Lu - Pis Qız...
“Dahilərin qadınları” PƏRVİNin təqdimatında
İztirabdan
qorxan sevincdən də qorxur...
LU Salome
Allah
qadını ilk gündən şeytanla “əlbir”
yaratdı...
“...və
şeytan qadına dedi: yox, ölməyəcəksiz, amma Allah
bilir ki, o meyvədən yediyiniz gün gözləriniz
açılacaq, Allah kimi xeyiri, şəri tanıyacaqsız...
...
Əvvəlcə o qadağan olunmuş meyvəni qadın
daddı, sonra kişi... İndiyə kimi təbii
görünən çılpaqlıqlarından utanmağa
başladılar...”
Bibliyadan gətirdiyim bu fikirlərdə qadın
xarakterinin bəzi çalarlarının təməli,
başlanğıcı görünür; şeytana uymaq, marağına
güc gələ bilməmək, qaydalara tabe olmamaq və ən
əsası Allahlıq iddiası. Bütün bunlar
qadını şər hesab etməyə əsas verir.
Amma qəribə bir paradoks da var: qadını Qadın edən
elə bu şərdi. Görünür
bütün cazibə də bundadı.
Müxtəlif
məşhur kişilərin həyatlarında rol oynayan
xanımların bioqrafiyalarına nəzər saldıqca,
bunlar haqda bir az dərin
düşündükcə məhz şərin
varlığını, təsirini apaydın görmək
olur. “Hamar, düzgün, səliqəli”
qadın sevgi doğura bilməz. Lap
hansısa hissləri oyatsa belə, bu duyğuların
ömrü uzun olmaz. Belə qadını
sevmək düpbədüz yolla getmək kimidi; tezliklə
eynilikdən yuxu basacaq, bezəcəksən, yorulacaqsan.
Ancaq! Yolun daşlı-qayalıdırsa, qəlizdirsə, hələ
arabir yüngül zəlzələlərdən büdrəyirsənsə,
özünü yıxılmaqdan zorla saxlayırsansa, labirintlərdən
keçib çıxış axtarırsansa, xoş
halına... Əlbəttə
bu mövzuda konkret nəsə demək, resept vermək çətindir.
Amma yenə, tarix də göstərir ki, sevgi
“pis qız”ları SEVİR. Və bu şərti olaraq
“pis qız” adlandırdığım qadın həmişə,
hər yerdə, hamı (?!) tərəfindən sevilən, hər
kəsi cəlb edən Qadındı...
Məşhur yazıçı, filosof Lu Salome belə
qadın idi.
lll
Luiza 1861-ci ildə Peterburqun qərbində, köhnə
Peterqofda anadan olub. Atası rus generalı Qustaf fon Salome
əslən alman idi. Polşa üsyanını
yatırtdığına görə çar I Nikolay ona zadəgan
titulu vermişdi. Beş qardaşın sonbeşik bacısı Luiza ilıq,
yumşaq bir şəraitdə böyümüşdü. Yəqin onun xasiyyətindəki kübarlıq məhz
həmin zadəgan mühitindən, evdəki mehriban auradan gəlirdi.
Amma sonralar
Lu qardaşlarının əhatəsində böyüməyini
bu cür şərh edir: “Ailəmizdəki “qardaşlıq” məhfumu
mənim yaddaşıma elə möhkəm həkk olunmuşdu
ki, elə o vaxtlardan dünyanın bütün kişilərinə
bu cür yanaşırdım; əvvəllər, elə
sonralar da qarşıma çıxan hər hansı kişiyə
baxıb düşünürdüm ki, onda
qardaşlarımdan biri əks olunub...”
Üç
məşhur kişini - Fridrix Nitşeni, Ziqmund Freydi və
Rayner Mariya Rilkeni özünə aşiq etmiş
qadının; Luiza Salomenin, əfsanəvi Lunun qarşı
cinsə aid “bacı-qardaş” fikirləri qəribədi,
deyilmi?! Nədənsə, bu düşüncəsiylə
Lu bizim qadınları xatırladır. Azərbaycan
ailələrinin böyük əksəriyyətində
qızlar məhz bu prinsiplə tərbiyə olunurlar; oğlanlar sənin
qardaşındılar. Ona görə də müxtəlif
yaşda qadınların leksikonunda yad kişiyə aid
“qardaş” xitabını həmişə, hər yerdə
eşidə bilərik. Və adama elə gəlir ki, hələ
minillər belə də davam edəcək... XIX əsrli Lunu
(XXI əsr Şərq qadınından fərqli olaraq!)
potensial, mənəvi yaxud gerçək qardaşlardan “xilas
edən” daxili azadlığı idi, mühitin, ailənin
boğa bilmədiyi, daha doğrusu boğmaq istəmədiyi sərbəstliyi
idi.
Hələ erkən yaşlarından kilsəyə getməkdən
imtina edəndə, yaxud evdə təhsil alıb yalnız
özünə lazım olan fənnləri - fəlsəfəni,
ədəbiyyatı və tarixi - öyrənmək istədiyini
bildirəndə də ailəsi onun arzularına qarşı
çıxmır.Və elə bu kiçik faktlardan da gələcəyin
fateh qadınının xarakterinin cizgiləri sezilir.
lll
Luizanın fərqliliklərindən biri də
insanların ruh qohumluğunu hər şeydən üstün
bilməsi idi.
Hələ 17 yaşındaykən ona dərs
deyən keşişə vurulmasının da kökündə
bu prinsip dururdu.
Yaşca Luizadan böyük olan holland Henrix Qiyo dini, fəlsəfi
söhbətləri ilə bu balaca qızın
ağlını başından alır. Elə
keşiş özü də ona vurulur və onunla evlənməkdən,
birgə yaşamaqdan ötrü ailəsini, iki
uşağını atmağa hazır olduğunu deyir. Amma Qiyo ilə Luizanın sevgisi ayrı-ayrı hisslərdi.
Ludan ötrü sevgi səmavi gözəllikdi,
ideal harmoniyadı, gözəgörünməz gücdü,
dairəvi bir-birinə ötürülən enerjidi. Amma heç vəchlə birgə yaşamaq, bərabər
qocalmaq üçün səbəb deyil. Ona
görə Qiyo evlilik təklifinə “yox” cavabı alıb
Rusiyanı tərk edir. Amma Luizaya “Lu” ləqəbini
yadigar qoyur, indən sonra o, özünü hər yerdə Lu
kimi təqdim edir, bu imzayla yazır.
lll
Ruhdaşı Qiyonu itirəndən sonra atasının da
qəfil ölümündən sarsılan Lu yatağa
düşür, uzun zaman sağalmaq bilmir. Ağ ciyərlərində
ciddi xəstəlik aşkarlananda isə həkimlər iqlimi dəyişməyi
məsləhət görürlər. Bu
“iqlim dəyişməsi”ylə Lunun həyatı dəyişir
əslində. İsveçrəyə,
ordan da İtaliyaya gedir. Romada, o zamanlar məşhur olan
alman yazıçısı Malvida fon
Meyzenbuxun azad qadınlar üçün təşkil
olunmuş kurslarına yazılır. O dövrün məşhur
adamlarının - filosofların, yazıçıların,
şairlərin mühazirələrini dinləyir. Və bu cür dərslərdən birində
mühazirəçi, 32 yaşlı filosof Paul Re Luya eşq
elan edir, onunla evlənmək istədiyini bildirir.
... Bu məqamda Lu Salome xarakterinin maraqlı bir tərəfini
vurğulamaq istərdim. Məsələ
burasındadır ki, Lu kişiləri cəlb etməyi,
özünü sevdirməyi, hətta aşiq olmağı,
eşqdən başını itirməyi çox yaxşı
bacarırdı. Ona həm sevmək, həm də sevdirmək
istedadı verilmişdi, amma iş evlənməyə gələndə
o qorxub qaçırdı. Paul Redən də ailə qurmaq təklifi
alanda o sadəcə dost kimi bir yerdə yaşaya biləcəklərini
söyləyir. Və onun bu cavabına kurs
yoldaşları, müəllimləri çox təəccüblənirlər.
Lunun kişilərlə (əslində elə
özünün də aşiq olduğu) belə “dost”
münasibətləri xeyli davam edir və zənnimcə, bu,
beyində ilişib qalmış “bacı-qardaş”
mövzusunun fəsadlarındandır. Amma bununla belə, Lu Salome o qədər
çəkici, maraqlı, sevimli, o qədər vazkeçilməz
idi ki, aşiqləri hər cür şərtləri qəbul
etməyə hazırdılar... Təki Lu uzaqlaşmasın,
getməsin, üfüqdən itməsin... Beləliklə, Paul
Re də sevgili Lunu itirməməkdən ötrü onunla dost
kimi, bərabər yaşamağa razılıq verir.
Gənc Lu üçün Paulla yaşamaq maraqlı idi. Onun evindəki
məclislər, dostları, qaynar müzakirələr, fəlsəfi
söhbətlər - bütün bunlar hamısı Ludan ötrü
xoşbəxtlikdi. Və bu xoşbəxtliyin
içərisindən Lunun həyatının növbəti mərhələsinə,
Fridrix Nitşe erasına keçid vardı. O zamanlar hələ
heç kimin tanımadığı Nitşe ilə Lu Salomeni
məhz Paul Re görüşdürür, qovuşdurur. Amma Lu ilə Nitşe münasibətləri haqda danışmazdan
öncə onların hər ikisinin bəzi fikirlərinə nəzər
salmaq yerinə düşər.
“Sevgini
yaşamağın yeganə və sonuncu şansı” hesab edən
Fridrix Nitşenin bir çox düşüncələri
mübahisəli olsa da, məhəbbət mövzusunda bu dahi
filosof sadəcə insan idi, kişi idi.
Nitşedən ötrü iztirab və təklik
özünüdərk üçün, mənəvi
inkişaf üçün son dərəcə vacibdir. Hətta o qədər vacibdir ki, bir müddət
sonra bunlar insan həyatının əsas hissəsinə
çevrilməlidir. Bu fikirlərinə
görə onu dəli sayanlar da olub. Lev Tolstoy gündəliklərində
yazırdı:
“Nitşenin “Zərdüşt”ünü və
bacısının onun bu əsəri necə yazması haqda
qeydlərini oxudum. Əmin oldum ki, bu əsəri
yazdığı müddətdə o xalis dəli imiş.
Özü də məcazi mənada yox, dəqiq və
birbaşa mənada dəli... Rabitəsizlik, bir fikirdən digərinə
tullanma, müqayisə edilənlərin nə olduğunu
göstərmədən müqayisə, sonsuz
yarımçıq fikirlər...
... Əgər bu cür dəli, özü də qəzəbli
dəli müəllim sayılırsa, gör cəmiyyət nə
gündədi?!”
Məhz “Zərdüşt belə deyirdi” romanını,
xüsusən də əsərin birinci hissəsini Nitşe
Lunun təsiriylə yazıb. O Lu ilə
tanışlıqlarının ilk vaxtlarında təzə
dostunun xasiyyətini
belə şərh edirdi: “O, qartal kimi sürətli,
şir təkin güclüdü, amma bununla belə olduqca zərif
uşaqdı. O çox yetkindi və mənim
düşüncə tərzimə hazırdı. Bundan əlavə heç yerdə görünməmiş
möhkəm xasiyyəti var və nə istədiyini dəqiq
bilir ... heç kimdən məsləhət almır, ictimai
fikirlə maraqlanmır”.
Nitşe heyranı olduğu bu qadına evlilik təklif
edir və eyniylə Paul Renin aldığı cavabı
eşidir. Evlilik olmaz, amma dostluq edə, eyni damı paylaşa
bilərlər. Fridrix Paulun evinə
köçür və onlar üçlükdə
yaşayırlar. Bax bu, Lu üçün
ikiqat xoşbəxtlik idi. İki filosofun dərin
fikirləri, qeyri-adi düşüncələri içərisində
itib batmış, səadət dolu günlər yaşayan Lu
onların qısqanclığına, bir-birinə rəqib kimi
baxmasına fikir vermirdi də heç. Nitşe
haqlıydı, Lu üçün başqalarının fikirlərinin
bir mənası yoxdu, o, həmişə, hər yerdə
özü olmağa, özünə sadiq qalmağa
çalışırdı.
Lu Salome
“Sevgi problemləri haqda fikirlər” essesində yazır:
“İnsanın qarşı tərəfi olduğu kimi
yox, arzuladığı kimi görməyə
çalışması o qədər də təhlükəli
deyil... onun öz varlığını başqa cür təqdim
etməyə can atması daha təhlükəlidi. Yalnız sona kimi özü
olaraq qalan, özünü qoruyan adam
uzunömürlü sevgi yaşaya bilər...”
Məhz
beləydi Lu... Və görünür onun əndrəbadi,
qəliz xasiyyətini, ilk baxışdan məntiqsiz şərtlərini
həzm etmək hətta filosoflardan ötrü çətin
idi, mümkünsüz idi. Bu məqamda
Sokratı necə xatırlamayasan?! Sokrat eramızdan
çox-çox əvvəl demişdi bunu :
Mütləq evlən, bəxtinə yaxşısı
düşər xoşbəxt olarsan, pisi düşər
filosof...
Lu
filosofların bəxtinə düşmüş PİS idi və
onları bir az daha “filosof” etməsi Paul Renin az qala intihar həddinə
çatmasına, Nitşenin “Zərdüşt belə deyirdi”
kimi qatma-qarışıq əsər yazmasına səbəb
oldu.
Əlçatmazlıq...
Lunun qadın sirlərinin əsası bu idi.
Amma gözə görünərək,
yaxında olaraq uzaqlıq. O, sevgi haqda essesində bunu son
dərəcə dəqiq ifadə edir:
“Əbədi bir yaxınlıq, doğmalıq halında
əbədi yadlaşma, soyuma - sevginin ən qədim və əzəli
əlamətidir. Bu, əlçatmaz ulduzun xiffətini çəkməyə
bənzəyir...”
Yazımın
öncəki sətirlərində Nitşenin filosof kimi əzabı,
ağrını vacib saysa da, kişi kimi
başqa cür düşündüyünü yazmışdım.
Görünür, bütün insanlar - səviyyəsindən,
savadından, ağlından, istedadından asılı
olmayaraq - sevəndə eyniləşirlər. Eyni cür
zəif, eyni cür dözümsüz, təpərsiz olurlar...
Çünki yaşamaq üçün sevgini
(qadını!) son şans sayan filosofun - “Qadın yanına gedirsən?
Özünlə qamçı götür!”
- deməsini başqa nə ilə izah eləmək
olar?!
Bəli, xanım Salome Nitşeni necə lazımdı
özündən çıxarır. Hələ üstəlik
filosofun araqarışdıran bacısı da öz işini
görür, Lunu gözdən salmağa
çalışır. Onda Fridrix rəqibi Pauldan da, sevdiyinin
qəribəliklərindən də bezib sonuncu dəfə
eşq etirafı edir, növbəti “yox” cavabını alanda
Luya məktub yazır:
“Mən səni yalnız və yalnız dəhşətli
xasiyyətinə görə atıram. Səni mən
yaratmamışam, amma əgər mən yaratsaydım sənə
bir az sağlamlıq və bundan daha vacib olan “mənə
sevgi” bəxş edərdim”. Bundan sonra birdəfəlik
ayrılırlar. Paul, Lu, Nitşe
üçbucağı dağılır. Lu
tezliklə Pauldan da uzaqlaşır. Amma hər iki kişi ömürlərinin sonuna kimi Lunu
unutmurlar, onun haqda təzadlı sözlər deyirlər.
Nitşe Lu Salomeni gah “mənim dahim” adlandırır, gah da
“mütləq şər təcəssümü”... Heç
Lunun özünün də bu cür ziddiyyətli fikirlərə
etirazı yox idi, daha doğrusu onun düşüncəsinə
görə qadın elə belə olmalı idi:
“...əslində
qadın həmişə ziddiyyət təcəssümü
olmalıdı - yüngülməcazlıq və ciddilik, səfehlik
və müdriklik, narahatlıq və harmoniya, dəcəllik və
dərinlik təcəssümü... Cin və Mələk!”
lll
Polyak
yazıçısı Vilhelm Şevçuk Lu Salome haqda
romanını belə adlandırıb: “Qəlb
israfçılığı”. Lunun bioqrafiyasını
gözdən keçirəndə onun “qəlb
israfçılığı”nın məhz
ailə qurandan sonra başladığını görmək
olar. Bəli, bəli, Lu ailə qurur. “Yox” eşidəcəyi təqdirdə
özünü öldürəcəyini deyən və Lunun
gözü qabağında bıçaqla sinəsini yaralayan
növbəti aşiqinə - damarlarında qafqazlı qanı
axan, dəliqanlı alim-şərqşünas Fridrix Andreasa ərə
gedir. Amma bir şərtlə; heç bir
kişi-qadın yaxınlığı, intim münasibətlər
olmayacaq. Xanımın tezliklə fikrini dəyişəcəyinə
ümid bəsləyən Andreas
razılaşır. Ancaq dəmir prinsiplərlə
yaşayan Lu qırx ildən çox sürən evlilikləri
müddətində şərtini pozmur. Ərinin
qulluqçu ilə yaxınlığına, qulluqçunun
ondan uşaq doğmasına belə razılaşır.
Özü isə... O özü isə məhz bunlardan sonra “bədxərclik”
edir. Ruh, cisim və
qəlb bədxərcliyi. Yazıçı
kimi də, qadın kimi də həyatının ən “məhsuldar”
vaxtı indən sonra başlanır. Təəssüflər
olsun ki, Lunun bütün əsərlərini uğurlu, dərin hesab etmək
olmaz... elə sevgilərini də...
Müxtəlif adamlarla gah həzin, gah
çılğın, amma əsasən qısamüddətli
eşqlər yaşayan Lunun qanunlarına dözmək çətindi. Məşhur siyasətçi
Qeorq Ledebur bu qadının ən mübhəm hisslərini,
ehtiraslarını oyatdığı üçün
özünü fateh hesab edir, ərinin əlindən alıb
evlənmək istəyir onunla... Əri bunu biləndə yenə
bıçağa əl atır... Lu isə cüzi bir təhlükə
hiss edən kimi aradan çıxır. Bu dəfə də
Parisə qaçır... Bir sözlə qəribə bir
“çeviklik” var Lunun xasiyyətində...
...Qarşıdan
Lu Salome həyatının həzin, sakit dövrü Rilke
erası gəlir! 22 yaşlı gənc şair, əyalət
uşağı - Rayner Mariya Rilke!
lll
“İcazə ver “Sən” adlanan dağa bərabər
çıxaq. “Sən” dağına - hardakı yüksək ulduz var... Sən
mənim hədəfim deyilsən. Sən -
minlərin hədəfisən. Sən - hər
şeysən!” Rilkenin Luya məktubundan gətirdiyim
bu cümlələrdəki uşaq sadəlövhlüyü,
yeniyetmə təlaşı adamda ilıq hisslər oyadır.
Görünür, Lu da məhz bu təmənnasızlığı,
iddiasızlığı və ucsuz-bucaqsız eşqi dəyərləndirdiyi
üçün bütün sevdiyi,
görüşdüyü kişilərdən yalnız
Rilkeni öz vətəninə, uşaqlığının
ölkəsinə - Rusiyaya aparır, Yasnaya Polyanada Lev Tolstoyla
görüşdürür, rus dilini öyrədir. Çünki insan yalnız çox doğma,
yaxın bildiyi, inandığı adamı keçmişinə,
uşaqlığına buraxar, ruhuna toxunmağa icazə verər.
Rilke Lunun hər iki dilində - yarıalman, yarırus dilində
şeirlər yazır ona:
Sənsiz
həyat yoxdu mənə dünyada,
Kar olsam da, səsin düşəcək yada.
Gözlərim
kor olsa görəcəm yenə,
Ayaqsız da qalsam, çatacam sənə.
Andım
- dodağımda, tutulsa dilim,
Qəlbimlə qucaram, kəsilsə əlim.
Ürəyimi
qırsan - beynim döyünər,
Sənin şəfqətinlə hər an öyünər.
Bu sadə, bəlkə də uşaqsayağı
şeirdə həm Lunun, həm də Rilkenin xarakteri duyulur. Rilkenin
dönməzliyi, tükənməz sevgisi, Lunun əbədi
bir əzabverici xasiyyəti və eyni zamanda da şəfqəti.
Gözəlliyi!!! O zamanlar artıq 40 yaşına
çatmış Lu yazırdı:
“Yalnız
indi mən gəncəm, yalnız indi başqaları on səkkiz
yaşında necə olurlarsa, eləyəm...”
...Amma bu
eyforiya da çox çəkmir! Rilke nə qədər
çılğın, qısqanc olsa da, romantik bir şair idi.
Lu bu cür məhəbbəti
“Bülbül sevgisi” adlandırırdı. Yəni kənardan
baxır, gözəlliyə valeh olur, sevgidən
aşıb-daşır, cəh-cəh vurur,
yazıb-yaradır, vəssalam! Daha dərinlərə
enməyə, gizlinləri üzə çıxarmağa
gücü, ruhu, ürəyi yoxdur. Qadının
isə beləsini sevməyi çox çəkməz. Lu da tezliklə bu hamar sevgidən, monoton eşqdən
bezir, usanır, həyəcanı, təlaşı kənarda
axtarmağa başlayır. Və bununla da
Salome ömrünün Rilke dövrü də sona
çatır.
lll
Lu Salome yaradıcılığına, esselərinə,
ən məşhur “Erotika” əsərinə nəzər
salanda qadının sirlərini daha yaxşı başa
düşürsən. Sevgi, insanlıq, kişilər haqda orijinal, fərqli
fikirləri olan bu Qadın insanları ilk növbədə
“gizliliyi”, sirli obrazı ilə cəlb edib. Müasirləri
onun istər geyimində, istərsə də
davranışında son dərəcə qapalı
olduğunu, həmişə hər kəsi cəlb etsə də,
hamıya açılmadığını deyirdilər.
Bir sözlə, Lu sözün həqiqi və məcazi
mənasında “yaxasını sonadək düymələmiş”
qadındı. “Erotika”da onun şəxsi həyatına
aid heç bir fakt, hadisə göstərilməsə də,
psixoloji nöqteyi-nəzərdən əsər kifayət qədər
açıq-saçıqdır. Bəzi
analitiklər Lu bioqrafiyasına aid bir çox sualların
cavabını məhz bu əsərdə axtarırlar.
Lunun
heyranlarından biri olan İsveç psixiatoru Paul Byer
yazırdı: “Onda sevdiyi kişiyə
büsbütün dalmaq, ona qapılmaq istedadı vardı. Bu fövqəladə dalğınlıq kişinin
ruhunda bir ocaq alışdırırdı. Bütün ömrüm boyu məni Lu kimi tez və
tam anlayan başqa birisinə rast gəlmədim. O təbiət
etibariylə soyuq deyildi, amma bununla belə ən ehtiraslı
anlarda belə özünü tam bəxş etmirdi...
... O
öz daxili güclü “mən”indən xilas yolları
axtarırdı, amma nahaq!”
Paul Byerin bu yığcam təsvir etdiyi Qadına “Erotika” əsərində müxtəlif şərhlərdə, izahlarda rast gəlinir. Bu mənada Lu elə “Erotika”dı!
Amma Paul Byerin Lu həyatında daha böyük xidməti var: Ziqmund Freyd adlı xidməti!
lll
Freyd və onun psixoanalizi Lu həyatının qəribə bir yekun nöqtəsidir. Onları Paul Byer tanış edir. Xanım Salome ömrü boyu axtardığı bir çox sualların cavabını məhz Freydlə tapır. Freyd də onun əsərlərini oxuyub “başqa yolla getsə də, oxşar nəticələrə gəlib çıxıb” - deyir. Əsas nəticə isə o idi ki, Lu feminizmin mənasız olduğunu anlayır:
“Qadın üçün kişiylə professional cəhətdən yarışa girməkdən səfeh iş yoxdur...” - deyir.
...Freyd və Lu dostlaşırlar. Və Freyd başqa kişilərdən fərqli olaraq öyrətdiklərinin, Luya sərf etdiklərinin əvəzində heç nə istəmir. Əksinə, onunla ərköyün uşaq kimi davranır, dəcəlliklərini bağışlayır. Lu sanki bütün xırdalıqlardan, mənasızlıqlardan arınıb bütövləşir, insanlara faydalı olmağa çalışır, psixoloji problemli adamlara kömək edir. Freydin qızı Anna ilə birgə uşaq psixologiyası haqda kitab yazır.
Tale onu ana olmaq səadətindən məhrum etmişdi. Bir dəfə şansı
olsa da, alınmamışdı, itirmişdi
uşağını... İndi hər kəs ona - “psixoanalizin
anası” - deyəndə o acı bir kinayə ilə cavab verir
- heç olmasa “nəyinsə anası”yam!
lll
Nasistlər hakimiyyətə gələndə Lunun həyatı
yenə qəlizləşir. Nitşenin
bacısı Elizabet onu “gizli yəhudilikdə” ittiham edir.
Lu isə buna baxmayaraq heç hara qaçmır, Berlini tərk
etmir...
Bütün bu çətin həyatın içində, onu çoxdan haqlamış qocalığa baxmayaraq Lu yenə də sevimlidi, yenə də diqqət çəkir! Naşir Ernst Pfayfer qoca Lunun aşiqidi. Və son nəfəsinəcən onu tərk eləmir. Son iki ildə bəd şişdən əziyyət çəkən, dəhşətli ağrıları olan Luya hər cür kömək etməyə hazırdır! Niyə?! Məgər, Lu dəyişmişdi? Yox! Elə həmənki Pis Qızdı! 75 yaşında da, ölümün astanasında da!!! Sevgi isə Pis Qızları SEVİR!!!
PƏRVİN
525-ci qəzet.-
2015.- 2 may.- S.20-21.