstərməkdir ki, adət edilmiş vərdişlər və düşüncəsizlik onları cəmiyyətin özündən də gizli saxlayır. Müasir romanın vəzifəsi-həyatı bütün çılpaq həqiqəti ilə əks etdirməkdir. Buna görə çox təbiidir ki, roman, bir istisna kimi, ədəbiyyatın bütün digər növlərinə nisbətən hamının diqqətini cəlb etmişdir; cəmiyyət romanı öz güzgüsü hesab edir və ona baxıb özünü görür, öz-özünü dərk edir”. Belinskinin roman haqqında bu mülahizələrini o dövrə qədərki rus və dünya romanını səciyyələndirən ən doğru və dəqiq bir tərif kimi qəbul etmək olar. Burada köhnəlməyən, ədəbiyyatın hər bir mərhələsi üçün qəbul edilən fikirlər diqqəti cəlb edir, ilk növbədə, romanın müasir cəmiyyətin bədii təhlili olması məsələsi. Azərbaycan romanının ən gözəl nümunələrində də məhz bu başlıca xüsusiyyət öz əksini tapmışdır.

 

2014-cü ildə roman müəllifləri sırasında biz adət etdiyimiz müəllifləri yox, daha çox gənc müəllifləri görürük və bunu təqdir edirik. Natiq Məmmədlinin “Körpüdə ümid”, Nisə Bəyimin “Online”, Qəni Camalzadənin “Karxana”, Vahid Qazinin “Çholqala 1992”, Zahid Sarıtorpağın “Dərdin sarı çəpgəni”, Səxavət Talıblının “Adəmin övladları” romanları ədəbiyyatımızda yeni bir romançı nəslinin formalaşmasından xəbər verir. Bu nəsil sırasında Elçin Hüseynbəylinin, İlqar Fəhminin, Əlabbas Bağırovun, Kamil Əfsəroğlunun, Aslan Quliyevin, Nəriman Əbdülrəhmanlının, Səxavət Talıblının, Varisin, Vüsal Nurunun, Cavid Zeynallının, Sevinc Pərvanənin, Həmid Herisçinin, Sahilənin, Müzahim İsmayılzadənin, Əsəd Qaraqaplanın da adlarını çəkmək olar. Hiss olunur ki, yeni romançılar həm Azərbaycan romançılığı ənənələrindən, həm də dünya romanı təcrübəsindən görüb-götürür, bu sahədə təzə söz deməyə çalışırlar.

 

Roman janrı ilə bağlı bir məsələyə də toxunmaq istərdik. Bu gün ədəbi prosesdə “roman axını” deyilən bir ifadə də formalaşmaqdadır. Bizim hesablamamıza görə son yeddi ildə 140-dan artıq roman yazılıb. Bu, əlbəttə, böyük rəqəmdir. Hətta Azərbaycan romanının bütün mərhələləri üçün ən yüksək bir nəticədir. Bəli, roman çox yazılır, kimi dindirirsən, deyir roman yazmışam və təəssüflə qeyd etməliyik ki, romana bu meylin və həvəsin nəticəsi heç də ürəkaçan olmur. Qeyri-peşəkarlıq, təcrübəsizlik, səriştəsizlik həmin romanlarda nəzərdən qaçmır.

 

İstər roman olsun, istər povest, istərsə də hekayə- nəsrin başlıca vəzifəsi həyat həqiqətini dolğun əks etdirməkdir. Yazıçı həyatı bəzəmir, sadəcə, onu bədii şəkildə təcəssüm etdirir.Çağdaş həyatımız son dərəcə mürəkkəb və təzadlıdır. Bu həqiqətləri qələmə almaq istedad tələb edir.Tanınmış yazıçı Məmməd Orucun “Atəşkəs yallısı” povesti bizdə belə bir qənaət yaratdı ki, yazıçı həyata nə qədər yaxından bələd olsa, öz müşahidələrini bədii şəkildə ümumiləşdirə bilsə, bir o qədər uğur qazanar. “Atəşkəs yallısı” povesti dediklərimizə sübut ola bilər.

 

“Atəşkəs yallısı” Məmməd Orucun günümüzün reallıqları haqqında qələmə aldığı əsərlərdən biridir və bu əsər göstərir ki, yazıçı əsl həqiqəti kənar yerdə, mistik və irreal qüvvələrdə deyil, həyatın, gerçəkliyin özündə axtarmalıdır.

 

Təəssüf ki, son illərin nəsrində real həyatımızla bağlı belə povest və romanlar az yazılır.

 

Qocaman yazıçı Qərib Mehdinin son illərdə qələmə aldığı povestləri cəmiyyətdə baş verən naqislikləri satirik planda oxucuya təqdim edir. Firuz Mustafanın, Xumar Ələkbərlinin, Əlabbas Bağırovun, Alpay Azərin, Aydın Tağıyevin, Mübariz Cəfərlinin, Varisin hekayələri bu janra marağın azalmadığına dəlalət edir. Mübariz Cəfərlinin hekayələri onun artıq bitkin bir qələm sahibi olduğunu sübut edir. Ən sevindirici cəhət odur ki, Mübariz hekayəni necə qurmaq, süjeti, təsvir etdiyi insan obrazlarını əsərdə necə canlandırmaq məsələsində getdikcə kamilləşir. Onun keçən il “Azərbaycan” jurnalında çap etdirdiyi “Amerika”, “Yaxınlaşma”, “Səhvlər nəzəriyyəsi” hekayələri bu mənada nümunə göstərilə bilər.

 

2014-cü ilin nəsri haqqında söhbətimizə yekun vurub deyə bilərik ki, poeziyada olduğu kimi müasir nəsrimizdə də yeniləşmə, inkişaf diqqəti cəlb edir. Yeni ədəbi qəhrəmanlar, günümüzün həqiqətləri nəsrdə öz ifadəsini tapır. Amma bununla kifayətlənmək olmaz. Xüsusilə, son illərdə Qarabağ hadisələri ilə bağlı nəsrimizdə bir kasadlıq nəzərə çarpır. Aqil Abbasın “Dolu”, “Allahı qatil edənlər”, Hüseynbala Mirələmovun “Dağlarda atılan güllə” kimi maraqlı romanlarından sonra nəsrimizdə bu mövzuda bir qıtlıq hiss olunur. Ümid edək, bu mövzuda da yeni nümunələr yaranacaq.

 

Bir neçə kəlmə də 2014-cü ilin ədəbi tənqidi barədə. Tənqidçi olduğumdan həmişə belə düşünmüşəm ki, bir tənqidçinin öz peşəsi ilə bağlı söz deməsi, həmkarlarının fəaliyyəti haqqında fikir yürütməsi o qədər də yaxşı səslənməz. İndi də bu fikirdəyəm və təbii ki, ədəbi tənqidin 2014-cü ildəki durumu növbəti məruzələrin birində öz əksini tapacaq. Ancaq ədəbi tənqidlə bağlı üç mühüm məsələyə öz münasibətimi bildirmək istəyirəm.

 

1.Bu gün tez-tez ədəbi tənqidin yoxluğundan, onun ədəbi proseslə ayaqlaşmadığından söhbət düşür, hətta tənqid nəyə gərəkdir,- düşüncəsindən doğan fikirlər də mətbuata yol tapır. Halbuki, bu, heç də təzə əhvalat deyil, Sovet dönəmində də, hətta ədəbi tənqidin az-çox fəallaşdığı dövrdə də belə antitənqid şüarları səslənirdi. Əlbəttə, biz inkar etmirik ki, ədəbi tənqiddə müəyyən boşluqlar var, biz inkar etmirik ki, bəzən tənqid müəyyən yazıçıların monopoliyasına çevrilir, biz inkar etmirik ki, tənqiddə bəzən estetik savadın çatışmazlığından doğan hallar nəzərə çarpır, biz tənqidçilərin öz aralarında fikir müxtəlifliyindən deyil, şəxsi münasibətlərdən yaranan kobud və primitiv antitənqid nümunələrini, “birincilik” iddiasından doğan eqoizm hallarını, xüsusilə saytlarda gedən biabırçı qladiator-tənqidçi savaşlarını da inkar etmirik.Və bundan ən çox da tənqidin və tənqidçilərin özləri zərər çəkir. Ancaq bütün bunlara baxmayaraq Azərbaycanda ədəbi tənqidin yoxluğundan şikayətlənməyə dəyməz. Bu gün etik, estetik və sosial amillərin vəhdəti ilə ifadə olunan həqiqi tənqid də fəaliyyət göstərir və mən bu tənqidi təmsil edən tənqidçilərin adlarını da çəkə bilərəm: Nizami Cəfərov, İsa Həbibbəyli, Şirindil Alışanlı, Nizaməddin Şəmsizadə, Əsəd Cahangir, Tehran Əlişanoğlu, İradə Musayeva, Cavanşir Yusifli, Nərgiz Cabbarlı, Qurban Bayramov, Elnarə Akimova, Rüstəm Kamal, Bəsti Əlibəyli, Südabə Ağabalayeva, Vaqif Yusifli. Və əlbəttə, Xalq yazıçıları Anarın və Elçinin ara-sıra ədəbi tənqidlə məşğul olmaları, Tofiq Hacıyev və Kamal Abdulla kimi tanınmış dilçilərin də bu prosesə qoşulması “bizdə tənqid yoxdur!” antitənqid şüarını səsləndirənlərə ciddi bir qınaqdır.

 

2. Tənqid necə olmalıdır? Bu gün də bu sual ətrafında mübahisələr davam etməkdədir. Bu gün etiraf edək ki, tənqiddə elmi üslubda publisistik üslub bir-birinə qovuşub və bunu qətiyyən inkar etmək olmaz ki, tənqidçilərin yazılarında bu vəhdət fikrin adi sözdən obrazlı, publisistik ifadəyə qədər keçdiyi yolu yaxşı mənada xarakterizə edir. Sevinməyə dəyər ki, tənqidi yazılarda quru akademizm, elmə bənzər, ağır protokol dili yox olur, tənqiddə emosional çalarlar güclənir. Ancaq təəssüflə qeyd etməliyəm ki, bəzi tənqidi yazılarda “nəzəriyyəçilik” xəstəliyi hələ də özünü göstərir. Tənqidin janrlarına gəldikdə icmal, məruzə, məqalə, esse, resenziya, məktub formaları yenə gündəlik tənqid janrları kimi diqqəti cəlb edir. Lakin tənqiddə böyük monoqrafik formalara ehtiyac duyulur.

 

3. 2014-cü ildə ədəbi tənqiddə yeni bir tənqidçi imzasına rast gəlmədik,-desək, insafsızlıq olardı. Aygün Bağırlı, Günay Qarayeva, Aynurə Mustafayeva, Rərvin Nurəliyeva, Maral Yaqubova, Mətanət Vahid - tənqiddə artıq qadın yazarların da imzalarını görmək olur.

 

Mənim 2014-cü ilin ədəbi mənzərəsi barədə qeydlərim bu qədər. Məruzəmdəki boşluğu özüm də hiss edirəm, ancaq qarşıda sizi bu boşluğu aradan qaldıra biləcək məruzələr gözləyir.

 

 

Vaqif YUSİFLİ

525-ci qəzet.- 2015.- 2 may.- S.24-25.