“Niyə ağlayırsan, məgər biz xoşbəxt deyilikmi?”

 

FÖVQƏLİNSAN AXTARIŞI - İLLÜZİYA İLƏ REALLIĞIN KƏSİŞMƏ NÖQTƏSİNDƏ

 

 

“O adamları sevirəm ki, hər şeyin yaxşısına can atmırlar, əslində tək bir yaxşı cəhəti olan adam ideal adamdan yaxşıdır, çünki belədə insan bu tək cəhətə daha çox alışır, o, alın yazısı kimi, insana ölüncə yoldaşlıq edir” - “Zərdüşt belə söylədi”...

 

Dolayısıyla bunu Zərdüştün adı ilə yola çıxıb ömrü boyu dəlicəsinə bir istəklə Fövqəlinsan axtarışında can qoyan Nitşe dedi. Yazılarından başqa heç bir yerdə, həyatının heç bir sahəsində fövqəlinsan olmağa çalışmayan, acıqlı, qəzəbli, aqressiv  Nitşe... İdeal olmayan, amma tək bir yaxşı cəhəti olan Nitşe - o, yaxşı yazmağı bacarırdı. Yazılarındakı fikir və düşüncələri ilə şüurlara təsir etməyi bilirdi. Baxmayaraq ki, sağlığında bircə kitabını da almadılar. Amma üstündən uzun onillər keçdi, indi bir ağızdan deyirlər: “Zərdüşt belə söylədi”...

 

Nitşe zamanında dahiliyinin əvəzini ağlı və səhhəti ilə əməlli-başlı ödədi. Hələ indiyəcən filosoflarla yazıçılar onu öz aralarında “bölüşdürüb” başa çıxa bilməsələr də, hər iki tərəf bir-birinə Nitşenin dahiliyini etiraf və qəbul edəcək qədər güzəştə getməyi bacarıblar.

 

Nitşe nifrətlə sevgini paralel şəkildə daşıyacaq qədər güclü, pərəstiş etdiyi, bütün varlığını, mənəvi-fəlsəfi “qazanclarını” borclu olduğu obyektlərə nifrət edəcək qədər “zəif” idi. Onun nifrəti sevgisini üstələyirdi. Bəlkə də bunda bir az haqlı idi. O özündən başqa hər kəsə şübhə ilə yanaşırdı. Bəlkə də bu, zəmanəsi tərəfindən qəbul olunmamasına, etiraf edilməməsinə görə kütlədən aldığı qisas idi. Kyerkeqorla həmfikir olan və ekzistensializmin ən görkəmli fiqurlarından biri kimi indiyədək ədalətli, mənalı hesab olunan varoluşu, Tanrının iradəsi və ədaləti ilə idarə olunan dünyaya ilk zərbəsini “Tanrı öldü!” qəzəbli bəyanatı ilə vuran Nitşeyə bu zərbə sonralar geri qayıdacaqdı.

 

O indiyədək doqma kimi qəbul edilən və hər kəsin özlüyündə fitrən mövcud olduğu hesab etdiyi təməl dəyərlərin ifşasından başlayacaqdı, amma onun ifşasında bir nifrət və qorxu gizlənirdi. O indiyədək əxlaq, dəyər hesab edilən hər şeyə arxa çevirmişdi. Bu, onun cəmiyyətə protesti idi.

 

Və bu hərəkəti cavabsız qalmadı. Onu sevmədilər, həmişəlik üz döndərdilər. Bəlkə də bu sevgisizlik onun dahiliyə və dəliliyə, son nəticədə də ölümə bu qədər sürətlə yaxınlaşdırdı. Öz dəyərini anlaması, istedadını, intellektini dərk etməsi və bunun başqaları tərəfindən açıq-aşkar görməməzliyə vurulması onda böyüklük maniyasının yaranmasına səbəb oldu. Böyük olduğuna inanmırlarsa, sadəcə özün buna inanırsan... O özünü tapana qədər ruhu od-alovdan keçdi. Mənəvi təzadlar, ruhi təbəddülat və çırpınmalar, rahatlıq bilmədən mənəvi axtarışlarla keçən təlatümlü ömür... Hər kəsin - xüsusilə doğma anasının, sevdiyi qadınların ondan imtinası, dəyərini anlamaması... Onun hədsiz narahat, aqressiv və nəhəng ruhu rahatlıq, sakitlik, huzur həsrətindəydi. Nitşe insanlara da bunu bəxş eləmək istəyirdi. Amma bu sakitlik bəyəm onun özündə vardı ki, başqalarına da bunu verə biləydi? Özündə tapılmayanı başqasına necə bəxş etmək olar?

 

lll

 

Yeddi arxa sülaləsinin xristian olduğu Nitşe zərbəni məhz ora, xristianlığın özəyinə vurmağa çalışırdı. Lakin xristianlığın mərhəməti qalib gəldi. Ondan üz döndərən qatı dindar anası bu bədbəxt dahiyə yenidən ağuşunu açanda Nitşenin 55 yaşı və dünya irsinin şedevrlərinə çevrilə biləcək əsərlərinin ən azı əlyazmaları vardı... Ana ağlını itirmiş oğlunun iztirablarına laqeyd qala bilməmişdi. Bu, artıq xristianlıqdan da uca insanlıq dininin təzahürü idi...

 

Anasının ölümündən sonra isə köməksiz, gözləri tutulmaqda olan zavallını bacısı Elizabet himayə etmək üçün yanına apardı. Ancaq bu himayə də Nitşeyə “baha başa gəldi”, haqqında antimifin yaranmasına zəmin yaratdı. Antisemit baxışlı qatı millətçi Elizabet qardaşının ölümündən sonra onun nəşr etdirdiyi əsərlərində redaktəni elə apardı ki, sonralar Nitşeni nasizmin sələflərindən biri kimi qəbul etdilər. Beləliklə, Nitşeni nə sağlığında anlamadılar, nə də öləndən sonra. Əslində isə Nitşenin idealı millətçilik, irqçilik yox, Fövqəlinsan arzusu idi. Yazdığı bütün fəlsəfi əsərləri tərəzinin bir gözünə qoyulsa, digər gözünə qoyulanda az qala tən gələn, tarazlaşan “Zərdüşt belə söylədi” əsərində də bu arzu özünü göstərirdi.

 

Zərdüşt hər şeyi deyib deməyinə də, amma müəllifi özü də daxil olmaqla kimsə onun nə dediyinə dərindən fikir vermədi. Mənəvi peyğəmbər zamanı çoxdan keçmiş kimi görünürdü: kütləyə o vaxt olduğu kimi indi də kəndirbazlar və təlxəklər maraqlıdır-amma onlar kəndirdən yerə çırpılıb dağım-dağım olana qədər... Ondan sonra kütlə özünə başqa əyləncə tapır...

 

Nitşenin əlləşib vuruşduğu da insanları qaragüruhdan  Fövqəlinsan səviyyəsinə qaldırmaq idi. Onun Fövqəlinsan idealının keyfiyyətləri əlçatmaz idi-onda da, indi də...: “O adamı sevirəm ki, həyatda naxışı tutanda, bəxti gətirəndə xəcalət çəkir: “Mən taleyin bu bəxşişinə layiqəmmi?” deyə öz-özündən soruşur. O adamları sevirəm ki, həyatın ötəri-itəri bir şey olduğunu anlayıb, ondan beşəllli yapışmırlar... O kəsləri sevirəm ki, Allahının da səhvlərini görür, lap Allahın qəzəbindən tar-mar olacağını bilsələr də, ayaq geri qoymurlar...” Bax, bunu Zərdüşt deyə bilməzdi, bunu məhz Nitşe hayqırırdı.

 

“Özünü ağıl dəryası hesab edən, yerin altını da, üstünü də bildiklərini güman edən, bir-birini bəyənməyən, savaşan, söyüşən, amma cana ziyanı olduğu üçün kin saxlamayan, gülüşlərinin arxasında açıqca nifrətləri sezilən, gülüşlərinin buzu adamı iliyinəcən donduran” qaragüruh kütlə psixologiyası Nitşeni ağlından elədi...

 

lll

 

Nitşe hər şeyi anladığından və lazımınca anlanmadığından dəli oldu... Və düşünürəm ki, Nitşenin həyatının bu cür alınma(ma) sında onu həyatın müxtəlif mərhələlərində rədd edən qadınların da rolu az olmadı. Bir dahi filosof olaraq onun qadınlar tərəfindən də etiraf edilmək ehtiyacı və haqqı vardı. Lakin qadınlara nə dahi, nə də əsl kişi lazım deyildi...Nə Sokratın zamanında, nə də Nitşenin...

 

Nitşe yalqız idi. Onun tənhalığı qorxulu, soyuq, ümidsiz və ölümünə idi... Bütün bunları anlayanda insanda ağılmı qalardı: “Öz vicdanınla təktəbətək qalmaq dəhşətdir. Elə bil ki, bir ulduzu kəhkəşandan qoparıb tənha, kimsəsiz bir məkana, təkliyin buz nəfəsi içinə atırsan. Ey yalqız insan, hələ ki, sən çox şeylərin iztirabını çəkirsən, hələ ki, nə cəsarətini, nə də ümidini itirmisən. Amma gün gələcək tənhalıq səni bezdirəcək, qürurun qırılacaq, cəsarətin, hünərin tükənəcək! Gün gələcək “Mən tənhayam!”-deyib haray çəkəcəksən... Gün gələcək, yüksəklikdən əlçatmaz məsafədə, alçaqlığın isə bircə addımlığında olacaq, öz alicənablığın səni həyula kimi qorxudacaq. Gün gələcək “Hər şey yalandır!” deyib nalə çəkəcəksən...”

 

lll

 

Nitşe Fövqəlinsan axtaranda ağlına da gəlmirdi ki, özü bunun bir addımlığındadır. İllüziya ilə reallığın düz kəsişmə nöqtəsində dayanıb. Burda sərhəd elə şəffaf, elə iti, elə həssasdır ki, bircə tel o yan bu yana olsa, taleyin həll oluna bilərdi. Necə ki olundu... Nitşenin fövqəlinsanlığa bircə addımı qalmışdı. Bu, dahi dəliliklə dəli dahiliyin elə bir ortaq nöqtəsi idi ki, düz həmin hədəfə vurmalıydın, əks halda fiasko qaçılmaz olacaqdı. Birincidə dahiyanə şəkildə bomboş dəliliyin pikində olursan,  ikincidə dəliləşmiş dopdolu dahiliyin zirvəsində... Ortada qalmağı bacarmaq fövqəlinsanlıq olacaqdı. Nitşe tam hədəfi götürə bilmədi, ikinciyə döndü...

 

Nitşenin öz arqumentləri vardı. Paradoksal görünən, amma dərininə vardıqda məhz “üstinsan” dərəcəsinə, insanüstü mərtəbəyə qaldıran tezislərdi: “Özünü xeyirxahlardan, ədalətlilərdən gözlə. Öz fəzilətinə qovuşan adamları onlar dar ağacına çəkirlər, onlar tənhalara nifrət edirlər. Özünü müqəddəs sadəlövhlükdən də qoru! Bəsit olmayan hər şey onlara natəmiz görünür, onlar odla oynamağı özlərinə peşə ediblər”. Sevgidən məhrum tənha dahinin sevgi haqqında fikirləri əndrəbadi olsa da  onların əksəriyyəti doğru idi: “Özünü sevgi tutmalarından gözlə! O, rastına çıxan tənhalara çox tez əl uzadır. Elə adamlar var ki, onlara əl yox, pəncə uzatmaq lazımdır, kaş hələ bu pəncənin caynaqları da olaydı!...

 

Amma insanın özündən böyük düşməni varmı? Adamın özünün-özünə elədiyini elə də yığılsa, eləyə bilməz. Zərdüşt də belə söylədi: “...Rastlaşacağın ən qəvi düşmən həmişə sən özün olacaqsan... Keçdiyin meşələrdə hər addımda özün öz pusqunda durubsan...”

 

Ancaq  Nitşe qurtuluşun da reseptini verib: yanıb yanıb yenidən  öz külündən doğulmaq: “Yalqız insan, sən özünə qayıdırsan? Bu yol sənin özündən və yeddi şeytandan keçir. Yalqız insan, sən sevənlərin yolu ilə gedirsən: sən özünü sevirsən, özünə nifrətin də bundan doğur, yalnız sevənlər belə nifrət edə bilərlər. Sevdiyinə nifrət etməyən kəs nə bilir sevgi nədir..”.

 

Nitşe sonralar Zərdüştün dediyini də elədi - öz sevgisi və yaradıcı işi ilə tənhalığa çəkildi və öz zamanında anlaşılmayan, dərk olunmayan bu dahini sonralar, çox -çox sonralar dərk edəcəkdilər, onun Fövqəlinsan arzusunun mahiyyətinə varacaqdılar. Özünün yazdığı kimi - “Haqq-ədalət axsaya-axsaya onun ardınca gəlib çatacaq”dı. Amma bu, çox-çox sonralar baş verəcəkdi. Bunun üçün mütləq ölmək lazım idi... Müəllif özü də yazdığına əməl edib getmişdi dünyadan: “Tənhalığa çəkiləndə mənim göz yaşlarımı da özünlə apar. Mən kamilləşib ölənləri sevirəm”.

 

lll

 

Nitşe özü Fövqəlinsan ola bilmədi, nə də tezisləri ilə həmin Üstinsanı yaratmadı. Amma qoyub getdiyi əsərlərindəki qiymətli  fikir və düşüncələrin həqiqi dəyərini anlayanlar, bu ideyaların  aliliyini dərk eləyib sadəcə insan olmağı seçirlərsə, hərdən Zərdüştü dinləməyə yığışırlarsa, deməli, Zərdüşt heç nəyi boşuna söyləmədi...

 

Filosof Uill Dürantın çox dəyərli bir cümləsi Nitşenin taleyinin təsvirinə yetir: “Bu, nadir hallarda mümkün ola bilən bir vəziyyət idi ki, insandan onu verilən dahiliyə görə bu böyüklükdə əvəz alınsın...”.

 

...Ömrünün sonlarında “öldü!” dediyi Tanrının mərhəmət göstərib ağlını aldığı və əvəzində huzur bəxş etdiyi Nitşe bir gün bacısının gözlərini ona dikib ağladığını görəndə belə söylədi: “Niyə ağlayırsan, məgər biz xoşbəxt deyilikmi?...”

 

Sevinc Mürvətqızı

525-ci qəzet.- 2015.- 2 may.- S.23.